• cümə, 29 Mart, 04:17
  • Baku Bakı 7°C

Ermənistan daxili sabitliyi cəbhədə törətdiyi təxribatlarla saxlamağa çalışır

02.08.17 10:00 1559
Ermənistan daxili sabitliyi cəbhədə törətdiyi təxribatlarla saxlamağa çalışır
Son günlər Ermənistan mediasının yaydığı məlumatlardan belə məlum olur ki, bu ölkədə sosial problemlər getdikcə dərinləşməkdədir. Bu problemlərin də kökündə iqtisadiyyatın geriləməsi, işsizlik və diaspor təşkilatlarından gələn maliyyə yardımlarının azalması durur. Ermənistan iqtisadiyyatı Azərbaycanla münaqişədə olduğu son 25 ildə daha da geriləyib, ölkənin aparıcı sənaye infrastrukturu xarici dövlətlərin əlinə keçib. Demək olar ki, Ermənistan siyasi hakimiyyətinin daha sosial layihələri həyata keçirmək üçün satmağa hansısa "obyekti” yoxdur...

Daxili istehsal, rəqabətlilik olmadığı üçün büdcəni formalaşdıran vergi daxilolmaları günü-gündən azalır. Ermənistan əhalisi maddi sıxıntılar səbəbindən ölkəni tərk edir. Bu onların hər il açıqladığı demoqrafik statistikada da əks olunur. Artıq Sarkisyan hakimiyyətinin səriştəsizliyini qəbul edə bilməyən əhali öz etirazını bildirir. Sosial durumu çətin vəziyyətdə olan ermənilər öz övladlarının Qarabağda hərbi qulluq keçməsini istəmir.

Erməni mətbuatının yaydığı məlumata görə, ötən ilin aprel döyüşləri zamanı Qarabağda öldürülən əsgər Qriqor Arutyunyanın anası ikinci oğlunu hərbi xidmətə göndərməkdən imtina edib. Xəbərdə qeyd edilir ki, Anait Qriqoryan ikinci oğlu Seryojanın ailənin yeganə çörək gətirəni olduğunu bildirərək onu orduya verməyəcəyini deyir: "Nəticədə mən ərizə yazdım ki, oğlumu hərbi xidmətə göndərməkdən imtina edirəm. Müdafiə naziri güzəştə getməlidir və oğlumu hərbi xidmətdən azad etməlidir, çünki onun atası yoxdur, biz ağır vəziyyətdə yaşayırıq”.

Göründüyü kimi, sosial problemlər məngənəsində boğulan Ermənistan əhalisi artıq Sarkisyanın hakimiyyətini qəbul etmir və buna öz etirazını bildirir. Elə bu səbəbdəndir ki, Ermənistan rəhbərliyi təmas xətti azlıq edirmiş kimi, indi də Azərbaycan-Ermənistan sərhədində təxribatlara əl atır. Bu, həm ölkə daxilindəki problemlərdən diqqəti yayındırmaq, həm də beynəlxalq ictimaiyyəti aldatmaq üçün Ermənistan hakimiyyətinin növbəti oyunu ola bilərmi?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, Ermənistanın təxribatlara əl atmasında ölkəsindəki daxili problemlərlə yanaşı, başqa məqamlar da var: "Ermənilər hər vəchlə çalışırlar ki, təmas xəttinə, Azərbaycan-Ermənistan sərhədinə beynəlxalq müşahidəçiləri gətirərək işğal olunmuş ərazilərdə arxayın otursunlar. Anlayırlar ki, Azərbaycanın hərbi qüdrəti xeyli artıb və biz onları süpürüb torpağımızdan kənara ata bilərik. Ermənilərin ümidi bir tərəfdən Rusiyanın himayəsinə, digər yandan isə təmas xəttinə müşahidəçilər, araşdırma missiyası yerləşdirməklə özlərini sığortalamağa qalıb. Ermənistanın indiki iqtidarı Azərbaycan torpaqlarını işğal, azərbaycanlılara qarşı soyqırımı törətməklə İrəvanda hakimiyyəti zəbt edib və bundan özlərinin varlanmağı üçün istifadə edirlər. Belə olan halda təbii ki, xalqın sosial problemlərdən diqqətini yayındırmaq üçün onların hərbi vəziyyətdən istifadə etmələri də heç kimə sirr deyil”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd etdi ki, Ermənistanın daxilində vəziyyət gərginləşən kimi cəbhə bölgəsində təxribata əl atırlar: "Vəziyyəti gərginləşdirib, cəmiyyətin diqqətini Qarabağa, cəbhə bölgəsinə yönəldirlər. Amma bu, əksinə olaraq, özlərinin ziyanına işləyir. Çünki atəşkəs pozulur və Azərbaycanın verdiyi cavab onlar üçün daha dəhşətli olur, ermənilər xeyli itki verirlər. Bu mənada əslində atəşkəsin pozulması ilə özlərinə daha çox ziyan vurmuş olurlar. Son zamanlar isə Qarabağdan daha çox, Qazax-Tovuz istiqamətində atəşkəsi pozurlar. Burada da başqa məqsəd var və münaqişəyə Rusiyanı cəlb etmək istəyirlər. Ermənistanın Rusiya ilə imzaladığı saziş əsasında birgə qoşun birliyi yaradıblar və Moskva bu ölkənin təhlükəsizliyinə təminat verir. Əgər ermənilər düşünürsə ki Qazax-Tovuz istiqamətində sərhəddə atəşkəsi pozaraq Rusiyanı bura cəlb edə bilər, onda səhv edirlər. Çünki biz bu məqamda da cavab verəcəyik. Rusiya da anlamalıdır ki, ermənilər Qazağı, Tovuzu atəşə tutursa, Azərbaycan bunu cavabsız qoymamalıdır. Yəni, Rusiyada kim düşünə bilər ki, onlar vursun, biz də oturub baxaq. Əslində ermənilərin təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribatlar həm ölkə daxilindəki problemlərdən diqqəti yayındırmaq məqsədi daşıyır, həm də onlar Rusiyanı bu prosesə qatmaq istəyir. Amma hər iki istiqamətdə hesabları yanlışdır. Qeyd etdiyim kimi, bizim bu təxribatlara cavabımız daha böyük olub, ermənilər də çox itkilər verib. Rusiya bu münaqişəyə qarışsa, onda tərəf tutmuş olacaq. Belə olan halda, biz də müəyyən seçimlər etmək məcburiyyətində qalacağıq”.
E.Şahinoğlu bildirdi ki, ermənilərin təxribatları adətən yay aylarında daha çox olur: "Çünki Ermənistanda sosial gərginlik artır və insanlar problemlərin həlli üçün tələblər irəli sürürlər. Ermənistan hakimiyyəti də insanların diqqətini yayındırmaq üçün cəbhə bölgəsində süni gərginlik yaradır. Bir məqamı qeyd edim ki, Ermənistandakı indiki və əvvəlki hakimiyyət öz seçimlərini edərək Rusiyanın əlaltısına çevriliblər. Sərhədi Rusiya ordusu qoruyur, hərbi bazalar da həmçinin. Ən böyük zavodlar, fabriklər Rusiyanın əlindədir, hələ əlavə olaraq da birgə qoşun birləşməsi yaratdılar. Bunların hamısı ondan irəli gəlir ki, işğal etdikləri Azərbaycan torpaqlarından nə vaxtsa çıxarılacaqlar və işğalı uzatmaq üçün Rusiyaya güvənirlər. Digər tərəfdən isə oyun oynayırlar ki, guya başqa ölkələrlə münasibətləri var, hərtərəfli əməkdaşlıq edirlər. Amma bütün bunların yalan olduğunu hər kəs bilir”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər