• cümə, 19 Aprel, 05:00
  • Baku Bakı 18°C

Ermənistan danışıqlar prosesini poza bilərmi?

28.05.16 10:42 1099
Ermənistan danışıqlar prosesini poza bilərmi?
ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşünün vaxtı məlum olub. Qeyd edək ki, bu dəfə görüş formatı dəyişib və həmsədrlərin xarici işlər nazirləri ilə görüşləri bir yerdə deyil, ayrılıqda keçiriləcək. Amerikalı həmsədr Ceyms Uorlik deyib ki, nazir Elmar Məmmədyarovla görüş mayın 31-də Brüsseldə baş tutacaq. Daha sonra isə iyunun 2-də Parisdə Edvard Nalbandyanla görüşəcəklər. Amma görünən odur ki, işğalçı tərəf görüşün baş tutmasında o qədər də maraqlı deyil və danışıqlar prosesini pozmağa çalışırlar. Hətta Nalbandyan deyib ki, danışıqlarda "Dağlıq Qarabağ” tərəfi olmadan hansısa sənədin imzalanması mümkün deyil. O, Vyana görüşü barədə də həqiqəti əks etdirməyən məlumatlar da verib. Azərbaycan XİN onun açıqlamasına münasibət bildirib. Qeyd olunub ki, sözlərlə oynamağın vaxtı artıq çoxdan keçib. Vyana görüşünün nəticəsi olaraq irəli sürülən təkliflər bir-biri ilə bağlıdır.
Belə gedişat isə iyun ayında prezidentlər arasında baş tuta biləcək görüşün reallaşmasını da sual altına alır. Bəs işğalçılar bu cür davranışlarla danışıqlar prosesini poza bilərlərmi?
Mövzu haqda fikirlərini "Kaspi” ilə bölüşən millət vəkili Fəzail İbrahimli dedi ki, Ermənistanın haçan hansı addım atacağını proqnozlaşdırmaq çətindir. Çünki onlar müstəqil şəkildə qərar vermirlər: "Ermənistan tərəfi qınaq obyektinə çevrilir. Amma onlar sadəcə, öz ixtiyarı özündə olmayan bir dövlətdirlər. Öz sözlərini deyə, xarici siyasətlərini müəyyən edə bilmirlər. Daxili problemlərini belə, iqtidar həll etmir. Çünki xalq arasında dayağı yoxdur. Belə bir rejim necə müstəqil hərəkət edə bilər? Bu cür hallar üçün isə beynəlxalq hüquq normaları deyilən bir şey var, məsələ ona uyğun şəkildə, ədalət çərçivəsində həll olmalıdır. Təəssüf ki, hazırda beynəlxalq hüquq hörmətdən düşüb. Ermənistan dünyada hörmətsizlik, cəzasızlıq mühiti yaradıb”.
Millət vəkili bildirdi ki, faktiki, Ermənistan beynəlxalq hüquq sisteminə qarşı saymazlıq edir, BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarını vecinə almır: "Bunun səbəbi beynəlxalq təşkilatların laqeydliyidir. Onlar yanlış mövqe sərgiləyirlər. Ermənistana işğalçı adı verilməlidir. Onlara konkret vaxt verilməli, işğal etdikləri torpağı tərk etmələri tapşırılmalıdır. Necə olur ki, onların təyyarələri müəyyən ölkələrin səmalarında uçur, təxribatlara yol verir? Necə olur ki, BMT-nin qərarlarını icra etməməkdən çəkinmirlər? Belə bir kiçik dövlət beynəlxalq hüquqa meydan oxuyur, başqa bir ölkənin torpaqlarını işğal edir. Heç kim ona gözün üstə qaşın var demir. Bir daha görürük ki, arxalı köpək qurd basar. Ona görə də düşünürəm ki, Ermənistanla yox, onun havadarları, ağaları ilə danışmaq lazımdır. Bu, daha yaxşı nəticə verər”.
Politoloq Elxan Şahinoğlu erməni tərəfinin Vyana görüşünü öz bildikləri kimi şərh etdiklərini xatırlatdı: "Minsk qrupu həmsədrlərinin bu formatda görüş təşkil etmələrini anlamıram. Hər iki nazirlə başqa-başqa ölkələrdə görüşəcəklər. Düşünürəm ki, yenə də turist səfərlərinə üstünlük verirlər. Halbuki həmsədrlərin bu nazirləri danışıqlara oturdaraq vasitəçilik etmələri, məsələlərə konkret münasibət bildirmələri lazımdır. Belə olarsa, bilərik ki, Ermənistan torpaqları mərhələli şəkildə azad etmək istəyir, ya yox. Görünən odur ki, yenə də danışıqların uzadılması prosesi gedir. Bu isə yaxşı bir vəziyyət yaratmır. Çünki danışıqlardan real bir nəticə çıxmasa, toqquşmaların təkrarlanması ehtimalları artacaq. İyun görüşünün baş tutmaması haqda danışılır. Bu, daha pis. Əgər xarici işlər nazirlərinin danışıqlarında irəliləyiş olmasa, yenə də görüş xatirinə görüş olacaqsa, prezidentlərin müzakirə etməyə mövzusu da olmayacaq və həqiqətən də, prezidentlərin görüşməsinə ehtiyac qalmayacaq. Bu isə dialoqun durdurulması, dondurulması deməkdir. Danışıqlar getmirsə, deməli, birinci sıraya yenə də hərbçilər çıxacaq”.
Politoloqun fikrincə, Azərbaycan Ermənistanın danışıqlardan yayınması ilə bağlı fikirlərini bildirməli, məsələləri sərt formada qabartmalıdır: "Konkret sual ünvanlanmalıdır - bu münaqişənin həlli hansı formada aparılacaq? Proses mərhələli həll formasında gedəcək, yoxsa ermənilərin status tələbləri hələ də gündəmdə qalır? Status tələbi gündəmdə qalırsa, danışıqlarda heç bir irəliləyiş əldə olunmayacaq. Əslində, indiki məqamda vasitəçilərin mövqe bildirməsinə ehtiyac var. Əgər mövqe yoxdursa, deməli, Ermənistana təsir və təzyiq etmək istəmirlər. Təsir və təzyiq olmayacağı halda da, Ermənistanın indiki hakimiyyəti durub özbaşına, könüllü şəkildə Qarabağ ətrafındakı rayonları boşaltmağa razı olmayacaq. Ermənistan təzyiq görməlidir. Bu olmayacaqsa, onda Azərbaycan yenə də özü qərar vermək məcburiyyətində qalacaq”.
Politoloq hesab edir ki, Qarabağın Azərbaycan icmasının rəhbərliyi indiki həssas – dünyanın gözünün Dağlıq Qarabağa dikildiyi məqamda Dağlıq Qarabağın erməni icması ilə dialoqa başlamaq təklifilə çıxış etməlidir: "Bu bizə iki baxımdan vacibdir. Birincisi, bütün dünya görər ki, biz ərazimizdə yaşayan ermənilərlə dialoqdan çəkinmirik. Ancaq onlarla dialoqu dövlət institutları yox, indiki mərhələdə Dağlıq Qarabağdan qovulan azərbaycanlılar aparmalıdırlar. Axı münaqişə nizamlanarsa, Dağlıq Qarabağdakı ermənilərlə azərbaycanlılar birgə yaşamalıdırlar. Qoy elə indidən aktiv dialoqa başlasınlar ki, gələcək birgə həyatın konturlarını müəyyənləşdirsinlər. İkincisi, Dağlıq Qarabağın azərbaycanlı təmsilçilərinin dialoq təklifi göstərər ki, biz bu bölgədə yaşayan erməniləri öz vətəndaşımız sayırıq”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər