• cümə axşamı, 28 mart, 12:50
  • Baku Bakı 16°C

Ermənistan cəmiyyəti şok yaşayır

10.02.17 09:00 773
Ermənistan cəmiyyəti şok yaşayır
Erməni cəmiyyəti növbəti şok hadisənin təsiri altındadır. Bloger Aleksandr Lapşinin Belarus hakimiyyət orqanları tərəfindən Azərbaycana təhvil verilməsi ölkədə hakimiyyətə qarşı növbəti etiraz və narazılığa səbəb olub. Və gəlinən qənaət budur ki, baş verən hadisə Azərbaycanın növbəti uğuru, Ermənistanın isə məğlubiyyətidir. Qalmaqallı blogerin Belarusdan Azərbaycana ekstradisiyası Ermənistanda böyük məyusluq və panika yaradıb. Ötən ilin aprel hadisələrindən sonra hakimiyyətin üzləşdiyi növbəti fiasko kimi dəyərləndirilir.
Erməni ekspertlər A.Lapşinin ekstradisiyasını S.Sarkisyanın növbəti məğlubiyyəti, xarici siyasətin isə böyük fəlakəti hesab edirlər. Hakimiyyət isə çalışır ki, tənqidlərin hədəfi kimi özünü yox Belarusu günahkar çıxarsın. Lakin keçirilən aksiyalarda prezident Serj Sarkisyan hökuməti kəskin tənqid edilir. Məsələn, Belarusun Ermənistandakı səfirliyi qarşısında Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına qarşı etiraz aksiyası keçirilib. Aksiyanı müxalif Yolk (Çıxış) seçki bloku təşkil edib. "Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyan baş vermiş hadisə ilə bağlı bildirib ki, bu, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana mesaj, Serj Sarkisyanın üzünə sillə vurmaq deməkdir. "Bu, şəxsən Serj Sarkisyanın üzünə sillədir. Bu sillələrin birini prezident İlham Əliyev, o birini də Aleksandr Lukaşenko çəkib. Biz istəmirik ki, bu, həm də erməni xalqına sillə sayılsın. Biz deyirik: Belarus səfiri Ermənistan ərazisini tərk etməlidir. Ermənistanın Minskdəki səfiri Yerevana qayıtmalıdır”, - deyə Paşinyan vurğulayıb.
"Vətəndaş müqaviləsi” müxalifət partiyasının lideri deyib ki, Ermənistanın bütün vətəndaşları, deputatlar və rəsmilər Belarus səfirini boykot etməli, məsələn, onunla qəbullarda nümayişkəranə şəkildə salamlaşmamalı və ya ondan açıq şəkildə ölkəni tərk etməsi tələb olunmalıdır. N.Paşinyan əlavə edib ki, hətta boykotu da "sivilizasiyalı” etmək lazımdır. O, Belarus səfiri üçün "qısa müddət ərzində Ermənistanı tərk et” tələbi yazılmış bəyanatı səfirliyə təqdim etməyə çalışıb, lakin səfirliyin əməkdaşları domofonla ona çatdırıblar ki, səfir yerində yoxdur və bəyanatı qəbul edə bilməyəcəklər. Səfirliyin qarşısına toplaşanlar Belarus səfirinin ünvanına "Rədd ol!” şüarları qışqırıblar.
Öz növbəsində, "Aysor.am” xəbər portalına müsahibəsində erməni politoloq Sergey Minasyan deyib ki, Lapşin məsələsi erməni diasporu ilə hakimiyyət arasında ciddi konflikt yaradıb. Erməni diasporu indiyədək kimlərisə hansısa şəkildə aldadaraq onların Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfərini təşkil edirdi. Ermənilərin narahatlığı ondan irəli gəlir ki, bundan sonra xarici vətəndaşlar həmin ərazilərə getməkdən boyun qaçıracaqlar. "Bloger Aleksandr Lapşin məsələsinin Ermənistana aidiyyəti yoxdur, bu, Rusiya və İsrailin işidir”- deyə Sergey Minasyan bildirib. "Lapşin işi Rusiya və İsrailə aiddir. Məsələyə bunun Ermənistanın deyil, Rusiya və İsrailin işi olması mövqeyindən yanaşmaq daha düzgün olardı. Ümumiyyətlə, Ermənistanın bu işə cəlb edilməsindən qaçmaq lazımdır", - deyə politoloq bildirib. Digər politoloq Stepan Safaryan bildirib ki, Ermənistan Belarusdakı səfirini təcili şəkildə geri qaytarmalıdır. O, həmçinin parlament rəhbərliyini Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin üzvlərinə töhmət verməyə çağırıb. Safaryan hesab edir ki, AŞ PA-da erməni nümayəndə heyəti Azərbaycan və Belarusun Lapşinlə bağlı fəaliyyətlərinin qarşısını ala bilməyib.
"Armenianreport” saytı isə yazır ki, Lapşinin təhvil verilməsi Ermənistanın diplomatik uğursuzluğunun daha bir göstəricisidir: "Bakının tələbi ilə o, Belarusda həbs olundu, sonra Azərbaycan prezidentinə üzrxahlıq məktubu yazdı. Məktubda Lapşin məsuliyyətsiz hərəkətlərinə görə üzr istəyirdi. Ermənistan isə bu məsələdə heç nə edə bilmədi və susdu. Lapşinin Bakıya verilməsi Azərbaycanın daha bir qələbəsi oldu. Bizim xarici işlər naziri Edvard Nalbandyan buna görə heç məzəmmət də edilmir. Çünki o, Sarkisyanın yaxın silahdaşıdır və erməni siyasətinin toxunulmaz şəxslərindəndir. Əsas Ermənistan maraqlarının müdafiəsi yox, onun Sarkisyan rejiminə sədaqətidir”. Politoloq David Sanasaryan isə hesab edir ki, Lapşindən sonra heç kəs Dağlıq Qarabağa baş çəkməyəcək. D.Sanasaryan qeyd edib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqındakı müttəfiqi olan Belarus, əslində Azərbaycanın müttəfiqidir: "Reallıqda bu iki təşkilatda təmsil olunan ölkələrin hamısı Ermənistan istisna olmaqla, Azərbaycanın müttəfiqidir”.
Öz növbəsində, Ermənistan parlamentində müzakirələr zamanı keçmiş baş nazir Qrant Baqratyan da blogerin Azərbaycana ekstradisiyasına cavab olaraq Belarusu KTMT-dən və Avrasiya İqtisadi İttifaqından xaric etməyə çağırıb. "Mən alovlu çıxışlar etməyi xoşlamıram. Mexanizmlər var: müraciət edin, Belarus KTMT-dən, Avrasiya İttifaqından çıxarılsın. Müvafiq mexanizmlər var, burada boş-boş danışmaqla heç nəyə nail olmaq mümkün deyil”- o bildirib. "İrs” fraksiyasından deputat Tevan Poqosyan isə deyib ki, parlament bu məsələ ilə bağlı növbədənkənar dinləmələr keçirib xarici işlər, müdafiə nazirlərini, digər müvafiq strukturların rəhbərlərini müzakirələr üçün çağırmalıdır. Hakim Respublika partiyasından deputat Karen Bekaryan isə qeyd edib ki, Azərbaycanın məqsədi Lapşin deyil. "Azərbaycanın məqsədi odur ki, bizi hansısa ölkələrlə və ya strukturlarla düşmən edəcək addımlar atmağa qızışdırsın. Ona görə də biz növbəti addımlarımızı planlaşdıranda bunu nəzərə almalıyıq”, - deputat deyib. Digər deputat Samvel Farmanyana görə, erməni ictimaiyyətinin nəzərində KTMT və Avrasiya İqtisadi İttifaqı, habelə Belarus kimi müttəfiq dəyərsizləşib. "Rusiya da dəyərdən düşür, ona görə gərək düşünsünlər”, - deyə o bildirib. Deputat Xosrov Arutyunyan da Belarusu pisləyib və əhalini Belarus səfirliyi qarşısına aksiyalara çağırıb.
Ermənistanın hakim Respublika partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan isə parlamentdə Lapşinlə bağlı müzakirələrdə təklif edib ki, rəsmi Yerevan Belarusun KTMT hərbi blokundan xaric edilməsi məsələsini qaldırmalıdır. Çünki onun sözlərinə görə, Lapşinin ekstradisiyası Belarusun "müttəfiqlik öhdəliklərinə” zidddir.
Azər
banner

Oxşar Xəbərlər