AZE | RUS | ENG |


Ermənistan beynəlxalq hüquq normalarına hörmətsizlik nümayiş etdirir

Ermənistan beynəlxalq hüquq normalarına hörmətsizlik nümayiş etdirir
Hərbi-siyasi, diplomatik sahədə küncə sıxılan düşmən yeni təxribatlara əl ataraq Dağlıq Qarabağ münaqişəsinin həllini uzadır

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində hər hansı irəliləyişin gözlənildiyi halda, yaxud ATƏT-in Minsk qrupunun üzvü olan həmsədr dövlətlərin iştirakı ilə aparılan danışıqlarda işğalçı Ermənistan küncə sıxılan kimi Serj Sarkisyan hakimiyyəti dərhal təxribatlara əl atır. Ötən ilin aprel ayında cəbhə xəttində növbəti belə təxribat törədən düşmən Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı zərbəsi ilə qarşılaşdı, çoxsaylı canlı qüvvə, silah-sursat və hərbi texnika itirərək geri çəkildi. Ordumuz işğal altındakı bir sıra strateji yüksəkliklərə nəzarəti yenidən bərpa etdi. Məhz aprel döyüşləri Minsk qrupu həmsədrlərinə, beynəlxalq aləmə sübut etdi ki, Dağlıq Qarabağ problemi "dondurulmuş münaqişə” sayıla bilməz. Ermənistan silahlı birləşmələrinin törədə biləcəyi yeni bir təxribat hər an bu münaqişənin alovlanmasına səbəb ola bilər. Ona görə də həmsədr dövlətlər Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləməklə yanaşı, status-kvonun dəyişməsinin zəruriliyi barədə bəyanatlar verdilər. Hətta prezidentlər səviyyəsində keçirilən Vyana və Sankt-Peterburq görüşlərində də status-kvonun dəyişməsi, münaqişənin həllinin intensivləşməsi və sair məsələlər dönə-dönə vurğulandı.

Sadalananlarla bərabər, Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) baş katibi postuna erməni generalın gətirilməsi məsələsinin yubanması, rəsmi İrəvanın ötən il bu istiqamətdə atdığı bütün addımların iflasa uğraması, ən əsası isə bu təşkilatda təmsil olunan dövlətlərin də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarla çıxış etməsi Ermənistan hakimiyyətini razı sala bilməzdi. Ona görə də öz "ənənəsinə” sadiq qalan düşmən dekabrın 29-da yeni təxribata əl atdı. Ermənistan silahlı birləşmələrinin kəşfiyyat qrup bu dəfə Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərdi. Ancaq Silahlı Qüvvələrimizin ayıq-sayıqlığı nəticəsində düşmənin bu təxribat-pozuculuq fəaliyyətinin qarşısı da zamanında alındı. Təxribatçı dəstə pusquya salındı, 3 erməni hərbi qulluqçusu məhv edildi. Baş vermiş döyüşün ardınca yayılan rəsmi məlumatda bildirildi ki, hərbi qulluqçumuz Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Dərhal əsgərimizin sonrakı taleyinə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər edildi, birlikdə araşdırma işlərinə başlanıldı. Aydın oldu ki, düşmənin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olmuş Ç.Qurbanovun meyitini geri çəkilən erməni hərbi qulluqçuları özləri ilə aparıblar. Sonradan əsgərimizin meyiti Ermənistan ərazisində yayımlanan media qurumlarında nümayiş etdirilərək belə bir rəy yaratmağa çalışıldı ki, guya Azərbaycan ordusu sərhədi pozaraq hücuma keçib, amma ağır itki verərək geri çəkilib. Bununla Sarkisyan rejimi dünyaya sübut etməyə çalışıb ki, guya Azərbaycan Ermənistanın tanınmış sərhədlərini pozur, münaqişə bölgəsi sayılmayan ərazilərə hücum edir, dinc əhalinin həyatına təhlükə yaradır.

Lakin Ermənistan siyasi hakimiyyətinin tərtib etdiyi "plan” bu dəfə də uğursuzluqla nəticələndi. Azərbaycanın müdafiə və xarici işlər nazirlikləri rəsmi açıqlamalarla çıxış etdilər, hadisə barədə dəqiq məlumatı həm daxili auditoriyaya, həm də beynəlxalq aləmə çatdırdılar. Bununla da erməni təxribatının ardınca işə salınan erməni təbliğat maşınının uydurduğu yalanların, dünyada yaratmaq istədikləri yanlış rəyin qarşısı alındı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da beynəlxalq qurumlarla sistemli iş apardı, bəyan edildi ki, baş vermiş təxribat zamanı Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik nümayiş etdirdiyini bir daha əyani şəkildə göstərib. Ermənistan hərbçiləri döyüşdə həlak olmuş Azərbaycan əsgərinin meyitinin özləri ilə aparmaqla bərabər, onun fotolarını bu ölkəyə məxsus KİV-lərdə və sosial şəbəkələrdə yayıb, Azərbaycan xalqının və həlak olmuş əsgərin ünvanına təhqiramiz ifadələr işlədiblər. Bu hərəkətləri ilə Ermənistan tərəfi baş vermiş hadisədən yenidən öz çirkin niyyətləri üçün yararlanmağa çalışıb, qeyri-humanist simasını aşkar ifadə edib. Əslində bu addım Ermənistanın da qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinin də kobud şəkildə pozulmasıdır. Çünki, silahlı münaqişələr zamanı həlak olmuş hərbi qulluqçuların meyitləri döyüş əməliyyatı başa çatdıqdan dərhal sonra geri qaytarılmalıdır. Bu, beynəlxalq humanitar hüququn təkzibedilməz vacib prinsipidir. 

Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi hadisədən bir neçə gün keçməsinə baxmayaraq, onların əlində olan hərbi qulluqçumuz Çingiz Qurbanovun nəşinin təhvil verilməsi ilə bağlı müvafiq prosedurların başlanılmasını heç bir əsas olmadan ləngidir. Beləliklə də Serj Sarkisyan siyasi hakimiyyəti, Xocalı soyqırımının törədən hərbi xunta cəbhə xəttində, eləcə də sərhəd zonasında təxribatlara əl atmaqla bərabər, beynəlxalq hüquqa zidd olan hərəkətlərini indi də davam etdirir. Ən acınacaqlı hal isə burasıdır ki, rəsmi Bakı baş verənlər barədə beynəlxalq qurumları zamanında məlumatlandırsa da, onlar tərəfdən hər hansı narahatlıq ifadə olunmur. İşğala məruz qalanla işğalçı ölkəyə eyni münasibət ifadə edən, qərəzli və ikili standartlardan çıxış edən beynəlxalq aləm, eləcə də həmsədr dövlətlər bu dəfə də Ermənistanı qınaqdan, təzyiq və ya təsirdən kənarda saxlayır, beynəlxalq prinsiplərin tapdanmasına göz yumurlar.

Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6866
GBP 1 İngilis funt sterlinqi 2.2982
TRY 1 Türk lirəsi 0.4878
KWD 1 Küveyt dinarı 5.6436
SEK 1 İsveç kronu 0.2140
EUR 1 Avro 2.0421
CHF 1 İsveçrə frankı 1.7693
USD 1 ABŞ dolları 1.7007