• cümə axşamı, 18 aprel, 09:21
  • Baku Bakı 12°C

Ermənistan Azərbaycan ordusunun yaratdığı xofu dağıtmağa çalışır Müsahibə

29.06.13 09:57 8075
Ermənistan Azərbaycan ordusunun yaratdığı xofu dağıtmağa çalışır Müsahibə
İyunun 26-da Silahlı Qüvvələrin 95 illiyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad, prezident İlham Əliyevin orada səsləndirdiyi fikirlər, Azərbaycan ordusunun gücü, Azərbaycanın ardınca Ermənistanda da paradın keçirilməsi və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını politoloq Qabil Hüseynli cavablandırır.
- Qabil bəy, çərşənbə günü Bakı şəhərinin mərkəzi meydanında keçirilən hərbi parad Sizdə hansı təəssürat yaratdı?
- Silahlı Qüvvələrin 95 illiyi münasibətilə möhtəşəm bir parad keçirildi. Bu parad həm də Azərbaycan ordusunun real vəziyyətini göstərdi. Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin 5 min nəfərlik şəxsi heyəti, 300-dək hərbi texnika və silah sistemləri, 100-dən çox döyüş təyyarəsi və vertolyot, 40-dək gəmi iştirak etdi. Belə qənaət hasil oldu ki, Azərbaycanda müxtəlif qoşun növlərinin hazırlığı vəziyyəti, milli ordunun hərbi texnika, müasir, modern silahlarla təchizatı yüksək səviyyədədir. Hərbi potensialımız demək olar ki, ehtimal edilən istənilən təcavüzü dəf etməyə qadirdir. Bu parad silahlı qüvvələrimizin səviyyəsini göstərməklə yanaşı, əhalimizdə dərin fəxarət duyğusu, milli qürur hissi də doğurdu. İnsanlar öz ordusunun gücünü gördü. Onlarda inam daha da artdı ki, yeri gələndə bu ordu ilə biz Azərbaycanın mövcud olan problemlərini həll edə bilərik.
- Prezident İlham Əliyev təntənəli paradda nitq söyləyərək, Silahlı Qüvvələrin indiki vəziyyətindən, hərbi sahəyə ayrılan xərclərdən, Azərbaycan ordusunun Ermənistanın təcavüzü altında olan torpaqlarımızı işğaldan azad etmə qabiliyyətindən danışdı. O, güclü Azərbaycanın gücsüz Ermənistan ilə istənilən dildə danışa biləcəyini vurğuladı. Sizcə, bu, müharibə mesajıdırmı?
- Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində aparılan danışıqlar prosesi dalana dirənib. Bu, bilavasitə təcavüzkar Ermənistanın danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutması ucbatından meydana gəlib. Bəzi regional güclərin Ermənistana dəstək verməsi ucbatından indiki danışıqlar prosesi bəlli bir sülh yaratma prosesi ilə nəticələnmir. Hətta indinin özündə “Böyük səkkizlik” üzvü olan dövlətlərinin müraciətinə baxmayaraq, ATƏT-in Minsk qrupu danışıqlar prosesini bərpa edə bilmir, xarici işlər nazirləri səviyyəsində müəyyən kontaktlar da qurmağı bacarmır. Bütün bunların hamısının günahkarı rəsmi İrəvandır. Ermənistan özünü dünyanın əzizlənmiş balası kimi aparır. Çox təəssüflər olsun ki, dünyanın bir sıra dövlətlərində, bəzi beynəlxalq qurumlarda ona tərəfdaşlar da tapılır. Ona görə də Azərbaycanın danışıqlar prosesinə ümidi xeyli azalıb. Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə razı olsa da, bu sülhyaratma danışıqlarını heç cür bərpa etmək, xüsusilə danışıqların konstruktiv məcrada aparılmasına nail olmaq mümkün olmur. Bu nöqteyi-nəzərdən Azərbaycan hərbi qüvvəsini artırır, yeni silah növləri alır, şəxsi heyətin sayını artırır, ordunun hazırlıq vəziyyətini yüksək səviyyədə saxlayır. Bu zaman nəzərindən qaçırmır ki, danışıqlar masası ətrafında özünü “xuliqan” kimi aparan Ermənistanla haçansa müharibə meydanlarında görüşmək lazım gələ bilər. Bu səbəbdən də Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün müharibəyə hazırlaşır desək, səhv etmərik. Həmçinin, ordunu gücləndirməklə, rəsmi Bakının diplomatiya, danışıqlar masası ətrafında sözü daha ötkəm olur. Azərbaycan rəsmiləri bilir ki, onların arxasında güclü ordu dayanır. Bunun özü də mühüm əhəmiyyətə malikdir. Yəni, ordu təkcə döyüşmək üçün yox, həm də diplomatiyanın sözünü kəsərli etmək üçün lazımdır.
- Ordusunun gücünə görə Azərbaycanı Cənubi Qafqazdakı hansı ölkələrlə müqayisə etmək olar?
- Region dövlətlərindən Gürcüstanın hərbi potensialı o qədər də güclü deyil. Xüsusilə Rusiyanın hərbi təcavüzündən sonra Gürcüstan əvvəlki hərbi qüdrətini hələ də bərpa edə bilmir. Çünki, bunun üçün böyük vəsait lazımdır. Region dövlətlərindən bizimlə rəqabətdə olan və ölkəmizə qarşı təcavüzkar, müharibəni başlamış olan Ermənistanla isə müqayisədə bizim ordumuz qat-qat güclüdür. Düzdür, son vaxtlar Rusiya Ermənistana müəyyən raket növləri verdi, amma bu, heç də o demək deyil ki, Ermənistanı birdən-birə güclü etdi. Azərbaycanın müxtəlif qoşun növləri daha güclüdür. Həm say və silah təchizatı etibarı ilə, həm də döyüş hazırlığı qabiliyyətinə görə. Azərbaycanın Silahlı Qüvvələri Ermənistan silahlı qüvvələrini dəfələrlə qabaqlayır. Təsəvvür edin, 2003-cü ildə təkcə Azərbaycanın hərbi büdcəsi 163 milyon dollar olub. Keçən il bu rəqəm 3 milyard 600 milyon dollar, bu il isə haradasa 4 milyard dollara yaxındır. Azərbaycan ordu quruculuğunu prioritet məsələ kimi qəbul edib və dövlət büdcəsindən ən böyük xərcləri orduya sərf edir. Amma Ermənistanın bütövlükdə dövlət büdcəsi heç 2 milyard dollar deyil. Prezident İlham Əliyevin də paradda vurğuladığı kimi, Azərbaycanın yalnız hərbi məqsədlər üçün istifadə etdiyi vəsait Ermənistanın ümumilikdə dövlət büdcəsindən, bütün xərclərindən iki dəfə çoxdur. Üstəgəl, son 8 ildə Azərbaycanda yerli hərbi istehsal sahələri yaradılıb, inkişaf etdirilib. Çoxsaylı hərbi zavodumuz var ki, burada 750 adda hərbi məhsul istehsal olunur. Bu rəqəmlər müqayisə aparmaq üçün əhəmiyyətli göstəricilərdir. Elə götürək ayrıca olaraq, Azərbaycan aviasiyasını. Azərbaycan aviasiyası indiki şəraitində Ermənistanın aviasiyasından ən azı 2,5 dəfə çoxdur. Eyni zamanda daha müasir döyüş maşınları ilə təchiz edilibdir. Nəzərə alaq ki, yaxın gələcəkdə Azərbaycan yeni döyüş təyyarələri də almaq fikrindədir.
- Azərbaycan hərbi parad keçirəndən dərhal sonra rəsmi İrəvan tələm-tələsik iyunun 28-də hərbi-hava qüvvələrinin ildönümü münasibəti ilə döyüş təyyarələrinin nümayişini keçirib.
- Azərbaycan dördüncü dəfədir hərbi parad keçirir. Ermənistanda isə cəmi iki dəfə hərbi parad keçirilib. İndi isə tələm-tələsik belə bir paradabənzər “şou” düzənləyiblər. Əsasən aviasiya nümayiş etdirilib, adını da qoyublar ki, Ermənistan hərbi-hava qüvvələri öz döyüş texnikasını göstərir. Halbuki Ermənistan aviasiyasının təməlini Rusiyanın bu ölkədə yerləşdirilmiş iki hərbi eskadrilyası təşkil edir. Bunlar Rusiyaya məxsus və baza statusu daşıyan qüvvələrdir. Amma yeri gələndə, Rusiya bunları Ermənistanın istifadəsinə, sərəncamına da verə bilir. Bütün hallarda bu gün Ermənistanda aviasiyanın özəyini orada dislokasiya edilmiş Rusiyanın hərbi aviasiya qüvvələri təşkil edir. Bu hadisənin özü də bir daha onu göstərir ki, Ermənistan ümumilikdə qoşun növlərinin əksəriyyəti, xüsusən də tank birlikləri, aviasiya, sərhəd qoşunlarını 100 faiz ruslardan ibarətdir. Ermənistan daxili və xarici siyasətdə müstəqil deyil, Rusiyanın bir quberniyası kimi çıxış edir. Ona görə də Ermənistanın aviasiya “şou”su hərbi paraddan daha çox məhdud-miqyaslı təlimə bənzəyir. O ki, qaldı erməni nazirin və Ermənistan mətbuatının yazdıqlarına, ümumiyyətlə, hərbi qarşıdurma vəziyyətində olan ölkələrdə hərbi-siyasi təbliğat yüksək səviyyədə olmalıdır. Bu baxımdan Ermənistan rəsmiləri, o cümlədən erməni mətbuatı Azərbaycanda təşkil olunan və yüksək səviyyədə keçən hərbi paradı gözdən salmağa çalışırlar. Verdikləri bəyanatlar isə əsasən daxili auditoriyanı sakitləşməyə, güclü Azərbaycan ordusunun onlar üzərində yaratdığı xofu dağıtmağa yönəlib.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər