AZE | RUS | ENG |


Ermənilərin üzbəüz savaşdan çəkindiyi türk

Ermənilərin üzbəüz savaşdan çəkindiyi türk
O, Bakının komendantı da olub

Cəmil Cahid bəy təkcə Türkiyənin hərb tarixində deyil, Azərbaycan xalqının milli mücadilə və hərb tarixində də şərəfli səhifə yazmış bir insandır və onun xidmətləri ən yüksək qiymətə layiqdir.

Cəmil Cahid bəy haqqında məlumat verməzdən əvvəl Həmidə xanım Cavanşirin (Məmmədquluzadə) "Xatirələrim”dən kiçik bir hissəni xatırlamaq yerinə düşərdi: "Erməni başkəsəni, rus ordusunda erməni könüllülərindən ibarət hərbi birliklərdən birinin başçısı, türk əsgərinin qarşısından həmişə qaçmış, üz-üzə savaşdan çəkinmiş, mehmetciyin xəncəri ilə qulağı kəsilmiş hərbi paltarlı bu cani Türkiyə və Azərbaycanda körpə, qoca, qadın və uşaq demədən on minlərcə silahsız dinc insanı qəddarcasına qətlə yetirib, yüzlərlə kənd və şəhəri külə döndərib. Türkiyəyə qarşı vuruşan Avropa müttəfiq hərbi qüvvələrinə göstərdiyi bu cür "şanlı” xidmətlərinə görə, Fransa prezidenti Raymond Puankare onu bu ölkənin ən yüksək mükafatı olan Fəxri Legion ordeni ilə təltif edib!”

Hörmətli oxucu! Bunu boşuna xatırlatmadım. Agah olaq. Ata və babalarımız 70 il düşməni dost deyərək bağrına basıb, dosta, qardaşa düşmən deyib, qapıdan qovub. Odur ki, bu gün qulağı kəsik gədanın nəvə-nəticələri Qarabağda qan tökür. Tanıyaq, düşmənimizi də, dostumuzu da!
 
 
 
                                                                            Balkan müharibəsindən başlayan döyüş yolu 
 
Cəmil Cahid Toydəmir Məhəmməd Cahid bəyin oğlu idi. O, 1883-cü ildə İstanbulda anadan olub. Kiçik yaşlarından hərbə meylli olan Cəmil Cahid mükəmməl hərbi təhsil alıb. Hərbi məktəbi 1902-ci ildə bitirən Cəmil Cahidin ilk döyüş yolu Balkan, daha sonra isə Birinci Dünya Müharibəsindən keçib. İgidliyi, cəsarəti, ciddi nizam-intizamı ilə ilk döyüşlərdən ad-san qazanan Cəmil Cahid bəy 1918-ci ilə kimi çətin bir döyüş yolu keçib. 1918-ci ilin əvvəllərində Met Yusif İzzət paşanın əmrində tümən (diviziya) komutanı olaraq ana yurdu Qafqazı qurtarmaq və bağımsız bir Quzey Qafqaz cümhuriyyəti qurmaq üçün savaşlara girdi. Beşinci Qafqaz firqəsinin tərkibinə daxil olan 9-cu Qafqaz alayının komandiri, Qafqaz İslam Ordusunun ən fəal xadimlərindən biri olan Cəmil Cahid bəy 1918-ci il iyunun 4-də Azərbaycana doğru hərəkətə başladı. Onun rəhbərliyi ilə əvvəl Qazaxda, (iyunun 7-də) sonra Gəncədə (iyunun 11-12-si) ermənilər tərksilah edildi. Gəncə döyüşlərində Səməd bəy Rəfibəyovun  (sonra türk ordusunun generalı rütbəsinə layiq görüldü) da çox böyük köməyi olub. Çox ağır keçən Gəncə döyüşləri haqqında xatirələrdən oxuyuruq: "Döyüş axşama qədər davam etdi. Cəmil Cahid bəy hər an bizimlə idi. Ən ağır döyüşlərdə öndə gedərdi. Axşam saat 11-də bir keşiş, bir erməni zabiti və bir komissar əllərində ağ bayraq Cəmil Cahid bəyin qərargahına gəldilər. Danışıqlardan sonra onlar tərksilah olmağa razılıq versələr də, vədlərinə əməl etmədilər. Bundan əsəbiləşən Cəmil Cahid bəy avqustun 12-də səhər tezdən hücuma keçmək əmrini verdi”.   

Avqustun 13-də Cəmil Cahid bəy Nuru paşanın əmri ilə Şərq Cəbhəsi komandanlığının tərkibinə daxil olan Cənub qrupunun komandanı təyin edilərək Bakının azad edilməsi uğrunda döyüşlərə daha fəal cəlb edilir və sentyabrın 15-də Bakı azad olduqdan sonra şəhərin komendantı təyin edildi. Onun şəhər komandanı kimi Bakı əhalisinə ünvanladığı müraciətdə də millətlər arasında fərq qoyulmur:

1.     Osmanlı ordusuna pənah gətirən bütün əhalinin cins və məzhəbə ayırmadan canı, ərz və halı əmniyyət altındadır.
2.     Hər kəs dükanları açıb iş və gücü ilə məşğul olacaqdır.
3.     Talamaq, yandırıb-yaxmaq, adam öldürmək şiddətlə qadağandır. Günahkarlar növbətçilər tərəfindən dərhal qətl ediləcəkdir.
4.     Heç bir kəs, heç bir bəhanə ilə axşam saat 7-dən sabah saat 7-yə qədər evdən çıxmayacaqdır.
5.     Tüfəng götürmək, fişəng atmaq qətiyyən qadağandır.
                               Bakı komandanı, miralay Cəmil Cəmşid.   
 
 
 
Şuşa əhli onu çox böyük ehtiram və hörmətlə qarşılayırlar
 
Cəmil Cahid bəy tezliklə Bakıda asayişin təmin edilməsinə, ciddi nizam-intizam yaratmağa nail oldu. Amma bu zaman Qarabağ da vəziyyət çox ağır idi və bu vəziyyətin yaxşılaşması üçün bütün ümidlər türklərə idi. Bu haqda Həmidə xanım "Xatirələrim”də geniş yazırdı: "Şuşada ermənilərlə müsəlmanların münasibətləri tarıma çəkilmiş vəziyyətdə idi. Söz-söhbət gəzirdi ki, türklər gəlirlər. Türklər Şuşa yolunu açmaq üçün gəlirlər. Hər kəs türklərin gəlişini gözləyir və Şuşada böyük pişvaz tədbirləri görülürdü. Şəhərin bəzədilmiş, qala qapıların girəcəyində bir neçə zəfər tağı asılmışdı. Bu zəfər tağlarının birini Şuşa qadınları adından mən ucaltmışdım. Ağ kəlağayı üzərində tikmə naxışla hilal və ulduz salmış və türkcə belə bir şüar yazmışdıq: "Gün gələcək, həqiqət günəşi doğacaq, əsarətdə qalan Ana-Şərq istiqlal qazanacaq!”

Belə ağır bir vaxtda Qarabağ məntəqəsi komutanı, podpolkovnik İsmayıl Haqqı bəy Nuru paşadan ermənilərin hücumlarının qarşısını almaq üçün hərbi qüvvə göndərməsini xahiş edir. Nuru paşa da polkovnik Cəmil Cahid bəyi 1-ci Azərbaycan diviziyası komutanı olaraq Qarabağa göndərdi. Bundan sonra Cəmil Cahid bəy uzun illər komandiri olduğu 9-cu Qafqaz alayını 1-ci Azərbaycan diviziyası ilə birləşdirir. Burada məqsəd 1-ci Azərbaycan diviziyasının formalaşmasını və möhkəmləndirilməsini sürətləndirmək idi. Əslində 1918-ci ilin oktyabrında Qarabağın erməni-daşnak qoşunlarından təmizlənməsinin əsas ağırlığı da 1-ci Azərbaycan diviziyasının üzərinə düşdü.

Beləliklə, sentyabrın 25-dən etibarən Cəmil Cahid bəy qoşunu ilə Qarabağ ərazisinə daxil olur. Şuşa əhli Cəmil Cahid bəyi çox böyük ehtiram və hörmətlə qarşılayırlar: "Şəhərə birinci olaraq Cəmil Cahid paşa avtomobilində daxil oldu. Paşa ilk olaraq məscidi ziyarət etdi. Sonra Xan bulağına qalxdı. Bu vaxt şəhərin erməni səmtindəki hakimiyyət nümayəndələri çoxlu sayda bayraq və nişanlarla əhatə olunmuş avtomobillə müsəlman səmtinə daxil olaraq öz itaətlərini bəyan etdilər. Sonra uzun-uzadı nitqlər söylədilər, sülhdən, dostluqdan, qonşuluqdan, danışdılar və getdilər”.

Bəxtiyar Qaraca "Qafqaz İslam Ordusu Qarabağda” məqaləsində yazır: "Türk hərbi qüvvələri 7 oktyabrda əməliyyata başladılar. Əsgəranı ələ keçirən türk qoşunları sürətlə Şuşaya yaxınlaşdı. Türk ordusu ilə qarşılaşmağa cürət etməyən Andranik Şuşanın mühasirəsini buraxaraq cənuba doğru çəkilməyə başladı”. Cəmil Cahid bəy də Qarabağın tanınmış igid bəylərindən olan Sultan bəyin komandanlığı altında bir türk dəstəsini Andronikin qüvvələrinin ardınca göndərdi. Həmin qüvvə Andranikin qüvvələrini darmadağın etdi. Onlar Gorusa çəkildi. Şuşada Andranikin mühasirəyə aldığı 20 min türk kütləvi qırğından qurtarıldı. Yoxsa onları  dəhşətli bir faciə gözləyirdi. Çünki Andranik bölgədəki bütün türklərin faciəli şəkildə qətlə yetirilməsini öz başkəsənlərinə əmr etmişdi.
 
 
 
Ermənilərin baş tutmayan "gözəlçə” hiyləsi 
 
Həmişəki kimi, mərdi-mərdanə döyüşdən qacan ermənilər şirin dillərini işə salaraq hiyləyə əl atsalar da, heç nəyə nail ola bilmədilər. Məcbur olub yenidən "dostluqdan”, "qardaşlıqdan” dəm vurmağa başlayan ermənilər hətta paşanın şərəfinə ziyafət də veriblər. Həmin ziyafətdə iştirak edən Həmidə xanım yazırdı: "Erməni ziyalıları Türk paşanın şərəfinə ziyafət təşkil etdilər. Bu ziyafətə müsəlman ziyalıları da dəvət olunmuşdu. Biz də orada idik. Ziyafət çox canlı keçdi. Paşanın ətrafında gözəl bir erməni qadını dolaşırdı”. Xatirələrdən aydın olur ki, bu erməni "gözəlçəsi” nə qədər israr etsə də, gecəni Cəmil Cahid paşanın "qonağı” ola bilmir. Mirzə Cəlilin və Həmidə xanımın təklifi ilə Cəmil Cahid paşa gecəni onların qonağı olur. "Cəmil Cahid paşa dəvətimizlə bizə qonaq gəldi. Paşanın əhvalından görünürdü ki, Mirzə Cəlillə tanışlıqdan çox məmnundur. Onlar uzun-uzadı söhbət etdilər”.  
 
Tezliklə Cəmil Cahid bəy nəyinki, Şuşada, bütün Qarabağda əmin-amanlıq yaradır. O, "Şuşadakı ermənilərə müraciət edərək onlardan türk ordusuna tabe olmağı tələb edir. Ermənilər "türk ordusunun bütün əmrlərinə tabeyik” vədini versələr də, Cəmil Cahid bəy Qarabağı tərk edəndən sonra nəinki Qarabağın, hətta bütöv Azərbaycanın qara günləri yenidən başladı. Qocaman yazıçı-tədqiqatçı Qılman İlkin o günlər haqqında yazırdı: "Türklərdən sonra yeni Azərbaycan respublikası bir növ yetim qaldı. Onun düşmənləri, birinci növbədə, daşnaklar ayaq tutdular. Xüsusilə Qarabağda Andranik yenidən qanlı cinayətlərini davam etdirməyə başladı”. 

Cəmil Cahid bəy öz ölkəsində də aparılan istiqlal mücadiləsində yaxından iştirak edib. 4-cü korpusun 5-ci firqəsinə komandanlıq etdi, general rütbəsinə layiq görüldü. 1940-cı ildə general-polkovnik rütbəsində jandarm qüvvələri komandanı, 1943-1946-cı illərdə ordu generalı rütbəsində 1-ci ordu komandanı, 1946-47-ci illərdə isə Türkiyənin milli müdafiə naziri vəzifəsini icra edən Cəmil Cahid bəy 1956-cı ilin 15 iyulunda vəfat edib.

Bakının ilk qarnizon rəisi Cəmil Cahid bəyin ruhu bu gün yenə də Qarabağda dolanır. O ruh ər oğullarımızın dizinə təpər, qoluna qüvvət verərək qələbəyə ruhlandırır. Ruhun şad olsun, igid türk balası!
 
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
 
                                 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6280
GBP 1 İngilis funt sterlinqi 2.2440
TRY 1 Türk lirəsi 0.4395
KWD 1 Küveyt dinarı 5.6270
SEK 1 İsveç kronu 0.2015
EUR 1 Avro 1.9941
CHF 1 İsveçrə frankı 1.7189
USD 1 ABŞ dolları 1.7002