• cümə, 26 Aprel, 04:38
  • Baku Bakı 16°C

“Ermənilərin türklərə xəyanət etməsi tarixi faktdır”

23.04.16 11:33 2680
“Ermənilərin türklərə xəyanət etməsi tarixi faktdır”
Ermənilər bu il də qondarma soyqırımının ildönümü gününü geniş şəkildə keçirmək, dünya ictimaiyyətini soyqırımına məruz qaldıqlarına inandırmaq fikrindədirlər. Onların “101-ci cəhd”i haqda fikirlərini “Kaspi” ilə bölüşən millət vəkili Fəzail İbrahimli deyir ki, ermənilər türklərin yox, türklər ermənilərin vəhşiliyinin qurbanı olub və onlar yaşadıqları ölkəyə xəyanət etməkdən, zərbə endirməkdən çəkinməyiblər.
- Fəzail müəllim, 1915-ci ilin aprel ayında əslində nə baş verib?

- Həmin vaxt Birinci Dünya müharibəsinin gedişi idi. Dünya böyük dövlətlərin istəklərinin məngənəsində sıxılırdı. Hər bir dövlət çalışırdı ki, ərazilər yenidən bölünsün və arzuladıqları torpaqları götürsünlər. Bəzi xırda xalqlar və dövlətlər var idi ki, böyük güclər onlardan istifadə edərək öz niyyətlərini həyata keçirməyə çalışırdılar. Onlardan biri də ermənilər idi. Ruslar erməniləri yönləndirərək Türkiyəyə ciddi zərbə vurmağa çalışırdılar. Ermənilərlə sövdələşməyə gedərək onlara söz verdilər ki, Türkiyə məğlub olduqdan sonra onun ərazisində “böyük Ermənistan” dövləti qurmağa imkan verəcəklər. Yunanıstan da onlarla bu cür danışığa getmişdi. Təsadüfi deyil ki, II Nikolay Qafqazda olarkən nitqini bu cümlələrlə bitirmişdi: “Qoy Rusiya bayrağı Bosforda, Dardaneldə dalğalansın, Türkiyə ərazisində böyük Ermənistan dövləti yaransın”. Bu çağırış 1914-cü ildə səsləndirilmişdi. Nəticədə gizli sövdələşmələr, razılaşmalar əldə olundu. Onun-bunun torpağında gözü olan ermənilər bu xülya ilə proseslərə qoşuldular. Türkiyəyə sonradan aydın oldu ki, ermənilər onlara xəyanət edir və arxadan qılınc vurur. Yəni öz vətəndaşları öz dövlətlərinə qarşı vuruşurdu. Türkiyə məcburən təhlükəsizlik tədbirləri görməyə başladı. Ona görə də köçürmə siyasətini reallaşdırdı. Bu, çox sivil qayda idi və dövlət səviyyəsində həyata keçirilirdi. Sənəddə də qeyd olunmuşdu ki, müharibə qurtardıqdan sonra əhali öz yerlərinə qayıda bilər. Onlar geri qayıtdıqda isə öz mallarına, mülklərinə sahib olacaqdılar. Köçürülmə zamanı yolda-izdə ermənilərdən ölənlər oldu. Onlar da bu faktın ucundan tutub “soyqırımı” adı ilə türklərə hücum edirlər. Halbuki Türkiyə onlara qarşı heç bir soyqırımı aparmayıb. Təəssüf ki, bu kart üzərində dünya da eksperiment aparmağa başladı. Həmin vaxt baş verənlər, ermənilərin ərazisində yaşadıqları, vətəndaşı olduqları dövlətə xəyanət etmələri geniş tarixi faktdır. Baş verənləri xırda müsahibədə təfsilatı ilə açmaq mümkün olmur. Ona görə qısa şəkildə nəticədən danışım. Onlar məğlub olub geri çəkildilər. Ermənilər məsələni Paris sülh konfransına da daşıdılar. Hətta ABŞ prezidenti Vilson bir nümayəndə heyəti, komissiya yaratdı. General Harbordun rəhbərliyi altında komissiya Anadoluya gəldi. Ölən meyitləri yarıb ekspertiza etdilər. Məlum oldu ki, meyitlər türklər tərəfindən öldürülən ermənilər yox, ermənilər tərəfindən qırılan türklərdir. Çünki rusların ilk qələbəsindən sonra fürsət tapan ermənilər türkləri qətlə yetirməyə başlamışdılar. Hökumət ermənilərin bu cür hərəkətlərə yol verdiklərini gördüyünə görə, onları köçürməyə məcbur olmuşdu. Əvvəlcə bunu mülki formada həyata keçirməyə başladılar. Ermənilərə bildiriş göndərilirdi ki, köçürülməyə hazırlaşsınlar, bununla bağlı dövlətin qərarı var. Dövlət adamları hansı erməninin qapısını açırdılarsa, silahla qarşılanırdılar. Elə bu prosesin özündə xeyli türk öldürüldü. Hökumət bu işi mülki formada həyata keçirməyin mümkün olmadığını gördü. Sakit formada, sivil qaydada köçməyə razı olmurdular. Osmanlı rəhbərləri məcburən hərbi formaya keçdilər. Xəyanətkar erməniləri yalnız bu yolla uzaqlaşdırmaq mümkün oldu. Bayaqkı fikrimə qayıtmaq istəyirəm. Türkiyəyə gələn komissiya üzvləri araşdırma apardılar. Baş verənlərlə bağlı xeyli şahidləri dindirdilər. Məlum oldu ki, kütləvi şəkildə qırılanlar məhz türklər olub. Çünki ermənilər kütləvi şəkildə hücuma keçmişdilər. Gələn nümayəndə heyəti faktlar qarşısında aciz qaldı və geri çəkilməyə məcbur oldu. Komissiya öz işini başa vurdu. Gördülər ki, burada ermənilərin xeyrinə heç bir fakt tapa bilmirlər. Ona görə də məsələni bağlayıb arxivə atdılar. Nə qədər ki Türkiyə NATO-nun fəal üzvü idi, heç kim, əsasən də Avropa dövlətləri Türkiyəyə qarşı əks mövqedən çıxış etmirdi. SSRİ dağıldıqdan sonra Türkiyəyə qarşı xüsusi imtiyaz duyulmadı. Məlumdur ki, Türkiyə SSRİ-yə qarşı cinahda dayanırdı. Ona görə də Türkiyəni sıxışdırmağa başladılar. Bu haqda belə bir fikir söyləmək olar - nə vaxt ki Avropa dövlətləri Türkiyədən nəyisə almaq istəyirlər, onda bu dövlət yadlarına düşür. Nə vaxt ki Türkiyəyə nəyisə vermək istəmirlər, onda “soyqırımı” yada düşür. Həqiqətən də, Türkiyəyə nəyisə vermək yox, almaq istəyəndə bundan kozır kimi istifadə etməyə çalışırlar. Bu gün də Avropa parlamentariləri əcaib qərarlar qəbul edirlər. Çox təəssüf ki, avropalı siyasətçilər tarixçilərin işini öz üzərinə götürüblər. Türkiyə dəfələrlə arxivlərin açılması ilə bağlı təklif səsləndirib. Amma ermənilər buna getmir. Niyə? Çünki razılıq versələr, bütün yalanları üzə çıxacaq. İddia etməyə belə, heç bir boş söz də qalmayacaq. Göründüyü kimi, “soyqırımı” mövzusu dünya dövlətlərinin əlində Türkiyəyə qarşı sadəcə bir siyasi dəstəvuz olub, onlara qarşı təzyiq və təsir vasitəsi kimi istifadə etməyə və yararlanmağa çalışırlar. Türkiyə böyük dövlətdir. Onun gücü, qüdrəti çoxuna məlumdur. Türkiyə dövləti öz millətinin, vətəndaşlarının qayğısına qalır. Vətəndaşlar da öz hökumətinin, ordusunun yanındadır. Xalq, millət dövlətini çox sevir. Ona görə də düşünürəm ki, Türkiyəyə heç nə edə bilməyəcəklər. İddialarının hamısı boş xülya, arzu olaraq qalacaq. Ermənistan Türkiyədən heç nə qopara bilməyəcəklər. Ermənilər nəsə əldə etməyə müvəffəq ola bilməzlər. Düşünürəm ki, onlar sadəcə, danışa-danışa, bağıra-bağıra, üstəgəl, zarıya-zarıya məsələni nəsildən-nəsilə ötürəcəklər, hər zaman sərsəm iddialar səsləndirəcəklər.
- Ölən ermənilərin sayını günü-gündən şişirdirlər. Həmin vaxt Osmanlıda nə qədər erməni yaşayırdı? 1 milyondan çox erməninin ölməsi nə dərəcədə realdır?

- Təbii ki, köçürmə prosesi zamanı onlar sanatoriyaya yola salınmırdılar və yolda tələfat olması mümkün haldır. Yolda xəstəlikdən, aclıqdan və sair səbəblərdən ölmək olar. Ölənlərin sayını şişirdə-şişirdə qalıblar. İlkin variantda 300 min erməninin öldüyünü deyirdilər. Sonra bu rəqəmi yarım milyona çatdırdılar. İndi isə milyon yarım olduqlarını iddia etməkdən çəkinmirlər. Halbuki arxiv sənədlərində heç vaxt həmin ərazilərdə o qədər erməninin yaşadığına rast gəlinmir. Onlar yalan iddialarla məşğul olmağa öyrəşiblər. Bunların hamısı şər-böhtandır və Türkiyəni gözdən salmaq məqsədi daşıyır. Arxiv sənədlərində 300 min insanın öldüyü göstərilir. Özü də bu rəqəm həmin vaxt ölən türk və ermənilərin birgə sayıdır. Amma ermənilər bu rəqəmi sanki özəlləşdirdilər və şişirtməklə məşğuldurlar. Düşünürəm ki, beynəlxalq ictimaiyyət əslində nəyin nə olduğunu çox yaxşı bilir. Hətta onlar da beziblər bu məsələlərdən. Eyni mövzunu nə qədər müzakirə etmək olar? Nə qədər boş-boş iddialar səsləndirmək olar?
- Ermənilər tarixi səhvlərinin, yəni xəyanətə yol vermələrinin hesabını onları bu işə təhrik edənlərdən tələb edə bilərlərmi?

- Düşünmürəm ki, belə hal mümkün olsun. Bu, real görünmür. Ona görə ki, həmin vaxt ermənilərə havadarlıq edənlər indi də onların arxasında dayanıb. Hamı bilir ki, işğalçılar kimin forpostudur və kimin diktəsilə hərəkət edirlər. Ermənilər onlardan heç nə tələb edə bilməzlər. Axı xəyanətin iştirakçısı onlar özləridirlər. Xəyanətə yol verən şəxs heç vaxt başını qaldırıb nəsə tələb edə bilməz. Çünki deməyə düz sözü olmur.
- ABŞ prezidenti Barak Obamanın məsələyə münasibəti haqda nə deyə bilərsiniz? Ümumiyyətlə, iddiaların tanınması ilə bağlı bugünkü durum nə yerdədir?

- Obama həmişəki kimi erməniləri xəyal qırıqlığına uğratdı. Düzdür, bu qondarma soyqırımını tanıyan ölkələr var. Əvvəllər bunu çox ciddi qəbul edirdilər. Amma sonra zaman göstərdi ki, bununla heç nə olmur. Tanısınlar da. Guya kimsə bu qondarma soyqırımını tanımaqla, sensasiya yaratmaqla nəyə nail olurlar ki? Hamı başa düşür ki, belə hallar sırf siyasi məqsəd daşıyır. Fransa bir az da qabağa gedərək “soyqırımı”nı tanımayanları cəzalandırırdı. Amma Amerika tərəfi heç vaxt uydurma iddialarla bağlı bu və ya buna oxşar bəyanatlar səsləndirməyib. Onlar “soyqırımı”nı tanımırlar.
- Necə olur ki, müəyyən dövlətləri yalanlarına inandıra bilirlər?

- Onların ermənilərə inandıqlarına inanmıram. Sadəcə, bəziləri xristian təəssübkeşliyindən çıxış edir. Burada siyasi məqamlar da var. Eynən Qarabağ məsələsi kimi, hər şey ortadadır və aydındır. Guya heç kim ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyini bilmir ki? Bunun sübuta ehtiyacı var? Qətiyyən. Nə qədər dövlətin burada səfirliyi var. Onlar bura kabab yeməyə gəliblər? Təbii ki, yox. Hamı bizim ölkənin sərhədlərini çox yaxşı bilir. Hətta rəsmən də bunu bəyan edirlər. Amma Ermənistana gözün üstə qaşın var deyən yoxdur. Quru-quru bəyanatlarla kifayətlənirlər. Düşünürəm ki, ikisi də eyni haldır. Azərbaycanda kimsə həbs olunan kimi bəyanatlar verirlər. Amma o boyda Qarabağımızı əlimizdən alıblar, 1 milyondan artıq vətəndaşımız qaçqın düşüb, ermənilərə təzyiq edən yoxdur. Vətəndaşlarımızın haqqı onlardan tələb olunmur.
- Türkiyənin arxivlərin açılması ilə bağlı təklifi iddiaların miqyasına təsir edibmi?

- Türkiyə azad rəftar edir və belə hadisə törədilmədiyini deyir. Təklif edir ki, arxivlər açılsın. Amma erməni buna getmir axı. Çünki gedə bilməz. O zaman bütün yalanları faş olunar.
- Bəs son illər ölkəmizin Qarabağ münaqişəsi, ələlxüsus da Xocalı soyqırımı ilə bağlı apardığı təbliğat işləri iddiaların qarşısına sipər ola bilirmi?

- Təəssüf ki, həqiqəti duymaq istəməyən qüvvələr xalqların taleyini siyasətə qurban verirlər. Vaxtilə babaları bu “soyqırımı” ilə məşğul olub, indi isə nəvələri işləri davam etdirir. Dünya, dövr, nəsillər dəyişib, amma siyasət yox. Bizim ərazi bütövlüyümüzü tanıyanlar olsa belə, təəssüf ki, hələ də haqlı tərəf olduğumuzu sona qədər sübut edə bilməmişik. Tam olaraq göstərə bilmirik ki, ermənilər soyqırımına məruz qalan yox, soyqırımı törədən xalqdır. Müəyyən dövlətlər, ştatlar Xocalı faciəsini tanısa da, faktiki olaraq, beynəlxalq ictimaiyyət reallığı etiraf etmir. Bizə qarşı ikili standartlardan yanaşmaqdan yorulmurlar.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər