• çərşənbə axşamı, 19 mart, 11:48
  • Baku Bakı 8°C

“Ermənilərin məkrli planları baş tutmayıb”

03.03.17 11:00 2623
“Ermənilərin məkrli planları baş tutmayıb”
Ermənistan silahlı qüvvələri son vaxtlar silsilə təxribatlar törətməklə, mövqelərimizə soxulmağa cəhdlər etməklə cəbhəboyu vəziyyəti yenidən gərginləşdirib. Artıq bir neçə gündür ki, düşmən iriçaplı silahlardan, minaatanlardan, eləcə də ağır texnikadan, artilleriyadan mövqelərimizi atəşə tutur. Təbii ki, erməni silahlı birləşmələrinin bütün təxribat cəhdlərinin qarşısı hərbçilərimiz tərəfindən alınır, düşmən cavab atəşi ilə susdurulur. Ermənistan hərbçilərinə sarsıdıcı zərbə vurularkən Silahlı Qüvvələrimiz itkisiz də keçinmir. Düşmən tərəfi isə hər vasitə ilə itkilərinin sayını gizlətməyə, guya Azərbaycan hərbçilərinin hücuma keçməsi, onların isə müdafiə olunması, bu səbəbdən də yalnız milli ordumuzun şəhid verməsini nümayiş etdirmək istəyir. Cəbhəboyu yenidən erməni təxribatlarının törədilməsi, rəsmi İrəvanın bu addımının arxasında dayanan məqsəd, Ermənistan və İran prezidentlərinin Rusiyaya gözlənilən səfərləri, Türkiyə dövlət başçısının Qarabağ çağırışı və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını millət vəkili, politoloq Rasim Musabəyovcavablandırır.
- Rasim müəllim, cəbhəboyu erməni təxribatlarının artmasına səbəb nədir?
- Ermənistan-Azərbaycan cəbhə xəttində vəziyyətin gərginləşməsini bir neçə amillə əlaqələndirmək olar. Əvvəla, Ermənistan tərəfi təmas xəttini əbədiləşdirmək və oraya beynəlxalq müşahidəçiləri yerləşdirmək, həmçinin monitorinqlər təşkil etmək istəyir. Belə bir addım atmaqla onlar bununla mövcud status-kvonu qoruyub saxlamaq, arxayınlaşmaq istəyirlər ki, işğal altındakı torpaqlarımızdan geri çəkilməyəcəklər. Bir növ təzyiqlərdən özlərini sığortalamaq istəyirlər. Çünki Azərbaycanın daimi təzyiqi altında olmağa tab gətirə bilmirlər. Azərbaycan rəsmiləri danışıqlar prosesində qətiyyətlə erməni qoşunlarının işğal edilmiş ərazilərimizi tərk etməli olduğunu bildiriblər. Bununla da ermənilərin məkrli planları baş tutmayıb. Azərbaycan tərəfi birmənalı şəkildə bəyan edir ki, yalnız işğala son qoyulduqdan sonra bölgəyə müşahidəçi gələ bilər. Əks təqdirdə Azərbaycan ora heç kimi buraxmaq niyyətində deyil. Erməni tərəfi də cəbhə xəttində vəziyyəti gərginləşdirməklə, Minsk qrupunun həmsədr dövlətlərinin Azərbaycana təzyiq göstərməsinə, nəticədə bölgəyə beynəlxalq müşahidəçilərin və sairin yerləşdirilməsinə nail olmaq istəyir. Digər tərəfdən, artıq hər kəsə bəllidir ki, Ermənistanda aprel ayında parlament seçkiləri keçiriləcək. Bu seçkilər nəticəsində Ermənistan parlamentli respublikaya keçəcək, prezidentin əksər səlahiyyətləri baş nazir və qanunverici orqan arasında bölünəcək. Bu seçkilər hakimiyyət məsələsini həll edəcək. Ancaq məsələ burasındadır ki, hazırkı prezident Serj Sarkisyanın komandası bu seçkiyə məğlub şəkildə qoşulub. Birincisi ona görə ki, Sarkisyan hakimiyyəti xalqa sosial-iqtisadi baxımdan hansısa bir müsbət nəticələr təqdim edə bilməyib. İkincisi isə Azərbaycan Ordusunun ötən ilin aprelində cəbhə xəttində düşmənə sarsıdıcı zərbə vurması, işğal altındakı bir sıra ərazilərə, o cümlədən strateji yüksəkliklərə nəzarəti təkrar bərpa etməsidir. Bununla Ermənistan hakimiyyətinin öz silahlı qüvvələri haqqında indiyə qədər yaratdığı mif dağılıb. Bir sözlə, aprel döyüşlərindən də ermənilər, əsasən də Sarkisyan hakimiyyəti məğlub çıxıb. Məhz bu amillərə görə prezident Sarkisyan cəbhə xəttində təxribatların törədilməsi ilə hansısa bir üstünlük qazanmağa, imkan olarsa, aprel döyüşlərində itirdikləri mövqeləri geri qaytarmağa çalışırlar. Sarkisyan bu təxribatlar vasitəsilə Azərbaycana mümkün qədər zərər verdirə bilsəydi öz əhalisində, xalqında bir az əhval-ruhiyyə artıracaqdı. Amma onların bu istək və arzuları həyata keçə bilmir, cəbhə xəttində hər dəfə törətdikləri təxribata görə daha sarsıdıcı zərbə alaraq geri çəkilirlər. Ancaq bunlarla yanaşı, cəbhəboyu təxribatların törədilməsində Rusiyanın müəyyən dairələrinin Azərbaycana təzyiq göstərmək məqsədini də istisna etmirəm. Çünki Cənub Qaz Dəhlizi layihəsi və bu layihəyə beynəlxalq dəstəyin verilməsindən sonra Rusiyada müəyyən narahatlıqların yaşanması da məlumdur. Lakin cəbhədə təxribatların törədilməsinə əsas amil bir qədər əvvəl qeyd etdiyim birinci və ikinci məsələlərdir.
- Müşahidələrimiz əsasında onu deyə bilərik ki, cəbhədəki təxribatların qarşısını alarkən şəhid olan hərbçilərimizin kimliyi barədə məlumat verilsə də qarşı tərəf öz itkilərini öz xalqından gizlədir. Rəsmi İrəvanın bu davranışı nədən irəli gəlir?
- Ermənistan mətbuatında da cəbhə xəttində baş verən gərginlik zamanı həlak olanların adları açıqlanır. Amma təbii ki, bütün itkilər barədə birdən, tam təfərrüatı ilə məlumat verilmir, cəmiyyətdən gizlədilir. Çünki bu, Sarkisyan hakimiyyəti üçün sərfəli deyil. Burada söhbət yalnız məhv edilən muzdlu döyüşçülərdən getmir. Ermənistan vətəndaşı olan və cəbhədə öldürülən əsgərlərin də adlarını tam açıqlamırlar. Həmin meyitləri morqlarda gizlədir, sonra isə zamanla bir-bir çıxarıb ictimaiyyətə məlumat verirlər. Guya ki, hər gün baş verən atəşkəs pozulması zamanı bir-iki nəfər həlak olub. Bu bir neçə gün ərzində həlak olan erməni hərbçilərinin adlarının hamısının birdən açıqlanması Ermənistan üçün növbəti zərbə olar, cəmiyyətdə ruh düşkünlüyünü, hakimiyyətə qarşı narazılığı daha da artıra bilər.
- Cəbhədəki təxribatlar nisbətən səngiyəndən sonra Ermənistan tərəfi əsassız olaraq daha bir iddia irəli sürdülər ki, guya qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq zamanı Azərbaycan tərəfi ATƏT-in missiyasını ön mövqelərə çıxarmayıb. Ermənilərin belə böhtan xarakterli yalan məlumatlarla beynəlxalq qurumları şantaj etmək, onların fəaliyyətinə kölgə salmaq və etimadına xələl gətirmək məqsədinin arxasında nə dayanır?
- Ermənistanın beynəlxalq aləmi, eləcə də böyük dövlətləri şantaj etmək üçün gücü yoxdur, yalnız "dayıları” var. Son bir neçə gündə atəşkəsi pozmalarına rəğmən hər hansı uğur, nəticə əldə edə bilmədiklərindən, indi də belə yalan məlumatlarla öz təbliğatlarını aparmaq istəyiblər. Məsələ burasındadır ki, bəlli dairələr nə Ermənistana "hə” deyə bilmirlər, nə də balansı pozmamaq üçün Azərbaycanın haqlı tələblərini də dəstəkləmirlər.
- Martın 14-də Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyaya iki günlük səfər edəcəyi gözlənilir. Bu görüşdə Vladimir Putinlə ikitərəfli əməkdaşlıq məsələləri ilə bərabər Dağlıq Qarabağ münaqişəsi zonasındakı son vəziyyətin müzakirə olunacağı da ehtimal edilir. Bu müzakirələrlə bağlı nəsə gözləməyə dəyərmi?
- İnanmıram ki, bu səfərdə Dağlıq Qarabağ məsələsi ilə bağlı hər hansı ciddi gəlişmə olsun, yaxud Sarkisyana təzyiq edilsin. Bunlar ora-bura vurnuxub pul istəyirlər. Ermənistan prezidenti əvvəl Brüsselə getdi yalvardı, pul istədi. İndi də bu niyyətlə Rusiyaya gedəcək. Çünki iqtisadi baxımdan Ermənistanın hər hansı perspektivi yoxdur. Bununla yanaşı, Sarkisyanın Rusiya səfəri öz hakimiyyət məsələsini həll etməyə hesablanıb. Ola bilsin Kremldən dəstək alsın, yaxud Moskvanın alternativ namizədi də ola bilər. Onu da nəzərdən qaçırmaq olmaz ki, Sarkisyan komandası məhz Dağlıq Qarabağ problemindən spekulyasiya edərək hakimiyyətə gəlib. Bu baxımdan Qarabağ məsələsi onlar üçün əhəmiyyət daşıyır.
- Mart ayının sonlarında İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin də Rusiyaya səfər edəcəyi barədə məlumatlar var. Rusiyanın İrandakı səfirinin mediaya açıqlamasına görə, bu səfər zamanı prezidentlər Əfqanıstandakı vəziyyəti, Xəzər dənizi ilə bağlıməsələləri, həmçinin Dağlıq Qarabağ münaqişəsi kimi regional problemləri müzakirə edəcəklər. Sizcə, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün İran ciddi təsiredici rol oynaya bilərmi?
- Bu vaxta qədər İran ən yaxşı halda Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli barədə aparılan danışıqlar barədə yalnız məlumatlandırılırdı. Rəsmi Tehran danışıqlar prosesində bilavasitə iştirakçı ola bilməz. İran ATƏT-in üzvü deyil, Minsk qrupuna daxil edilməyib. Ona görə də İranın bu danışıqlarda yeri yoxdur. Ancaq sərhədyanı dövlət kimi onun da regionda öz maraqları, rolu var. Bu səbəbdən danışıqlar prosesi ilə bağlı məlumatlandırılır. İran prezidentinin səfərindən sonra Türkiyə dövlət başçısının, Azərbaycan xarici işlər nazirinin də Moskvaya gedəcəyi gözlənilir. Fərz edirəm ki, İran və Rusiya prezidentlərinin görüşündə Dağlıq Qarabağ problemi bilavasitə müzakirə olunmasa da, buna diqqət yetiriləcəyini gözləmək olar. Biz çox istərdik Dağlıq Qarabağ problemi barədə orada da ciddi müzakirə aparılsın və anlasınlar ki, münaqişə indiki vəziyyətdə qaldığı halda, status-kvo dəyişməyəcəyi təqdirdə regionda böyük bir müharibə yenidən alovlana bilər. Bu münaqişə ətrafında yeni müharibə başlayarsa, onu lokal şəkildə saxlamaq da qeyri-mümkün ola bilər. Bu baxımdan Rusiya və İran prezidentlərinin görüşündə münaqişəyə dair müzakirələrin aparılmasını, ermənilərin "ağıllandırılması” üçün hər hansı səylərin göstərilməsini arzu edərdik. Təəssüf ki, indiyə qədər bu istiqamətdə edilən səylər yarımçıq qalıb, nəticə verməyib.
- Bu günlərdə Pakistanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti zirvə görüşü keçirildi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə başçıları səviyyəsində təşkil olunan zirvə görüşündə çıxış edərkən Dağlıq Qarabağ probleminə də toxunub. O, Minsk qrupunun bu münaqişəni həll edə bilmədiyini diqqətə çatdıraraq deyib ki, öz problemlərimizi özümüz həll etmək məcburiyyətindəyik.
- Yalnız adlarını qeyd etdiyiniz təşkilat çərçivəsində hər hansı qətiyyətli addımın atılması və bununla da Dağlıq Qarabağ probleminin həll olunması inandırıcı deyil. Heç bu qətiyyətli addımın atılacağı da inandırıcı deyil. Amma həmrəylik nümayiş olunarsa, hansısa nəticəni gözləməyə dəyər. Söhbət qətnamələr və sair sənədlər səviyyəsində hansısa münasibətin ifadə olunmasından getmir. Misal üçün, Pakistan və Türkiyə açıq şəkildə bəyanat veriblər ki, Ermənistan Azərbaycan torpaqlarından çəkilməyincə, işğala son qoymayınca bu dövlətlə münasibətlər qurulmayacaq. Belə bir qətiyyətli addımı postsovet məkanında Özbəkistan da atıb, prinsipial mövqe nümayiş etdirib. Digər İslam ölkələri də Azərbaycana dəstəyini yalnız sözdə deyil, əməldə də nümayiş etdirsələr bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə müəyyən təsiri ola bilərdi.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər