“Ermənilərin işğalçı siyasətini bir daha sübut etdik”
21.07.20 18:21
2648
Macarıstandakı Azərbaycan diasporunun
rəhbəri Ramiz Əmirli: Bütün dünyaya göstərdik ki, biz Azərbaycan türkləri
vətən, torpaq üçün bir yumruq kimi birləşməyi bacarırıq
Tovuz istiqamətində gedən döyüşlər
dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıları birləşməyə, haqq
səsimizi dünyaya yaymağa yenidən ruhlandırdı. Diaspor təşkilatları, tələbələr,
başqa ölkələrdə yaşayan həmvətənlərimiz Milli Ordumuza dəstək aksiyaları
keçirdilər. "Qarabağ bizimdir, bizim olacaq”, "Şəhdlər ölməz, Vətən bölünməz” və
s. şüarlarla küçələrə çıxdılar.
Macarıstandakı Azərbaycan diasporunun
rəhbəri Ramiz Əmirli "Kaspi”yə müsahibəsində təkcə həyata keçirdikləri
aksiyadan deyil, ümumən rəhbərlik etdiyi Cəmiyyətin fəaliyyətindən, görəcəyi
işlərdən də söhbət açdı.
İki
dost ölkə üçün
-
Ramiz müəllim, başçılıq etdiyiniz Cəmiyyətin fəaliyyəti haqqında nə deyə
bilərsiniz? Ölkəmizin xaricdə tanıdılması baxımından təşkilatın fəaliyyətini
qənaətbəxş hesab edirsinizmi?
- Rəhbərlik etdiyim "Qardaslıq” Macar-Azəri Birgə Cəmiyyəti
2011-ci ildən fəaliyyət göstərir. Əsas üzvlərimiz macarlar olsa da, azərbaycanlılar
da var. Amma Macarıstanda heç də çox azərbaycanlı yaşamır. Çoxluq təşkil edən
burada təhsil alan tələbələrimizdir. Ümumilikdə 800 nəfərə yaxın azərbaycanlı
tələbə Macarıstanda təhsil alır. Fəaliyyətimizin məqsədi iki dost ölkə arasında
bütün münasibətləri, əlaqələri daha da genişləndirmək və bu işdə yaxından
iştirak etməkdən ibarətdir. Çəkinmədən deyə bilərəm ki, həqiqətən də buna nail
olmuşuq və həm də təqdirəlayiq çox işlər görmüşük. İki ölkə arasında ilk ticari
əlaqəni də məhz biz yaratmışıq. Cəmiyyətimizin aparıcı heyəti olan macar
dostlarla birlikdə bu işi hələ 1993-cü ildən görməyə başlamışıq. Həmin
dostlarla sonralar gördüyümüz böyük işlərin nəticəsində dövlət səviyyəli
münasibətlərimiz də 2012-ci ilin avqust ayından sonra daha yüksək səviyyə alıb
və indiyə kimi də günü-gündən inkişaf etməkdədir. Cəmiyyətimizin təşkilatçılığı
ilə macar tarixçi, dilçi alimlərin azərbaycanlı həmkarları ilə çoxtərəfli
görüşləri baş tutub, birgə macar-Azərbaycan lüğəti, Qarabağ problemlərini əks
etdirən kitablar yazılıb və çap edilib. Bununla bərabər, ağrılı yerimiz olan
Xocalı faciəsi barədə sənədli filmlər göstərilib, konfranslar, anim tədbirləri
keçirmişik. Bir çox macar alimlərinin Azərbaycana və eləcə də azərbaycanlı alim
və tarixçilərin Macarıstana səfərlərini təşkil etmişik. Ölkəmizi Macarıstanda
və eləcə də qonşu ölkələrdə tanıtmaq üçün bütün imkanlarımızdan istifadə
etmişik. Macarıstanda insanlar Azərbaycan haqqında çox məlumatlıdırlar. İstər
macar hökuməti, istərsə də macar ictimaiyyəti həmişə Azərbaycanın yanında
olduqlarını dəfələrlə sübut ediblər. Buna bariz nümunə kimi Macarıstanda
ömürlük həbs cəzası alan zabitimiz Ramil Səfərovun 2012-ci ilin avqust ayında
Azərbaycana ekstradisiyasını göstərmək olar. Çox maraqlıdır ki, yenicə təyin
olunan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun da ilk beynəlxalq
səviyyəli görüşü məhz Macarıstanın Xarici İşlər naziri Szijjarto Peterlə bu yaxında
Bakıda baş tutdu.
- Dünyanın
bir çox ölkələrində olduğu kimi, ötən həftə Budapeşt şəhərində də ordumuza
dəstək aksiyası keçirildi. Aksiyanın yaratdığı ajiotaj nədən ibarət oldu?
Ermənilərin reaksiyası necə idi?
- Dünyanın bir çox ölkələrindəki
vətəndaşlarımız kimi, biz də Macarıstanın Budapeşt şəhərində iyul ayinin 18-də
möhtəşəm bir aksiya keçirdik. Aksiyanın təşkilatçısı tək bizim Cəmiyyət
deyildi, bizimlə bərabər Azərbaycan Evi və Macar–Azərbaycan Gənclər Birliyi çox
yaxından iştirak etdilər. Aksiyanın yaratdığı ajiotaj ondan ibarət oldu ki, biz
Avropa ölkələri ilə bərabər, Macarıstanda da son zamanlar erməni işğalçılarının
dövlətimizə qarşı hərbi təcavüzünü bir daha sübut etdik. Bizim aksiyada qardaş
türklərlə bərabər, macar və digər millətlərin vətəndaşları da iştirak
edirdilər. Aksiyamızın möhtəşəmliyi və əllərimizdə tutduğumuz plakatlarla "Qəhrəmanlar
Meydanı”na yığışıb aksiyanı seyr edən insanların diqqətini cəlb edə bildik.
Onlara tarixi həqiqətlərimizi əks etdirən kitablar, məlumat bülletenləri payladıq.
Az da olsa dünyanın diqqətini işğalçı ermənilərə yönəldə bildik. Eyni şeyləri
bütün Avropa və dünya ölkələrində yaşayan həmvətənlilərimiz də həyata keçirməyi
bacardılar. Bütün bunlar erməniləri şoka salmışdı. İşğalçı ermənilərə sübut etdik
ki, biz nəinki vətənimizi qorumağı bacarırıq, hətta doğma Qarabağımızı da
tezliklə o ünsürlərdən tam təmizləyəcəyik. Onlar özləri də bunu çox yaxşı dərk
etdilər və məhz ona görə də təşvişə düşmüşdülər. Düşmən, həmçinin dərk etdi ki,
bizim Türkiyə kimi qardaşlarımız var və türklər də bu savaşa biganə qalmayacaqlar.
Bir daha bütün dünyaya sübut etdik ki, biz Azərbaycan türkləri vətən, torpaq üçün
bir yumruq kimi birləşməyi bacarırıq! Vətən yolunda hamılıqla Şəhid olmağa belə
hazırıq!
Daha
yaxşı birləşmək
-
Macarıstanda yaşayan, oxuyan, işləyən azərbaycanlıların bir araya gəlməsi,
təşkilatlanması hansı səviyyədədir?
- Düzü, Macarıstanda daimi yaşayanlarımız heç də çox deyil. Amma burada
oxuyan-işləyən azərbaycanlılarımız var. Onların əksəriyyəti də Budapeşt
şəhərində yaşayır. Sevindirici haldır ki, savadlı gənclərimiz çoxdur. Bu,
qürurvericidir. Savadlı, müasir dünyagörüşlü gənci olan bir cəmiyyətin və ya
dövlətin mütləq parlaq gələcəyi olacaq. Gənclərimiz Macarıstan-Azərbaycan
Gəncləri Birliyi yaradıblar və burada sıx birləşiblər. Onlar Macarıstanın
müxtəlif şəhərlərində çoxsaylı görüşlər keçirir və macar cəmiyyətinin içərisinə
sızmağı artıq bacarıblar. Yaşadıqları ölkənin qayda-qanunlarına hörmət edərək,
həmin millətin aparıcı gəncləri ilə münasibət quraraq, bir-birləri ilə elm,
texnologiya sahəsində fikir mübadiləsi aparırlar. Bu da çox sevindirici haldır.
Bütün bunlar təşkilatlanmağımızın təzahürüdür və ümid edirəm ki, bu işə daha
məsuliyyətlə yanaşaraq daha yaxşı birləşməyi və işlər həyata keçirməyi
bacaracağıq.
-
Diaspor təşkilatı olaraq çalışdığınız ölkədəki bütün azərbaycanlıları
ətrafınıza yığa bilmisinizmi?
- Deyə bilərəm ki, bəli, bunu bacarmışıq. Çünki elə keçən şənbə günü
keçirdiyimiz uğurlu aksiya buna bariz nümunə idi. Amma desəm ki hami bizdən
razıdır, qeyri-səmimi olar. Nə qədər çalışsan da, yenə bir neçə nəfər narazı
olan tapılacaq. Mən buna normal hal kimi baxıram. Düzü, diasporun son zamanlar
həqiqi canlanması, Diasporla İş üzrə Dövlət Komitəsinə Fuad Muradovun təyin
olunmasından sonra baş verib. Cənab Prezidentimizin bu təyinata imza atması çox
şeyi dəyişdirdi. Fuad Muradovu sədr təyin edilməsi yeni bir dövrün başlanmasına
şərait yaratdı. Fuad müəllim gənc, enerjili və səmimi bir insandır. O, bu
vəzifəyə təyin olunandan sonra qısa zaman ərzində böyük işlər görməyi bacardı.
Xaricdə yaşayan vətəndaşlarımızı bir araya yığmaq üçün var qüvvəsini səfərbər
etdi. Onun ən böyük nailiyyəti öz ətrafına məhz yaxşı bir komanda yığmaq oldu.
Başçılıq etdiyi bu komanda ilə birgə xaricdə yaşayan bütün azərbaycanlıları bir
araya gətirə bildi. Bu günlər də bunun sübutunu gördük. Hətta Fuad Muradovun bu
komandası barədə macar mediasında dəfələrlə yazılar öz əksini tapıb.
Qadağalar
aradan götürülüb
- Hazırda
dünya koronavirus pandemiyasından əziyyət çəkir. Macarıstanda COVİD-19-la
mübarizə necə aparılır? Ümumiyyətlə ölkədə pandemiya ilə bağlı vəziyyət
necədir?
- Macarıstan dövləti pandemiya ilə əlaqədar vaxtında qabaqlayıcı, çevik
addımlar atmağı bacardı. Avropanın heç bir ölkəsində nümunəsi olmayan böyük
səyyar xəstəxana tikilib istifadəyə verildi. Pandemiya dövrünün əvvəli
Macarıstanda da müəyyən qadağalar qoyuldu.
İctimai yerlərdə maska taxmalar, insanların bir-birindən 2 metr məsafə
saxlaması və s. tədbirlərə riayət olundu. Hal-hazırda Budapeşt şəhərində 184
nəfər, bölgələrdə isə 327 nəfər Covid-19 xəstəsi var. İndiyə kimi bu
xəstəlikdən ölənlərin sayı Budapeştdə 361, bölgələrdə isə 235 nəfərdir.
Həkimlərin səyi nəticəsində 3232 nəfər bu xəstəlikdən tam olaraq sağalıb. Artıq
başqa Avropa ölkələrində olduğu kimi, Macarıstanda da bütün qadağalar, demək
olar ki, aradan götürülüb. Bütün iş yerləri açıqdır. Həyat tam olaraq öz
axarına qayıdıb. Amma hər zaman hər şey ola bilər. Bu xəstəliyin 2-ci dalğası
baş verəcəksə, onda yenidən sərt qaydalar işə düşə bilər. Hazırda Macarıstanda
pandemiya ilə bağlı vəziyyət yaxşıdır və tam olaraq nəzarət altındadır.
Azərbaycanlıların
doğma evi
-
Azərbaycanla Macarıstan arasındakı iqtisadi, mədəni, elmi əlaqələr hansı
səviyyədədir?
- Macarıstanla Azərbaycan arasında yuxarıda qeyd etdiyim kimi,
iqtisadi, mədəni, elmi əlaqələr çox yüksək səviyyədədir. Bircə nümunə demək
məncə yetərli olar: indiyə kimi yüzlərlə tələbəmiz Macarıstan dövlətinin
hesabına təhsil alıb və indi də alır. Prezident İlham Əliyevin və Macarıstanın
Baş Naziri cənab Orban Viktorun birgə imzaladıqları müqaviləyə əsasən, bütün
bunlar həyata keçirilir. Sevindirici haldır ki, iki ölkə arasında bütün
əlaqələr dostluq səviyyəsindədir. Elə iki ölkə başçılarının şəxsi münasibətləri
də sıx dostluq münasibəti səviyyəsindədir. İqtisadi əlaqələrə gəlincə, şəxsən
tanıdığım bir çox iri firmalar macar firmaları ilə iş birliyindədirlər. Bunlar
müxtəlif sahələrdə özünü göstərir. Kənd təsərrüfatı, texnologiya, iribuynuzlu
damazlıq heyvanlar, döl yumurtalar, heyvandarlıq üçün dərmanlar və s. Bundan
başqa, mədəni sahədə də əlaqələr genişdir. Dəfələrlə elm və mədəniyyət
adamlarının görüşlərini təşkil etmişik, birgə layihələr həyata keçirilib və
hələ keçiriləcək layihələrimiz də var. İşlərimizi bir az pandemiya məsələsi
gecikdirdi, bu da yəqin ki, tezliklə bitər. Onda biz də işlərimizi yenidən
davam etdirəcəyik.
- Müsahibələrinizin birində "yaxşı olardı ki, Budapeştdə dəAzərbaycanEviaçılsın”
demişdiniz. Bu arzunuz reallaşdımı?
- Demək olar ki, bu
arzumuza da çatdıq. 2019-ci il dekabrın 26-dan Budapeşt şəhərində Azərbaycan
Evini aca bildik. Daha doğrusu, bunu da elə Diasporla İş üzrə Dövlət Komitənin
sədri Fuad Muradovun təşəbbüsü ilə açdıq. İnanın ki, pandemiya dövründə
Azərbaycan Evi burada yaşayan azərbaycanlıların doğma evinə çevrildi.
Macarıstana turist kimi gələn və ya burada təhsil alan, amma pandemiya ilə
əlaqədar vətənə dönə bilməyənlərin hamısının doğma yeri məhz Azərbaycan Evimiz
oldu. Azərbaycan Evi olaraq vətəndaşlarımıza dəfələrlə maska, əlcək, ərzaq
paketləri və digər maddi yardımlar göstərdik. Bütün bunları biz Komitəmizin və
onun rəhbəri Fuad müəllimin köməkliyi nəticəsində edə bildik. Əlbəttə ki,
pandemiya dövründə başda hörmətli səfirimiz Vilayət Quliyev olmaqla,
səfirliyimizin də bütün işçiləri bir nəfər kimi ayaqda idi. Vətəndaşlarımızın
rahatlığı və onların ehtiyaclarını ödəmək üçün bütün qüvvələrini səfərbər etdilər.
Azərbaycan Evimiz Komitədə yaradılmış qaynar xətlə həmişə əlaqə saxlayır və
operativ fəaliyyət göstərərək çətinliklə üzləşən bütün vətəndaşlarımızın
yanında olmağı bacarır. Lazım olanlara ev kirayələdik, hətta müvəqqəti
Azərbaycan Evində qalanlar da oldu. Bir sözlə, vətəndaşlarımız üçün əlimizdən
gələn hər şeyi etdik. İyulun 17-də dövlətimizin təşkil etdiyi çarter təyyarəsi
ilə hamını vətənə yola sala bildik. Azərbaycan Evinin fəaliyyəti çoxşaxəlidir.
Görüləsi çox işlərimiz var. Burada yaşayan vətəndaşlarımızı həmişə bir yerə
toplamaq, milli bayramlarımızı birgə qeyd etməklə bərabər, həm də macar
cəmiyyətinə milli dəyərlərimizi tanıtmaq üçün birgə çox proqramlar həyata
keçirəcəyik. Yetər ki, millətimiz var olsun! Tezliklə başımızın üzərində
toplanan o qara buludlar dağılsın! Uca millətimizə birlik, əzmkarlıq və dar
gündə bir yumruq kimi birləşməyi arzulayıram!