• cümə, 19 Aprel, 04:00
  • Baku Bakı 18°C

Ermənilərin Avropa qurumlarındakı “gizli şəbəkəsi” ifşa olundu

22.04.17 09:30 1024
Ermənilərin Avropa qurumlarındakı “gizli şəbəkəsi” ifşa olundu
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESISC) hələ mart ayında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistanın xeyrinə və Azərbaycan əleyhinə amansız kampaniya aparan erməni şəbəkəsini ifşa edən ilk məruzəsini dərc etmişdi. ESISC AŞPA-da Soros Fondunun maliyyələşdirdiyi deputatlar, erməni məmurlar və QHT-lərdən ibarət "gizli şəbəkə”ni ifşa edən məruzənin ikinci hissəsini dərc edib.

AŞPA-da gizli şəkildə çalışan erməni şəbəkəsinə həsr olunan sənəddə şəbəkənin əsas fiquru olan "cənab X”in kimliyi açıqlanıb. "Cənab X” 5 ildir ki, Avropa Şurasının insan haqları üzrə komissarı və "Soros”un əməkdaşı latviyalı Nils Muyjnieksdir. Məruzədə bildirilir ki, 2012-ci ildə AŞPA-ya seçilən N.Muyjnieks Soros Fondu ilə birbaşa əlaqəsi olan və həmin fond tərəfindən maliyyələşdirilən Avropa ölkələrinin baş nazirlərini, Ermənistanın rəsmi şəxslərini və QHT-ləri birləşdirən, ermənilərin maraqlarına xidmət edən şəbəkənin əsas fiquru olub: "Avropa Şurasındakı mövqeyi sayəsində Soros Fondu "Human Rights Watch”, Avropa Stabillik Təşəbbüsü (ESI), "Amnesty International”, İnsan Haqları Evi, hətta "Açıq dialoq” kimi tanınmış QHT-lərdə mühüm rol oynayıb”.

Qeyd olunub ki, bu intensiv fəaliyyət erməni lobbisinin siyasi mövqeyini Avropa Şurasına, həmçinin Avropa Parlamentinə "sırımağı” qarşısına məqsəd qoyub və bu fəaliyyətə daha çox şəxsin qatılmasına çalışır: "Şəbəkə, xüsusən, Şimal və Baltik ölkələrini, Niderland və alman sosialistlərini təmsil edən baş nazirlərin "ov”unda fəallıq göstərir”.

Hesabatda N.Muyjnieksin AŞ komissarı olduğu son 5 il ərzində Soros Fondu ilə əlaqəsi olan QHT-nin eyni vaxtda və paralel olaraq AŞPA-nın plenar iclaslarında bir neçə tədbir təşkil edərək tanındığı qeyd olunan cədvəl göstərilib.

Sənəddə deyilir ki, N.Muyjnieks və bir sıra digər deputatlar Soros şəbəkəsinin və Ermənistanın konkret maraqlarının müdafiəsini rəhbər tutaraq AŞ PA-nın etik prinsiplərini və əxlaq kodeksini pozur: "Onlar hətta beynəlxalq hüququ pozaraq fəaliyyət göstərirlər. Bununla əlaqədar olaraq, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalını və azərbaycanlı əhalinin köçkün vəziyyətinə düşməyə məcbur edilməsini pisləyən qətnamələrini (822, 853, 874 və 884) xatırladırıq”.

Bildirilir ki, Piter Omsiqt, Kristof Ştrasser, Frank Şvabbe və Tini Koks kimi AŞPA üzvləri Parlament Assambleyasının plenar sessiyaları ilə paralel olaraq Soros şəbəkəsinin maraqlarının müdafiəsinə və Avropa Şurasın üzvlərinin yaxşı və pis qiymətləndirilməsinə yönəlmiş tədbirləri təşkil etməkdə ixtisaslaşıblar. Bu hücumun ilk qurbanları Azərbaycan, Rusiya və Türkiyə olub. Belə demək mümkünsə, Ermənistan tənqidlərdən "mühafizə olunur” və "nümunəvi millət” kimi təqdim edilir.

Məruzədə vurğulanır ki, Azərbaycana qarşı tənqidləri heç zaman dayandırmayan N.Muyjnieks və P.Omsiqt Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı davamlı zorakılığını heç vaxt pisləməyiblər:"Qeyd edək ki, N.Muyjnieksin AŞ komissarı kimi mandatı sona çatır və onu ən yaxın dostu və tərəfdaşı Kristof Ştrasser əvəzləmək istəyir. Şübhəsiz, bunların hər ikisi belə düşünür ki, K.Ştrasser N.Muyjnieksini bu postda əvəzləsə, Soros şəbəkəsi və erməni şəbəkəsi adından öz fəaliyyətlərini davam etdirə biləcəklər”.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib ki, AŞPA ilə bağlı bu araşdırmaların davam etdirilməsinə zərurət var: "Bu araşdırmalar ilk növbədə Avropa Parlamenti tərəfindən də nəzarətə götürülməlidir. Çünki bizdə olan məlumatlara görə, Azərbaycana qarşı erməni diasporu tərəfindən çox ciddi fəaliyyət formalaşdırılıb. Bunun arxasında digər qüvvələr də durur. Ona görə də bu, ciddi araşdırmalıdır. Onu da qeyd edim ki, Azərbaycana qarşı informasiya müharibəsi bir çox Avropa ölkələri tərəfindən də aparılır. Bu ölkələrdə çox güclü təşkilatlanmış erməni diasporları mövcuddur. Məhz həmin diasporlar Azərbaycana qarşı ciddi işlər aparır. Hesab edirəm ki, bütün bu böhtanların arxasında ermənilərin Azərbaycan torpaqlarına iddiası durur”.

A.Mollzadə əlavə edib ki, belə şəbəkələrin aşkar olunması üçün işlər davam etdirilməlidir, faktlar ortaya qoyulmalıdır: "Bu tək Avropa Şurası ilə məhdudlaşdırılmamalıdır. İndi Fransada prezident seçkiləri gedir və namizədlərin əksəriyyəti erməni lobbisinin şüarlarını səsləndirir. Bu da onu göstərir ki, çox təhlükəli proseslər gedir. Hansısa zəngin, təşkilatlanmış qrup Avropa ölkələrinin strateji maraqlarına zidd olan fəaliyyət göstərə bilər”.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin sözlərinə görə, Avropa siyasətçilərinin erməni lobbisinin əlində alətə çevrilməsi və Azərbaycan əleyhinə şəbəkədə aktiv iştirak etmələri utancverici haldır: "Bu bizim üçün yenilik deyil. Cənab prezident Azərbaycana qarşı olan bu çirkin kampaniyanın arxasında erməni lobbisinin durduğunu müxtəlif görüşlərdə dəfələrlə bildirib. İndi çox yaxşı oldu ki, Avropa institutları, qeyri-hökumət təşkilatları özləri bu sövdələşmənin üstünü açdılar və bu şəxslərin bir-bir ifşası ilə məşğuldurlar. Haqqında söhbət açılan Avropa Şurasının komissarı Nils Muyjnieks göstərdiyi qeyri-qanuni fəaliyyətə görə cavab evrməlidir, AŞPA-nın müvafiq qurumları bununla bağlı dərhal araşdırmalara başlamalıdır. Bu məsələ ilə bağlı məhkəməyə də müraciət edilməlidir. Hesab edirəm ki, bunu heç bir halda cavabsız qoymaq olmaz. Çünki burada şəbəkə şəklində korrupsiya faktı var, beynəlxalq hüquq normaları kobud şəkildə pozulub, Azərbaycanın timsalında bir ölkə bilərəkdən hədəf seçilib və ərazisini işğal edən Ermənistana açıq şəkildə dəstək verilib. Bütün bunlar onu göstərir ki, Muyjnieks mandat səlahiyyətini aşaraq, maddi nemətlər qarşılğında bir ölkəni müdafiə, digər ölkəyə qarşı haqsızlıq edib”.

A.Quliyev əlavə edib ki, Avropa Parlamenti 2011-ci ildən başlayaraq, Azərbaycan əleyhinə bir sıra qətnamələr qəbul edib: "Həmin qruplar Avropa Parlamenti ilə Azərbaycanın münasibətlərinin pozulması istiqamətində çirkin fəaliyyətlərini davam etdirirlər. İndi bəlli olur ki, bunların hamısı ermənilər tərəfindən maliyyələşən qruplardır. Hesab edirəm ki, bu, AŞPA-nın prinsipləri üçün kobud pozuntudur və utancverici bir haldır. Əminəm ki, Azərbaycan nümayəndə heyəti AŞPA-nın yaz sessiyasında bu məsələni qaldıracaq. Bu şəbəkə ilə bağlı ayrıca bir komissiya yaradılmalıdır və həmin komissiya məsələni araşdırmalıdır. Əlbəttə ki, cinayət tərkibi olduğu halda, müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır”.
Bəxtiyar Məmmədli
banner

Oxşar Xəbərlər