• şənbə, 20 Aprel, 11:58
  • Baku Bakı 14°C

Ermənidən artıq erməni olmağa can atan konqresmen - Fotolar

29.09.17 09:00 3739
Ermənidən artıq erməni olmağa can atan konqresmen - Fotolar
Azərbaycan müstəqil siyasət yürüdən bir ölkə, etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə layiqli yerini tutub. İqtisadi inkişaf səviyyəsinə görə də ölkəmiz beynəlxalq təşkilatların, dünya dövlətlərinin diqqətini daim cəlb edib. Məhz buna görə də Şərqin ilk Demokratik Respublikasının varisi sayılan müasir Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi, həmçinin prezidentlərin, diplomatların, siyasətçilərin tez-tez toplaşdığı sabit, təhlükəsiz məkana çevrilib. Ən önəmlisi isə budur ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi balanslı xarici siyasət nəticəsində Azərbaycan öz neytrallığını qoruyub, qütbləşmədən beynəlxalq güclərlə qarşılıqlı maraqlara söykənən münasibətlər qura bilib.

Təbii ki, bütün bunlar dostlarımızı sevindirməklə bərabər, Azərbaycanın 20 faiz ərazisini işğal etmiş, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olmuş Ermənistanı, dünyadakı erməni diaspor təşkilatlarını daim narahat edir. Ona görə də Ermənistan siyasi rəhbərliyi dünyadakı erməni diasporunun imkanlarından, eləcə də onların təsiri altında olan xarici diplomatlardan, siyasətçilərdən, deputatlardan öz məqsədləri üçün yararlanır. Qərb dövlətlərində, eləcə də bəzi qonşu ölkələrdə zaman-zaman Azərbaycan əleyhinə başladılan qarayaxma kampaniyalarının, xarici mediada yer alan dezinformasiyaların, heç bir dəlil-sübuta söykənməyən "faktların” arxasında da məhz bu amil dayanır. ABŞ-Azərbaycan münasibətlərinin yaxşı olduğu indiki məqamda da ermənipərəst dairələr aktivlik nümayiş etdirməkdədirlər. Bu dəfə erməni diaspor təşkilatları amerikalı konqresmen Kris Smit və həmkarı demokrat Jim Makqoverni qabağa veriblər. Hər iki konqresmenin müəllifliyi ilə Xarici İşlər Komitəsinə növbəti qətnamə layihəsi təqdim edilib. Sözügedən qətnamənin başlıca məqsədi Azərbaycana sanksiyaların tətbiq edilməsidir.

Məlumat üçün qeyd edək ki, 4 mart 1953-cü il təvəllüdlü Kris Smit ABŞ-ın Nyu-Cersi dördüncü dairəsinin konqresmenidir. O, 1981-ci ildən bu günə qədərKonqresə seçilir. Əvvəlcə demokrat olmasına baxmayaraq, 1978-ci ildə partiyasını dəyişib və hazırda respublikaçıdır. Onu da qeyd edək ki, Nyu-Cersi ştatı etnikermənilərin sayca çox olduğu dördüncü ABŞ ştatıdır. Dördüncü dairə isə Nyu-Cersi mərkəzinin böyük bir hissəsini əhatə edir. Nyu-Cersi ştatı bu göstəriciyə görə, yalnız Kaliforniya, Massaçusets və Nyu-Yorka uduzur. 1981-ci ildən etibarən Smit stabil olaraq bu dairədəki seçkilərdə qalib gəlir. Rəqiblərinin fikrincə, bu, onun güclü maliyyə dəstəyinə malik olması ilə əlaqədardır. Konqresmenə bu maliyyə dəstəyini isə Amerikadakı erməni diaspor təşkilatları verir. Buna şübhə ilə yanaşanların şübhəsini dağıtmaq üçün indiyə qədər Smitin fəaliyyətini misal göstərmək kifayət edər. Belə ki, konqresmen Smit ABŞ-ın "erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarındadır. Son 15 ilə yaxın bir vaxtda Smit qondarma "soyqırım”ın tanınması ilə bağlı onlarla bəyanat səsləndirib ki, onlardan beşi yalnız 2015-ci ilin payına düşüb. Bu aktivlik dünya ermənilərinin qeyd etdiyi "100 illiklə” bilavasitə bağlı olub.

"Erməni soyqırımı kampaniyası”nın fəal təşkilatçılarından biri olan K.Smit ardıcıl olaraq Türkiyəyə, türk dünyasına qarşı çıxışları və düşmən münasibəti ilə də seçilib. ABŞ Erməni Milli Komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyan 2015-ci ildə "Twitter" səhifəsində konqresmen K.Smitin ANKA sədri ilə görüşünü əks etdirən foto paylaşıb. Alt yazısında A.Hamparyan qeyd edib ki, onun işini dəstəkləmək üçün Smit ilə görüşür. A.Hamparyan isə həmin vaxt uydurma soyqırımın tanınması çərçivəsində görüş keçirib. K.Smitin ermənipərəstliyini sübut edən daha bir foto da 2015-ci ildə onun öz saytında yayımlanıb. Sözügedən şəklin altında ABŞ konqresmeni K.Smitin qondarma "erməni soyqırımı"nın "100 illiyi" ilə bağlı tədbirlərdə iştirak etdiyi yazılıb. Məlumat üçün bildirək ki, bu şəkildə görünən Asbed Vassilian Suriyadakı Hələb şəhərində erməni ailəsində anadan olub və (Karen Jeppe Armenian School) erməni məktəbində təhsil alıb. Daha sonra Amerikaya köçən A.Vassilian 1992-ci ildən etibarən Rutgers Universitetində erməni dilindən dərs deməyə başlayıb. Hazırda bu universitetin professorudur.

Qeyd edək ki, K.Smit 2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərindən sonra da açıq-aşkar bu dövlətin müdafiəçisi rolunda çıxış edib. Həmin il İrəvanda baş qaldıran etiraz aksiyalarına, hətta ölümlə nəticələnən hadisələrə göz yuman K.Smit bu antidemokratik vəziyyətlə bağlı Helsinki Komissiyasındakı dinləmələrdə özünü Ermənistanın ən böyük dostlarından biri hesab edib, Serj Sarkisyan hakimiyyətinin cinayətkar əməllərini görməzdən gəlib. Ümumiyyətlə, K.Smit Azərbaycana qarşı "907-ci düzəliş”in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən konqresmen kimi də tanınmaqdadır. Erməni diasporunun əlində oyuncaq olan, onların sifarişlərini yerinə yetirərək bunun müqabilində külli miqdarda maliyyə vəsaiti və ermənilərin səsini qazanan Smitin müəllifliyi ilə 2015-ci ildə də Azərbaycan əleyhinə qətnamə hazırlanıb. O vaxt ABŞ Helsinki Komissiyasına Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı "Azərbaycan Demokratiya Aktı" adlı layihəni Konqresə təqdim edərək qəbul olunmasını istəyən K.Smit ABŞ və Azərbaycan əlaqələrinə ciddi şəkildə zərər vurmaq niyyətini güdüb. Lakin onun bu cəhdləri uğursuz alınıb.

Görünür ki, özünü Ermənistanın ən böyük dostlarından biri hesab edən, ermənipərəstliyi ilə daim seçilən, yalnız Azərbaycana deyil, ümumən türk dünyasına qarşı olan K.Smit bu dəfə də erməni havadarlarından yeni bir tapşırıq alıb. Məhz bu tapşırığa uyğun olaraq, ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etdiyi bir məqamda Vaşinqtonla Bakı arasında gərginlik yaratmağa, əlaqələri zəiflətməyə çalışır. Çünki, K.Smit və onun kimi ermənipərəst dairələrdən maliyyələşən digər siyasətçilərin Azərbaycana "demokratiya qayğısı”nın arxasında ölkəmiz haqqında antidemokratik imic formalaşdırmaq, ermənilərin ABŞ-da və beynəlxalq aləmdə mövqelərini gücləndirmək məqsədi dayanır. Ancaq tam əminliklə demək olar ki, ermənidən artıq erməni olmağa can atan K.Smitin bu cəhdləri də uğursuzluğa düçar olacaq.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər