• cümə, 26 Aprel, 00:19
  • Baku Bakı 16°C

Erməni yazar Sarkisyanın verdiyi mükafatdan imtina etdi

05.06.13 10:10 1674
Erməni yazar Sarkisyanın verdiyi mükafatdan imtina etdi
Ermənistanın tanınmış yazıçısı Levon Keşayan ölkədə yaranmış ağır ictimai-siyasi və sosial-iqtisadi vəziyyətə etiraz olaraq ona dövlət tərəfindən verilən mükafatı almaqdan imtina edib. Parisdə erməni lobbisinin vəsaiti hesabına nəşr olunan gündəlik “Ermənistan xəbərləri” jurnalının 29 may tarixli nömrəsindəki bir məqalədə yazıçının vətən qarşısındakı xidmətlərinə görə bir sıra həmkarları ilə yanaşı ordenə layiq görüldüyü bildirilir. Qeyd olunur ki, L.Keşayan təqdimat mərasiminin keçirildiyi prezident sarayına gəlməməklə tədbiri boykot edib.
Yazıçı jurnalistlərə deyib ki, ölkə rəhbərliyinin apardığı xoşagəlməz siyasət nəticəsində əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşamasına, çoxlu sayda erməninin doğma vətənini tərk edərək xarici ölkələrə üz tutmasına etiraz əlaməti olaraq belə bir addım atıb. Levon Keşayan ölkəsində vəziyyətin bu həddə gəlib çatmasında Serj Sarkisyanı və onun komandasını günahkar bilib. L.Keşayan “İragir.am” saytına “Vətən qarşısında xidmətlərinə görə” medalından imtina etməsinin səbəblərini açıqlayıb: “Mən Ermənistanı bu qədər tərk edən həmvətənlərimin olmasını görə, mükafatı qəbul edə bilməzdim”. Hökumət mükafatından imtina edən təkcə L.Keşoyan deyil. Dövlət tərəfindən maliyyələşdirilən tədqiqat mərkəzinin əməkdaşı Harutuyun Karapetyan hələ yanvar ayında ona verilən mükafatı almaqdan boyun qaçırmışdı. O bu addımını ölkənin təhsil və elm sahələrində baş alıb gedən korrupsiya halları ilə əlaqələndirib.
Miqrasiya ermənilərin bir nömrəli problemi olaraq qalır. Erməni yazarın göstərdiyi miqrasiya məsələsi ilə bağlı araşdırma aparan “Lenta.ru” qeyd edir ki, 2011-ci il hesablamalarına görə, ölkə əhalisinin sayı 3 milyon nəfərdir. 2013-cü ilin birinci rübü ərzində sərhəd məntəqəsini 657 min insan tərk edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 125 min çoxdur. Mütəxəssislər müasir Ermənistanın tarixində miqrasiyanın üç mərhələsini göstərirlər: birinci, SSRİ-nin dağılması ilə başlanan Qarabağ müharibəsindən sonra. O zaman ölkədən yarım milyon insan getdi. İkinci mərhələ 1999-2001-ci illəri əhatə edir. O zaman isə ölkəni 190 min insan tərk edərək başqa ölkələrə getdi. Üçüncü mərhələ isə 2008-ci ildə, daha dəqiq desək, qlobal maliyyə böhranından sonra başlandı və indi və davam edir. “Qallup” sorğu mərkəzinin məlumatına görə, 2010-cu ildə Ermənistan vətəndaşlarının üçdə biri, 39 faizi digər ölkəyə getmək istədiklərini bildiriblər. Bu göstərici MDB-nin digər ölkələri ilə müqayisədə ən yüksək göstəricidir. Başqa bir məlumata görə, əgər 2008-ci ildə miqrasiyaya 20 faiz maraq göstərirdisə, 2009-cu ildə bu rəqəm artıq 25, 2010-cu ildə isə 29 faiz təşkil edib.
“Bizdə miqrasiyanın miqyası çox böyükdür” - deyə Ermənistan Fəlsəfə, Sosiologiya, Hüquq İnstitutunun direktoru Gevorq Poqosyan bildirib. Əgər dünya üzrə miqrasiyanın səviyyəsi 0,3 faizdirsə, Ermənistanda bu göstərici 30 faizdir. Özü də xüsusi vurğulanır ki, ermənilərin başqa yerə keçib getmək istəkləri tək iqtisadi faktorlarla bağlı deyil. “Onlar bu addımlarını ölkələrində ədalətin, qanunların işləməməsi ilə izah edirlər” - deyə regional məsələlər üzrə ekspert analitik Sarqis Açpanyan vurğulayıb. Eləcə də xaricdə olan güclü erməni lobbisinin də bu işdə rolu var. Onlar həmvətənlərini uzaq ölkələrə köçüb getməyə ruhlandırırlar. Hazırda dünya üzrə erməni lobbisinin sayı Ermənistandakı əhalini minimum dörd dəfə üstələyir.
Ermənilərin ölkəni tərk etmələrinə əsas səbəblərdən biri də qiymət artımı göstərilib. Xüsusən də qazın qiymətinin artırılması ilə bağlı keçirilən sosial sorğu nəticəsində məlum olub ki, respondentlər qiymət artımına qarşı alternativ yollarla mübarizədən daha çox, Ermənistanı tərk etməyə hazırlaşırlar. Növbəti dəfə “Ermənistan xəbərləri” jurnalı Ermənistanda vəziyyətin çox pis olduğunu yazıb. Qeyd olunur ki, ermənilərin 74 faizi ölkəni tərk etmək istəyir. Onlar dövlət rəsmilərinin apardığı təbliğata baxmayaraq, səfalət bürüyən, iqtisadiyyatı iflic vəziyyətinə düşən və korrupsiyanın baş alıb getdiyi ölkəni tərk etməyə hazır olduqlarını bəyan edirlər.
Baş verənlər fonunda "İrs" Partiyasının parlamentdəki fraksiyanın rəhbəri Ruben Akopyan isə qeyd edir ki, ölkədə baş verən sosial böhran artıq sosial partlayışa yol açır. Onun sözlərinə görə, inhisarçılığın, kölgə iqtisadiyyatının və korrupsiyanın mövcud olduğu bir ölkədə sosial proqram həyata keçirilə bilməz: “İnhisarçılıq, kölgə iqtisadiyyatı və korrupsiya sistemi artıq təhlükəli həddə çatıb. Nəticədə biz bu gün sosial üsyan ərəfəsindəyik. Çoxsaylı sosial gərginlik, eləcə də alınan qazın qiymətinin qalxması sosial partlayışa səbəb ola bilər”. Regional məsələlər üzrə ekspert Sarkis Atspanyan isə deyir ki, Rusiya Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına mane olmaq üçün onu qazla şantaj edir: “Qaz Moskvanın təzyiq göstərmək üçün istifadə etdiyi siyasi alətdir. Qazın qiymətinin artırılması Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması prosesini ləngitmək məqsədi güdür. Təbii qazın qiymətinin artmasının zəncirvari şəkildə bütün iqtisadiyyata təsir edəcəyini deyən politoloq Qaqik Ambaryan isə hesab edir ki, hakimiyyət tərəfindən nəzərdə tutulan pensiya və maaşların artımı da iqtisadi vəziyyətin yaxşılaşması baxımından xalqa heç nə verməyəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər