AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«Erməni vəhşiliyi ifşa olunmalıdır» - müsahibə

«Erməni vəhşiliyi ifşa olunmalıdır» - müsahibə

Müsahibə
29 Mart 2013, 07:18 3045
Millət vəkili, tarix elmləri doktoru, professor Fəzail İbrahimli 1918-ci ilin 30 mart - aprel aylarında erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı hadisəsinin təfərrüatları barədə “Kaspi”nin suallarını cavablandırır.

- Fəzail müəllim, tariximizdə faciəvi anlarla yadda qalan günlər çoxdur. Bunlardan biri də 31 mart soyqırımı günüdür. Tarixçi-alim kimi Siz, bu hadisə barədə nə deyə bilərsiniz?
- Azərbaycan soyqırımına məruz qalan bir millət kimi hər hansı tarixi an yad edilməlidir. Ümumi götürsək tariximizin hər bir səhifəsində faciələr var. Biz 12 aylıq təqvimə fikir versək, yanvar faciəsini yaşayırıq, bir ay sonra fevral faciəsi, ardınca mart soyqırımı və sair. Bunlar hamısı Azərbaycan xalqının ağrı-acı ilə xatırladığı tarixi məqamlardır. Ona görə də hər il xatırlanmalı, yaddaşlardan silinməməli, həmin faciələrin səbəbkarları ifşa edilməlidir. Ancaq tariximizdəki soyqırımı faciələrinin ümumiləşdirilmiş formada mahiyyətini özündə ifadə edən tarix 31 mart günü götürülür. Bu tarixin əsas götürülməsi də təsadüfi deyil. Çünki 1918-ci ilin 30-31 mart tarixlərində təkcə Bakıda 12 mindən artıq insan qətlə yetirilib. Hər gün 6 min və bundan daha çox insan qətlə yetirilib. Tarixdən bizə Varfolomey gecəsi, 100 illik müharibələr və digər faktlar məlumdur. Bu hadisələr zamanı bir gündə bu qədər insan qətlə yetirilməyib. Amma 1918-ci ilin 30-31mart tarixlərində Azərbaycanda ermənilər belə bir qətliam həyata keçiriblər. 1917-ci il oktyabr çevrilişi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri, həmçinin onların cəmləşdiyi “Daşnaksütyun” partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başlayıblar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açıb. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum ediblər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başlayıblar. O zaman ermənilər rusları inandırıblar ki, guya İçəri şəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec olub. Çünki alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı həddindən artıq çox idi. Bu qətliam zamanı erməni millətçiləri heç kimə rəhm etməyiblər. Qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetiriblər. Daşnaklar evləri qarət edib, adamları yandırıb, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetiriblər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının da hamısını yandırıblar. Hətta İçəri şəhərə hücum zamanı Anastas Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırıb, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetləri redaksiyalarını dağıdıb, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik ediblər.

- Söylədiklərinizdən belə məlum olur ki, 31 mart soyqırımı daşnakların əvvəlcədən düşünülmüş planı olub. Maraqlıdır, nəyə görə onlar bu qətliamı o zaman məhz mart ayında törətmək qərarına gəldilər?
- Mart ayından əvvəl də ermənilər belə bir qırğın törətmək istəyiblər. Tarixi mənbələrdən aydın olur ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilib. Həmin vaxt müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurub. Bundan istifadə edən ermənilər silahlı toqquşmaya cəhd göstəriblər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmayıb. Ancaq ermənilər bu məkrli niyyətlərini mart ayında həyata keçirə biliblər. Hətta Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirib ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Mart ayına təsadüf edən toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi olub. Ermənilər şayiə yayıblar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verib. Buna etiraz edən yerli əhali də küçələrə çıxıb zabitlərin tərksilah olunmasına qarşı çıxıblar. Beləliklə, dinc əhaliyə qarşı soyqırımı başlayıb.

- Qətliamdan sonra hadisələrin araşdırılması, günahkarların cəzalandırılması üçün AXC səviyyəsində hər hansı iş görülübmü?
- Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirildi. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Komissiyanın hesabatında hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilirdi. Bayaq qeyd etdiyim kimi, təkcə Bakıda 12 mindən çox adam qətlə yetirilmişdi. Məsələ burasındadır ki, o dövrdə bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri ancaq Bakı ilə bitmirdi. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımı davam etdirmişdilər. Stepan Lalayansın dəstələri 3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutmuşdu. Təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdılmışdı. Təxminən 8 minə yaxın insan öldürülmüşdü ki, bunun da 1653 nəfəri qadın, 965-nəfəri isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi. Bunlardan başqa, ermənilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən çoxlu sayda arxiv materialı da var. Bu materiallar arasında 22 noyabr 1918-ci ildə Təcili Araşdırma komissiyasının başçısı Xasməmmədovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi başçısına Şamaxı şəhəri və ona qonşu kəndlərin dağıdılması və müsəlman əhali üzərində ermənilərin işgəncələri və cinayətləri haqqında məlumatını, həmin komissiyanın üzvü Novatskinin bu məsələylə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar şəxslərlə bağlı məhkəmə işinin başladılması haqqında Təcili Araşdırma komissiyasının 12 iyul 1919-cu il tarixli qərarını göstərmək olar. Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırım hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətliamlar etdiklərini bir daha göstərir. Araşdırma Komissiyası tərəfindən hazırlanan sənədə görə hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın, mart ayının ortalarında isə 60 maşın dolusu silah və 2000 erməni əsgəri Şamaxıya göndərilib. Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edib. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp özünü erməni xalqının qəhrəmanı və müdafiəçisi adlandıraraq, ona Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verildiyini qeyd etmişdi. Məhz onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırmışdılar. Yerli sakinləri isə min bir əzabla qətlə yetirmişdilər. Ümumiyyətlə, ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərirdilər. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayındaAzərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.

- 1991-ci ildə Azərbaycam təkrar öz müstəqilliyini bərpa etdikdən sonra 1918-ci ilin 31 mart hadisələrinə siyasi qiymətin verilməsi, bu soyqırımının dünyada tanıdılması üçün hansı addımlar atılıb?
- Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə Bakı şəhərində, həmçinin Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın tarixi, yəni 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmağa başlayıb. Davamlı olaraq hər il faciənin ildönümündə Prezident tərəfindən Azərbaycan xalqına müraciətlər olunur. O da qeyd olunmalıdır ki, həmin sərəncama qədər biz 31 mart soyqırımı barədə yalnız elmi söhbətlər edirdik. Ancaq 1998-ci ildə imzalanan bu sərəncamdan sonra 31 mart soyqırımı dövlət səviyyəsində müzakirə edilməyə başlandı. Bu isə 31 mart soyqırımının dünyaya çatdırılması üçün bizim əlimizdə çox ciddi əsasa çevrildi. İndinin özündə də 31 mart azərbaycanlıların soyqırımı günü dövlət səviyyəsində qeyd edilir. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Ümumiyyətlə, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlanılır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə də böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi hər zaman davam etdirilir. Belə bir fəaliyyətin nəticəsidir ki, 31 martın soyqırımı günü kimi qəbul olunması barədə artıq ABŞ ştatları da qərarlar qəbul edirlər. İlk belə qərar 2012-ci ildə Nyu York Əyalət Məclisində qəbul olunub. Bu günlərdə isə ABŞ-ın Nyu Cersi ştatının Əyalət Məclisi 1918-ci il soyqırımını tanıyıb. İnanıram ki, bu, davamlı xarakter alaraq, erməni xislətinin, erməni vəhşiliyinin, torpaqlarımıza təcavüzün dünyada daha da tanıdılmasına xidmət edəcəkdir.
Rufik İSMAYILOV