Erməni təxribatna verilən qətiyyətli cavab
Uğursuzluqla üzləşən
Paşinyan hakimiyyəti beynəlxalq ictimaiyyəti çaşdırmağa
çalışır
Azərbaycanın inkişaf edərək Cənubi Qafqazın lider
dövlətinə çevrilməsi, beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin
diplomatik uğurları, Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin beynəlxalq
arenada əsaslı şəkildə dəstəklənməsi dostlarımızı sevindirməklə bərabər, düşmənimiz
Ermənistanı, dünyadakı erməni diaspor təşkilatlarını, onların lobbiçiliyini edən
qurumları və şəxsləri ciddi narahat edir. Prezident İlham Əliyevin Soçidə
"Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar
sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə
iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini
və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi bu
narahatlığı hər keçən gün daha da artırmaqdadır.
Daxili auditoriyanı sakitləşdirmək cəhdi
Ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə
toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş
Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi isə
xarici ermənipərəst dairələrə, Azərbaycanı istəməyən xarici qüvvələrə sarsıdıcı
zərbə olub. Nəticədə beynəlxalq ictimaiyyətin diqqətini hiss etməyən Ermənistan
dövləti və hakimiyyəti ciddi problemlər qarşısında qalıb. Bu problemlərdən
çıxış yolu tapa bilməyən işğalçı dövlət və Nikol Paşinyan hakimiyyəti sələflərinin
yolu ilə gedərək, daxili auditoriyanı sakitləşdirmək üçün cəbhə xəttində, sərhəd
ərazilərdə müxtəlif təxribata əl atır, hakimiyyətinin ömrünü uzatmaq üçün
Dağlıq Qarabağ münaqişəsindən yararlanmağa çalışır. Ermənistan hərbi bölmələrinin
Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı da məhz Ermənistan hakimiyyətinin
həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli
istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi
azaltmaq məqsədi güdür.
Düşmən geri otuzdurulub
Məlumat üçün qeyd edək ki, iyulun 12-də Ermənistan
silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə çalışıb,
artilleriya atəşindən istifadə edərək hücuma cəhd edib. Azərbaycan Ordusunun
ayıq-sayıqlığı, həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri
otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib.
Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatna
qətiyyətli cavab verilib. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan
Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə
düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Bir qədər əvvəl vurğuladığımız
kimi, bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin
böhran yaşanılır.
Koronavirusla mübarizə
sahəsində problemlər
Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla
mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının
boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi
Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Söylənilənlərə misal olaraq,
Ermənistan hökumətinin koronavirusla əlaqədar martın 16-dan etibarən fövqəladə
vəziyyət rejimini tətbiq etməsini göstərmək olar. İndiyə qədər 3 dəfə artırılan fövqəladə vəziyyət
rejimi daha bir ay uzadılıb. Ermənistanın ədliyyə naziri Rustam Badasyanın
mediaya açıqlamasına görə, ölkəsində COVID-19 virusunun qarşısının alınması
istiqamətində görülən tədbirlər nəticə vermir. Hökumət vəziyyətdən çıxış yolunu
yalnız fövqəladə vəziyyət rejiminin uzadılmasında və daha sərt cəza tədbirlərinin
tətbiqində görür. Ona görə də ölkədə fövqəladə vəziyyət rejimi avqustun 12-dək
uzadılması barədə qərar qəbul olunub. Bütün bu reallıqları nəzərə alsaq, bir
daha əmin ola bilərik ki, Azərbaycanla sərhəddə təxribat törədilməsi Ermənistanın
baş nazirinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin
yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan hesab edir ki,
bu yolla xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah
etmək və hakimiyyətə qarşı formalaşan ciddi narazılığı, təhlükəni aradan
qaldırmaq mümkün olacaq.
"Dezinformasiya maşını” işə
düşüb
Düzdür, hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir,
hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Amma
Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə
verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Növbəti dəfə uğursuzluqla üzləşən
Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla
beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Paşinyan hakimiyyətinin
uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində
ciddi narazılıq doğurub. Artıq Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar
sosial şəbəkələrdə Paşinyan hakimiyyətini ciddi tənqid edirlər. Bu basqıdan, erməni
ictimaiyyətinin haqlı tələblərindən, növbəti təxribat cəhdinin uğursuzluğundan
yayınmaq üçün Ermənistan hakimiyyəti "dezinformasiya maşınını” işə salıb, Azərbaycan
hərbi bölmələrinin mövqeyinin guya ələ keçirilməsi, yeni yüksəkliklərin əldə
edilməsi barədə iddialar dövriyyəyə buraxılıb.
Ermənilər Paşinyan
hakimiyyətini ələ salırlar
Missal üçün, Ermənistan kütləvi informasiya vasitələrində
düşmən ölkənin hərbi bölmələrinin guya Tovuz rayonunun Ağdam kəndi istiqamətində
yerləşən Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumat yayılıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat
xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı dərhal buna reaksiyaya verərək
yayılan məlumatların yanlış olduğunu, ictimai fikri yayındırmaq məqsədi
daşıdığını bəyan edib. O bildirib ki, bu dezinformasiya ilə birlikdə yayılan
fotonun üzərində onun 2018-ci il aprelin 12-də çəkildiyi qeyd olunub və təkcə
bu fakt məlumatın yanlış olduğunu sübut edir. V.Dərgahlı bir daha xalqımızdan,
o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən
ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmələrini xahiş edib.
Bu kimi çoxsaylı ifşaedici açıqlamalar sayəsində paşinyan hakimiyyətinin
yalanları onların özlərinə qarşı çevrilib. İşğalçı ölkənin ictimaiyyəti, fəal
sosial şəbəkə istifadəçiləri ortaya atılan iddiaları, Ermənistan rəsmilərinin həqiqət
kimi təqdim etdiyi "faktları” ironiya ilə qarşılayır, Paşinyan hakimiyyətini ələ
salırlar.
Atəşkəs rejimi kobud
şəkildə pozulub
Ehtiyatda olan
polkovnik Şair Ramaldanov mövzu ilə bağlı açıqlamasında bildirib ki, düşmən
dəfələrlə müxtəlif istiqamətlərdə təxribatlar törətməyə cəhdlər edib və Azərbaycan
Ordusunun bölmələri qabaqlayıcı tədbirlər görərək ermənilərin bu cəhdlərinin
qarşısını alıb. Onun sözlərinə görə, düşmənin yerdəyişməsi və bütün hərəkətləri
Azərbaycan Ordusunun bölmələri tərəfindən daim müşahidə olunur və nəzarətdə
saxlanılır, hər an lazımi tədbirlər görülür: "Düşmən yenə də Azərbaycan-Ermənistan
sərhədində təxribat törətməyə cəhd göstərib. İyulun 12-də günorta saatlarından
başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət
sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq
artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Yəni,
Azərbaycanın dövlət sərhədini pozaraq irəliləmək fikrində olub. Düşmənin bu təxribatının
qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən alınıb və orada döyüş gedib,
artilleriya, minaatan silahlardan istifadə olunub. Nəticədə düşmən itkilər verərək
geri çəkilib. Amma bu gecə düşmən bir daha Tovuz istiqamətində təxribat törətməyə
cəhd göstərib və dövlət sərhədini pozaraq ərazilərimizi ələ keçirmək istəyib.
Azərbaycan tərəfi düşməni təkrar tələfata uğradaraq geriyə çəkilməyə məcbur
edib”.
KTMT-dən silah-sursat
dilənmək niyyəti
Hərbi ekspert deyib ki, dövlət sərhədində bu təxribatın
törədilməsinin səbəbləri Ermənistanda Paşinyan ritorikasının getdikcə güclənməsi
ilə əlaqədardır: "Populist Paşinyan artıq heç kim üçün maraqlı deyil. Digər tərəfdən,
pandemiya dövründə də Ermənistanda sosial vəziyyət daha gərginləşib. Bu vəziyyətdə
cəmiyyətini daxili problemlərdən yayındırmaq üçün həmişəki kimi belə üsullardan
istifadə edir. Yəni, düşmənin məqsədi dövlət sərhədində müəyyən gərginlik törətmək
və diqqəti oraya yönəltməkdir. İkinci səbəb Ermənistan rəhbərliyinin üzv olduğu
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunan dövlətlərə müraciəti
və onlardan yenə silah-sursat dilənmək cəhdidir. Düşünürəm ki, növbəti günlərdə
bu haqda məlumat yayılacaq. Onların məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatına üzv dövlətlərin diqqətini problemə cəlb etməkdir. Ermənistan tərəfi
məhz Tovuz istiqamətində vəziyyəti gərgin saxlamaqla buna nail olmaq niyyətindədir.
Ancaq bu düşmənə baha başa gəlir. Artıq Ermənistan rəhbərliyi faktları tam gizlətməyi
bacarmır və məcbur olaraq bu itkiləri barədə öz saytlarında və sosial şəbəkələrində
məlumatlar yerləşdirirlər”.
Azərbaycan cəmiyyətinə
yüksək vətənpərvərlik hissi
Sonda əlavə edək ki, Azərbaycan ictimaiyyətində
iyulun 12-də baş vermiş hadisə hiddətlə qarşılanıb. Sosial şəbəkələrdə hərbi əməliyyatlara
başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha
sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirilib.
Düzdür, bu, Azərbaycan cəmiyyətinə vətənpərvərlik hissinin yüksək səviyyədə
olduğunu nümayiş etdirir. Lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami
ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində
qalsınlar. Bu səbəbdən arzuolunmaz xaotik təşəbbüslər, o cümlədən bəzi sosial şəbəkə
istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları,
ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri qəbuledilməzdir və
belə davranış yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, Silahlı Qüvvələrimiz
haqqında erməni uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Azərbaycanın
güclü-qüdrətli Ordusu var və Silahlı Qüvvələrimiz Ali Baş Komandan İlham Əliyevin
istənilən tapşırığını yerinə yetirməyə, o cümlədən ərazi bütövlüyümüzü hərb
yolu ilə təmin etməyə hazırdır və buna qadirdir.
Rufik İSMAYILOV