• cümə, 29 Mart, 05:21
  • Baku Bakı 7°C

Erməni təxribatı dünya mediasında - Fotolar

04.10.19 15:51 4799
Erməni təxribatı dünya mediasında - Fotolar
Oktyabrın 4-də Azərbaycanın "Qarabağ” və Lüksemburqun "Düdelanj” klubları arasında görüş keçirilib. Futbolçularımız rəqib komandanın qapısından ikinci qolu keçirdikdə, stadionun üzərində işğal altındakı Dağlıq Qarabağda yaradılan qondarma qurumun "bayrağı” bağlanmış dron peyda olub. Bu hadisədən dərhal sonra Lüksemburqun İdman naziri Den Kerş mikrofona yaxınlaşaraq öz hökumətinin adından "Qarabağ”dan üzr istəyib. Qeyd edib ki, təqsirkarlar cəzalarını alacaqlar. Yerli azarkeşlər və futbolçularımız nazirin çıxışını alqışlayıblar.


Ermənilərin bu təxribatı Lüksemburqla yanaşı, Böyük Britaniya, İspaniya və sair ölkələrin mediasının da diqqət mərkəzində olub, baş vermiş xoşagəlməz hadisə qınaq obyektinə çevrilib. Misal üçün, Böyük Britaniyanın məşhur "headtopics.com" saytı dünən "Düdelanj” - "Qarabağ” qarşılaşmasında yaşanan olaylardan yazıb. Sayt Qarabağın Azərbaycan ərazisi olduğunu və bunun bütün dünyada qəbul edildiyini yazıb, eləcə də mənfur ölkənin düşmənçilik mövqeyi tutduğunu diqqətə çatdırıb: "Bu ərazi Azərbaycanın bir hissəsi kimi beynəlxalq səviyyədə tanınsa da, iki ölkə arasında 1988-ci ildən başlayan münaqişə hələ də davam edir”.
Rəsmi "Tvitter” səhifəsində 3 milyondan çox izləyicisi olan "The İndependent” nəşri də 31-ci dəqiqədə yarımçıq dayandırılan "Düdelanj” - "Qarabağ” görüşü ilə bağlı paylaşım edib. Bildirilib ki, qondarma respublikanın təxribatından dolayı 31-ci dəqiqədə yarımçıq dayandırılan oyun 25 dəqiqədən sonra davam etdirilib və "Qarabağ" luksemburqluları 4:1 hesabı ilə məğlub edib.


İspaniyanın populyar "Marca” nəşri də Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən "Düdelanj” - "Qarabağ” matçında baş verən təxribat hadisəsi barədə yazı dərc edib.İspaniyalı jurnalistlər yenidən siyasətin idmana qarışdığını və bu səbəbdən oyunun dayandığını qabardıblar: ""Düdelanj” - "Qarabağ” oyununun gedişində, Azərbaycan komandasının 2-ci qolundan sonra stadionun üzərində uçan drona bərkidilmiş "bayrağa” görə görüş dayandırıldı. Azərbaycan klubunun futbolçuları dronu topla yerə salmağa cəhd etdilər”.


"Marca” nəşri Qarabağın tarixi barədə də oxucularına məlumat verib: "Dağlıq Qarabağ əslən Azərbaycan torpağıdır. Amma 30 ildir ki, Ermənistan qoşunları tərəfindən işğal olunub. "Qarabağ” klubu hazırda kabuslar şəhərinə çevrilən Ağdamı təmsil edir. Ağdam həmin münaqişəyə görə, yalnız Ermənistanın tanıdığı bir "respublikanın” daxilində qalıb. Ona görə də "Qarabağ” futbolçuları bu hadisəni özlərinə təhqir hesab etdilər və oyunun dayandırılmasını istədilər. Oyun 15 dəqiqədən sonra bərpa olundu. Dron meydanı tərk etdikdən sonra Azərbaycan klubunun kapitanı Sadıqov azarkeşlərə yaxınlaşaraq, onları sakitləşdirdi”.
Alpər TURAN

banner

Oxşar Xəbərlər