• şənbə, 20 Aprel, 17:16
  • Baku Bakı 23°C

Erməni təxribatı beynəlxalq mediada

02.10.20 15:35 579
Erməni təxribatı beynəlxalq mediada
Ordumuz müstəqillik və qəhrəmanlıq tariximizin ən şanlı səhifələrini yazır

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək təmas xəttində yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdu. Ermənistanın yeni işğal siyasətinin və erməni faşizminin növbəti təzahürü olan növbəti təxribatın qarşısı şanlı ordumuz tərəfindən layiqincə alındı. Sözsüz ki, danışıqlar prosesinin pozulması, təxribatların törədilməsi Ermənistanda yaradılmış sosial fəlakətin gizlədilməsinə xidmət edir. Bu hərbi təxribata cavab olaraq, neçə gündür ki, Ali Baş Komandanın göstərişi ilə Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatı keçirir. Uğurlu əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi, strateji əhəmiyyətli yüksəkliklər işğalçılardan azad edilib və Azərbaycan Ordusu düşmənin hərbi mövqelərinə zərbələr endirməkdə davam edir. Artıq tam əminliklə deyə bilərik ki, Azərbaycanda Vətən müharibəsi gedir və Şanlı Azərbaycan Ordusu müstəqillik və qəhrəmanlıq tariximizin ən şanlı səhifələrini yazır.

Ermənistanın hərbi təxribatları nəticəsində bölgədə yaranmış gərgin qarşıdurma dünya mediasının baş xəbərlərindən biridir. Belə demək mümkündürsə, dünya mediası Azərbaycanın apardığı azadlıq müharibəsi ilə yatıb durur. Ən önəmlisi odur ki, Birinci Qarabağ müharibəsi zamanı dərc olunan qərəzli və qeyri-obyektiv materialların sayı indi kifayət qədər azalıb. Düzdür, bu materialların içində obyektivliyi əks etdirməyən materiallar olsa da, bütövlükdə hərbi əməliyyatların Azərbaycanın haqq işi olduğunu, öz torpaqlarını azad etməyə hədəfləndiyi vurğulanır.

Hər zaman olduğu kimi bu dəfə də, Azərbaycanın yanında olan qardaş Türkiyə mediasının bütün mətbu orqanları, telekanalları sanki Qarabağla nəfəs alır. Ermənistanın hərbi təxribatları nəticəsində bölgədə yaranmış gərgin qarşıdurma Türkiyənin bütün kütləvi informasiya vasitələrinin ana xəbərinə çevrilib. Prezident İlham Əliyevin bütün fəaliyyəti, o cümlədən rəsmi danışıqları və müsahibələri qardaş ölkə KİV-lərinin diqqətindədir. Məsələn, Anadolu agentliyi Azərbaycan həqiqətlərini dünya birliyinə 12 dildə çatdırır. TRT HABER, A HABER, NTV və digər telekanallar operativ məlumatları və müəllif proqramları ilə tamaşaçıları məlumatlandırır. Aparıcı qəzetlər və xəbər portalları məlumatları isti-isti oxuculara təqdim edir. Bir sözlə, Azərbaycan mövzusu Türkiyə mediasının ana xəbəridir. Prezident İlham Əliyevin mesajları, cəbhə bölgəsindən birbaşa hazırlanan xəbərlər ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır və sosial şəbəkədə yayılır. Mətbuat çevik qaydada Ermənistanın informasiya təxribatlarına reaksiya göstərərək saxta məlumatları ifşa edir. Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə dair müəllif verilişləri və ekspert müzakirələri fasiləsiz olaraq ekranlarda görünür. Qardaş ölkə KİV-ləri cəbhə bölgəsində baş verən bütün prosesləri addım-addım izləyərək müzəffər Ordumuzun rəşadətini dünya ictimaiyyətinə olduğu kimi çatdırır. Düşmənin məkrli fəaliyyəti, Azərbaycanın dinc əhalisinin, yaşayış məskənlərinin, fərdi evlərin, mülki obyektlərin hədəf alınması böyük nifrətlə qarşılanır. "Milliyet” isə yazır ki, Ermənistan Qarabağı PKK yaraqlılarının üzünə açıb: "Odur ki, Qarabağ illər əvvəl terror yuvası olmuş Beka vadisinə dönməkdədir.

Amma Azərbaycan da illər əvvəlki Azərbaycan deyil. O, yüksək texnoloji silahlara, yaxşı təlim keçmiş orduya sahibdir. Ermənilərin hücumundan dərhal sonra işğal altındakı 6 kəndin azad olunması, Azərbaycan bayrağının strateji yüksəkliyin zirvəsinə asılması onun gücünü, özünə inamını göstərir. Bu, həm də Azərbaycanın Ermənistanla təkbətək qalacağı halda, bütün Qarabağı geri ala biləcəyinə işarədir”.


Bolqarıstan televiziyası Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzü barədə məlumat verib. İndoneziyanın "medium.com” saytı "İndoneziya hökuməti Ermənistanla diplomatik münasibətlərə niyə yenidən baxmalıdır?” başlıqlı məqalə yayıb. Avropanın "EU Today” media platforması "Dağlıq Qarabağ: Azərbaycanın işğal olunmuş ərazilərində erməni təcavüzü” sərlövhəli məqalə yayıb. Məqalədə sentyabrın 27-si səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca vəziyyəti gərginləşdirməsindən, hərbi və mülki hədəfləri artilleriya hücumuna məruz qoymasından bəhs edilir. Yazıda, həmçinin Ermənistan silahlı birləşmələrinin hərbi təcavüzünə qarşı Azərbaycanın layiqli cavab verdiyi və hətta işğal altındakı bəzi ərazilərə nəzarəti də bərpa etdiyi qeyd olunur.

Həmçinin sentyabrın 27-də Prezident İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqelərini atəşə tutması ilə bağlı Azərbaycan xalqına müraciətinə istinadən bildirilir: "Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaq. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb”. Bundan başqa, məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün beynəlxalq səviyyədə pisləndiyi ilə bağlı fikirlər də yer alıb. Prezidentin çıxışı İspaniyanın böyük oxuucu kütləsinə malik "La Vanguardıa” qəzetinin (1881-ci ildə Barselona şəhərində təsis edilib) elektron versiyasında geniş işıqlandırılıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər