AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Erməni tərəfi real vəziyyəti nə qədər tez dərk etsə, bölgədə o qədər tez sülh yaranacaq

Erməni tərəfi real vəziyyəti nə qədər tez dərk etsə, bölgədə o qədər tez sülh yaranacaq

Cəmiyyət
31 May 2020, 22:00 202
"Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün salınmış "Qobu Park -3” yaşayış kompleksinin açılşında Prezident İlham Əliyev cəmiyyətin əsas maraq dairəsində olan bir çox məsələlərə aydınlıq gətirdi". Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
N.Məhəməliyev bildirib ki, son vaxtlar işğalçı ölkənin baş naziri Nikol Paşinyan Ermənistan cəmiyyətində itirdiyi etimadı, hakimiyyətə gəlməmiş verdiyi populist vədləri yerinə yetirə bilmədiyinə görə ciddi təzyiqlərlə üzləşib. Onun sözlərinə görə, bir tərəfdən ölkəsinin Rusiya ilə münasibətlərini normal şəkildə formalaşdıra bilməmiş və primitivliyinə, qeyri-peşəkarlığına görə o olkənin siyasi elitası tərəfindən dəstəklənmir. İkinci tərəfdən isə, hakimiyyətə gəlməmişdən əvvəl Ermənistanın Rusiyadan ayrılaraq, siyasi kursunun sırf qərbyönümlü olacağı barədə verdiyi bəyanatları icra edə bilməyib. Buna görə də Qərb institutlarının ona olan inamı itib. Nəticədə ölkənin gələcək inkişafını təmin etmək üçün lazım olan maliyyə dəstəyi verilmir.
Millət vəkili qeyd edib ki, belə bir vəziyyətdə, Paşinyan xələflərinin də istifadə etdiyi Dağlıq Qarabağ mövzusundan spekulyativ şəkildə istifadə edərək erməni ictimai fikrini yayındırmağa, danışıqlar prosesini pozmağa cəhd edir: "Ölkəmizin başçısı bu məsələlərə aydınlıq gətirərək, açıq şəkildə öz mövqeyini ortaya qoydu. Prezident bildirdi ki, konflikt mərhələli şəkildə həll olunmalı, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Başqa variant qəbul edilməzdir. Azərbaycanın güclü ordusu, beynəlxalq hüquqa əsaslanan təbii haqqları və dəstəyi imkan verir ki, problemin müsbət həllinə nail olsun. Bu mövqeyin cənab Prezident tərəfindən səsləndirilməsi olduqca böyük əhəmiyyət kəsb edir".
N.Məhəməliyev söyləyib ki, Azərbaycan xalqı bir daha əmin oldu ki, Ermənistan rəhbərliyinin danışıqlardan yayınmasına baxmayaraq, əvvəlki kimi prosesin mərhələli həlli nəzərdə tutulur: "Beynəlxalq təşkilatlar və erməni ictimaiyyəti bir daha məlumatlandırıldı ki, Azərbaycanın mövqeyi dəyişilməzdir. Real vəziyyəti nə qədər tez dərk etsələr, bölgədə o qədər tez sülh, əminamanlıq yaranacaq".