• şənbə, 20 Aprel, 20:26
  • Baku Bakı 24°C

Erməni rüsvayçılığı

09.04.21 17:15 1453
Erməni rüsvayçılığı
Kremdən dəstək almağa çalışan Ermənistan iqtidarı və müxalifəti rəzil duruma düşüb
Ermənistan, bir qədər kobud çıxsa da, etiraf etməliyik ki, tarixinin ən şərəfsiz günlərini yaşayır. Elan edildiyi kimi, iyun ayında ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Və normal ölkədə, adətən seçki təbliğatına start verilməli, qalib olmağa iddialı qüvvələr də seçkiqabağı aktiv kampaniyaya başlamalıdır. Bəs anormal ölkədə hansı addım atılır? Qalib olub ölkəni idarə etməyə iddialı olanlar nicatı Moskvaya səfər etməkdə görür. Əvvəlcə eks-prezident, "Qarabağ klanı”nın nüfuzlu liderlərindən hesab edilən Robert Koçaryan Moskvaya səfər edir, ardınca da baş nazir Nikol Paşinyan bu addımı atır. Və burada Kremlin erməniləri necə alçaltdığı göz önündədir. Koçaryanı qəbul etməklə Kreml göstərmək istəyir ki, hər an Paşinyana qarşı mövqeyi dəyişə bilər. Eks-prezidentin indiki halda Rusiyanın dəstəyi ilə əldə edə biləcəyi maksimum nailiyyət, Ermənistan parlamentində mandat əldə etmək ola bilər. Bunun xaricində nəsə əldə edəcəyi mümkünsüzdür. Onun seçkiqabağı kampaniyasına Rusiyadan başlaması bununla əlaqəlidir R.Koçaryan indiki halda elə də ciddi bir siyasi fiqur deyil və Kreml ondan, sadəcə Paşinyana qarşı təzyiq vasitəsi kimi istifadə edir. Bu gün Ermənistanda və Rusiyada ağlı başında olan insan anlayır ki, Koçaryan məğlubiyyətin simasıdır. Onun Ermənistanda dəstəkçiləri çox azdır, keçirilən sosial sorğular da bunu təsdiqləyir. Bu mənada, onun yenidən siyasətə qayıtmaq istəyi çoxlu suallar yaradır.
Seçki kampaniyası konkretləşir
Görünən odur ki, seçki kampaniyası getdikcə konkretləşir: birinci plana baş nazir Nikol Paşinyan və eks-prezident Robert Koçaryan çıxır. Hələ ki, sistemli və sistemdənkənar müxalifətin liderləri özləri üçün ənənəvi seçkiqabağı strategiyanı müəyyən etməyə çalışır. Yəni əsas olan qələbə yox, iştirakdır. Seçki prosesinin iştirakçıları Moskvanın dəstəyini qazanmağa çalışır. Artıq faktdır ki, İkinci Qarabağ müharibəsindən sonra Moskvanın bu ölkəyə siyasi təsiri əhəmiyyətli dərəcədə artıb. Hər iki namizəd özləri üçün əlçatan və məntiqi strategiya seçiblər. Bu strategiya da bütövlükdə Moskva üzərində qurulub. Paşinyan üçün bu cür şəxsi görüşlər və səfərlər fövqəladə xarakter daşıyır. Onun imici də sürüşkəndir və yalnız elektoral bazası üzərində qurulub. Ondan fərqli olaraq Koçaryanın görüşü isə fərqlidir. Nikol kimi yüksək səviyyədə qəbul olunmasa da, müzakirə olunan məsələlər diqqət çəkir. Bir əsas faktor da odur ki, Koçaryanın qarşısında sərhəd bilməyən Rusiyanın media məkanı açılıb. Eks-prezident Rusiya KİV-lərinə müsahibə verir, federal kanalların qonağı olur. Müsahibələrində açıq şəkildə indiki rəhbərliyi siyasi savadsızlıqda günahlandırır, özünün hakimiyyəti dövrünü yüksəltməyə çalışır. Hər iki lider Moskva ilə sıx münasibətdə olmağa çalışır. Lakin fərq, əməkdaşlıq səviyyəsi ilə məhdudlaşır. Paşinyan Koçaryan kimi Rusiyanın iqtisadi, siyasi və infrastruktur maraqlarını dəstəkləməyə, eləcə də, Qarabağ üzrə razılaşmalara əməl etməyə hazırdır. Lakin Koçaryandan fərqli olaraq Ermənistanın Qərb tərəfdaşları ilə sıx əməkdaşlığı istisna etmir. Koçaryan isə Qərbə loyaldır və bütövlükdə Moskvaya doğru istiqamət götürüb. Sabiq baş nazir uzun illər hökm sürən separatizm ideyalarından imtina etməyə hazırlaşmır, əvvəlki tək Türkiyə və Azərbaycanı Ermənistanın əsas təhlükə mənbəyi hesab edir. Paşinyanın xarici siyasəti isə qeyd olunan münasibətlərə yenidən baxılmasını nəzərdə tutur. Baş nazir daxili siyasi gərginlyi aradan qaldırmaq üçün maksimum səy göstərməyə hazırdır. Ondan fərqli olaraq Koçaryan indiki baş nazir və tərəfdarlarına qarşı irimiqyaslı siyasi kampaniya təşkil olunmayacağına söz vermir.

Ermənistanın yeni AES arzusu ürəyində qalacaq
Nikol Paşinyana gəldikdə, sözsüz ki, Ermənistan baş nazirinin Moskva səfəri seçkiqabağı dəstək qazanmaq idi. Bunu tək bir fakt sübut edir - sözügedən səfər zamanı Moskvada heç bir sənəd imzalanmadı. Özü də Moskvada Putindən çox Paşinyan danışdı. Başqa bir məsələ, Paşinyanın Moskvada Putinlə görüşə başlayarkən media qarşısında diqqəti çəkən açıqlamaları maraqlıdır. Söhbət ilk növbədə Ermənistanda AES tikintisindən gedir. Ermənistanın baş naziri bu təklifi səsləndirməklə Putinə göstərmək istədi ki, Moskvaya əliboş gəlməyib. Ancaq sual olunur: kasıb Ermənistanda ikinci AES tikmək Rusiyanın nəyinə lazımdır? Stansiyasının tikintisi 3-7 milyard dollara başa gələ bilər. Bunu kim maliyyələşdirəcək? Ermənistanın pulu yoxdur. Demək, tikintinin maliyyəsini Rusiyaya yükləmək istəyəcək. "Ermənistana yeni Atom Elektrik Stansiyası hava-su kimi lazımdır. Lakin baha başa gələn stansiya inşa etmək üçün onun pulu yoxdur. Uzaq perspektivdə belə bir layihəni reallaşdırmaq çətin ki, mümkün olsun”. Bu fikri Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan bildirib. "Hətta bunu "tik-sahib ol-istismar et" sxemi üzrə reallaşdıra billməyəcək", - deyə ekspert Rusiya prezidenti Vladimir Putinlə baş nazir Nikol Paşinyan arasında gedən AES məsələsini müzakirə edərkən bildirib.
Maraqlıdır ki Paşinyan tərəfindən səslənən bu ideyaya Putinin reaksiyası olmayıb. Q.Baqratyan xatırladıb ki, Ermənistan üçün AES məsələsi ölkə müstəqillik əldə etdikdən sonra daim aktual olub. "Bu məsələ yeni deyil. Artıq 30 ildir ki, gedir. "Metsamor” AES 1989-ci ildə baş verən zəlzələdən sonra bağlanıb. 1995-ci ildə onun işini bərpa ediblər. Lakin tam gücü ilə işləmir. Problemin həlli isə sadədədir - pul yoxdur", - deyə bildirib.
Putin Paşinyana nə lazım olduğunu deyib
"Moskvada Putin-Paşinyan görüşünün ictimai hissəsi Paşinyanın iqtisadi, siyasi preferensiyalar ümidi və Putinin strateji münasibətlər haqqında ümumi sözləri ilə əlamətdar olub. İctimai olmayan hissədə nə baş verdiyini təxmin etmək olar”. Bu fikir "Lragir.am” nəşrində dərc olunan məqalədə bildirilir: "Məsələn, Nikol Paşinyan hərbi-texniki-təhlükəsizlik arxitekturası, ordunun yenidən qurulması, erməni-rus HHM və birləşmiş qoşun qrupu, əsirlərin qaytarılması, Qarabağ probleminin həlli, peyvənd tədarükü, yeni atom stansiyasının inşa edilməsi, rus strateji investisiyaları məsələlərini qaldırıb. Cavab olaraq Putin Ermənistana ən çox investisiyaları Rusiya qoyduğunu xatırladıb, ümid etdiyini bildirib ki, ticarət dövriyyəsi artacaq, kommunikasiyaların açılması Ermənistanın inkişafına töhfə verəcək. O, ən aktual məsələsinin Dağlıq Qarabağdakı vəziyyət olduğunu qeyd edib”. Məqalədə bildirilib ki, beləliklə, Putin özünün yeganə prioritetinin Qarabağda üçtərəfli razılaşmanın həyata keçirilməsi olduğunu qeyd edib.

"Bu, kommunikasiya dəhlizləri ilə Ermənistanın subyektivliyinin məhv edilməsini, Rusiyanın Qafqazdan hamarlıqla çəkilməsini və türklərin irəliləməsini yavaşıtmaq üçün Ermənistanın intihar buferinə çevrilməsini nəzərdə tutur”, - deyə məqalədə vurğulanıb.
Siyasi meydan təklif və fikir rəqabətindən məhrumdur
Qeyd edək ki, Ermənistandakı növbədənkənar seçkilərdən bəhs edərkən, birmənalı şəkildə növbədənkənar məzmun seçkiləri də əlavə edilməlidir, çünki mövcud siyasi sahəyə, qüvvə və rəng tarazlığına baxanda, haqlı olaraq sual yaranır, bu və ya digər qüvvənin yerdəyişməsindən sonra nə dəyişəcək? Məsələn, erməni siyasi ekspert Aram Amatuni yazır ki, bu sualın hələlik nəzərəçarpan bir cavabı yoxdur, çünki ən azından, hal hazırda Ermənistandakı daxili siyasi həyat mənasız qalmağa davam edir, xalqın etimadını qazanmaq üçün indiki siyasi meydan konkret təklif və fikir rəqabətindən məhrumdur. "Eyni zamanda, öz növbəsində, cəmiyyətin özü də bu məsələ ilə bağlı müxtəlif şəxslər, qruplar, ictimai sahədə fəaliyyət göstərən müxtəlif qurumlar vasitəsi ilə iş aparmalıdır. Cəmiyyət ideoloji, maddi, planlı siyasi mübarizə, rəqabət rejimindən, sözdə passiv tələbdən, fəal, təşəbbüskar rejimə keçməlidir. Əks təqdirdə, siyasi aktyorların böyük əksəriyyətinin dəyişmək istiqamətində hər hansı bir motivasiyası yoxdur. Cəmiyyət özü siyasətini dəyişdirməyə başlamalıdır, çünki bu siyasət onsuz da var, cəmiyyətlə, yaxud cəmiyyət olmadan belə hərəkət edir. Buna görə də, yaranmış vəziyyəti öz axarına buraxmaq, yaxud bunu idarə etmək haqqında düşünmək məsələsində seçim böyük deyil. Bu, əlbəttə ki, öz axarı ilə həll olunmayan bir problemdir, ona görə də, bunu həll etməyə hazır, istəkli, bacarıqlı, siyasətlə birbaşa əlaqəsi olmayan, siyasətlə məşğul olmaq həvəsləri olmayan, ancaq yumşaq desək, dövlətin hansı siyasət yürütməsinə, onun taleyinə laqeyd qalmayan dairələr tapılmalıdır”, - deyə Amatuni bildirib.
Ermənistanın seçkiqabağı gündəmi nə olacaq?
Ekspert qeyd edir ki, Ermənistanın gündəm mövzusu müxtəlif siyasi qüvvələrin, xüsusən də radikal müxalifət qüvvələrinin başlatdığı küçə mübarizələrinin qalmaqalında boğulub. "İndiki gündəm yalnız duyğu gerçəkliklərinə, müharibənin ağır nəticələrinə səbəb olan amillərə, minlərlə gəncin ölümünə və ərazi itkilərinə söykənən qalmaqaldan ibarətdir. Halbuki, bu vəziyyət Ermənistanda rasional bir gündəmin formalaşdırılması zərurətini daha da kəskinləşdirib, çünki Ermənistanın mümkün qədər tez bərpa olunmasına ehtiyac var. Ancaq qarşıda duran vəzifə Ermənistanın deyil, itirilmiş hakimiyyət mövqelərinin və statusunun maksimum sürətlə bərpa edilməsindən ibarətdir. Bu hədəfə sahib olan qüvvələrin qaynaqlarla problemi olmadığından, rasional gündəmləri boğmaq və onları qalmaqal altında saxlamaq üçün nəhəng mənbələr işə salınıb. Çünki rasional bir gündəmdən bəhs edildiyi təqdirdə, Ermənistanın məğlubiyyətinə görə şəxsi məsuliyyəti yayındırmaq və bu məsuliyyəti yalnız hazırkı hökumətin və Baş nazirin üzərinə qoymaq mümkün deyil. Buna görə də, bu taktikanın seçki dövründə də davam etdiriləcəyi və ya buna üstünlük veriləcəyi nəzərə alınmalıdır. Bu arada, bu gün Ermənistanın daxili və xarici hərbi-siyasi məsələlərlə əlaqəli bir sıra əsas suallara cavabları formalaşdırması lazımdır. Bu mənada, söhbət Ermənistan üçün lazım olan seçkiqabağı gündəmdən gedirsə, o zaman üstünlük "xain” və ya "türk” deyil, iqtisadi məsələlər, iqtisadi siyasət, investisiya cəlbediciliyi, konkret alətlər üzərində müzakirə və rəqabət məsələləri olmalıdır. Bu çərçivədə Ermənistan geniş əhatəli suallara cavab almalıdır, o cümlədən nəhayət biz bir dövlət olaraq irəli getmək üçün qapalı və ya açıq rejimi seçirik, bu dialoqun çətin bir məsələ olduğunu başa düşərək regional dialoq ideyasını seçirikmi, yoxsa əksəriyyətimiz Rusiyanın himayəsinə arxalanaraq qapalı bir rejimdə qalırıq, digər istiqamətlərdə addımlarımızı Rusiya ilə əlaqələndiririk, bu müzakirələrdə və dialoqda iştirak etmək əvəzinə bütün imkanları, regional müzakirələrin mandatını Rusiyaya veririk? Çünki, Rusiyanın özü türklərlə, azərbaycanlılarla, iranlılarla, hətta gürcülərlə sərbəst danışıqlar apardığı təqdirdə, hətta birbaşa Rusiya-gürcü danışıqları olduğu bir şəraitdə və biz bundan kənarda qaldığımız halda bu mandatı qoruyub saxlamaq mümkün deyil”, - deyə Amatuni bildirib.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər