AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Erməni rəsmiləri özgə qapılarında niyə sülənir? - ŞƏRH

Erməni rəsmiləri özgə qapılarında niyə sülənir? - ŞƏRH

Təfsilat
26 Yanvar 2021, 15:45 551
"Müharibədən ağır hərbi siyasi, iqtisadi, mənəvi itkilər və sarsıntılarla çıxan Ermənistanın rəsmiləri özgə qapılarında sümsüklənməkdədirlər. İqtisadi gücü bərpa etmədən digər sahələrdə stabilliyin bərpasına bəslənilən ümidlər sıfıra bərabərdir. Bunun üçün ən etibarlı istinad uzun müddətli əlaqələrin yaradılmasıdır ki, burada Ermənistanın şansı yarıbayarıdan da aşağıdır".

Kaspi.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

O qeyd edib ki, gərək ilk növbədə ölkədə formalaşdırılan qonşulara qarşı ərazi iddialarından əl çəkilə, üç əsrdən bəri həyata keçirilən utopik "böyük Ermənistan" ideyasının yanlışlığı etiraf oluna, bunun üçün hədəf götürülən ölkələrdən və xalqlardan üzr istənilə, səmimiyyət sözdə yox, əməldə özünü göstərə: "Aydın görünür ki, Ermənistan hələlik buna hazır deyil. Yenə ermənilərə rəsmi səviyyədə belə yanlışlıq aşılanmaqdadır. Bu baxımdan nə Azərbaycan, nə də Türkiyə onunla heç vaxt danışığa getməyəcək. Qalır Gürcüstana - o da öz başının hayındadır, niyə mənfi imicə malik, beynəlxalq miqyasda hörmətini itirmiş, işğala, təcavüzə meylli bir dövlətə yaxınlaşmaqla özünü hörmətdən salsın. Ümid İranadır. O da  Rusiyanın forpostu sayılan Ermənistanla həmişə ehtiyatla davranır. Öncə özünün təhlükəsizliyində maraqlı olduğundan bəhanələrə yol verməmək üçün hərtərəfli əlaqələri qoruyub saxlamaq zorundadır".

Şura sədrinin qənaətincə, Paşinyan bunu yaxşı bildiyindən iqtisadiyyat naziri Vaan Kereboyanı islam ölkəsinə elçi göndərib: "Nazirliyin iqtisadi əlaqələr idarəsinin rəisi Armen Ayvazyanı və XİN-nin nümayəndəsi Qarik Qriqoryanı da yanına qoşub. Dörd gün ərzində tərəflər ticarət əlaqələrinin perspektivlərini müzakirə etməlidirlər. Səfərin belə çox çəkəcəyi məsələnin qloballığı, razılaşmaların qonşuları da nə dərəcədə razı salacağı və digər nüanslarla bağlıdır. Sabah danışıqlar başa çatır. Bəs yekunu necə olacaq, qonşu ölkələri nə dərəcədə qane edəcək, Ermənistan bundan götürəcəyi mənfəəti xalqına, yoxsa silahların alınmasına xərcləyəcək? Sualların müəyyən qisminə cavab almaq üçün yanvarın 26-nı gözləyək".
 
Alpər TURAN