• cümə axşamı, 28 mart, 20:12
  • Baku Bakı 13°C

Erməni politoloqdan acı etiraf

19.10.17 09:00 1910
Erməni politoloqdan acı etiraf
Soçidə Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sarkisyan arasında keçən danışıqlar və aparılan müzakirələr erməni siyasi dairələrində və mediasında geniş müzakirə olunur. Və gəlinən qənaət maraqlıdır. Onların böyük əksəriyyəti bu danışıqları Ermənistanın siyasi məğlubiyyəti kimi qiymətləndirir. Məsələn, siyasi şərhçi Manvel Sarkisyanın fikrincə, Ermənistan tərəfi oktyabrın 16-da aparılan danışıqlarda bundan əvvəl Vyana və Sankt-Peterburqda əldə edilmiş razılaşmalardan imtina etməklə məğlubiyyətə uğrayıb. Politoloqun "Azatutyun”da dərc edilən məqaləsində deyilir ki, ötən ilin apreldə baş vermiş "dördgünlük müharibədən” sonra Vyana və Sankt Peterburq şəhərində keçirilən görüşlərdə tərəflər sərhəd insidentlərinin araşdırılma mexanizmlərinin yaradılması və ATƏT sədrinin şəxsi nümayəndəsinin səlahiyyətlərinin artırılması barədə razılaşma əldə etmişdilər. Bundan başqa, Ermənistan tərəfi ən yüksək səviyyədə bəyan edirdi ki, bu razılaşmalar həyata keçirilməyənədək danışıqlar bərpa olunmayacaq. Oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra Ermənistan prezidenti Serj Sarkisyan İsveçrədəki erməni icması ilə görüşdə deyib ki, problemin həllinə dair hər hansı konkret razılaşmalar olmayıb, amma tərəflər ön xətdə qurbanların verilməməsi üçün tədbirlər görmək barədə razılığa gəliblər. Erməni politoloq Manvel Sarkisyan Azatutyun radiosuna müsahibəsində deyib ki, beləliklə də Ermənistan prezidenti "ötən apreldə verilmiş 140 qurbanın hesabına Yerevanın əlində güclü alət olan razılaşmalardan imtina edib”.
M.Sarkisyan deyib ki, "nəticədə Azərbaycanın qarşısını alan güclü prinsip iki nəfərin sadəcə olaraq atəş açmamaq razılaşması ilə əvəz olunub və bu Azərbaycana kart blanş verib”. Manvel Sarkisyan hesab edir ki, Ermənistan tərəfi Cenevrə görüşünə məcburən gedib: "Niyə və nə üçün getdiyini başa düşməliydin. Azərbaycan prezidenti niyə getdiyini bilirdi. O gedirdi ki, bütün dünyaya Ermənistan tərəfinin, Minsk qrupunun belə bir tələbinin olmadığını sübut etsin. Bəs Ermənistan bu görüşə niyə gedib? Bu, suallar sualıdır. Biz artıq buna öyrəncəli olmuşuq və bu, ilk dəfə deyil ki, baş verir”. Politoloq deyib ki, "aprel müharibəsindən ötən bir ildə qəbul edilmiş qərarları görürük”. Manvel Sarkisyanın fikrincə, "bu qərarlar Ermənistanın yox, Azərbaycan və Rusiyanın maraqlarından doğur”. Erməni politoloq düşünür ki, Ermənistan Azərbaycana güzəştlərə getməyə Rusiya tərəfindən məcbur edilir. "Azatutyun” yazır ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilmiş görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri, Vyana və Sankt Peterburqda əldə edilmiş razılaşmalar məsələsinə toxunmadan tərəflərin təmas xəttində gərginliyin azaldılması üçün razılığa gəldiklərini bildiriblər.
Ermənistan Milli Məclisinin hakim partiyadan olan vitse-spikeri Eduard Şarmazanov deyib ki, prezidentlərin gərginliyin azaldılması üçün əlavə tədbirlərin həyata keçirilməsi barədə razılığa gəlməsi Yerevanın Vyana və Sankt-Peterburq razılaşmalarından imtina etməsi kimi izah olunmamalıdır.
Öz növbəsində rusiyalı ermənipərəst şərhçi StanislavTarasov "Regnum”da yazdığı məqaləsində Sarkisyanın Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmasına hansısa üçüncü əlin mane olduğunu bildirir və həmin üçüncü əlin Rusiya olduğuna işarə edir.
Kamran
banner

Oxşar Xəbərlər