• şənbə, 20 Aprel, 03:21
  • Baku Bakı 15°C

Erməni partiya sədrindən Putinin səfərinə sürpriz

19.11.13 08:15 1256
Erməni partiya sədrindən Putinin səfərinə sürpriz
Uzun müddət idi ki, Ermənistana səfər etməkdə tərəddüd edən Rusiya prezidenti Vladimir Putin nəhayət ki, Cənubi Qafqazda forpostu kimi gördüyü ölkəyə təşrif buyurmaq qərarına gəlib. Erməni və rus nəşrlərinin yaydığı məlumata görə, dekabrın 2-nə nəzərdə tutulan səfərin gündəliyi hələ ki, müəyyən edilir. Dünən bu məqsədlə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün Moskvaya da təşrif buyurub.
Ermənistandakı hökumət mənbələrindən daxil olan məlumata görə, bu görüşün təşkil edilməsinə Rusiya nümayəndələri də hazırlaşır. Artıq səfərin bəzi detalları da bəllidir. Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan deyib ki, səfər zamanı iki ölkə arasında siyasi, iqtisadi və strateji əməkdaşlıq məsələlərinin müzakirə olunacaq: “Mən bilirəm ki, Ermənistan prezidentinin Rusiya prezidenti ilə müzakirə etmək istədiyi çox məsələ var”. A. Abramyan V. Putinin rəhbərlik edəcəyi nümayəndə heyətinə 500-ə yaxın insanın, o cümlədən iş adamlarının daxil olacağını və İrəvanda Ermənistan-Rusiya biznes forumunun keçiriləcəyini də əlavə edib. 3-cü regionlararası erməni-Rusiya iqtisadi forumunda iştirak edəcək Putinin Gümrüdəki 102 saylı Rusiya hərbi bazasına baş çəkəcəyi də bildirilir. Ermənistan Politoloqlar Assosiasiyasının rəhbəri Amayak Ovannisyan hesab edir ki, Avrasiya inteqrasiyasının tərəfdarları Rusiya liderinin dəstəyinə ümid edirlər. Ən əsası Rusiya liderinin Ermənistana quruma üzvlüklə bağlı əsaslandırılmış arqumentlər ortaya ata biləcəyini gözləyirlər. “Bu yerli cəmiyyətin böyük bir hissəsinin mövqelərini möhkəmləndirə bilər” - deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, ermənilər ümid edirlər ki, Putinin Ermənistanın Avrasiya İttifaqına üzvlüyün vacibliyini göstərəcək arqumentləri tək qurumun formal genişlənməsi ilə məhdudlaşmayacaq. Yəni quruma üzvlük Ermənistan üçün təhlükəsizlik, Dağlıq Qarabağ məsələsində sülhün əldə olunması, miqrasiyaya son qoyulması, əlavə iş yerləri ilə də bağlı müsbət nəticələr deməkdir. Ovannisyan səfər zamanı Moskva Dövlət Universitetinin Yerevan filialının açılacağını müsbət bir hadisə sayır. Bu gənc erməniləri, o cümlədən Rusiyada yaşayanları bu ali məktəbdə təhsil almağa yönləndirə bilər. Hakim Respublika Partiyasından olan deputat Oqanes Saakyan də əmindir ki, Putinin səfəri ölkədə siyasi vəziyyətin müsbət mənada dəyişməsinə səbəb olacaq. Onun sözlərinə görə, ən əsası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişlər əldə oluna bilər. Çünki, Rusiya münaqişənin nizamlanması məsələsində həlledici və əhəmiyyətli rola malikdir. Erməni deputat Putinin səfəri zamanı bir sıra “təxribatçı” sualların verilə biləcəyini də istisna etmir. Söhbət Rusiyanın Azərbaycana 1 milyard dollar dəyərində silah satmasından gedir. Bu fakt Ermənistanda böyük ajiotaj doğurmuşdu. Eləcə də miqrantlarla bağlı məsələ də diqqət mərkəzində olacaq. Ermənilər hələ də Moskvada çoxsaylı insan ölümü ilə nəticələnən avtoqəzanı unutmayıblar. Həmin qəzanın günahkarı olan erməni sürücünün təhqiredici formada, əynində xalat məhkəmə zalına gətirilməsi Ermənistanda etirazlara səbəb olmuş, aksiyalar keçirilmişdi. Həmin aksiyalar zamanı Rusiya, prezident Vladimir Putin əleyhinə kəskin şüarlar səslənmiş, hətta rusların Ermənistandan çıxarılması məsələsi ortaya atılmışdı. Putini bu və digər sualları necə cavablandıracağı maraq doğurur.
Ermənistan Demokratik Partiyasının sədri Aram Sarkisyan isə bu səfərin abxaz dəmir yolunun açılması məsələsinə əlavə impuls veriləcəyini istisna etmir. O, həmin dəmir yol vasitəsilə erməni yüklərinin abxaz dəmir yolu vasitəsilə daşınması, eləcə də Ermənistandan İrana dəmir yolunun inşası ilə də bağlı müzakirələrin aparılacağını istisna etməyib: “Bununla da Avropadan Bəndər Abbas körfəzinə çıxış əldə olunacaq. Bu da Ermənistanın Şərqə çıxışı demək olacaq”. Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqının sədri Arsen Kazaryan da Putinin səfərini şərh edərək bildirib ki, bu səfər çox əhəmiyyətlidir. Onun sözlərinə görə, Rusiya hazırda Ermənistanın ən iri ticarət və işgüzar tərəfdaşıdır. O, xatırladıb ki, Ermənistana enerji daşıyıcılarının, enerjinin çatdırılması Rusiya kapitalının cəlb edilməsi ilə həyata keçirilir: “Buna misal olaraq Ermənistan AES-in fəaliyyəti, elektrik şəbəkələrinin genişlənməsi, Cənubi Qafqaz dəmir yolunun inşasını göstərmək olar”. Onun sözlərinə görə, erməni mallarının 45 faizi Rusiyaya ixrac olunur. “Bu səbəbdən də sahibkarlar üçün erməni - Rusiya münasibətləri dövlətlərarası, həm də iqtisadi münasibətlər baxımından çox əhəmiyyətlidir. Biz ümid edirik ki, Gömrük İttifaqına üzv qəbul olunduqdan sonra Rusiyanın bura investisiya axını güclənəcək, yeni iqtisadi ittifaq formalaşacaq. Bu da kapitalın, işçi qüvvəsinin, malların sərbəst axınına səbəb olacaq. Erməni müəssisələri isə Rusiyadan sifarişlər ala biləcək” deyə erməni iş adamı vurğulayıb. Lakin burada belə bir sual ortaya çıxır. Hansı qüvvənin hesabına? Ölkədə demək olar ki, işçi qüvvəsi qalmayıb. Rusiyada fəaliyyət göstərən erməniləri isə geri qaytarmaq mümkün olmayacaq. Elə Rusiyanın da bura investisiya yatırımını gözləməyinə dəyməz. Özü də maaraqlıdır ki, Ermənistanın özündə ölkənin Avrasiya İttifaqına üzvlüyünə qarşı çıxanlar da az deyil. Onlar bu qurumun yaranmasını Rusiyanın imperiya ambisiyalarını həyata keçirmək istəyi ilə əlaqələndirirlər. Onların sırasında “Erməni Milli Özünüdərk Birliyi”nin sədri Paruyuk Ayrikyan da var. Onun hesablamalarına görə, əhalinin böyük bir qismi Ermənistanın bu quruma üzvlüyünə qarşıdır: “Ermənistanın Gömrük İttifaqına üzvlüyü Ermənistanın məhvinə gətirib çıxaracaq, Putin isə Atatürk və Leninin başlatdıqları işləri sona çatdırmağı nəzərdə tutur. Ayrikyan məlumat verib ki, tərəfdarları Putinin səfərinə etiraz etmək niyyətində deyillər. Lakin noyabrın 28-də prezident administrasiyasının qarşısında təkrar etiraz aksiyası keçirəcəklər. Birinci aksiya noyabrın 15-də baş tutub. “Biz sadəcə dövlət başçısının diqqətinə Gömrük ittifaqına üzvlüyün mənfi nəticələrini çatdırmaq niyyətindəyik”. “Tseqakron” Partiyasının lideri Şant Arutunyan isə daha sərt mövqe ortaya qoyub. O, vəd edib ki, Putinin səfəri zamanı dövlət çevrilişi həyata keçirəcək. İlk olaraq prezident iqamətgahını ələ keçirəcəyini, sonra isə hökumət və Konstitusiya məhkəməsi, baş prokurorluq və polisin binasını tutacağını bəyan edib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər