• cümə, 19 Aprel, 20:17
  • Baku Bakı 24°C

Erməni müxalifəti Yerevan meriyasını zorla ələ keçirəcəyini bildirir

13.06.17 09:00 985
Erməni müxalifəti Yerevan meriyasını zorla ələ keçirəcəyini bildirir
Ermənistan hakimiyyətinin seçkiləri saxtalaşdırması faktı ilə barışmaq istəməyən müxalifət onu yeni-yeni aksiyalar, hətta zorakı tədbirlər həyata keçirməklə hədələməkdə davam edir. Paytaxt meriyasına keçirilən seçkilərdə saxtakarlığın olduğunu iddia edən müxalifət bu dəfə meriyanı zorla ələ keçirəcəyini bəyan edib. Ağsaqqallar Şurasında (meriya) keçirilən seçkilərdə beş səs əldə edən "Yerkir çirani” fraksiyasının rəhbəri Zaruhi Postancyan açıq şəkildə bəyan edib ki, iyunun 13-dən meriyanın tutulmasına başlayırlar.
Bələdiyyənin qarşısında keçirdiyi mətbuat konfransında o. bəyan edib ki, mayın 14-də keçirilən seçkilərdə çoxluğu hakim partiya – Respublikaçılar Partiyası, təqribən 70 faiz əldə edib. Lakin bu prosesin qanunsuzluqla keçirildiyi təsdiqini tapıb. Bundan əlavə, şəhər şurasında 65 deputatla təmsil olunan "Yelk” bloku da irəli çıxıb. Bu partiya 21 faiz səs toplayıb. "Yerkir çirani” isə 8 faiz səs toplayıb. Z.Postancyan bildirib ki, qanunsuz hakimiyyət illər uzunudur şəhəri məhv etsə də, bu prosesi sona kimi başa çatdıra bilməyib: "Bizim üzərimizə düşən öhdəlik ondan ibarətdir ki, bu prosesi onlara sona kimi başa çatdırmağa imkan verməməliyik”. Müxalifət təmsilçisinin sözlərinə görə, cinayətkar hakimiyyətin əlindən bərk yapışmaq və dayandırmaq gərəkdir. "Onların cavab verməsi, cəzalandırılması üçün çalışmaq gərəkdir”, deyə xanım siyasətçi vurğulayıb.
Yeri gəlmişkən, bu günlərdə Yerevan məhkəməsi Zaruhi Postancyanın paytaxt meri uğrunda keçirilən seçkilərin saxtalığı və yeni seçkilərin keçirilməsi barədə iddiasını rədd edib. Partiya bu səbəbdən də Avropa İnsan Haqları Məhkəməsinə müraciət hazırladığını bildirib. Müraciətdə bildirilir ki, Yerevanın ictimai həyatında vacib rolu olan Ağsaqqallar Şurasına seçkilərdə saxtakarlıq pik həddə olub: "Hətta xeyli sayda qanun pozuntusu ilə başa çatan seçkidə səslərin sayılması şam işığında aparılıb”.Onun sözlərinə görə, artıq prezident Serj Sarkisyana qarşı törətdiyi cinayətlərə görə məhkəmə iddiası hazırdır. O bildirib ki, Apellyasiya Məhkəməsi də onların müraciətini rədd edib. Qeyd edək ki, Z.Postancyan hökuməti rüşvətxorluqda, dövlət əmlakını çapıb-talamaqda, saxtakarlıqdaittiham edib. Bildirib ki, onlar buna görə qanun qarşısında cavab verməlidirlər. Postancyan hökuməti devirmək üçün "Milli Müqavimət Hərəkatı”nın başlanmasının lazım olduğunu da bəyan edib. O, vətəndaşlara ünvanladığı müraciətində siyasi böhranın aradan qaldırılması üçün sosial təbəqələri fəal olmağa çağırıb."Yerkir çirani”nin Yerevan Ağsaqqallar Şurasındakı fəaliyyətinə toxunan Postancyan bildirib ki, onlar orada qalıb işləməkdə davam edəcəklər: "Qanun pozuntularına yol verən məmurlara qarşı isə məhkəmə iddiaları davam edəcək. Qanunsuzluqlara yol verən məmurların hamısının məhkəmə qarşısında durmasına nail olacağıq. İctimaiyyəti mütəmadi olaraq onun hüquqları barədə məlumatlandıracağıq. Biz tək paytaxtda deyil, bütöv Ermənistan boyu fəaliyyətimizi genişləndirəcəyik”.
Yeri gəlmişkən, bələdiyyələrlə bağlı tək paytaxtda deyil, regionlarda da narazılıq artır. Bu dəfə hədəf rus tankları olub. Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ağır texnikası poliqona torpaq sahələrindən keçərək gedir və bu zaman taxıl əkinlərini məhv edir. Ermənistanın Şirak vilayətinin Marmaşen kəndinin sakinləri onlara dəyən ziyana görə təzminat tələb edirlər. Ancaq kimə müraciət edəcəklərini bilmirlər. "Keçən il dolu vurdu, bu il də tanklar. Buranı özlərinə yol eləyiblər, özlərinə daha kəsə yol tapıblar. Solyarkanı boş yerə işlətmək istəmirlər, ona görə də sahələrimizi əzib keçirlər», – deyə kənd sakinləri erməni saytlarına gileyləniblər. "Kamxud” poliqonu dörd kənd icmasının yaxınlığında yerləşir. Artıq bir neçə ildir ki, Rusiya hərbi texnikası kənd təsərrüfatı sahələrinin üzərindən keçərək hərəkət edir. Ancaq əgər əvvəllər yalnız bilavasitə poliqona bitişik sahələr ziyan görürdüsə, indi Rusiya tankları yollarını qısaltmaqdan ötrü daha çox əkin sahəsini əzərək keçir. Beləliklə də zədələnmiş ərazilərin sahəsi artır.
Marmaşen kəndinin sakinləri deyirlər ki, hələ bu il onlara dəymiş zərərin məbləğini hesablamayıblar. Əvvəlki illərin ziyanına görə heç vaxt təzminat almayıblar. Kəndin başçısıGurgen Yeghoyanvilayət administrasiyasının sonuncu iclasında kəndlilərə dəyən ziyan məsələsini qaldırıb. "Məsələ burasındadır ki, sahənin zədələnmiş hissələri təkrar əkilib. Ancaq artıq 10 gündür ki, ardıcıl, demək olar, hər gün rus tankları eyni yolla hərəkət edir”, - o deyir.
Şirak vilayətinin keçmiş qubernatoruHovsep SimonyanRusiyanın Gümrüdəki hərbi bazasının nümayəndəsi ilə görüşüb. O, bildirib ki, Rusiya tərəfiylə hərbi texnikanın, tankların kəndlilərin əkin sahələri ilə getməməsi üçün onların hansı marşrutu seçməli olduğunu müzakirə ediblər. "Kənd başçılarının qaldırdığı məsələ yetərincə ciddi problemdir. Belə nəticəyə gəldik ki, onlar öz texnikalarının tərkibini maksimum dəyişməlidirlər”, - deyə keçmiş qubernator qeyd edib. O deyib ki, söhbət yüklərin tırtıllı yox, təkərli texnikayla daşınmasından gedir. Kənd sakinlərinə vurulan zərərin əvəzinin ödənilməsinə gəlincə, zərərin məbləğini hesablamaq üçün komissiya yaradılacaq və ziyanı kimin ödəyəcəyi müəyyən olunacaq. Odur ki,hələlik təzminatları Rusiya, yoxsa Ermənistanın ödəyəcəyi bəlli deyil.
102-ci hərbi bazanın komandiriVladimir Yelkanovməzuniyyətdə olduğundan sözügedən görüşə onun müavini qatılıb. Bazanın komandiri məzuniyyətdən qayıdandan sonra daha bir görüşün keçirilməsi planlaşdırılır. Gözlənildiyinə görə, həmin görüşdə yekun razılaşma əldə ediləcək. Kənd sakinlərinin özlərinə gəlincə, onların təzminat alacaqlarına bir o qədər də ümidi yoxdur.
Azər
banner

Oxşar Xəbərlər