• cümə axşamı, 18 aprel, 05:22
  • Baku Bakı 15°C

Erməni müxalifəti seçkinin nəticələrini tanımır

28.04.17 09:00 888
Erməni müxalifəti seçkinin nəticələrini tanımır
Ermənistan Konstitusiya Məhkəməsi aprelin 2-də keçirilən seçkilərin nəticələrindən şikayət edən müxalifət partiyalarının müraciətinə baxıb. Məhkəmə müxalifətin seçkilərdə qanun pozuntularına yol verildiyi barədə iddiasını əsassız sayıb. Müxalifət hesab edirdi ki, seçkilər kobud qanun pozuntuları və saxtakarlıq şəraitində keçib. İddianı "Erməni Milli Konqresi” Partiyasının daxil olduğu blok qaldırıb. Məhkəmə qarşısında çıxış edən "Erməni Milli Konqresi”nin sədr müavini Levon Zurabyan blokun seçkilərlə bağlı monitorinqinin nəticələrinin elan edib. L.Zurabyan Konstitusiya Məhkəməsindən xahiş edib ki, seçki zamanı qeydə aldıqları qanun pozuntuları, videoçəkilişlər və protokollara nəzər salsın və müvafiq komissiya yaratsın: "Ermənistanda keçirilmiş parlament seçkiləri nə ölkə daxilində, nə də xaricində müsbət aspektdə qiymətləndirildi. Əksinə, bu seçkilər bir daha aydın şəkildə nümayiş etdirdi ki, Ermənistan hakimiyyəti demokratik müstəvidə seçki keçirmək iqtidarında deyil”.
Müxalifətçi deputat onu da bildirib ki, Konstitusiya Məhkəməsindən müsbət bir cavab gözləmirlər. Müraciət etmələrində isə iki məqsəd var. "Birincisi, bütün yerli instansiyalardan keçib, ən sonda Avropa İnsan Haqları Məhkəməsinə üz tutmaq. İkincisi, bizim və beynəlxalq ictimaiyyətə seçki sistemimizin necə bir saxta olduğunu göstərmək istəyirik”, - deyə L.Zurabyan vurğulayıb. O, ölkədə əhalinin sayının getdikcə azaldığını da deyib: "Seçkilərdə biz maraqlı dinamikaya malikik. Ermənistan əhalisi getdikcə azalır, lakin digər tərəfdən seçkilərdə iştirak edənlərin rəsmi sayı artır. Bu, necə mümkün olur?” Zurabyan qeyd edib ki, 2008-ci ildən 2017-ci ilə qədər olan müddətdə seçicilərin siyahısında təxminin 400 min seçici artıb: "2008-2012-ci illərdə 200 mindən seçki siyahısında artıb, 2012-2017-ci illərdə də bu qədər artım baş verib. Keçirilən iki seçki müddətində ölkədə təxminən 400 min seçici artıb”.
"Aprelin 2-də keçirilən seçkilərin legitim olduğunu iddia edən bütün siyasi qüvvələr mütəşəkkil cinayətkar şəbəkənin bir hissəsidir”. Bu sözləri isə Ermənistan parlamentinin deputatı, "Ermənistan Milli Konqresi” fraksiyasının katibi, "Konqres-EXP” blokunun üzvü Aram Manukyan bildirib. Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin çıxardığı qərarın özü legitim deyil. "Ümumiyyətlə, biz bu dövlətdə hər hansı bir qurumu legitim saymırıq”, - deyən deputat əlavə edib ki, qanun pozuntuları barədə təqdim etdikləri məlumatları beynəlxalq müşahidəçilər də təsdiq ediblər.
Konstitusiya Məhkəməsi isə onları əsassız sayıb. Müxalifət funksioneri bəyan edib ki, şəxsən özü silahlı üsyanın əleyhinədir: "Lakin son 20 ilin tarixi göstərir ki, bu hakimiyyəti seçki yolu ilə dəyişmək mümkün deyil. Bu da nə vaxtsa silahlı qiyamın baş verə biləcəyi məsələsini aktuallaşdırır”.
Hakimiyyət isə müxalifətin fikirləri ilə razı deyil. Parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, ortaya qoyulan faktlarla bağlı araşdırma aparılıb və onlar yekun nəticələrə təsir etmir. Müxalifətin seçicilərə təzyiq edildiyi barədə iddialarını qəbul etməyən vitse-spiker "Ermənistanda qorxu atmosferi yoxdur” deyə bəyan edib. Halbuki, "Azadlıq” radiosunun erməni xidməti Lori vilayətindən hazırladığı reportaj ortaya maraqlı nəticələr çıxarıb. Belə ki, sakinlər qorxu altında hakim Respublika Partiyasının nümayəndələrinə səs verdiklərini bildiriblər. Bildiriblər ki, səs verməyəcəkləri halda onları polis idarəsinə aparacaqlarını, ya da işdən qovacaqlarını bildiriblər. Ermənistanın Konservativ Partiyasının sədri Mikayıl Ayrapetyan isə bildirib ki, parlament seçkisindən sonra heç bir etiraz olmayıb və olmayacaq: "Ona görə ki, ölkədə seçki olmayıb. Sadəcə, çox "mükəmməl” ticarət müqaviləsi imzalanıb. Ticarət müqavilələrindən sonra isə heç bir aksiya, üsyan olmur. Burada söhbət sövdələşmənin partiyalar və ya bloklar arasında bağlanmasından getmir. Təəssüf ki, bizim siyasi elitamız yoxdur. Bizim rəhbərlik xalqı uzun müddət psixoloji olaraq bu sövdələşməyə hazırladı. Bizim "mükəmməl” televiziya şirkətlərimiz var. Onlar illər ərzində əhalinin qavrama səviyyəsini, vətənə bağlanma səviyyəsini aşağı saldılar. İnsanlar vətənlərinə yadlaşdılar. Xalq seçkiyə seçim etmək üçün yox, ticarət etmək üçün getdiyini anladı”, – deyə o bildirib.
Yeni yaradılan "Erkir çirani” (Əriklər ölkəsi) partiyasının sədri Zaruhi Postancyan isə hesab edir ki, onların əsas məramı hakim partiyanı siyasi səhnədən silmək olacaq.
Beləliklə, real vəziyyət göstərir ki,parlament seçkilərinin saxtalaşdırılması ilə əlaqədar ölkədə narazılıqlar səngimir.
Yaranmış vəziyyətdə Ermənistan daxilində siyasi ziddiyyətlərin daha da dərinləşəcəyi, hətta vətəndaş qarşıdurmasına qədər gedib çıxa biləcəyigözlənilir.
Azər
banner

Oxşar Xəbərlər