AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Erməni mafiyası Almaniya üçün problem yaradır

Erməni mafiyası Almaniya üçün problem yaradır

Siyasət
29 Noyabr 2019, 19:36 1144
Bu mafioz qruplaşmanın üzvləri avtomobil oğurlanması, narkotik vasitələrin satışı və digər cinayətlərdə iştirak edib

Qərb, xüsusilə də Almaniya mediası dəfələrlə Avropada erməni mafiyasının cinayətkar əməllərindən bəhs edən çoxsaylı materiallar dərc edib. Alman mediası dəfələrlə ölkənin şərqində - Türingiya, Saksoniya və Saksoniya-Anqalt torpaqlarında güclənən erməni mafiyasının necə bir təhlükəyə çevrilməsindən yazıb. Bu dəfə də "Vestnik Kafkaza” yazır ki, Almaniyanın hüquq-mühafizə orqanları artıq bir neçə ildir ki, erməni mafiyasının törətdiyi cinayətlərin izinə düşüb. Konkret olaraq 2014-cü ildə Erfrutda baş verən qanlı atışmanın hələ də yaddaşlardan silinmədiyi bildirilir. O zaman Avropanın əksər media orqanları bu qanlı atışmanın təfərrüatlarını geniş şərh etmişdilər. Mafiya kontekstində Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyanın da adı xüsusi hallanırdı. Almaniya xüsusi xidmət orqanları vurğulayırdılar ki, diplomat onlarla əməkdaşlıqdan imtina edir. Artıq alman kütləvi informasiya vasitələri o zaman baş verən qalmaqallı hadisənin yeni detalları və yeni oyunçuları barədə məlumat əldə etməyə müvəffəq olub. Qeyd olunur ki, 2104-cü ildə mafioz qüvvələr arasında yaşanan atışma Türingiya və Saksoniya torpaqlarında hökmranlıq əldə etmək istəyən erməni və çeçen qruplaşmaları arasındakı mübarizənin nəticəsi olub. Erfurtda yaşanan qanlı atışmaya qədər ilk atışma Veymarda baş verib. Bu informasiyaya onlarla məxfi istintaq materiallarında rast gəlmək mümkündür.
 "Vestnik Kafkaza” yazır ki, yerli kafelərdən birində baş verən silahı insident barədə Türinq əyalətinin kriminal polisinə məlumat daxil olub. O da bildirilir ki, Saksoniya, Saksoniya-Anxalt və Türingiyada və onların federal səviyyədəki şəbəkələrində 58 min səhifəlik hesabat hazırlanıb. Sənədlər 2014-cü il qanlı atışması barədə ətraflı məlumat verir. Bildirilir ki, insidentin kökü Veymarda baş verən toqquşmadan da əvvələ gedib çıxır. Türinqiyada xüsusilə iki hal müstəntiqlərin diqqətini çəkib. Birincisi, Veymarda insident iştirakçıları çox yaxşı silahlanıblar. Məsələn, onlardan birinin maşınında ən müasir atıcı silah və avtomatik silah aşkar olunub. İkincisi, insidentdə Erfrutdan olan üç erməni iştirak edib və onlar istintaq materiallarında erməni mafiyasının aktiv üzvləri kimi qeyd olunurlar. Onlarla birlikdə insidentdə Türingiyadakı çeçen mafiyasının üzvlərinin də adı keçir. Ermənilər iddia ediblər ki, çeçenlər onlara məxsus avtomobili oğurlayıblar. İstintaq orqanlarına məlumat verən zərərçəkənlərdən biri bildirib ki, çeçenlər qısa müddət ərzində ermənilər tərəfindən vilayətdən sıxışdırılıb çıxarılıblar. Saksoniya polisi ermənilərlə yanaşı, çeçenlərdən ibarət mafioz qruplaşmanın üzvlərinin axtarışı ilə də məşğul olur. Onlar uzun müddət Drezdendə cinayətlər törədiblər və hazırda bununla bağlı məhkəmə işi gedir.
Alman istintaq orqanlarının əməkdaşları öz hesabatlarında bildirirlər ki, 2012-ci ildə erməni və çeçen mafioz qruplaşmaları arasında nəzarətlərində olan biznesə sahib olmaq uğrunda qanlı mübarizə gedib. Söhbət milyonlarla dollar məbləğində oğurlanan avtomobillərdən gedir. Həmin maşınlar oğurlandıqdan sonra Polşaya çatdırılıb və oradan da müxtəlif ölkələrə ixrac olunub. Eyni zamanda, oğurlanan avtomobillərin ehtiyat hissələrə ayrılaraq maşın bazarlarında satılması faktları da var. Ermənilər və çeçenlərin Belçika və Almaniya arasında avtomobil satışı ilə məşğul olduqları bildirilir. Belə bir fikir də var ki, oğurlanan avtomobillər vasitəsilə Almaniyaya narkotika da daşına bilər. Hər iki qruplaşmaya daxil olanlar Türingiya, Saksoniya və Saksoniya-Anqaltda metamfetin ticarətinin böyük hissəsinə də nəzarət ediblər. Söhbət böyük pullardan gedir və hər tərəf də piroqun böyük hissəsinə sahib olmaq istəyirlər. Lakin münaqişə tək ermənilər və çeçenlər arasında getmir. Alman polisinin daxili sənədləri göstərir ki, erməni mafiyasının daxilində də münaqişələr və işgüzar mübahisələr düşüb. Ehtimal var ki, Erfrutdan olan ermənilər Berlin və Leyspiqdən olan soydaşlarına bir neçə yüz min avro borclu olublar. Qeyd edilir ki, həm Veymar, həm də Erfrutda baş verən insidentlərdə erməni Sergey B. adlı şəxsin adı keçir. Federal cinayət polisinin yazışmalarında maraqlı bir iz də var - qanuni oğru Oqanes B. Bu şəxsi alman polisi İnterpol vasitəsilə axtarışa verib. Onun "Rusiya-Avrasiya” mafiyasının ən mötəbər şəxslərindən biri olduğu qeyd edilir. İstintaq orqanları çoxdan ehtimal edirdilər ki, Berlin və Şərqi Almaniyada erməni mafioz qruplaşmalarına Belçika və Fransadan olan qanuni oğrular tərəfindən nəzarət olunub. Sergey B. Leyspiqdə yaşayıb və Crystal Meth-in hazırlanması və satışı ilə məşğul olub. Karen K. adlı erməni isə Qota şəhərində yaşayıb və kriminal avtoritet kimi tanınır. Rəsmən Erfrutda erməni restoranında xidmətçi kimi qeydiyyatdan keçib. Bu şəxs də Erfrutda kazinoda atışmada iştirak edib. İstintaq orqanları üçün gürcü mənşəli Mamuka T. də əməli-başlı başağrısına çevrilib. Bu şəxs də mafioz qruplaşmaları arasındakı atışmada iştirak edib. O da bildirilir ki, qruplaşmalar arasında atışmadan sonra bir-biri ilə düşmənlik edən erməni qruplaşmaları arasında Belçika və Moskvada görüş keçirilib. Nəticədə bir müddət Erfrut, Leyspiq və Berlində münaqişələr nizamlanıb. Sonda qeyd edilir ki, cinayət təhqiqat idarələrinin federal rəhbərliyi və altı əyalətin cinayətkarlıqla mübarizə idarələri artıq dörd ildir ki, erməni mafiyasının strukturunu aşmağa çalışırlar. Bu istiqamətdə minlərlə sənəd üzərində iş aparılır. Bütün bunlar onu deməyə əsas verir ki, artıq cinayətkar erməni mafioz dəstələri Almaniya və bütövlükdə Avropa üçün ciddi təhlükəyə çevrilir.

Azər NURİYEV