• cümə axşamı, 28 mart, 18:26
  • Baku Bakı 13°C

Erməni baş nazirin növbəti fiaskosu

19.06.20 18:55 6793
Erməni baş nazirin növbəti fiaskosu
Prezident İlham Əliyev Nikol Paşinyanı yenə beynəlxalq ictimaiyyətin gözü önündə aciz və gülünc duruma saldı
Srağagün Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirilib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin, həmçinin Avropa İttifaqına üzv dövlətlərin, Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının da iştirak etdiyi Sammitdə Prezident İlham Əliyev geniş nitq söyləyərək, Azərbaycanın Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, işğala və humanitar fəlakətə baxmayaraq, ölkəmizin iqtisadi-siyasi uğurlarından, pandemiya dövründə görülən işlərdən, o cümlədən 29 dövlətə humanitar yardım göstərməsindən də danışıb. Ermənistanın işğalçılıq siyasəti barədə həqiqətlərin növbəti dəfə dilə gətirilməsi düşmən ölkənin baş naziri Nikol Paşinyanı ciddi narahat etdiyindən, o özünü saxlaya bilməyib, ermənicə replika atıb. İddia edib ki, guya Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçı siyasət həyata keçirdiyinə dair qərar qəbul edib. Paşinyan deyib ki, ermənini yatarkən balta ilə qətlə yetirmiş və Avropa İttifaqına üzv dövlətin məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan vətəndaşı həmin ölkədən ekstradisiya ediləndən sonra Prezident İlham Əliyev tərəfindən əfv olunub. Hazırda həmin şəxsin Azərbaycanda hər kəs tərəfindən qəhrəman kimi vəsf edildiyini xatırladan N.Paşinyan Dağlıq Qarabağ ermənilərinin balta ilə qətlə yetirilməmək üçün özünümüdafiə hüququna malik olması barədə cəfəng fikirlər səsləndirib.
Dünyaca məşhur erməni terrorçuları
Prezident İlham Əliyevyenidən söz alaraq çıxışında qeyd etdiyi faktların beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqət olduğunu dilə gətirib. Ermənistan tərəfindən Azərbaycan ərazisinin işğal edilməsi faktının hər kəsin bildiyi həqiqət olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev erməni baş nazirə irqçilik haqqında danışmamağı məsləhət görüb. Erməni terrorçuların dünyaca məşhur olduğunu vurğulayan Azərbaycan Prezidenti xatırladıb ki, Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Ölkə başçısı məhz buna görə də belə məsələlər ətrafında müzakirə gedəndə, Paşinyana sakit oturmağı tövsiyə edib. Beləliklə də Azərbaycan Prezidenti tərəfindən Ermənistanın baş naziri növbəti dəfə ifşa edilib, beynəlxalq ictimaiyyətin gözü önündə N.Paşinyan aciz və gülünc duruma düşüb.
Ermənistanın yürütdüyü faşist ideologiyası
Buradaca xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev hələ 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında tutarlı faktlarla çıxış edib, Ermənistan rəhbərliyini çıxılmaz duruma salıb. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı Prezident İlham Əliyev Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən faktlarla erməni baş nazirə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçib. Hər üç hadisə Ermənistan dövlətinə və cəmiyyətinə sarsıdıcı zərbə olmaqla bərabər, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Ermənistanın işğalçılıq siyasəti barədə həqiqətlərin bir daha dünya ictimaiyyətinə ən yüksək səviyyədə çatdırılması deməkdir.

Növbəti yalan və saxtakarlıq cəhdi
N.Paşinyanın Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində səsləndirdiyi absurd fikirlərə gəlincə, qeyd edək ki, baş nazir ermənilərə məxsus riyakarlığa, saxtakarlığa uyğun olaraq daha bir yalana imza atıb. O, Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək, bu qərarda guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia edib, konkret olaraq Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun qəhrəman kimi qəbul olunmasından narazılığını bildirib. Halbuki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Azərbaycana qarşı hər hansı bir ittiham irəli sürülməyib. Bu məhkəmənin qərarında irqçilik ittihamı əsasında Azərbaycanın hər hansı bir dövlət məsuliyyətinin olduğu da qeyd edilməyib. Qərarda baş vermiş hadisənin fərdi davranış əsasında törədildiyi vurğulanıb. Bütün bu həqiqətlər fonunda beynəlxalq səviyyəli məhkəmənin qərarını təhrif edən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə "günahlandıran” Paşinyanın özü növbəti dəfə yalan və saxtakarlıqda ifşa olunub.

Terrorizm dövlət səviyyəsində dəstəklənir
Prezident İlham Əliyevin çıxışında erməni terrorçusu Karapetyanı xatırlatması məsələsinə gəlincə, dövlət başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş verib. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, Türk Hava Yollarının kassası qarşısında törədilən qanlı terror aktında həyatını itirən 8 insandan 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i İsveç vətəndaşı olub. Bu terror aktı zamanı 55 nəfər yaralanıb. Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini boynuna alaraq, əslində əsas məqsədin bombanı təyyarənin içində partlatmaq olduğunu etiraf edib. Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunub. Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın o vaxtkı baş naziri Andranik Marqaryan tərəfindən qəbul edilib, mənzil və işlə təmin olunub. Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan biri olan bu hadisə sübut edir ki, qanlı terror törədən insanların işğalçı ölkədə qəhrəmanlaşdırılması adi haldır.
Tam müstəqil mövqeyə malik dövlət
Digər tərəfdən, beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşən və özünü biabır edən N.Paşinyan öz davranışları ilə küçə adamının böyük siyasətdə yeri olmadığını nümayiş etdirib. Erməni baş nazir absurd fikirləri ilə göstərib ki, mitinqlərdə çıxış etməklə beynəlxalq səviyyəli konfranslarda çıxış etmək, dövlət idarəçiliyini həyata keçirə bilmək tamamilə ayrı-ayrı şeylərdir. Bu, bütün hallarda istənilən hökumət başçısı üçün arzuolunan vəziyyət deyil.Mövzu ilə bağlı Milli Məclisin insan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev bildirib ki, Sammitdə Ermənistanın baş naziri N.Paşinyanın ermənicə replika atması, hər zaman olduğu kimi məntiqsiz, cəfəngiyyat, yalan ilə dolu müdaxiləsi, ölkəmizi ittiham etməsi Prezident İlham Əliyev tərəfindən kəskin şəkildə cavablandırılıb. Millət vəkilinin sözlərinə görə, erməni baş nazir bu davranışı ilə növbəti dəfə özünü ifşa edib: "Sammit Münxen debatından sonra Azərbaycan Prezidentinin siyasi və dövlət xadimi olaraq təcrübəsinin, təmkininin işğalçı dövlətin rəhbərindən qat-qat üstün olmasının növbəti nümayişi oldu. Ermənistanın baş nazirinin yersiz replikasına Prezident İlham Əliyevin təmkinli cavabı Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğuna, Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunacağına daha bir mesajdır. Eyni zamanda, Sammit Azərbaycanın tam müstəqil mövqeyə malik dövlət olduğunu nümayiş etdirdi”.

Tutarlı faktlar qarşısında mat vəziyyəti
Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində N.Paşinyanın növbəti dəfə özünü ifşa etməsini bütün dünya, o cümlədən Azərbaycan və Ermənistan ictimaiyyətləri görüb. Onun sözlərinə görə, Ermənistanın baş naziri bir daha özünün siyasətə nə qədər yad biri olduğunu isbatlayıb: "Hər kəs aydın şəkildə görürdü ki, Paşinyan Ermənistandakı vəziyyəti nəzərə alaraq daxili auditoriyaya hesablanmış çıxış edirdi. Lakin siyasi və diplomatik qabiliyyəti olmadığından özünü ifşa edirdi. Məsələn, onun Sammitdəki çıxışı Paşinyanın dil biliyinin səviyyəsini göstərirdi. O, əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə edə bilmədi, keçdi ermənicə danışmağa. Bununla yanaşı, Paşinyan erməni xislətinə uyğun olaraq, yenidən dillənmək taktikasına üstünlük verdi və Avropa İttifaqından yardım almağa çalışdı. Bu məqamdan bir daha görünürdü ki, Ermənistan dünyanın 29 ölkəsinə, 3 beynəlxalq təşkilatına yardım edən, Avropa İttifaqının rəhbərliyi tərəfindən ciddi tərəfdaş kimi qəbul edilən Azərbaycanın yanında nə qədər aciz və cılızdır. Paşinyan replikası zamanı isə özünü və erməni təbliğatını tamamilə ifşa etmiş oldu. Onun Ramil Səfərovla bağlı məsələdə diqqəti yayındırmaq cəhdi iflasa uğradı və daha bir erməni yalanının üstünü açmış oldu. Bununla da Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi”.
Günahsız fransalıların ölümünə səbəb olmaq
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin onlayn konfransı Ermənistan baş naziri N.Paşinyanın növbəti təxribat cəhdi ilə yadda qalıb. Siyasi şərhçinin fikrincə, zabit Ramil Səfərovun Azərbaycan bayrağını aşağılayan erməni zabitini Macarıstanda cəzalandırması hadisəsi ermənilərin yaddaşına elə həkk olunub ki, bu hadisəni harda gəldi, özlərinə uyğun şəkildə səsləndirirlər: "Paşinyan məlum hadisəni bu dəfə də onlayn konfransda xatırladaraq Avropadan dəstək almağa çalışdı. Ancaq yenə alınmadı. Çünki Azərbaycan Prezidentinin vaxtilə Parisin Orli hava limanında partlayış törədən və günahsız fransalıların da ölümünə səbəb olan erməni terrorçunun Ermənistana ekstradisiya edilərək qəhrəman kimi qarşılanması olayını xatırlatması məsələyə nöqtə qoydu. Nikol Paşinyan bu mövzuda üstünlük qazanmayacağını anlayaraq keçdi”.
Paşinyan diplomatik zərbələr aldı
Siyasi şərhçi Məhəmməd Əsədullazadə də qəzetimizə açıqlamasında söyləyib ki, Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində N.Paşinyanın Qarabağ münaqişəsinin nizamlanması və Ramil Səfərovla bağlı yalanları Prezident İlham Əliyev tərəfindən dilə gətirilən tutarlı arqumentlərlə ifşa olunub, erməni baş nazir susdurulub. O qeyd edib ki, Münxen konfransından sonra bu, Paşinyana növbəti ağır nokaut olub: "Paşinyan cənab İlham Əliyev iştirak edən belə konfranslarda daim pis vəziyyətə düşür. Çünki onun qeyd etdikləri absurd və yalan üzərində qurulur. Ona görə də məğlubiyyətə uğrayır. Prezident İlham Əliyev Paşinyanı növbəti dəfə yerində otuzdurmaqla, hətta danlamaqla, erməni ictimai rəyində baş nazirin ünvanına yeni tənqidlərə rəvac verdi. Aşqabadda, Münxendə və bu konfransda Paşinyan diplomatik zərbələr aldı. Bundan sonra çətin ki, Paşinyan Prezident İlham Əliyev olan yerdə yalan danışmağa cəsarət etsin. Paşinyan siyasətçi deyil, küçə etirazları ilə hakimiyyətə gələn bir şəxsdir. Belə bir adamın Prezident İlham Əliyevlə söz duelinə çıxması, əlbəttə ki, onun fiaskosudur”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər