• şənbə, 20 Aprel, 04:08
  • Baku Bakı 15°C

Erməni baş nazir tənqid atəşinə tutuldu

16.03.20 17:18 1030
Erməni baş nazir tənqid atəşinə tutuldu
Paşinyan üçün sadə ermənilərin səhhəti ikinci dərəcəli məsələdir

Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyəti yenidən media və siyasi dairələrin, sosial şəbəkə istifadəçilərinin, blogerlərin tənqid obyektinə çevrilib. Nikolun tənqid atəşinə tuş gəlməsinin səbəbi odur ki, dünyanın koronavirus təhlükəsi ilə mübarizə apardığı bir ərəfədə baş nazirin fəaliyyəti bütün bunlara qarşı qeyri-adekvatdır. Hər halda erməni mediasının gəldiyi qənaət budur. "Vestnik Kafkaza” yazır ki, hakimiyyətə sözün əsl mənasında küçədən gələn Nikolun hazırda əsas prioriteti siyasi səhnəni "Qarabağ klanı”ndan azad etməkdir.
O, Kremlin narazılığına baxmayaraq, eks-prezident Robert Koçaryanı həbsxanaya salıb. Paşinyanın tam nəzarəti altında olan hüquq-mühafizə orqanları üçüncü prezident Serj Sarkisyana və onun ailə üzvlərinə qarşı cinayət işi qaldırıblar. Sayt yazır ki, Paşinyan üçün belə taleyüklü günlərdə ölkəni koronavuris təhlükəsi bürüyüb. Ardınca da, məqalədə Nikol Paşinyanın izləyicilərinin populyar şərhləri ortaya qoyulub. Məsələn, Vard Yan adlı istifadəçi Paşinyana müraciətində yazır: "Məndə belə təsəvvür formalaşıb ki, referendum sizi insanların sağlamlığından daha çox düşündürür. Əhəmiyyətli problemləri bir kənara qoyub boş və mənasız şeylərin dalınca qaçırsınız. Biz referenduma "hə” deyəcəyik. Lakin bundan daha vacib məsələlər var. Təəssüf ki, siz onlarla maraqlanmırsınız”. Başqa bir istifadəçi Kristina Solkaryan isə yazır ki, "cənab baş nazir, hakimiyyət uğrunda mübarizədən əl çəkib, koronavirusun yayılmasının qarşısını alın”. Hamlet Baldıryan adlı istifadəçi "sizin ümumiyyətlə dünyada gedən proseslərdən xəbəriniz varmı? Koronavirus bütün dünyaya yayılıb. Nə qədər ki gec deyil, dayandırın apardığınız "bəli” kampaniyasını. Heç olmazsa, indi başa düşün ki, xaricdəki soydaşlarımızın ölkəyə qayıtması üçün Ermənistanın özünün aviaşirkətləri olmalıdır” yazıb. Ani Malkasyan adlı fəal da ondan kampaniyanı dayandırmağı tələb edib: "Biz artıq bunu deməkdən bezmişik. İndi mitinqlər zamanı deyil. Koronavuris bütün dünya üzrə yayılıb, siz isə mitinq keçirirsiniz. Bu problemə ciddi yanaşmaq gərəkdir”. Anait Poqosyan da eyni tələblə çıxış edib və Nikolun fəaliyyətinin onda təəssüf doğurduğunu yazıb. Ardınca da yazıb ki, baş nazir bütün bu tələblərin qarşısında aksiyalarını daha da genişləndirməyə üstünlük verir. "Axı siz niyə bu insanları bir yerə yığırsınız? Onların arasında xəstə, sağlam adamlar ola bilər. Bu, virusun yayılmasına səbəb ola bilər”, - deyə Violeta Papikyan bildirib. Marina Malyan adlı istifadəçi də Paşinyanı vəziyyətin ciddiliyini anlamamaqda ittiham edir. "Sizi xalqın gələcəyi narahat etmir? Ayıbdır, belə vaxtda təbliğat olar? İnsanların təhlükəsizliyi barədə düşünün”, deyə o, Paşinyana müraciətində bildirib.
Ölkədə koronavirusun yayılması təhlükəsi ilə yanaşı, istifadəçilər səhiyyə naziri Arsen Torosyanın "yatdığını” bildiri, hələ də İtaliya ilə aviaməlumatların dayandırılmamasının səbəblərini soruşurlar. "Bəlkə, hökumətin gündəliyində Yexnadzor və Arenid mitinqlərinin keçirilməsi var” - deyə sual edilir. Sosial şəbəkələrdə baş nazirə "Paşinyan, sizin təbliğatınız xalqın təbliğatından vacibdirmi” - deyə müraciət olunur. "Əgər belə laqeyd münasibət davam edəcəksə, onda siz görəcəksiniz ki, xalq referenduma "yox” deyəcək. Ayılın, ilk növbədə xalqın sağlamlığı barədə düşünün. Belə hallarda siyasi maraqlar ikinci plana keçməlidir”, - deyə Lara Abrahamyan bildirib.
Bütün bunların fonunda baş nazir özünə rəqib bildiyi şəxslərin təqiblərini dayandırmır. Məsələn, onun tələbi ilə "1 Mart” işi üzrə araşdırma aparan istintaq qrupunun keçmiş rəhbəri Vahaqn Harutyunyan Rusiyada həbs olunub və onun təhvil verilməsi məsələsi yaxın gələcəkdə müzakirə olunacaq. Harutyunyan Ermənistan Cinayət Məcəlləsinin 38-349-cu maddəsinin 3-cü hissəsinin 1-ci bəndi (ağır və ya xüsusilə ağır cinayət işləri ilə bağlı sübutları saxtalaşdırmaq), 308-ci maddəsinin 2-ci hissəsi (ehtiyatsızlıqla ağır cinayətlərə səbəb olan rəsmi səlahiyyətlərdən sui-istifadə etmək) və 309-cu maddəsinin 2-ci hissəsi ilə (zorakılıq, silah və ya xüsusi vasitələr tətbiq etməklə müşayiət olunan rəsmi səlahiyyətləri aşmaq) müttəhim kimi tanınıb. Ermənistanda onun haqqında axtarış elan olunub, lakin məhkəmə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Xüsusi İstintaq Xidməti müstəntiqinin vəsatətini rədd edib. Vahaqn Harutyunyan "1 Mart” işi üzrə əsas təqsirləndirilən şəxsdir, çünki cinayət sübutları saxtalaşdırılan, Robert Koçaryan və Serj Sarkisyanın maraqlarına uyğun keçirilən saxta istintaq prosesinə faktiki olaraq o, rəhbərlik edib.
Eləcə də, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın hakimiyyəti illərində alınmış 42 milyon dollarlıq lazımsız silah növləri faktı üzrə açılmış cinayət işindən bəzi detallar məlum olub. Cinayət işinin açılması ilə bağlı açıqlamanı Ermənistan Milli Təhlükəsizlik Xidməti verib, daha sonra isə iş İstintaq Komitəsinə göndərilib. Bildirilir ki, 2016-2017-ci illərdə Ermənistan silahlı qüvvələrinin vəzifəli şəxsləri bu cinayət işi üzrə dindirilməyə dəvət olunublar və silah alınan vaxt onun yarasız olduğu barədə məlumatsız olduqlarını iddia ediblər. Qeyd edək ki, martın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan Sünik vilayətinin Tatev kəndində belə bir çıxış edib: "Camaat, Serj Sarkisyan hakimiyyəti 42 milyon dollar verib, silah alıb. Həmin silah işləmir, ümumiyyətlə heç bir şeyə yararlı deyil, yalnız metal qırıntısıdır. Hazırda cinayət işi açılıb, qoy Serj Sarkisyan gəlsin, bunun cavabını versin”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər