• cümə, 29 Mart, 08:45
  • Baku Bakı 5°C

Erkən evliliyin qurbanları artır

07.12.13 09:50 1951
Erkən evliliyin qurbanları artır
Bu il Azərbaycanda 5 mindən çox qız erkən evliliyin qurbanı olub. Bu barədə Azərbaycanda 10 günlük missiya həyata keçirən BMT-nin qadınlara qarşı zorakılıq, onun səbəb nə nəticələri mövzusunda çalışan Xüsusi Məruzəçisi Raşida Mancu keçirdiyi mətbuat konfransında məlumat verib.
O, missiya zamanı əsasən cənub bölgəsinə xas olan erkən, məcburi və qeyri-rəsmi evliliklərin sayının artmasının narahatlıq doğuran məsələ kimi davamlı olaraq vurğulandığını deyib: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 2013-cü ildə 5 mindən çox qız uşağı erkən evliliyin qurbanı olub. 2012-ci ildə isə bu rəqəm təxminən 4 min idi. Erkən evliliyin hər bir fərd üçün müxtəlif səviyyələrdə, o cümlədən fiziki və mənəvi, təhsil yönümlü, sosial-iqtisadi, eləcə də qızların reproduktiv sağlamlığı baxımından ciddi ziyanları var. Qadınlara qarşı Zorakılığın Bütün Növlərinin Ləğvi (CEDAW) üzrə komitənin 2009-cu ildəki yekun müşahidələrində vurğulandığı kimi, bu cür evliliklərin qarşısının alınması, həmçinin bütün evliliklərin düzgün hüquqi qeydiyyatının təmin edilməsi üçün dövlət inkişafetdirici tədbirlər, o cümlədən maarifləndirmə kampaniyalarını davam etdirməli, icmalarla və dini qurumlarla müvafiq işlər aparmalıdır”.
“Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova düşünür ki, qızların erkən ərə verilməsi bütün ölkə üçün aktual deyil: “Bu sahədə ciddi araşdırma aparılmalı, real xəritə hazırlanmalıdır. Həmin xəritənin üzərində erkən evliliyin hansı rayonlarda mövcud olduğunu göstərmək lazımdır. Həmin rayonlarda strateji sənədlər hazırlanmalı, araşdırmalar aparılmalı, ailələrlə iş qurulmalıdır. Erkən nikahın geniş yayıldığı rayonlar üzrə məlumatlar toplanıb, həmin rayonların müvafiq qurumlarının üzərinə öhdəliklər qoyulmalıdır. Bu öhdəliklər təkcə Təhsil Nazirliyinin üzərində olmamalıdır. Burada bütün tərəfdaşlar iştirak etməlidir”.
M.Zeynalovanın fikrincə, erkən nikahın səbəbləri ölkəmizdə zərif cinsə olan münasibətdir: “Düzdür, çoxları mənimlə razılaşmır, amma bizim ölkəmizdə qadına, qıza münasibət kifayət qədər pisləşib. Bu münasibət selektiv abortlardan başlayır. Statistikada göstərir ki, selektiv abortlar ildən-ilə çoxalır. Yəni hər il qızların dünyaya gəlməsinin qarşısı alınır. Abort edilən körpələrin 99 faizi qız uşaqlarıdır. Belə çıxır ki, selektiv abortlar vasitəsilə hələ doğulmamışdan qız uşaqlarından yaxa qurtardığımız kimi onlar bir az yaşa dolanda da, ərə verərək yaxa qurtarmağa çalışırıq”.
Hər il ölkəmizdə ən azı 100 qadının evdə öldürüldüyünü deyən M.Zeynalova bütün bunların qadına olan münasibətin göstəricisi olduğunu bildirdi: “Qadınlara münasibət dəyişilməli, heç bir stereotiplərə məruz qalmadan, əlavə sual vermədən, ittiham irəli sürmədən qadınların şikayətləri istintaq orqanları tərəfindən obyektiv şəkildə araşdırılmalıdır. Bunun üçün ciddi şəkildə hüquq-mühafizə, məhkəmə orqanları arasında marifləndirmə işi aparmaq və üzərilərinə öhdəlik qoymaq lazımdır”.
Lalə
banner

Oxşar Xəbərlər