• cümə, 19 Aprel, 02:14
  • Baku Bakı 18°C

Ərəb ölkələrində ədəbiyyat və mədəniyyət sferasına güzgü tutan qəzet

28.11.16 12:07 4526
Ərəb ölkələrində ədəbiyyat və mədəniyyət sferasına güzgü tutan qəzet
"Ədəbi əlaqələrin inkişafı ölkələr arasında körpü rolunu oynayır. Bu baxımdan qəzetlər arasında da yazı mübadilələri olmalıdır”. "Kaspi”də qonaq olan Misirin "Əxbar əl-Ədəb” ("Ədəbiyyat xəbərləri”) qəzetinin baş redaktoru Tariq əl-Tahir Hifni rəhbərlik etdiyi nəşrin təkcə ərəb ölkələrinin ədəbi aləminin işıqlandırmasından deyil, həmçinin dünyanın bir çox ölkələri ilə qurduğu əlaqələrindən söz açıb. Rəhbəri olduğu mətbu orqanın 25 illik fəaliyyətindən danışan qonaq, 20-dən çox ərəb ölkəsinə yayılan qəzetin əsas fəaliyyət istiqamətlərindən birinin - aparıcı dünya ədiblərinin ərəb dünyasına tanıdılması olduğunu bildirib.
Dünyaya pəncərə
- Baş redaktoru olduğunuz "Ədəbiyyat xəbərləri”nin əsas xəttini və qəzetlər içərisində tutduğu yeri necə xarakterizə edərdiniz?
-"Əxbar əl-Ədəb” qəzeti "Əxbar əl-Yaum” ("Bu günün xəbərləri”) Mətbuat Holdinqinin nəzdində fəaliyyət göstərir. Bu, böyük bir holdinqdir. Burada əsas qəzetdən əlavə 12 sahəni əhatə edən şöbə fəaliyyət göstərir. Bu şöbələr əsasən ədəbiyyat, mədəniyyət, idman, avtomobillə bağlı sahələri əhatə edir. Həmçinin uşaqlarla bağlı sahəni əhatə edən şöbə də var. Bu şöbələr içərisinə jurnal da daxildir. "Əxbar əl-Yaum” bütün ərəb ölkələrindəki 3 böyük holdinqdən biridir. Hər gün bir milyon tirajla çıxan qəzet bütün ərəb ölkələrinə yayımlanır. Holdinqin öz akademiyası da fəaliyyət göstərir. Bu akademiyanın minlərlə tələbəsi var. "Ədəbiyyat xəbərləri” isə bu holdinqin əsas şöbələrindən biri sayılır. Qəzet bütün ərəb ölkələrində oxunur. Hər həftə 40 səhifəlik çap olunan qəzetin çox geniş auditoriyası var. "Ədəbiyyat xəbərləri” ərəb ölkələrində ədəbiyyat və mədəniyyət sferasında ən tanınmış qəzetdir. Qəzetin Avropa ölkələrində də oxucuları var. Məsələn, Harvard Universitetinin professorlarından qəzetə abunə olanlar da var. O cümlədən, dünya ölkələrinin tanınmış alim və yazıçılarının məqalələri bu qəzetdə çap olunur. Kanada, Fransa, Almaniya, İngiltərə və başqa ölkələrdən olan abunəçilərə qəzet göndərilir. Nobel mükafatçısı Nəcib Məhfuzun dərc olunmamış məqalələri ilk dəfə bu qəzetdə çap olunur.
"Ədəbiyyat xəbərləri”nin əsas məqsədi istedadlı insanları üzə çıxarmaqdır. Qəzet tərcümə işlərinə də yer verir. Qəzetdə azadlıq haqqında məqalələr yer alır. Bu qəzetdə ziyalılar mədəniyyət sahəsində olan insanlara məqalələr vasitəsilə dəstək olurlar.
- Adətən ədəbiyyat qəzetinə çoxlu ədəbi materiallar daxil olur. Onlar təbii ki, müxtəlif istedad kateqoriyasının təmsilçiləri olurlar. Sizdə mətn seçmək prinsipi necə müəyyənləşir? Hansı mövzulara üstünlük verirsiniz?
- Elə görkəmli şəxslər var ki, sanki qəzetin onlarla bir ittifaqı mövcuddur. Onların yazdıqları xüsusi məqalələrdir. Həmçinin qəzet başqa ölkələrdən də məqalə qəbul edir. Həmin ölkələrdən biri İspaniyadır. Əsas tələb həmin məqalələrin müxtəlif nəzəriyyələr irəli sürməsi ilə bağlıdır.
- Bilirsiniz ki, müxtəlif zövqləri təmsil edən ədəbi qruplaşmalar var. Sizin qəzetdə hər hansı bir qruplaşmanın zövqü ifadə olunur, yoxsa tendensiyasız ədəbiyyatın mövqeyi əsas götürülür?
- Öncə istedadlı insanların məqalələrini seçirik. Digər tərəfdən, hər bir nəsildən olan yazarlara yer ayrılır. 1993-cü ildə məqalələri nəşr etdirməyə başladıqda Misirin müxtəlif yerlərindən istedadlı şəxslərlə əlaqə yaratmışdım. Biz onların məqalələrini çap edirdik. Yenə də həmin yazarların məqalələrinə ilk növbədə üstünlük verilir. Qəzetin sabit siyasəti istedadlı şəxsləri tapıb, onlara yer verməkdir. Bunun üçün biz hər il müsabiqə təşkil edir və istedadlı qələm sahiblərini üzə çıxarırıq. Son iki il ərzində keçirilən müsabiqələrdə 24 belə istedadlı şəxslə əməkdaşlıq edirik. Həmçinin həmin müsabiqələri tərcümə sahəsinə də aid etmişik. Bu sahədə müxtəlif dillərdə olan insanları seçmişik.
İnternetdəki azadlıq
- "Ərəb ölkələrinin çoxu neft ölkəsidir və maliyyə imkanları yaxşıdır. Nəyə görə bu ölkələrin "Nobel” kimi bir mükafatı yoxdur ki, ərəb və ya dünya yazıçıları məhz onlar tərəfindən qiymətləndirilsin?
- Misirdə bir sıra ədəbi mükafatlar var. Onlardan biri roman, digəri isə şeir janrında seçilmiş insanlara təqdim olunur. "Dövlət təqdiretmə mükafatı” hər il ədəbiyyat, incəsənət və ictimai elmlər sahəsində 3 qalibə verilir. Dəyəri 200 min funtdur. "Nil” mukafati - ədəbiyyat, incəsənət və ictimai elmlər sahəsində qaliblərə verilir. Mükafatın dəyəri 400 min funtdur. Hökumət qurumlarından və ictimai xadimlər tərəfindən təqdim edilən mükafatlar, həvəsləndirmə və ali mükafat ildə bir dəfə təltif edilir. Dəyəri 100 min funtdur. Həvəsləndirmə mükafatının dəyəri 50 min funtdur. Bunlar, yalnız ərəb ölkələrinin yazarlarına verilir. "Nobel” mükafatının məbləği çox yüksəkdir, ancaq mən onu ədəbiyyat cəhətdən o qədər də sanballı hesab etmirəm. Çünki həmin mükafata layiq görülənləri tənqid edənlər çoxdur. Elə sonuncu ədəbiyyat üzrə "Nobel” ödülünü alan Bob Dilan haqqında səslənən fikirlərdən sizin də xəbəriniz var.
- Dünya mətbuatında yer alan tendensiyaya görə, çap mətbuatı ilə elektron mətbuat arasında uçurum var. Yazarlar elektron mətbuatda məqalələrinin işıq üzü görməsini daha çox istəyirlər. Eyni tendensiya ərəb ölkələrində də varmı?
- Əlbəttə, Misirdə də bu tendensiya var. Elektron media ilə qəzetin fərqi odur ki, internetdə daha çox azadlıq var. Yazarlar da öz yaradıcılığında məhdudiyyət sevmədiyindən elektron mediaya can atırlar.
- Təbii ki, sizin qəzetin elektron versiyası fəaliyyət göstərir. Necə bilirsiniz, çap məhsulunun oxucuları çoxdur, yoxsa qəzetin saytına daxil olanlar? Qəzetin çap versiyası tutaq ki, 10 il bundan qabaq neçə tirajla çap olunurdu, bu gün vəziyyət necədir?
- Hər qəzetin öz oxucusu var. Müəyyən sahələrə ayrılan qəzetlər var ki, oxucuların elektron versiyaya can atması bu qəzetlərə təsir etmədi. Bu günə qədər qəzetin kağız versiyası daha populyardır. Qəzet 300 min tirajla çıxır. Keçən il Əlcəzairdə kitab sərgisində iştirak edərkən, Fransa nəşriyyatın məsul bir şəxsinin mühazirəsini dinlədim. Fransada kitabların elektron variantla kağız variantının nisbəti yüzün on faizi nisbəti qədərdir. Kağız versiyasının yaxın gələcəkdə yoxa çıxması gözlənilir.
- Bu gün sizin qəzetiniz özünü maliyyələşdirə bilirmi? Əgər maliyyələşdirə bilirsə, bu, nəyin hesabınadır, satışın, yoxsa reklamların?
- "Mədəniyyət” qəzeti "Əxbar əl-Yaum”un bir şöbəsidir. Onun kağız versiyasının satışından başqa bəzi iqtisadi layihələri də var. İqtisadi layihələr qəzetin özünə maliyyə cəlb etməsinə kömək edir.
Roman dövrü
- Siz Misir Peyk Televiziyasında yayımlanan "Kitab dünyası” proqramının müəllifi olmusunuz. Misirdə ümumilikdə kitaba münasibət necədir? Müasir texnologiyalar kitaba olan münasibəti dəyişibmi?
- Yeni texnologiyalar müsbət təsir buraxdı. Belə ki, xeyli sayda cavanlar yeni kitablarla elektron vasitələr hesabına tanış olmağa başladılar.
- Siz hekayə və roman janrları üzrə münsiflər heyətində təmsil olunursunuz. Ədəbi aləmdə indi daha çox qısa hekayələr yazılır. Roman janrında yazanlar da xeyli azalıb. Fikirlər budur ki, heç kəs özünü əziyyətə salmaq istəmir, həm də oxucunun irihəcmli əsərlər oxumağa səbri çatmır. Bu fikrə münasibətiniz.
- Mən bunun əksini düşünürəm. Böyük tənqidçi dr. Cabir Usfur bu dövrü "Roman dövrü” adlandırır, baxmayaraq ki, bu, hazırda hekayə təcrübəsinin də xeyli sayda olmasının qarşısını almır. Bu hekayələr yeni bir növdə formalaşdı, onlar da on kəlmədən artıq olmayan çox qısa hekayələrdir.
-Keçən ay Bakıda İslam Əməkdaşlıq Təşkilatına Üzv dövlətlərin Jurnalistlər Assosiasiyasının niyyət konfransı keçirildi. Necə bilirsiniz, təşkilatın üzv ölkələrin ədəbi əlaqələrinə hansı töhfəsi ola bilər?
- Bu təşkilat üzv ölkələrdə müxtəlif əsərlərin tərcümə edilməsini və yayılmasını təşviq etmək üçün çalışmalıdır. İnanıram ki, görülən işlər ölkələr və xalqlar arasında ədəbi əlaqələrin təşkilində də mühüm rol oynayacaq.
- "Əxbər əl Yaum” Akademiyası Jurnalistika fakültəsində münsiflər heyətinin üzvü kimi iştirak edirsiniz. Jurnalist olmaq asandırmı?
- Jurnalistika daim öyrənməyə cəhd göstərən bir peşədir. Lakin bu peşə həm də illər ərzində yığılmış təcrübəyə əsaslanır.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər