Ərəb ölkələrində ədəbiyyat və mədəniyyət sferasına güzgü tutan qəzet
"Ədəbi əlaqələrin inkişafı ölkələr
arasında körpü rolunu oynayır. Bu baxımdan qəzetlər arasında da yazı mübadilələri
olmalıdır”. "Kaspi”də qonaq olan Misirin "Əxbar əl-Ədəb” ("Ədəbiyyat xəbərləri”)
qəzetinin baş redaktoru Tariq əl-Tahir Hifni rəhbərlik etdiyi nəşrin təkcə ərəb
ölkələrinin ədəbi aləminin işıqlandırmasından deyil, həmçinin dünyanın bir çox
ölkələri ilə qurduğu əlaqələrindən söz açıb. Rəhbəri olduğu mətbu orqanın 25
illik fəaliyyətindən danışan qonaq, 20-dən çox ərəb ölkəsinə yayılan qəzetin əsas
fəaliyyət istiqamətlərindən birinin - aparıcı dünya ədiblərinin ərəb dünyasına
tanıdılması olduğunu bildirib.
Dünyaya pəncərə
- Baş redaktoru olduğunuz "Ədəbiyyat xəbərləri”nin əsas
xəttini və qəzetlər içərisində tutduğu yeri necə xarakterizə edərdiniz?
-"Əxbar əl-Ədəb”
qəzeti "Əxbar əl-Yaum” ("Bu günün xəbərləri”)
Mətbuat Holdinqinin nəzdində fəaliyyət göstərir. Bu, böyük bir holdinqdir.
Burada əsas qəzetdən əlavə 12 sahəni əhatə edən şöbə fəaliyyət göstərir. Bu şöbələr
əsasən ədəbiyyat, mədəniyyət, idman, avtomobillə bağlı sahələri əhatə edir. Həmçinin
uşaqlarla bağlı sahəni əhatə edən şöbə də var. Bu şöbələr içərisinə jurnal da
daxildir. "Əxbar əl-Yaum” bütün ərəb ölkələrindəki 3 böyük holdinqdən biridir.
Hər gün bir milyon tirajla çıxan qəzet bütün ərəb ölkələrinə yayımlanır. Holdinqin
öz akademiyası da fəaliyyət göstərir. Bu akademiyanın minlərlə tələbəsi var. "Ədəbiyyat
xəbərləri” isə bu holdinqin əsas şöbələrindən biri sayılır. Qəzet bütün ərəb
ölkələrində oxunur. Hər həftə 40 səhifəlik çap olunan qəzetin çox geniş
auditoriyası var. "Ədəbiyyat xəbərləri” ərəb
ölkələrində ədəbiyyat və mədəniyyət sferasında ən tanınmış qəzetdir. Qəzetin Avropa
ölkələrində də oxucuları var. Məsələn, Harvard Universitetinin
professorlarından qəzetə abunə olanlar da var. O cümlədən, dünya ölkələrinin
tanınmış alim və yazıçılarının məqalələri bu qəzetdə çap olunur. Kanada,
Fransa, Almaniya, İngiltərə və başqa ölkələrdən olan abunəçilərə qəzet göndərilir.
Nobel mükafatçısı Nəcib Məhfuzun dərc olunmamış məqalələri ilk dəfə bu qəzetdə çap
olunur.
"Ədəbiyyat xəbərləri”nin
əsas məqsədi istedadlı insanları üzə çıxarmaqdır. Qəzet tərcümə işlərinə də yer
verir. Qəzetdə azadlıq haqqında məqalələr yer alır. Bu qəzetdə ziyalılar mədəniyyət
sahəsində olan insanlara məqalələr vasitəsilə dəstək olurlar.
- Adətən ədəbiyyat qəzetinə çoxlu ədəbi
materiallar daxil olur. Onlar təbii ki, müxtəlif istedad kateqoriyasının təmsilçiləri
olurlar. Sizdə mətn seçmək prinsipi necə müəyyənləşir? Hansı mövzulara üstünlük
verirsiniz?
- Elə görkəmli şəxslər
var ki, sanki qəzetin onlarla bir ittifaqı mövcuddur. Onların yazdıqları xüsusi
məqalələrdir. Həmçinin qəzet başqa ölkələrdən də məqalə qəbul edir. Həmin ölkələrdən
biri İspaniyadır. Əsas tələb həmin məqalələrin müxtəlif nəzəriyyələr irəli sürməsi
ilə bağlıdır.
- Bilirsiniz ki, müxtəlif zövqləri təmsil edən
ədəbi qruplaşmalar var. Sizin qəzetdə hər hansı bir qruplaşmanın zövqü ifadə
olunur, yoxsa tendensiyasız ədəbiyyatın mövqeyi əsas götürülür?
- Öncə istedadlı
insanların məqalələrini seçirik. Digər tərəfdən, hər bir nəsildən olan
yazarlara yer ayrılır. 1993-cü ildə məqalələri nəşr etdirməyə başladıqda
Misirin müxtəlif yerlərindən istedadlı şəxslərlə əlaqə yaratmışdım. Biz onların
məqalələrini çap edirdik. Yenə də həmin yazarların məqalələrinə ilk növbədə
üstünlük verilir. Qəzetin sabit siyasəti istedadlı şəxsləri tapıb, onlara yer
verməkdir. Bunun üçün biz hər il müsabiqə təşkil edir və istedadlı qələm sahiblərini
üzə çıxarırıq. Son iki il ərzində keçirilən müsabiqələrdə 24 belə istedadlı şəxslə
əməkdaşlıq edirik. Həmçinin həmin müsabiqələri tərcümə sahəsinə də aid etmişik.
Bu sahədə müxtəlif dillərdə olan insanları seçmişik.
İnternetdəki azadlıq
- "Ərəb ölkələrinin çoxu neft ölkəsidir və
maliyyə imkanları yaxşıdır. Nəyə görə bu ölkələrin "Nobel” kimi bir mükafatı
yoxdur ki, ərəb və ya dünya yazıçıları məhz onlar tərəfindən qiymətləndirilsin?
- Misirdə bir
sıra ədəbi mükafatlar var. Onlardan biri roman, digəri isə şeir janrında
seçilmiş insanlara təqdim olunur. "Dövlət təqdiretmə mükafatı” hər il ədəbiyyat,
incəsənət və ictimai elmlər sahəsində 3 qalibə verilir. Dəyəri 200 min funtdur.
"Nil” mukafati - ədəbiyyat, incəsənət və ictimai elmlər sahəsində qaliblərə
verilir. Mükafatın dəyəri 400 min funtdur. Hökumət qurumlarından və ictimai
xadimlər tərəfindən təqdim edilən mükafatlar, həvəsləndirmə və ali mükafat ildə
bir dəfə təltif edilir. Dəyəri 100 min funtdur. Həvəsləndirmə mükafatının dəyəri
50 min funtdur. Bunlar, yalnız ərəb ölkələrinin yazarlarına verilir. "Nobel”
mükafatının məbləği çox yüksəkdir, ancaq mən onu ədəbiyyat cəhətdən o qədər də
sanballı hesab etmirəm. Çünki həmin mükafata layiq görülənləri tənqid edənlər
çoxdur. Elə sonuncu ədəbiyyat üzrə "Nobel” ödülünü alan Bob Dilan haqqında səslənən
fikirlərdən sizin də xəbəriniz var.
- Dünya mətbuatında yer alan tendensiyaya görə, çap mətbuatı ilə elektron mətbuat
arasında uçurum var. Yazarlar elektron mətbuatda
məqalələrinin işıq üzü görməsini daha çox istəyirlər. Eyni tendensiya ərəb ölkələrində
də varmı?
- Əlbəttə,
Misirdə də bu tendensiya var. Elektron media ilə qəzetin fərqi odur ki, internetdə
daha çox azadlıq var. Yazarlar da öz yaradıcılığında məhdudiyyət sevmədiyindən
elektron mediaya can atırlar.
- Təbii ki, sizin qəzetin
elektron versiyası fəaliyyət göstərir. Necə bilirsiniz, çap məhsulunun
oxucuları çoxdur, yoxsa qəzetin saytına daxil olanlar? Qəzetin çap versiyası
tutaq ki, 10 il bundan qabaq neçə tirajla çap olunurdu, bu gün vəziyyət necədir?
- Hər qəzetin öz
oxucusu var. Müəyyən sahələrə ayrılan qəzetlər var ki, oxucuların elektron
versiyaya can atması bu qəzetlərə təsir etmədi. Bu günə qədər qəzetin kağız
versiyası daha populyardır. Qəzet 300
min tirajla çıxır. Keçən il Əlcəzairdə kitab sərgisində iştirak edərkən,
Fransa nəşriyyatın məsul bir şəxsinin mühazirəsini dinlədim. Fransada
kitabların elektron variantla kağız variantının nisbəti yüzün on faizi nisbəti
qədərdir. Kağız versiyasının yaxın gələcəkdə yoxa çıxması gözlənilir.
- Bu gün sizin qəzetiniz özünü maliyyələşdirə
bilirmi? Əgər maliyyələşdirə bilirsə, bu, nəyin hesabınadır, satışın, yoxsa
reklamların?
- "Mədəniyyət” qəzeti
"Əxbar əl-Yaum”un bir şöbəsidir. Onun kağız versiyasının satışından başqa bəzi
iqtisadi layihələri də var. İqtisadi layihələr qəzetin özünə maliyyə cəlb etməsinə
kömək edir.
Roman dövrü
- Siz Misir Peyk Televiziyasında yayımlanan "Kitab
dünyası” proqramının müəllifi olmusunuz. Misirdə ümumilikdə kitaba münasibət
necədir? Müasir texnologiyalar kitaba olan münasibəti dəyişibmi?
- Yeni texnologiyalar müsbət təsir buraxdı. Belə ki,
xeyli sayda cavanlar yeni kitablarla elektron vasitələr hesabına tanış olmağa
başladılar.
- Siz hekayə və roman janrları üzrə münsiflər heyətində
təmsil olunursunuz. Ədəbi aləmdə indi daha çox qısa hekayələr yazılır. Roman
janrında yazanlar da xeyli azalıb. Fikirlər budur ki, heç kəs özünü əziyyətə
salmaq istəmir, həm də oxucunun irihəcmli əsərlər oxumağa səbri çatmır. Bu fikrə
münasibətiniz.
- Mən bunun əksini
düşünürəm. Böyük tənqidçi dr. Cabir Usfur bu dövrü "Roman dövrü” adlandırır,
baxmayaraq ki, bu, hazırda hekayə təcrübəsinin də xeyli sayda olmasının
qarşısını almır. Bu hekayələr yeni bir növdə formalaşdı, onlar da on kəlmədən
artıq olmayan çox qısa hekayələrdir.
-Keçən ay Bakıda İslam Əməkdaşlıq Təşkilatına Üzv
dövlətlərin Jurnalistlər Assosiasiyasının niyyət konfransı keçirildi. Necə
bilirsiniz, təşkilatın üzv ölkələrin ədəbi əlaqələrinə hansı töhfəsi ola bilər?
- Bu təşkilat üzv ölkələrdə müxtəlif əsərlərin tərcümə edilməsini və yayılmasını təşviq
etmək üçün çalışmalıdır. İnanıram ki, görülən işlər ölkələr və xalqlar arasında
ədəbi əlaqələrin təşkilində də mühüm rol oynayacaq.
- "Əxbər əl Yaum” Akademiyası Jurnalistika fakültəsində
münsiflər heyətinin üzvü kimi iştirak edirsiniz. Jurnalist olmaq asandırmı?
- Jurnalistika daim
öyrənməyə cəhd göstərən bir peşədir. Lakin bu peşə həm də illər ərzində yığılmış təcrübəyə əsaslanır.
Təranə Məhərrəmova