• cümə, 29 Mart, 12:10
  • Baku Bakı 14°C

Ərəb dünyası ilə münasibətlər nə vəd edir?

23.02.17 09:30 1956
Ərəb dünyası ilə münasibətlər nə vəd edir?
"Düşünürəm ki, indi müsəlman dünyasının əvvəl heç zaman olmadığı qədər daha çox birliyə ehtiyacı var. Müsəlman dünyasında bu birlik çatışmır. Düşünürəm ki, Azərbaycan bu istiqamətdə mühüm rol oynayır. IV İslam Həmrəyliyi Oyunlarının təşkil olunması da bunu göstərir, çünki bu, təkcə idman deyil, bu, təkcə idmançıların bayramı olmayacaq, bu, müsəlman dünyasının gənclərini birləşdirəcək, onlar Bakıya gələcəklər, ölkəmizi görəcəklər, əlaqələr quracaqlar və bu əlaqələr bütün müsəlman gənclərinə ölkələr arasındakı əlaqələri gücləndirməyə kömək edəcək”.
Bu fikirləri prezident İlham Əliyev Əl-Cəzirə televiziyasına müsahibəsi zamanı bildirib. Qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Azərbaycanda çoxsaylı tədbirlər təşkil edib və Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizi tam dəstəkləyir. O da qeyd olunub ki, Azərbaycan müsəlman aləmində birliyi möhkəmləndirmək işinə töhfə vermək, həmrəyliyi gücləndirmək üçün daha çox çalışmaq istəyir: "Azərbaycan bütün qonşuları ilə yaxşı münasibətlərə malik olmaq istəyir və düşünürəm ki, biz buna nail olmuşuq. Çünki bu, hər bir ölkə üçün vacibdir. Bizim Ermənistandan başqa bütün qonşularımızla çox fəal münasibətlərimiz var. Bizim bir çox Avropa ölkələri ilə çox yaxşı işgüzar münasibətlərimiz var. Biz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq üzrə sazişlər imzalamışıq və yaxın zamanlarda Avropa İttifaqı ilə yeni sazişlə bağlı danışıqlara başlayacağıq. Qərbdə də yaxşı başa düşürlər ki, Azərbaycanın öz yolu var və bu siyasət heç kimə qarşı yönəlməyib. Ərəb dünyası ilə münasibətlərə gəlincə, deməliyəm ki, bu münasibətlər bizim üçün hər zaman prioritet olub. Mən bir çox ərəb ölkələrinə rəsmi səfərlər etmişəm. Bizim əla siyasi münasibətlərimiz var. Sizə deyə bilərəm ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə böyük həmrəylik nümayiş etdirmişdir və biz bunu yüksək qiymətləndiririk. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və bir çox başqa ərəb ölkələrinə uğurlu səfərlərim və Qətərə planlaşdırılan səfərim bu əməkdaşlığı gücləndirəcək. Biz ərəb ölkələrindən daha çox adamın ölkəmizə gəlməsini istəyirik. Yəqin bilirsiniz ki, biz bu yaxınlarda Körfəz Əməkdaşlığı ölkələrinin vətəndaşları üçün bütün viza tələblərini aradan qaldırmışıq. Qətərin Əmiri, Əlahəzrət Azərbaycanda rəsmi səfərdə olub. İndi isə mənim növbəmdir. Bizim Əlahəzrətlə çox yaxşı şəxsi, mən deyərdim ki, dost münasibətlərimiz var. Biz bir çox iqtisadi layihələr üzərində işləyirik. Mən ərəb qardaşlarımıza sülh, sabitlik, tərəqqi, uğurlar arzulayıram. Sözüm budur ki, Azərbaycan sizin qardaşınızdır. Bir daha demək istəyirəm ki, biz İslam həmrəyliyi və birliyinə çox sadiqik, bu istiqamətdə çox iş görürük”.
Prezidentin müsahibəsi, Azərbaycanın ərəb dünyası ilə münasibətləri, perspektivlər barədə fikirlərini "Kaspi” ilə bölüşən millət vəkili Tahir Kərimli dedi ki, ölkə başçısının Əl-Cəzirə telekanalına müsahibəsini çox təqdirəlayiq hesab edir. Çünki müsahibə zamanı mühüm məqamlara toxunulub, vacib mesajlar ötürülüb: "Düşündürücü müsahibə idi. Orada bir daha qeyd olundu ki, bu il Azərbaycanda "İslam Həmrəyliyi İli” elan olunub. Bundan əlavə, ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Müsahibə zamanı təkcə bu məqamlar diqqətə çatdırılmadı. O da vurğulandı ki, Azərbaycanın əksər dövlətlərlə yaxşı münasibətləri var. Azərbaycanın təkcə İslama bağlılığı, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi önə çıxarılmadı. Düşünürəm ki, deyilənlərdə mesajlar daha çox idi. Prezident İslam dünyasına mesajlarını çatdırdı. Azərbaycanda inanclıların çoxunun İslam dinini qəbul etməsinə baxmayaraq, ölkəmiz həm də dünyəvi dövlətdir”.
Millət vəkilinin fikrincə, deyilənlərdə tənqidlər də var idi: "Məlumdur ki, Ermənistan ərəb və müsəlman dünyası ilə yaxın münasibətlər qurmaq istəyir. Ərəb, İslam dövlətləri İslam Əməkdaşlıq Təşkilatının üzvləridirlər. Bu qurum isə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və bununla bağlı qətnamə qəbul edib. Amma bəzi müsəlman dövlətlər var ki, əli müsəlman qanına batmış erməniləri bağırlarına basmaqdan çəkinmirlər. Məsələn, İran Ermənistana qarşı simpatiyası ilə seçilir. Açıq-aşkar işğalçılara rəğbət bəslədiklərini nümayiş etdirirlər, müxtəlif əlaqələr qururlar. Prezident geniş auditoriyası olan Əl-Cəzirə kanalı vasitəsilə diqqətə çatdırdı ki, ərəb və müsəlman dövlətləri bu kimi davranışlardan çəkinməlidirlər. Bəzən dünyanın lider dövlətlərini belə məqamlara görə qınayırıq. Amma İslam cameəsində də belə riyakarlıqlara yol verənlər olur”.
T.Kərimli onu da qeyd etdi ki, Azərbaycanın müstəqilliyi, hüquqi təminatı, ələlxüsus da qadın hüquqlarının təmin olunması kimi məsələlərdə önə keçməsi digər dövlətlərə nümunə ola bilər: "Ölkəmiz bu məsələlərdə çox qabaqcıldır. Biz bu mövzuda elə bir qabaqcıllıq nümayiş etdiririk ki, başqaları bundan nümunə götürə bilər. Məncə, bizdəki qadın haqlarının təminatı məsələsi bəzi müsəlman dövlətləri üçün bir modeldir. Bizim ölkədə qadınların cəmiyyətdə rolu xeyli yüksəkdir. Azərbaycan İslam və müasirliyin vəhdətidir. Hesab edirəm ki, "İslam Həmrəyliyi İli” fonunda birlik, həmrəylik mövzusunda Azərbaycanın rolu artacaq, mühüm ölkəyə çevriləcək”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər