• cümə, 19 Aprel, 17:14
  • Baku Bakı 25°C

“Ərəb baharı”ndan “ərəb müsibəti”nə

25.12.20 16:20 1793
“Ərəb baharı”ndan “ərəb müsibəti”nə
10 il bundan əvvəl ərəb dünyasını çöküşə aparan proseslər başlayıb
Düz 10 il bundan öncə - 2010-cu ilin dekabrında Yaxın Şərq və Şimali Afrikada tarixə "ərəb baharı” kimi düşən hadisələr start götürdü. Ölkələri bürüyən anti-hökumət nümayişləri tezliklə kütləvi etirazlar, ordu və polislə silahlı qarşıdurmaya gətirib çıxardı. Nəticədə bir sıra avtoritar rejimlər süquta uğradı, hadisələrin sonrakı gedişi isə regionun siyasi, ictimai, hətta dini landşaftını dəyişdi. Keçən 10 illə bağlı qəti şəkildə demək olar ki, inqilabların baş verdiyi ərəb ölkələrində həyat yaxşılığa doğru dəyişmədi, bir sıra ölkələrdə isə illər uzunudur ki, vətəndaş müharibəsi davam edir. Dağıntılar, aclıq və qaçqınlar – bu günün reallığı, bax, bunlardan ibarətdir. Milyonlarla insanın yaxşı həyat arzusunun necə puç olduğunu və koronavirus pandemiyasından sonra yeni inqilabların baş vermə ehtimalını araşdırmağa çalışaq.

Partlayış reaksiyası

Yaxın Şərqin və Şimali Afrikanın simasını kökündən dəyişən inqilabi hadisələr kiçik bir şəhərdə böyük ədalətsizliklə üzləşən bir şəxsin özünə qəsd etməsi ilə başladı. Tunis sakini, 26 yaşlı Məhəmməd Buazizi ailəsini və çoxsaylı yaxınlarını dolandırmaq üçün küçədə alver edirdi. Aylıq qazancı 140 dollar olar bu şəxs, şəhər bazarında meyvə satırdı. Dekabrın 17-də səhər polislə dalaşan Buazizə asayiş keşikçisi xəsarət yetirib, mallarını müsadirə etdi. Onsuz da bu meyvələrə görə borcu olan Məhəmməd, meriyaya kömək üçün müraciət etsə də, orada ona qulaq asmaqdan imtina etdilər. Hər şeydən bezən şəxs yanacaqdoldurma stansiyasından bir bak benzin alaraq özünü meriya qarşısında yandırdı. Sonuncu sözü isə belə oldu – "Sizcə mən nə ilə dolanmalıyam?” Onun bu hərəkəti dərhal minlərlə soydaşı tərəfindən dəstək aksiyaları ilə nəticələndi. İnsanlar korrupsiya, yoxsulluq və hakimiyyət orqanlarının biganəliyindən, onsuz da narazı idilər.
Nəticədə, güclü etiraz hərəkatı start götürdü və bir neçə gün ərzində bütün ölkəni bürüdü. Kütləvi etirazlar prezident Zin əl-Abdinin istefası ilə nəticələndi. O, 2011-ci il yanvarın 14-də vəzifəsindən getdi. 23 il hakimiyyətdə olan şəxs ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına qaçdı. Tunis nümunəsi virus kimi digər ərəb ölkələrinə yayıldı və qonşu ölkələrdə də aksiyalar başladı. Əlcəzair, Liviya, Yəmən, Misir, Mərakeş, Bəhreyndə insanlar küçə və meydanlara çıxıb hakimiyyətlərə etirazlarını bildirdilər. Etirazlar hətta Oman, Sudan, Küveyt, Qərbi Sahara, Səudiyyə Ərəbistanı və İrana kimi uzandı. Dövlət və idarəçilik sistemində fundamental fərqlərə baxmayaraq, bu ölkələrdə etiraz hərəkatlarının hərəkətverici qüvvəsi bir idi – insanlar həyat şəraitindən, hüquq və azadlıqlarının pozulmasından narazı idilər. Kaliforniya Universitetinin professoru, Yaxın Şərq üzrə ekspert Ceyms Qelvin hesab edir ki, etirazların baş verməsində əsas faktorlardan biri də region liderlərinin avtoritarlığı və qeyri-liberal iqtisadi siyasəti idi. Onun sözlərinə görə, bu da kapitalist böhranına, işsizliyin yüksək səviyyəsinə, sosial müdafiə sisteminin zəifləməsinə, orta sinfin həyat rifahı üçün təhlükələrə gətirib çıxarır. Başqa bir ekspert Jilber Aşkarin qənaətincə, əsas səbəblərdən biri gənclər arasında işsizliyin pik həddə çatması idi. Bu regionda siyasi rejimlər özlüyündə inkişafın əsas maneələri olub. Məhz bu da partlayışa gətirib çıxarıb. Kütləvi etirazlar nəticəsiz qalmadı. 2011-ci ildə İordaniya kralı İkinci Abdallah güzəştə gedərək hökuməti buraxdı. Misirdə isə etirazçılar prezident Hüsnü Mübarəkin istefasına nail oldular. Bəhreyn və Mərakeş kralları da vətəndaşlarına islahatlar və yaxşılığa doğru dəyişikliklər olacağını vəd etdilər. Sudanda isə çoxdan gözlənilən referendum keçirildi və Cənubi Sudan müstəqil oldu. Eyni zamanda etiraz hərəkatı Suriyada başladı və burada vəziyyət hərbi toqquşmalara gətirib çıxardı. Liviyada xalq hərəkatı və Qərbin müdaxiləsi, ölkəni 40 il idarə edən Müəmmar Qəddafinin qətli ilə yekunlaşdı. Belə bir təəssürat yarandı ki, ərəb inqilabının lokomotivini dayandırmaq mümkün deyil.

Mərhəmətsizlikdir

Beləliklə, baş verənləri analiz etməyə çalışdıq. İnsanlara qarşı bu 10 ildə yaşanan zülmləri, sadəcə "Ərəb baharı” adlandırmaq, ən az mərhəmətsizlik hesab oluna bilər. İnsanlara bu onillik ərzində olmazın əziyyətlər verildi, evlərindən didərgin düşdülər. Fəsadları isə hələ onilliklər, bəlkə də, yüzilliklər ərzində hiss olunacaq. "Ərəb baharı”nın davam etdiyi 10 il ərzində müharibə və terror ölkələrə 1 trilyon dollardan artıq ziyan vurub. Bu barədə Dünya Bankının hesabatında bildirilir. 2010-2020-ci illərdə davam edən və bütövlükdə Tunis, Misir, Yəmən, Bəhreyn, Liviya və Suriyada baş verən üsyan və vətəndaş müharibələri, ümumilikdə maddi ziyanla birlikdə adı çəkilən ərəb ölkələrində inkişaf imkanlarını da məhv edib. Bu mənada hesablanan zərərin minimum olduğu qeyd edilib. Hazırda dünyada gəlirlərin ən ədalətsiz bölündüyü bölgə ərəb dünyasıdır. Məsələn, hazırda ərəb ölkələrində ümummilli gəlirin 60 faizi, əhalinin 10 faizini təşkil edən varlıların əlində cəmləşib. Avropada isə analoji göstərici 45 faizdir. Dünya Bankının rəqəmlərinə görə, müharibədən bu yana Suriyaya təxminən 220 milyard dollara yaxın maddi ziyan dəyib. Ölkənin yenidən inşası üçün 350 milyard dollara ehtiyac var. Prezident Bəşər Əsəd isə ötən ilin aprelində rusiyalı deputatlarla görüş zamanı ölkənin yenidən bərpası üçün 400 milyard dollara yaxın vəsaitə ehtiyac olduğunu bildirib. Məsələ ondadır ki, 7 ildən çox davam edən müharibədən sonra Suriyanın bir neçə şəhəri istisna olmaqla, bütövlükdə infrastrukturu tamamilə dağılıb. Hama, Hums, Dəra, Deyr əz-Zor, Raqqa kimi şəhərlər bütövlükdə, Dəməşq, Hələb kimi şəhərlər isə qismən dağıdılıb. "Ərəb baharı” sonrası baş verən müharibələrdə ən çox ziyan çəkən ikinci dövlət İraq olub. Bu ölkədə dağılmış şəhərlərin yenidən bərpası üçün 90 milyard dollara ehtiyac var. Hal hazırda Yəmən və Liviyada gərginlik davam edir. Bu ölkələrin müharibədən sonra yenidən qurulması üçün 100 milyarddan çox vəsait lazım olacaq və təbii ki, bu müharibələrin gətirdiyi mənəvi dağıntının yerini isə doldurmaq heç zaman mümkün olmayacaq.

Ərəb qışı

Əsas odur ki, son on ildə eyforiya məyusluqla əvəzləndi. İnsanlar öz qüvvələrinə inam, yaxşılığa doğru irəliləyiş yerinə, qeyri-sabitlik, ekstremizm və terrorizm, uzanan silahlı münaqişələr, çoxsaylı qaçqınlar, daha sərt reaksiyalı rejimlər əldə etdilər. İnqilabların və etirazların yaşandığı altı ölkə içərisində yalnız Tunisdə uğur qazanıldı. Siyasi baxışlarına görə, həbs edilənlərin sayı minimuma endi, insanlar anti-hökumət aksiyalarında iştirak etməkdən boyun qaçırmır, öz tələblərini irəli sürməkdən çəkinmirlər. Onlar başa düşdülər ki, diktatorun getməsi problemləri həll etmədi. Məhkəmə sistemi müstəqil olmadı. Polis əvvəlki tək güc tətbiq etməkdə davam edir. Misirdə də vəziyyət normal getmədi. İslamçı Məhəmməd Mursi 2012-ci ildə hərbçilər tərəfindən devrildi. Onun yerinə gələn müdafiə naziri Abdel Fəttah əl-Sisi 2011-ci ilə qədər hakimiyyətdə olanlardan daha repressiv oldu. Bəhreyndə də hakimiyyət dəyişikliyi baş vermədi. Lakin rejim daha avtoritar oldu. Təqiblər, polis zorakılığı pik həddə çatdı, siyasi müxalifət liderləri həbsxanalara salındı. 2014-cü ildə Yəməndə hökumətlə şiə üsyançıları arasında hərbi toqquşma yaşandı. Devrilmiş prezident Əli Abdalla Saleh də onlara qoşuldu. Separatçılar daha iri ərazilər tutdular, paytaxt Sana onların nəzarətinə keçdi. Bu da regionun digər yerlərində narahatlıq yaratdı. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ərəb koalisiyasına rəhbərlik etdi. Onlar 2015-ci ildən üsyançıların mövqelərini bombardman etdilər. 2017-ci ildən Saleh və husilər arasında münaqişə başladı və onu öldürdülər. Yəməndə müharibə humanitar fəlakətlə nəticələndi - ölkədə aclıq və səfalət və vəba hökm sürür. Liviya Qəddafinin öldürülməsindən sonra bir-biri ilə müqavimət aparan iki hissəyə parçalandı. İllərdir ki, ölkədə ikihakimiyyətlilik hökm sürür. Paytaxt Tripoli və qərb hissə Faiz Sərracın rəhbərlik etdiyi Milli Razılıq Hökumətinin nəzarəti altındadır. Ona qarşı isə şərqdə parlament dayanıb. Ona da marşal, Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar dəstək verir. Suriyalıların Bəşər Əsədə qarşı üsyanı isə vətəndaş müharibəsinə gətirib çıxardı. Yüz minlərlə insan həyatını itirdi, ağır miqrasiya böhranı yaşandı. BMT-nin hesabatına görə, 6 milyondan artıq insan öz ev-eşiyini itirməli oldu. Hakimiyyət boşluğu siyasi sabitliyə gətirib çıxardı, terrorçu qruplaşmaların meydana çıxmasına səbəb oldu. İlk növbədə İslam Dövləti - İŞİD yarandı. Terrorizmlə mübarizəyə ən müxtəlif qüvvələr, başda ABŞ olmaqla Rusiya, İran, Türkiyə olmaqla beynəlxalq koalisiya yaratdılar. Buna baxmayaraq Suriyada müharibənin aktiv mərhələsi başa çatsa da, siyasi nizamlanmaya hələ çox vaxt var. Moskva Qərblə əməkdaşlıqdan boyun qaçıran Bəşər Əsəd rejimini müdafiə edir. Böyük ehtimalla, gələcəkdə Suriya, Liviya və Yəmən hökumətləri nəzarətdən çıxan ərazilər və əhali üzərində nəzarəti həyata keçirə bilməyəcək. Ən təhlükəli hal odur ki, regionda üsyanlar dini fanatizmin artmasına gətirib çıxarıb. Daha çox isə Suriyadakı müharibə bu halın güclənməsinə səbəb olub. Son 10 ildə regionda təhlükə doğuran həm də humanitar böhranın yaranmasıdır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər