• cümə axşamı, 18 aprel, 14:49
  • Baku Bakı 22°C

Ərdoğanın kritik ABŞ səfəri

16.05.13 08:20 1756
Ərdoğanın kritik ABŞ səfəri
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə yaşanan son gərginliklər fonunda Birləşmiş Ştatlara səfər edib. Ərdoğanın ABŞ-a səfər edəcəyi barədə məlumat çoxdan yayılıb. Lakin Reyhanlıda baş verən terror aktı bu səfəri daha da aktuallaşdırmış olub. Belə ki, son günlər Suriyaya mümkün hərbi müdaxilə planı ilə bağlı geniş müzakirələr aparılır. Bu istiqamətdə ABŞ, Böyük Britaniya və Rusiya liderləri arasında mütəmadi olaraq görüşlər də keçirilib. Rusiya son günlərə qədər Bəşər Əsəd rejiminin yanında olsa da, görünür mövqeyində dəyişiklik yaranıb.
Regionda lider mövqeyə malik Türkiyəsiz isə addım atmaq mümkünsüzdür. Beləliklə, hər şey Ərdoğanın ABŞ-da keçirəcəyi görüşlərdən və alınacaq qərarlardan asılı olacaq.
Baş nazir Vaşinqtondakı “Joint Base Anderevs Naval” hәrbi hava limanında Türkiyәnin bu ölkәdәki sәfiri Namık Tan, ABŞ-nın Ankaradakı sәfiri Fransis Riçardo vә digәr rәsmilәr tәrәfindәn qarşılanıb. Türkiyə baş naziri ilə ABŞ prezidenti Obama arasında görüş mayın 16-na planlaşdırılıb. Danışıqların əsas mövzusu Suriyadakı böhran və bu ölkədə qan tökülməsinin qarşısının alınması istiqamətində beynəlxalq səylər olacaq. Danışıqların ən isti mövzusunu isə Hatay vilayətinin Reyhanlı qəsəbəsində törədilən terror aktı təşkil edəcək. Əsəd rejiminin dinc əhaliyə zülmü və vətəndaşlara qarşı kimyəvi silah istifadə edildiyinə dair iddialar da danışıqların gündəmində öz yerini tutacaq. Terror probleminin həlli, İrana embarqolar, nüvə enerjisi məsələləri də müzakirə mövzusu olacaq. Kritik səfər zamanı iqtisadi mövzular da ön planda olacaq. Ərdoğan və Obama həmçinin ABŞ və Rusiya arasında bu günlərdə Suriya ilə bağlı beynəlxalq konfransın keçirilməsinə dair əldə olunmuş razılığı da müzakirə edəcək. Bundan başqa, iki liderin görüşündə Türkiyə və İsrail arasında münasibətlərin normallaşması və Türkiyənin daxilindəki sülh prosesinin əsas müzakirə olunacaq məsələlərdən biri olacağı istisna deyil.
Ağ Ev tərəfindən Ərdoğanın səfərilə bağlı açıqlama verilib. Açıqlamada səfərin iki ölkə üçün daşıdığı əhəmiyyətə işarə edilib. Ağ Evin sözçüsü Cey Karni, baş nazir Ərdoğanın səfərinin Türkiyə ilə ABŞ arasındakı yaxın ortaqlığın və əlaqələrin gələcəkdə daha da gücləndirilməsinə verilən strateji əhəmiyyətin işarəsi olduğunu vurğulayıb. Karni Ağ Evin Reyhanlıdakı bombalı hücumlarla bağlı ilk açıqlaması kimi də qeyd edib ki, Türkiyə ABŞ-nın ən güclü ortaqlarından biridir: “Türklərlə terror təhdidlərinə qarşı əməkdaşlıq edirik. Reyhanlıdakı bu bombalı hücumlar xalqlarımızı və bölgədəki sabitliyi qorumaq və zorakılıqla mübarizə etmək üçün birlikdə əməkdaşlıq etməyimizin vacibliyini daha da gücləndirəcək”. Gündəlik mətbuat toplantısında Reyhanlıdakı bombalı hücumlarla bağlı bir suala da cavab verən Karni ABŞ-ın bu hücumları pislədiyini və bu dəhşətli hadisəyə qarşı Türkiyənin yanında yer aldıqlarını söyləyib. O, həmçinin, hücumlarda həyatını itirənlərin ailələrinə başsağlığı diləklərini də çatdırıb.
Baş nazirin prezident Obama ilə görüşündə iqtisadi əlaqələr də müzakirə mövzusu olacaq. Baş naziri öz sektorlarında lider mövqeyində olan yüzə yaxın iş adamı da müşayiət edir. Ərdoğan ABŞ-ın nəhəng şirkətlərini Türkiyəyə sərmayə qoymağa çağıracaq. Səfər çərçivəsində San-Fransiskoya getməsi də nəzərdə tutulan Ərdoğan Silikon vadisində bəzi quruluşları gəzəcək.
Qeyd edək ki, baş nazir Ərdoğan ABŞ-a yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan Reyhanlıdakı partlayışlarla bağlı kəşfiyyat məlumatlarında əksiklik olduğuna dair iddiaları araşdırmaq üçün Təftiş Qurumuna yazılı tələb göndərdiyini söyləyib. Ərdoğan kəşfiyyat məlumatlarıyla bağlı bir axsaqlıq olduğuna inanmadığını, ancaq polis və kəşfiyyat qurumları arasında bir qopuqluq ola biləcəyini vurğulayıb. Baş nazir qeyd edib ki, belə bir şey olarsa, lazım olan addımlar atılacaq. Suriya rejiminin partlayışlarla bağlı açıqlamalarını da dəyərləndirən Ərdoğan bunları deyib: “Bunu açıq, konkret şəkildə söyləməliyəm. Mənə görə, Dəməşqdə leqal bir hökumət yoxdur, illeqal idarəçilik var. Orada bir rejim, hökumət görmürük. Xalqın qəbul etmədiyi bir strukturu biz qəbul edə bilərikmi? Orada xalqıyla müharibə vəziyyətində olan bir rejim var". Ərdoğan Türkiyə müxalifətinin Suriya ilə bağlı mövqeyini də tənqid edib: "Ana müxalifət və bala müxalifətin nümayiş etdirdiyi mövqeyə baxın. Belə bir zalım diktatorla ailə fotosu çəkdirməyi nə ilə izah edəcəyik? Belə vaxtlarda ölkə birlik içərisində olar". Baş nazir MHP-nin həll prosesiylə bağlı cinayət işi açılması tələbinə də münasibət bildirib: "Hüquqdan kənar heç bir addım atmamışıq. Onlar Bağçalının keçmişindəki şeylər ola bilər. Biz terrorla mübarizədə hansı addım atılmalıdırsa, onu atırıq. Bu günə qədər terrorla mübarizədə nə ana müxalifətin, nə də bala müxalifətin ən kiçik həll təklifi belə olmayıb. Biz tərksilah olaraq çəkilmədən danışdıq, haradan gəliblərsə çıxsınlar, dedik. Bağçalıya demək lazımdır ki, sən çox güclüsən, həraddım başı bozqurdlarına nəzarət et".
Baş nazirin Obama ilə, eləcə də keçirəcəyi digər görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud durumu da gündəmdə saxlayacağı gözlənilir. Təsadüfi deyil ki, baş nazir Vaşinqtona yola düşməzdən əvvəl bu məsələyə də toxunub. O bildirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinə və azərbaycanlıların faciəsinə laqeyd qala bilməz. Bunu Türkiyənin baş naziri Ədalət və İnkişaf Partiyasının (AKP) həftəlik yığıncağında çıxış edərkən deyib: "Əgər vaxtilə azərbaycanlıların taleyinə və Dağlıq Qarabağ probleminə laqeyd qalsaydıq, hazırda Bakı ilə belə səmimi münasibətlərimiz olmazdı". Baş nazirin sözlərinə görə, Türkiyə Fələstin, İraq kürdləri, Suriya və ya digər xalq olmasından asılı olmayaraq, dinc əhaliyə qarşı törədilən zorakılıqlar qarşısında susa bilməz.
Qeyd edək ki, Ərdoğanı səfərdə XİN rəhbəri Əhməd Davudoğlu, Avropa Birliyi ilə bağlı məsələlər üzrə nazir Egemen Bağış və iqtisadiyyat naziri Zəfər Çağlayan müşayiət edir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər