Ərdoğan türkləri Almaniyanın iqtidar partiyalarına səs verməməyə çağırdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya hökumətini və bu
ölkənin aparıcı siyasi partiyalarını sərt tənqid edib.
APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan
cümə namazından çıxarkən sualları cavablandırıb. O, Almaniya kansleri Angela
Merkelin Türkiyə ilə Avropa İttifaqı arasında gömrük birliyi müqaviləsinin
yenilənməsinə və Türkiyəyə Aİ xətti ilə maddi yardımları ayrılmasına qarşı
çıxmasına münasibət bildirib.
R. T. Ərdoğan deyib ki, seçki ərəfəsində olan Almaniya öz daxili
çəkişmələrini dövlətlərarası münasibətlərə daşıyır: "Almaniya Aİ qaydalarına
əməl etməyən ölkədir. Aramızdakı problemlərə görə məsuliyyət daşıyan
axtarılırsa, bu, Almaniyadır. Orada 25-30 gün sonra keçiriləcək seçki öncəsində
xristian-demokratlar və sosial-demokratlar az qala "Türkiyəni nə qədər çox
sıxışdırsaq, o qədər səs alarıq” havasına düşüblər. Mən də Almaniyadakı bütün
soydaşlarımıza deyirəm ki, qətiyyən səhv edib bunları dəstəkləməyin. Nə
xristian-demokratları, nə sosial-demokratları, nə yaşılları. Bunların hamısı
türk düşmənidir. Orada hazırda Türkiyəyə qarşı düşmənçilik etməyən partiyalara dəstək
verin. Çünki artıq bu, Almaniyada yaşayan bütün vətəndaşlarımızın qürur
məsələsidir. Orada 1 milyona yaxın səs hüququ olan türk seçici var. Düşünürəm
ki, onlar Türkiyəyə bu cür hörmətsizlik edən siyasi partiyalara lazımi dərsi
verməlidir”.
R. T. Ərdoğan Almaniyadan orada olan türkiyəli terrorçuların təhvil
verilməsini istədiklərini, şəxsən özünün Angela Merkelə 4500 terrorçunun
siyahısını təqdim etdiyini, lakin hər hansı nəticə əldə olunmadığını söyləyib:
"Hazırda onların bizdə həbsdə olan 3-5 vətəndaşı var, davamlı onları bizdən
istəyirlər. Lakin onların məhkəmələri varsa, bizlərin də var. Məhkəmə bu
məsələdə qərarını verməlidir, sonra lazım olan nədirsə, onu edərik”.
Qeyd edək ki, hazırkı Almaniya hökuməti xristian-demokratlar və
sosial-demokratların koalisiyasından ibarətdir.