AZE | RUS | ENG |


“Ərdoğan referendumdan qalib çıxıb”

“Ərdoğan referendumdan qalib çıxıb”
Elxan Şahinoğlu hesab edir ki, Türkiyə addım-addım ikipartiyalı siyasi sistemə doğru irəliləyir

Türkiyədə Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı aprelin 16-da keçirilən referendum uğurla başa çatıb. Əhalinin çoxluğu bu dəyişikliklərə səs verib. Türkiyə vətəndaşlarının təxminən 51 faizi artığı bu dəyişikliklərə "Hə” deyib. Ümumxalq səsverməsinin nəticələrini hakim Ədalət və İnkişaf Partiyasının (AKP) tərəfdarları böyük sevinclə qarşılayıblar. AKP-nin sədri, baş nazir Binəli Yıldırım partiyanın mərkəzi qərargahı qarşısında toplaşan çoxsaylı siyasi həmfikirləri qarşısında çıxış edərək bildirib ki, referendum Türkiyənin həyatında tarixi əhəmiyyət daşıyır. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan isə referendumun nəticələrinin ölkəsi və milləti üçün xeyirli olmasını arzu edib. Türkiyədəki referendum, yeni siyasi sistemə keçidin müsbət tərəfləri, regiondakı proseslərə təsiri və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlucavablandırır.

- Elxan bəy, aprelin 16-da Türkiyədə referendum keçirildi, Konstitusiyaya dəyişikliklər qəbul olundu. Ana yasaya bu dəyişikliklərin edilməsi nə dərəcədə zəruri idi? 
- Ərdoğan 15 il bundan öncə Türkiyədə hakimiyyətə gələndə Konstitusiyaya dəyişikliyin edilməsi başlıca hədəflərdən biri idi. Sadəcə, bu işlərə o zaman başlaya bilmirdi. O, hakimiyyətə gələn kimi ölkə iqtisadiyyatını düzəltməli idi və bunu da etdi. İlk vaxtlardan iqtisadi islahatlara start verdi. Ardınca ordu ilə mübarizə mərhələsi oldu. Hətta Abdullah Gülün prezident seçilməsi zamanı ordunun müqaviməti ilə də üz-üzə qaldı. Sonrakı mərhələlərdə Fətullah Gülənin üzə çıxması, onunla mübarizəyə sərf edilən vaxt Konstitusiya dəyişikliklərini xeyli uzatdı. Yalnız aprelin 16-da bu, mümkün oldu. Düşünürəm ki, bu barədə yekun qərar ötən il hərbi çevrilişə cəhddən sonra verildi. Ərdoğan və Türkiyə xalqı bu çevrilişin qarşısını qətiyyətlə, böyük siyasi iradə nümayiş etdirməklə ala bildilər. Məhz bundan sonra Konstitusiyaya dəyişiklik edilməsi barədə qəti qərar verildi. Ərdoğan baş verən proseslərdən sonra zənn edirdi ki, artıq xalqın böyük dəstəyi var və Konstitusiya dəyişikliklərində ciddi nəticələr əldə etmək olar. Ancaq aprelin 16-da keçirilən referendumun nəticələri onu göstərdi ki, dəyişikliklər qəbul edilsə də Ərdoğan istədiyi qələbəni təmin edə bilmədi. O, 55-60 faiz səsə ümidli idi. Lakin Ankara, İstanbul, İzmir, Antalya kimi böyük şəhərlərdə əhalinin böyük əksəriyyəti dəyişikliklərin əleyhinə səs verdi. Bu, o deməkdir ki, Türkiyədə hər iki nəfərdən biri parlament üsul-idarəsinin tərəfdarıdır. Yəqin ki, bundan sonra Türkiyə prezidenti müəyyən addımlar atmağa çalışacaq. Çünki, məhz 2019-cu il prezident seçkilərindən sonra səlahiyyətlər artacaq. Məhz bu andan etibarən Konstitusiyaya edilən dəyişikliklər qüvvəyə minəcək, daxili və xarici siyasətdə əsas fiqura çevriləcək. Amma indiki nəticə onu göstərir ki, Ərdoğan gözlədiyi qələbəni tam təmin edə bilməyib. Halbuki, o, administrativ resursdan istifadə edir, MHP-nin dəstəyini alır, mitinqlərə yüzminlərlə adam yığırdı. Onun rəqibi Kamal Kılıcdaroğlunun isə bu imkanları yox idi. Buna rəğmən Kılıcdaroğlu ciddi müqavimət ortaya qoya, 48 faizdən artıq səs toplaya bildi. Bu, elə də asan məsələ deyil. Məhz bu kimi səbəbləri nəzərə alaraq düşünürəm ki, 2019-cu il seçkiləri Ərdoğan üçün çox çətin olacaq.

- Referendumun nəticələrin bir-birinə yaxın olması gələcəkdə gözlənilən dəyişikliklərin həyata keçirilməsində müəyyən problemlər yarada bilərmi?
- Düşünürəm ki, hər hansı problem yalnız 2019-cu ildə keçiriləcək seçkilərdə ola bilər. Amma nə olursa-olsun bu gün Ərdoğan qalibdir. Əgər yenidən prezident seçiləcəksə, səlahiyyətləri bir qədər də artacaq. Bir qədər əvvəl qeyd elədiyim kimi, ciddi siqnal o oldu ki, böyük şəhərlər referendumda hakim partiyaya dəstək verməyiblər. Bununla yanaşı, AKP-nin dəstəkçisi MHP-nin elektoratının ən azı üçdə ikisi referendumdakı dəyişikliklərin əleyhinə çıxdı. Bu fakt gələcəkdə MHP-AKP ittifaqının zəifləməsi ehtimalını da yaradır. Çünki, indiki nəticələr MHP-nin daxilində ikitirəlik yarada bilər. Yəqin ki, qeydə alınan nəticələrlə bağlı AKP daxilində araşdırmalar aparılacaq. Əks təqdirdə baş verənlər gələcəkdə keçiriləcək parlament və prezident seçkilərində Ərdoğanın əleyhinə işləyə bilər.

- Müşahidələr əsasında belə bir fikir də yürüdülür ki, Türkiyə gələcəkdə ikipartiyalı sistemə keçəcək. Bununla bağlı mövqeyiniz nədən ibarətdir?
- Onsuz da indiki referendumun gedişatı göstərdi ki, Türkiyədə faktiki ikipartiyalı sistem yaranıb. MHP AKP-yə dəstək verdi. Gələcəkdə bu partiyanın AKP-yə birləşməsinin reallaşmasını istisna etmirəm. Bununla yanaşı, PKK-nın siyasi qanadı olan partiya da zərərsizləşdirilib, neytrallaşdırılıb. Haqlı olaraq həmin partiyanın rəhbər heyəti həbsə alınıb. Ortada yalnız CHP var. Bu baxımdan, gələcəkdə Türkiyədə əsas rəqabətin iki partiya arasında getməsi gözləniləndir. Bunlar AKP və CHP ola bilər. 

- Yeni siyasi sistemə keçid Türkiyəyə hansı dvidentlər qazandıra bilər?
- Türkiyədə parlamentə düşmək üçün xüsusi baryer var. Bu baryeri hər partiya aşa bilməz. Əgər MHP zəifləsə, referendumun nəticələrindən sonra iki hissəyə bölünsə, gələcəkdə bu partiya da parlamentə düşə bilməyəcək. Ona görə də ikipartiyalı sistem güclənə bilər. Bunu nə qədər uğurlu olacağını isə zaman göstərəcək. Ancaq bu da faktdır ki, hansı ölkədə ikipartiyalı sistem var, orada prosesləri nizamlamaq mümkün olur. Misal üçün Amerikada, eləcə də bəzi Avropa ölkələrində belə sistem fəaliyyət göstərir. İkipartiyalı sistemin müsbət tərəfi ondadır ki, mübarizə iki istiqamət üzrə, iki qütbün arasında gedir. Kiçik qruplar isə məhz bu iki güclü qütb ətrafında birləşir. 

- Referendumdan sonra Avropanın Türkiyə hakimiyyəti ilə tənqidlərinin artacağı barədə mülahizələr də irəli sürülməkdədir. Siz də belə mülahizələri bölüşürsünüzmü?
-  Ərdoğan referendumdan qalib çıxıb. Hesab edirəm ki, bu andan etibarən onun atdığı addımlardan biri də Türkiyədə ölüm hökmünün bərpa edilməsi istiqamətində olacaq. Düzdür, bu barədə parlament qərar qəbul etməlidir, amma Ərdoğan bəyan edib ki, bu qərarı dəstəkləyəcək. Əgər belə bir hadisə baş verəcəksə, Avropa İttifaqı ilə münasibətlər kəskinləşəcək. Bu zaman isə Ərdoğan ikinci bir addım ataraq ikinci dəfə referendum keçirəcək, öz vətəndaşına belə bir sual ünvanlayacaq ki, Türkiyə Avropa İttifaqı ilə danışıqları davam etdirsin, ya yox? Burda da Türkiyə prezidentinin müsbət nəticə əldə edəcəyini gözləmək olar. Ancaq hazırkı vəziyyətə gəldikdə, onsuz da Ərdoğan Avropa ilə bütün körpüləri yandırıb. Avropa İttifaqı Ərdoğanın əvəzinə Türkiyədə hansısa yeni siyasətçinin hakimiyyətə gəlişini səbirsizliklə gözləyir. İndiki halda belə bir adamın gəlişi 10 il uzana bilər. Fikrimcə, bu səbəbdən referendumdan sonra Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlər soyuq olaraq qalacaq. Mümkündür ki, yaxın gələcəkdə Türkiyə hakimiyyəti Avropa İttifaqı ilə üzvlük danışıqlarına da son versin.

- Türkiyədə keçirilən referendumun nəticəsi regiondakı situasiyaya, həmçinin Türkiyə-Azərbaycan münasibətlərinə necə təsir edəcək?
- İstənilən halda, referendumun nəticələrinin Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı formada təsir edəcəyini düşünmürəm. Çünki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Türkiyədə parlament və ya prezident üsul-idarəsinin olmasına baxmayaraq, ölkələrimiz arasındakı müttəfiqlik əbədi olaraq qalacaq. Hətta Türkiyədə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq da Azərbaycanla strateji müttəfiqliyə sadiqlik nümayiş olunacaq. Ona görə də biz referendumu Türkiyənin daxili işi kimi qəbul edirik. Türkiyə vətəndaşlarının seçiminə də hörmətlə yanaşırıq. Əsas budur ki, strateji müttəfiqliyimiz davamlı olsun. Regiondakı proseslərə təsirə gəlincə, onsuz da indiyə qədər Ərdoğan bir çox məsələləri təkbaşına həll edirdi. Yeni siyasi sistemdə baş nazir olmadığı halda belə Ərdoğan yenə də proseslərin içində olacaq, daxili və xarici siyasəti bilavasitə özü müəyyən edəcək. Bununla yanaşı, Türkiyənin regiondakı yeri və rolunu da xarizmatik lider kimi Ərdoğan müəyyənləşdirəcək. Əsas gözləntilər siyasi-iqtisadi islahatların, PKK ilə mübarizənin davam etdirilməsi, Suriya və İraqdakı proseslərdə Türkiyənin rolunu artırmaqdır. Eyni zamanda, Türkiyə Cənubi Qafqazdakı fəallığını da artıracaqdır. Konstitusiya dəyişikliklərindən əvvəl olduğu kimi, indi də bu proses davam edəcək. Yeganə fərq bundadır ki, artıq gələcəkdə bu proseslər zamanı Baş nazir olmayacaq, bilavasitə Prezident əsas rol oynayacaq. 

- Səsvermənin nəticələri açıqlanandan sonra R.T.Ərdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti İlham Əliyev oldu. Bu fakt Türkiyə-Azərbaycan dostluğunun daha bir nişanəsi sayıla bilərmi?
- Aprelin 16-da referendum başa çatdıqdan, nəticələr elan olunduqdan az sonra Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng etdi, referendumun uğurla keçirilməsi və əhalinin çoxluğunun bu dəyişikliklərə səs verməsi münasibətilə onu, eləcə də Türkiyə xalqını təbrik elədi. Ölkə başçısı İlham Əliyev referendumun nəticələrini xalqın Prezident Ərdoğanın siyasətinə verdiyi böyük dəstək kimi qiymətləndirdi. Hər iki dövlət başçısı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə etdilər. Paralel olaraq, Azərbaycan prezidenti Türkiyə dövlət başçısına təbrik məktubu da göndərdi. Əslində bu iki hadisə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin xarakterindən irəli gəlir. Fikir verin, Avropa ölkələrinin heç birindən Ərdoğana hər hansı təbrik gəlməyib. Bu fakt isə Türkiyə ilə Avropa İttifaqı dövlətlərinin indiki münasibətini nümayiş etdirir. Hətta Rusiya prezidenti də Ərdoğana nəinki təbrik məktubu göndərməyib, heç telefon zəngi də etməyib. Yalnız Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, referendum Türkiyənin daxili işidir. Halbuki, Vladimir Putin Ərdoğana hər hansı qələbəsinə görə ilk zəng edyən şəxslərdən biri olurdu. Görünür, Rusiya hakimiyyəti təyyarə insidentini hələ də unutmayıb. Fransa prezidenti Fransua Olland referenduma münasibət bildirərkən deyib ki, Türkiyə islahatlarla əlaqədar ikiyə bölünüb. Bu da təbrik deyil, daha çox Ərdoğanı "sancmaq” məqsədi daşıyır.

Rufik İSMAYILOV    


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN