“Ərdoğan-Putin görüşündə müsbət nəticələr əldə ediləcək”
Toğrul İsmayıl: "İdlibə
görə Rusiya-Türkiyə qarşıdurması ciddi xəta ola bilər”
Yaxın Şərq regionunda vəziyyətin yenidən gərginləşməsi dünyanın
diqqət mərkəzindədir. Xüsusilə, Türkiyənin bölgədəki həyata keçirdiyi
əməliyyatlar və Suriya məsələsində maraqlı tərəflərin mövcud reaksiyaları
müxtəlif aspektlərdən şərh edilir. Bu baxımdan Suriya rejiminin türk
əsgərlərinə hücumu, bunun baş verməsində maraqlı qüvvələrin olması, Türkiyənin
Suriyada başlatdığı "Bahar qalxanı" əməliyyatı, yeni nəsil
silahlardan istifadəsi, əldə etdiyi nəticələr, martın 5-də gözlənilən Ərdoğan-Putin
görüşü ilə bağlı "Kaspi” qəzetinin suallarını beynəlxalq münasibətlər üzrə mütəxəssis, politoloq Toğrul İsmayıl
cavablandırıb.
- Toğrul bəy, sizcə, İdlibdəki
gərginliyin artmasının əsl səbəbi nə oldu? Nədən Suriya bu bölgəni ələ keçirmək
fikrinə düşdü, Rusiya da buna dəstək verdi?
- Əslində bu, Suriya üçün yox, Rusiya üçün önəmli məsələ idi.
Fikrimcə, əsas məsələ də budur. Əvvəlcə Rusiya sadəcə Lazkiye və Tartus
bölgəsinə hakim idi. Lakin "Sülh çeşməsi” hərəkatından sonra Rusiya Türkiyənin
cənub-şərq bölgələrinə yaxın ərazilərdə də hərbi bazalar qurmağa çalışdı. Buna
görə də həmin hərbi bazaların yollarını birləşdirmək üçün ana yola ehtiyac var
idi. Digər tərəfdən, gərginliyin olmadığı bölgələrindəki müvafiq yerlər
təmizlənmişdi. Türkiyənin nəzarətində olan 4-cü bölgənin nəzarətə alınmasına
ehtiyac var idi. Fikrimcə, Rusiyanın getdikcə Suriyada dalana dirəndiyini görüb,
iqtisadi çətinliklərlə birgə problemin bir an öncə həllinə nail olub, hərbi
əməliyyatların dayandırılmasına çalışır. Məhz bu səbəbdən də belə tələsik
qərarlar verilməyə başlandı. Türkiyə əvvəllər geri addım atırdı, lakin indi
buna gedilmədi. Bununla da təzyiq və təsirlərlə bəyan edirdilər ki, Türkiyə
doğru qərar verməyib və bu addım rəsmi Ankaranı geri sala bilər.
- Hazırda Türkiyənin
bölgədə həyata keçirdiyi "Bahar qalxanı” əməliyyatının əsas məqsədi nədir?
- Hədəf Əsəd rejiminin irəlilədiyi yerləri geri almaq və Soçi
anlaşmasında qeyd edilən ərazilərdəki sərhədləri bərpa etmək və Türkiyənin münaqişə
bölgəsindəki nəzarət məntəqələrinin təhlükəsizliyini təmin etməkdir. Bildiyimiz
kimi, bu ərazilərdə Türkiyənin dəstəklədiyi müxalif güclər var və o cümlədən 4
milyona yaxın Əsəd rejiminin əleyhinə olan əhali yaşayır. Təhlükəsizliklə bağlı
təminat pozulduqdan sonra onların qısa müddət ərzində Türkiyəyə qaçqın kimi
gəlmək təhlükəsi var. Ona görə də bunun qarşısının alınması üçün önləyici addımlar
atılır.
- İdlibdəki proseslər
Rusiya-Türkiyə qarşıdurması ilə nəticələnə bilərmi?
- Yox, belə bir qarşıdurma ilə nəticələnməz. Çünki Rusiya, İran və
Suriya Türkiyəyə qarşı hərbi güc tətbiq edə biləcək gücdə deyillər. Eləcə də
uzun müddətli müharibə tərəflərin heç birinin işinə yaramaz.
- İndiki şəraitdə Türkiyə
hərbi əməliyyatlarla bərabər həm də diplomatik müstəvidə danışıqlar aparır. Yaxın
vaxtlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərfoğanın Rusiya Prezidenti Vladimir Putinlə
görüşü planlaşdırılır. Sizcə, bu görüşdən hansısa nəticə əldə ediləcəkmi?
- Rusiya və Türkiyə prezidentləri arasında bundan öncə də görüşlər
keçirilib və amma təəssüf ki, nəticə əldə edilməyib. Amma ümumilikdə tərəflər
üçün müəyyən olunmuş xətlər bəllidir. Fikrimcə, Putinlə budəfəki görüşdə
hansısa müsbət nəticələr əldə ediləcək. Konkret deyə bilmərəm hansı nəticələr,
çünki proses çox qəlizdir. İndiki halda Putinin nüfuzu da sual altındadır.
Düzdür, Türkiyənin şəhidləri oldu və bu faciəvi, üzücü hadisədir. Lakin
göründüyü kimi, Türkiyə ona qarşı edilənlərə eyni ilə cavab verdi və əks-hücuma
keçib, Əsəd rejimi qüvvələrinə çox ciddi zərbələr endirdi. Onu da qeyd etmək
yerinə düşər ki, bu əməliyyatlar zamanı Türkiyə bütünlüklə texnoloji
üstünlüyünü göstərdi. Bəlli oldu ki, Türkiyə daha modern silahlara sahibdir və
bunun qarşısını almaq mümkün deyil. Əsəd rejimindəki Rusiya silahları isə
köhnədir və bu səbəbdən də oradakı S-300 və S- 400 raket kompleksləri də
Türkiyədə olan pilotsuz uçuş aparatlarına qarşılıq verə bilmədi. Çünki 70-ci,
80-ci illərin hərbi layihələrində dronlar nəzərə alınmayıb. Yəni, bu
əməliyyatlarda Türkiyə texnologiyanın gücü ilə Əsəd qüvvələrinə qalib gəldi.
Bununla da bu sahədə daha təcrübəli olduğunu göstərdi. Bir də nəzərə alamq
laızmdır ki, hazırda Türkiyə NATO-nun ikinci hərbi gücüdür fikri təsadüfən
səsləndirilmir.
- BMT-nin və ABŞ-ın Suriya
üzrə xüsusi nümayəndələri də Türkiyəyə səfər edəcəklər? Sizcə, onları Ankaraya
gətirən nədir?
- Təbii ki, bu səfərlərin də əsas məqsədi Suriyadakı gərginlikdir.
Yəni, Türkiyə eyni zamanda diplomatik fəaliyyətini gücləndirir. Çünki İdlib
ətrafındakı proseslərdə problemlər çoxdur. İdlibdə sadəcə, hərbi əməliyyatlar
məsələsi deyil, eyni zamanda insan faciəsi yaşanır, qaçqınlar məsələsi var. O
cümlədən Türkiyə sərhəd maneəsini də aradan qaldırıb və qaçqınlar istədiyi yerə
gedə bilərlər. Bu, məcburi köç deyil, ona görə də bunu doğru anlamaq lazımdır.
Türkiyə sadəcə olaraq ərazisində olan qaçqınlara ölkədən çıxıb getmək azadlığı
verib. Yəni, istəyənlər ölkəni tərk edə bilər, istəyənlər qala bilər. Amma
təbii ki, Türkiyənin sərhədləri açması Avropa üçün ciddi bir problemdir.
Bununla da Türkiyə Avropanı, BMT-ni məsuliyyətli olmağa dəvət edir.
- NATO Türkiyənin müdafiə
ediləcəyi ilə bağlı bəyanat yayıb? Bu, nə dərəcədə realdır? Konkret hansı
addımlar atıla bilər?
- NATO baş katibinin dəstəklə bağlı açıqlamaları var.
Düşünürəm ki, Türkiyənin özünü qorumağa yetərincə gücü də var və onlara
ehtiyacı yoxdur. Sadəcə, belə fikirlər Türkiyənin bir NATO ölkəsi olduğunubn
göstəricisidir. Hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi ilə
birlikdə, bu olsa da olar, olmasa da, Türkiyə NATO-dan həm də İdlib ətrafında Suriya
səmasında uçuşların qadağan olunmasını təklif deyir. Bu da bombardmanların
dayandırılması ilə faciələrin qarşısı alacaq. Əvvəllər Türkiyədəki qaçqınların Avropaya
köç etməsinə maneə yaradılırdı. Lakin indi heç bir əngəl yoxdur. Buna rəğmən
Türkiyənin qaçqınlarla bağlı humanist siyasəti davam edir. İndiki halda,
Türkiyənin bu addımı bir mesajdır. Məsələ burasındadır ki, Avropa ölkələri,
dünya ictimaiyyəti Suriya qaçqınlarının problemlərinin həlli üçün Türkiyəyə söz
verdilər, amma buna əməl etmədilər. Türkiyə isə son ana qədər sözünün üstündə
durdu. Amma indi xərclərin artdığını, yeni köç dalğasının yaşandığını görüncə
qaçqınlara sərbəstlik verir. Əslində, Türkiyə bununla heç də qanundankənar
addım atmır. Bir məqamı da qeyd edim ki, Yunanıstan NATO-nun məclis
toplantısında Türkiyə ərazisinə hava hücumundan müdafiə sistemlərinin
verilməsinə etiraz etmişdi. Lakin qaçqınların köç məsələsi olduqdan sonra
qoyduğu vetonu ləğv etdi. Yəni, ölkələr anlayırlar ki, yaranmış problem ortaq
həll edilməlidir.
- Sizcə, İdlib
gərginliyinin yaxın zamanlarda səngiməsi mümkün olacaqmı?
- Martın 5-də keçiriləcək görüşdən sonra gərginliyin
azalacağını düşünürəm. Xüsusilə də, İdlibə görə Rusiya-Türkiyə qarşıdurması ciddi
xəta ola bilər. Fikrimcə, ruslar ciddi şəkildə yanlış addım atır və gərəksiz
olaraq gərginlik yaradır. Onu deyim ki, hazırda bölgədə Türkiyənin qarşısında
dayana biləcək hansısa güc yoxdur. Anlaşma olmasa Türkiyə bölgədə hərbi
əməliyyatlarını davam etdirəcək. Əsəd qüvvələri Soçi razılaşmasında yer almış
ərazilərə qədər geri çəkilməyə məcbur ediləcək. Bundan sonra Türkiyə bir az da
irəliləyəcək ki, danışıqlarda əli güclü olsun. Bir də ona diqqət etmək lazımdır
ki, Türkiyə-Rusiya əlaqələrini "strateji” adlandırmaq yanlışdır. Türkiyənin
Rusiya ilə Suriyadakı işbirliyi taktikidir və bunu hər iki dövlət bilir. Amma
türk əsgərlərinin Suriyada xidməti zamanı hədəfə alınması təxribatdır və
düşünülməmiş bir hadisədir. Bu səbəbdən də problemin yaxın zamanda həll edilməsi
vacibdir.
BƏXTİYAR