• cümə, 29 Mart, 19:43
  • Baku Bakı 14°C

Ərdoğan Obama ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

18.05.13 08:24 1685
Ərdoğan Obama ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri dünyanın siyasi gündəmində yer alan aktual məsələlərdəndir. Qeyd edildiyi kimi, Ərdoğan Ağ evin rəhbəri Barak Obama ilə görüşündə Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə edib. Tərəflər regionda Azərbaycan və Ermənistan arasında münasibətləri, həmçinin İran, Əfqanıstan, Afrika və Myanmadakı vəziyyəti müzakirə ediblər. İki saatdan artıq davam edən təkbətək və heyətlərarası görüşlərdən sonra iki lider "Rose Garden"də birgə mətbuat konfransı keçirib. Gözlənildiyi kimi Suriya məsələsi prioritet olub.
ABŞ prezidenti müttəfiq Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət verdiklərini bildirib və bu ortaqlığın baş nazir Ərdoğanın liderliyi ilə də inkişaf etdiyini deyib. Reyhanlıdakı terror aktına da toxunan Obama ABŞ xalqı adından Türkiyəyə başsağlığı verib. ABŞ lideri bu məsələdə Türkiyə ilə əməkdaşlığı davam etdirəcəklərini söyləyib. ABŞ prezidenti eyni zamanda Türkiyədəki həll prosesinə də toxunduqlarını bildirib: "Sizin bu çətin mərhələdə Türkiyədəki həll prosesində göstərdiyiniz liderliyə görə təşəkkür edirəm". Obama Türkiyəyə insan haqlarının gücləndirilməsi və hüququn üstünlüyü sahəsindəki dəstəyi də davam etdirəcəklərini vurğulayıb.
Baş nazir Ərdoğan isə "Türkiyənin yaxın müttəfiqi, dostum Obama ilə bir daha Vaşinqtonda görüşməkdən məmnunam" deyə sözə başlayıb. Qonaqpərvərliyə görə Obamaya təşəkkür edən Ərdoğan Bostondakı terrorla bağlı Amerika xalqına başsağlığı verib: "Uzun illərdir terrorla mübarizə aparan və ağır itkilər verən bir ölkə olaraq ABŞ xalqının hissiyatını yaxından anlayırıq. Terrorla ortaq mübarizəmizi davam etdirməkdə qərarlıyıq". ABŞ və Türkiyənin Yaxın Şərqdən Balkanlara, Şərqi Aralıq dənizindən Qafqaza, enerjidən ticarətə qədər bir çox sahədə güclü əməkdaşlıq etdiyini deyən Ərdoğan iki ölkəni maraqlandıran əksər məsələlərə toxunduqlarını vurğulayıb. Baş nazir qeyd edib ki, gündəliyin bir nömrəli məsələsi Suriyadakı böhran olub”.
Görüşdə İraqdakı seçkilərin də müzakirə edildiyini bildirən Ərdoğan bu seçkilərin şəffaf olmasının və bütün qrupların iştirak etməsinin mühüm olduğunu vurğulayıb. İsrailin üzr istəməsindən sonrakı prosesləri də müzakirə etdiklərini bildirən baş nazir Qəzzaya edəcəyi səfərinin İsrail-Fələstin sülhünə də, Fələstindəki daxili sülhə də töhfə verəcəyini deyib. Kiprdə sülh üçün ciddi zəmin yarandığına inandığını deyən baş nazir bu imkanın itirilməməsi məsələsində də həmfikir olduqlarını bildirib.
Bu səfərin Türkiyə-ABŞ münasibətləri baxımından tarixi gün olduğunu bildirən baş nazir Türkiyə-ABŞ ittifaqının sülhə, təhlükəsizliyə və sabitliyə xidmət edəcəyini söyləyib. ABŞ prezidenti Barak Obama isə Suriyada kimyəvi silahdan istifadə edildiyinə dair dəlillərin olduğunu deyib, ancaq qeyd edib ki, bu məsələylə bağlı daha çox məlumata, daha konkret dəlillərə ehtiyac var: "Amma hətta bunu bir tərəfə qoysaq belə, Suriyada başqa silahlarla minlərlə insan öldürülüb. Bu belə başlı-başına beynəlxalq birliyin cavabını zərurləşdirir. Siyasi addımlar gücləndirilməlidir. İnsanların tələblərinə yerinə yetirən bir rejim qurulmalıdır. Suriyadakı insanların özlərini Əsəd rejimindən qoruması mühümdür. Beynəlxalq birlik Əsədə daha çox təzyiq etməli, Əsədin legitim olmadığını daha güclü şəkildə ifadə etməlidir".
Baş nazir Ərdoğan ABŞ-ın Suriya ilə bağlı ləng tərpənməsini necə dəyərləndirdiyinə dair sualın cavabında stəkana dolu tərəfindən baxmaq istədiyini bildirib: "Biz beynəlxalq birliyin həssaslıq nümayiş etdirməsini istəyirik. İnanıram ki, ABŞ da bu səyi göstərir. BMT Təhlükəsizlik Şurası, Ərəb Liqası və bu məsələyə həssaslıq göstərən ölkələr var. Biz onların da iştirakıyla bu prosesi sürətləndirməyə çalışırıq. Bu səyahətdən sonra başqa ölkələrə də səfər edərək bu prosesi necə sürətləndirməyə çalışacağıq. Necə edək ki, daha az insan ölsün və demokratik rejim gəlsin - bizim dərdimiz budur. Bizim dərdimiz Suriyanı diktatorluqdan qurtarmaqdır. Bu, demokratiyaya inanan ölkələrin ortaq problemidir".
Obama isə türk jurnalistlərdən birinin "Əsəd getməlidir dediniz. Necə və nə zaman getməlidir?" sualına belə cavab verib: "Əsədin iki il əvvəl getməsi daha doğru olardı. Biz başlanğıcda da bunu demişdik. Əsəd öz xalqına atəş açmağa başladıqdan bəri legitimliyini itirib. Dinc aksiyalara bu cür yanaşmaqla legitimliyini itirib. Bu proses daha dinc ola bilərdi. İndi isə keçid prosesi nə qədər qısa olsa, o qədər yaxşıdır. Bunun necə olacağını da müzakirə etməkdəyik. Çox fərqli, sehrli bir formul yoxdur. Güclü addımlar atmalıyıq. Cenevrədə Rusiyanın da iştirakıyla siyasi keçid prosesini ciddi şəkildə müzakirə edəcəyik. Türkiyə ilə də məsləhətləşmələrimiz davam edəcək. Suriya ilə bağlı həm hərbi, həm diplomatik variantlar masanın üstündədir".
Ərdoğan ABŞ prezidenti ilə birlikdə keçirdiyi mətbuat konfransında Qəzzaya planlaşdırdığı səfərlə bağlı yeni tarix verib. Ərdoğan iyun ayında Qəzzaya səfər etməyi planlaşdırdığını deyib. Baş nazir yalnız Qəzzanı deyil, Qərbi Şərianı da ziyarət edəcəyini bildirib. Yaxın Şərqdə sülh prosesi baxımından bu səfərə böyük əhəmiyyət verdiyini söyləyən Ərdoğan Fələstində bir qrupa sahib çıxmaqdan söhbət gedə bilməyəcəyini vurğulayıb. Baş nazir bu səfərin Fələstində sülh prosesinə də töhfə verəcəyinə ümid etdiyini deyib.
Onu da qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri və vitse-prezidenti Cozef Bayden Dövlət Departamentində baş nazir Rəcəb Tayyib Ərdoğanın şərəfinə nahar yeməyi verib. Kerri buradakı çıxışında vəzifədə olduğu ilk 100 gündə Türkiyədən çox ziyarət etdiyi başqa bir ölkə olmadığını deyib. Dövlət katibi "Türkiyəyə üç dəfə getdim, amma evimə hələ iki dəfə getmişəm" sözləriylə zaldakıları güldürüb. Kerri ABŞ-Türkiyə əlaqələrinin çox güclü olduğunu vurğulayıb. Türkiyədə bu haqda bir atalar sözünün də olduğunu bildirən Kerri sözlərini türkcə davam etdirib: "Dağ dağa qovuşmaz, insan insana qovuşar. Bunu etmək bizdən asılıdır. Baş nazir Ərdoğan, dostluğunuz üçün təşəkkür edirik".
Azər NURİYEV
banner

Oxşar Xəbərlər