• şənbə, 20 Aprel, 15:03
  • Baku Bakı 23°C

“Çərçivəyə girməkdən qorxuram” - Sənət

09.09.17 11:30 3530
“Çərçivəyə girməkdən qorxuram” - Sənət
Rəssamlıq sənəti tarixən ən kübar və diqqətçəkən incəsənət sahələrindən biri olub. Rənglərin ahəngi, müxtəlif çalarları insanı öz sehrli dünyasına qərq edir. Biz adətən rəssamların öz əsərlərini kağız, kətan üzərində çəkmələrinə adət etmişik. Müsahibimiz isə digərlərindən fərqli olaraq öz rəsmlərini dəri üzərinə həkk edir. Sosial şəbəkələrdə öz işləri ilə diqqətimizi çəkdikdən sonra qərara gəldik ki, siz də onu yaxından tanıyasınız. Müsahibimiz Amerika Birləşmiş Ştatlarında yaşayan rəssam Pərviz Əsədovdur.

Rəsm çəkməyə hələ uşaq yaşlarından həvəsi olan müsahibimiz deyir ki, bu iş onun üçün həm də art-terapiya rolunu oynayır: "1984-cü ildə Neftçala rayonunda dünyaya göz açmışam. Orta təhsilimi də elə orada almışam. Hələ orta məktəb illərindən rəsm çəkməyə xüsusi həvəsim var idi. Bu qabiliyyətim məni sinifdə digər uşaqlardan fərqləndirirdi. Elə o illərdə məktəblərarası və respublika üzrə rəsm yarışmalarına qatılırdım və qalib olurdum. İş elə gətirdi ki, ali təhsilimi tamamilə fərqli sahə üzrə seçdim. Məktəbi bitirəndən sonra Azərbaycan Texniki Universitetində Elektronika üzrə mühəndislik ixtisasına qəbul oldum. Elə buna görə də universitet və əsgərlik illərində rəsmə bir müddətlik ara verməli oldum. Bu illər ərzində bir müddətlik durğunluq yarandı və bu dönəmdə rəsm çəkməklə demək olar ki, məşğul ola bilmirdim. Uzun müddət ara verdikdən sonra stress atmaq məqsədiylə 2011-ci ildə yenidən bu işlə məşğul olmaq qərarına gəldim. Amma bu dəfə sırf art-terapiya, sakitləşmək məqsədi ilə rəsm çəkməyə başladım. Daha sonra isə hər şeyin öz-özünə davamı gəldi. Belə ki, dostlarımın təklifi və təkidi ilə sərgilərə qatıldım və nəticədə bu məqama gəlib çıxa bildim.


Müsahibim deyir ki, material kimi dərini öz işlərinin uzun müddət korlanmadan qalması məqsədilə seçib: "Dəri üzərində uzun müddət sınaqlar apardıqdan sonra bu qərara gəldim. Əslində dəri üzərində rəsm çəkməyə marağım həm də tarixlə bağlıdır. Bildiyimiz kimi, əsrlər əvvəl yazılmış kitabələr, xüsusən Zərdüştiliyin dini kitabı olan Avesta dəri üzərində həkk olunduğuna qədər günümüzə gəlib çıxa bilib. Məhz dərini seçmə səbəbim rəsmlərimin uzun illər restavrasiyaya ehtiyac olmadan əsrlərlə yaşamasını istəməkdir. Kətan üzərində çəkilən rəsmlər 50-60 il sonra hansısa qulluq tələb edir. Amma dəridə buna ehtiyac yoxdur. Uzun illər ərzində rəsmlər öz təbiiliyini qoruya bilir. Ona görə də belə bir qərara gəldim”.
Həmsöhbətim dəri üzərinə rəsm çəkməyə 2013-cü ildən başlayıb: "Texnika olaraq mən aşılanmış dərinin tüklərini boyayaraq rəsmlər çəkirəm və bu texnika dünyada ilkdir. 4 il olar ki, rəsmlərimi dəri üzərinə həkk edirəm. Qeyd etdiyim kimi, ilk vaxtlar rəssamlığa hobbi kimi yanaşırdım. Sonradan bu işi daha da inkişaf etdirmək qərarına gəldim və keçən il ABŞ-ın Kaliforniya ştatında dəri üzərində çəkdiyim heyvanlar seriyasından olan 22 rəsmlə sərgim təşkil olundu. Bundan başqa, eyni sərgi keçən ilin sonunda Bakıda da keçirildi. Bu ilin dekabr ayında qısa müddətli olaraq Bakıya gəlmək fikrim var. Amma hələ ki Bakıda sırf dəri rəsmləri ilə bağlı sərgi düşünülmür. Qeyd edim ki, hər ilin sonunda olduğu kimi, bu il də beynəlxalq sülh təşkilatının Azərbaycan və Türk dünyası təmsilçisi olaraq sərgi təşkilatçılığını edəcəm. Dekabrın sonlarına doğru bütün rəssamların iştirakı ilə bu sərgi üçüncü dəfə təşkil olunacaq. Sərgiyə bölgələrimizdən də qatılan rəssamlar olacaq. Hazırda isə burada bəzi rəssamlarla görüşürəm və onlarla müəyyən fikir mübadilələri aparırıq. Lakin burada Azərbaycandan fərqli olaraq, demək olar ki, bütün qalereyalar hazırda doludur və sərgi üçün xeyli müddət əvvəlcədən sifariş verməlisən. Ona görə də sərgi haqda gələn ilin ortalarına doğru fikirləşirəm. Qeyd edim ki, gələcəkdə bu sərgilər yeni layihələrlə təkcə ABŞ-da deyil, fərqli ölkələrdə davam edəcək”.
Müsahibim deyir ki, getdikcə işlərinə daha çox maraq yaranıb və ondan sonra bu sahədən gəlir əldə etməyə başlayıb: "İşlərim bir çoxları tərəfindən maraqla qarşılandı. Elə hər şey də bundan sonra oldu. İctimaiyyətdə işlərimə marağın olduğunu gördükdən sonra qərara gəldim ki, rəsmlərimin satışını da həyata keçirim. Beləliklə, satışlar başladı. Düzünü desəm, əməyinin bəhrəsini görmək sevindiricidi. Sevdiyin bir işdən gəlir əldə etmək insanda daha da həvəs yaradır. Bir rəsm əsəri ölçüsündən asılı olaraq, təqribən 5-15 gün vaxtımı alır. Qiymətlər sifarişin ölçüsündən asılı olaraq 500-1500 manat arasında dəyişir”.
Sonda rəssam gələcək planları haqda da danışdı: "Qeyd etdiyim kimi, yaxın gələcəkdə ölkəmizdə və Amerikada sərgilər keçirməyi planlaşdırıram. Lakin hələ ki təhsil almaq barəsində düşünmürəm. Çünki təhsil alsam, hansısa çərçivəyə girəcəyimdən, fikirlərimin standart olacağından qorxuram. Ona görə də hər şeyi öz axarına buraxmışam”.
Şəbnəm Mehdizadə




banner

Oxşar Xəbərlər