• cümə, 29 Mart, 09:57
  • Baku Bakı 5°C

Ərazi yox, yaşıllıq da az

06.03.21 09:30 1829
Ərazi yox, yaşıllıq da az
Mütəxəssislər Bakıda yaşıllıq sahəsinin artırılmasına mane olan faktorların çox olduğunu deyirlər
"Bu gün Bakı şəhərində yaşıllıq sahəsi azdır. Şəhərin yaşıllıq sahəsinin artırılması üçün son illər ərzində işlər görülsə də, bu, hələ norma çərçivəsində deyil. Hər hansı şəhərin 33 faizi yaşıllıqdırsa, bu, qəbul olunmuş norma sayılır. Amma bu gün bizim yaşıllıq sahələrimiz azdır. Bu sahələrin artırılması lazımdır".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəisi Mirsalam Qənbərov "Ekspert saatı” proqramında deyib.
Əslində, şəhərə nəzər yetirəndə qeyd edilən fikirlərin əyani şahidi olmaq mümkündür. Tez-tez "Ağacəkmə aksiyası həyata keçirildi” tipli xəbərlərə də rast gəlirik, yaşıllaşdırma işləri ilə bağlı məlumatlara da… Yəni bu kimi işlər görülür, bəs problemin istənilən səviyyədə həll olunmamağının səbəbi nədir? Yaşıllıqların salınması üçün müvafiq ərazi kifayət qədər varmı, yoxsa elə problemlərdən biri də budur?
"Xüsusi qorunma olmasa…”
Coğrafiya elmləri doktoru Çingiz İsmayılov bildirdi ki, böyük şəhərlər üçün yaşıllıq təsərrüfatı xüsusi önəm kəsb edir: "Norma belədir ki, ərazinin heç olmasa təxminən üçdə biri yaşıl örtüklü olmalıdır. Bu, böyük şəhərlər üçün çox vacibdir. Çünki böyük şəhərlərdə sənaye, nəqliyyat ətraf mühitin, havanın çirklənməsində böyük rol oynayır. Bu səbəbdən, şəhərin havasının sağlamlaşdırılmasında yaşıllıqlar vacibdir. Bunlar parklar, meşə zolaqlarıdır”.
Ç.İsmayılovun sözlərinə görə, Bakının iqlim şəraitinə uyğun yaşıllıq təsərrüfatı qurulmalıdır, əks halda görülən işlər nəticəsiz qala bilər: "Bakı digər şəhərlərdən fərqli olaraq yarımsəhra zonasındadır. Ona görə, burda bitkilərin becərilməsi, bitirilməsi, bitməsi və onların qorunması üçün digər şəhərlərlə müqayisədə daha ağır iqlim şəraiti vardır. Heç də bütün yaşıllıqlar bu iqlim üçün uyğun deyil. Eldar şamı, zeytun ağacı, cürbəcür yolkalar bu iqlim şəraitinə daha münasibdir. Uyğun ağaclar əkilirsə, bu zaman yaxşı qulluq edilməlidir. Daim suvarmaq tələb olunur. Bu da əlavə xərclərdir. Xüsusi qorunma olmasa, yaradılan da tez sıradan çıxacaq. Burda xüsusi nəzarət olmalı, monitorinqlər aparılmalıdır. Ancaq aparılmır, buna görə də bu çatışmazlıqlar bizdə öz əksini tapır. Yaşıllıqların qorunması, bərpa edilməsi, yeni zolaqların yaradılmasında Bakı şəhərinin fərdi xüsusiyyətləri təhlil olunmalı və buna əsasən iş görülməlidir. Ümumi qəbul olunmuş göstəricilər baxımından yanaşıb iş görmək olmaz”.
"Bakıdakı ağacların 10-20 faizi çoxdan kəsilməlidir”
Ç.İsmayılovun sözlərinə görə, tikinti işləri aparılarkən yaşıllıqla bağlı normalar xüsusi nəzərə alınmalıdır: "Şəhərlərdə yeni və daha çox bina tikilirsə, bu da yaşıllıq zonalarının azalmasına təsir göstərir. Çünki tikinti gedən ərazidə hansısa ağac növləri qırılır. Digər tərəfdən, tikinti normalarında da yaşıllıqla bağlı əks olunan qaydalar var. Hər hansı çoxmərtəbəli bina inşa edilirsə, onun üçün yaşıllıq zonası da nəzərə alınmalıdır. Orda park olmalı, vətəndaşlar, uşaqlar üçün istirahət zonası yaradılmalıdır. Bunlara riayət olunması vacibdir. Bəs nə dərəcədə riayət olunur? Bakıda hər bir layihəni Bakı Şəhər İcra Hakimiyyətinin baş arxitektoru təsdiq edir. Layihə təsdiq olunanda, normativlərə görə binalararası məsafə, yerləşdiyi ərazi, yaşıllıq və s. nəzərə alınmalıdır. Yəni qanunvericilik formasında hər detal nəzərə alınıb, amma söhbət ona nə dərəcədə riayət olunması ilə bağlıdır”.
Ç.İsmayılov bildirdi ki, Bakı şəhərində yaşıllıq təsərrüfatına nəzarət səviyyəsi də yaxşı deyil: "Yaşıllıq təsərrüfatı nəzarətdə olmalı, mütəmadi şəkildə işlər görülməlidir. Məsələn, binalar arasındakı ağaclara gedib baxın. Onların 10-20 faizi çoxdan kəsilməlidir. Quruyub durur, amma kəsmirlər. Elə bil nə vaxt yıxılacağını, nəsə qəza yaradacağını gözləyirlər. Yaz ayları gəlir və hansı məhəllədə, binaların arasında ağaclara qulluqla bağlı iş aparıldığını görmürsünüz? Hansı köhnə, qurumuş ağaclar kəsilir? Heç nə edilmir və qurumuş ağaclar da yaşıllıq fondu adı ilə gedir. Qeyd olunan rəsmi yaşıllıqlar sahəsinin 10-20 faizi qurumuş ağaclardır. Kəsilməli və yerinə yenisi əkilməlidir”.
"33 faiz yaşıllığa nail olmaq mümkün deyil”
Ekoloq Samir İsayev bildirdi ki, hər şəhərin iqliminə əsasən abadlaşdırma, yaşıllaşdırma dərəcəsi olur: "Dünyanın heç bir yerində "Şəhərin 33 faizi yaşıllıq olmalıdır” kimi norma qoyulmayıb. Məsələn, Ər-Riyada belə norma qoya bilməzsiniz. Hər şəhərin iqliminə görə abadlaşdırılma, yaşıllaşdırma dərəcəsi olur. Burada əsas hədəf yaşıllıq deyil, səhər sakinlərinin istirahəti üçün ərazilərin olmasıdır. Bu, qazon, kol-kos, yaşıllıq, yaxud göl ola bilər. Müxtəlif formalardan insanların dincəlməsi üçün şərait qurmaq lazımdır. Təbii ki burda yaşıllaşma norması da nəzərdə tutulur. Yaşıllaşdırma məsələsi Şəhərsalmavə TikintiMəcəlləsində əks olunub. Bina tikilən zaman onun yanında abadlaşdırılma, yaşıllaşma üçün də sahə ayrılmalıdır”.
S.İsayev bildirdi ki, Bakıda 33 faiz yaşıllığa nail olmaq mümkün deyil: "Çünki şəhərsalmada binaları tənzimləyə bilərsən, amma yollara, sosial, ictimai obyektlərə ehtiyac var. Bəzən bunların yanında yaşıllıq salmaq olmur. Çünki şəhərin köhnə hissəsində oturuşmuş infrastruktur var. "Sovetski” adlanan ərazidə evlər söküldü, onun yerində bina tikilmədi, park salındı. Belə imkan hər deyəndə olmur. Bakıda 2-3 belə imkan var. Ondan istifadə olunduqdan sonra gələcəkdə hər dəfə belə imkan mümkün olmayacaq. Müstəsna hallarda ola bilər. Məsələn, torpağın altında yerləşən infrastruktur obyektlərinə görə həmin ərazidə bina tikintisi aparılması mümkün olmasın. Bu zaman yaşıllıq salınması üçün istifadə edilə bilər”.
"Yaşıllaşdırma işlərindən öncə infrastrukturu qurmaq lazımdır”
S.İsayevin sözlərinə görə, ağac əkməklə yaşıllıq problemi həll edilmir, yaşıllaşdırma üçün infrastruktur qurulmalıdır: "Şəhərin içərisində sağlam yaşıllaşdırma mühiti olmalıdır. Həm şəhər mühiti üçün oksigen istehsal etməlidir, həm də yaşıllığın əsas önəmindən biri də odur ki, tozu udur. Ancaq ağac əkməklə yaşıllıq problemi həll edilmir. Məsələn, şəhərdə texniki su xətti yoxdur. İstifadə olunmuş suları təmizləməklə şəhərin yaşıllaşdırılmasına cəlb etmək olar. Bu şəbəkə şəhərdə qurulmayıb. Şəhərdə suvarma üçün içməli sudan istifadə edilir. Ötən yay ölkədə ciddi su qıtlığı olanda, bunun fəsadlarını gördük. Gələcəkdə də bu tipli problemlərin qarşısının alınması üçün ölkə başçısının təşəbbüsü ilə hökumət ciddi addımlar atmağa başladı. Yay aylarında əksər yerlərdə yaşıllıqların suvarılmadığını görürdük. Gözdən qaçan yerlər də ola bilər, amma şəhərdə su çatmırdı, əsas problem bu idi. İldən-ilə bu problem artacaq. Şəhəri yaşıllaşdırmaq, bunun üçün hansısa normaları qarşıya qoymaqla iş bitmir. Bütün yaşıllaşdırma işlərindən öncə infrastrukturu qurmaq lazımdır”.

S.İsayev deyir ki, texniki su xəttinin çəkilməsi çox xərc tələb edən məsələdir, ona görə, problemi hissə-hissə həll etmək olar: "Yaşıllıq içməli su ilə yox, texniki su ilə qurulmalıdır. Şəhərin içində texniki su xətti çəkmək üçün yollar dağıdılmalı, asfaltlar sökülməli, yeni su xətləri çəkilməlidir. Bu da böyük xərc tələb edir. Hazırda isə ölkənin əsas diqqəti Qarabağı yenidən qurmağa yönəlib. Ona görə, texniki su xətlərinin çəkilməsinə strateji yanaşaraq işləmək lazımdır. Məsələn, indi hansı yollarda təmir gedirsə, orda boruları çəkib hazır qoysunlar. Şəhərdə təmir getdikcə hissə-hissə qurulsun. Sonra hansısa şəbəkə qurular və birləşdirilər. Belə planlama da etmək mümkündür. Bir az çox vaxt aparar, amma bu üsulla artıq xərclərə gedilməz”.
"Bakı ətrafında yaşıllıq salmaq üçün ərazi çox məhduddur”
S.İsayev bildirdi ki, hansısa ərazidə ağacların kəsilib yerində tikinti aparılmasına heç də həmişə yaşıllıqların məhvi kimi yanaşmaq olmaz: "Bizdə şəhərin bəzi hissələrində perspektiv şəhərsalma əraziləri var. Bu, hazırda heç bir tikinti getməyən, amma gələcəkdə tikilməsi planlaşdırılan ərazidir. Tutaq ki planlaşdırılır ki, 40-50 il sonra ərazidə tikinti aparılacaq. O vaxta qədər ərazi boşdur, orada ağaclar əkilir, yaşıllaşdırma işləri aparılır. Bakıdakı ağacların əksəriyyətinin yaşı 30-50 arasıdır. Yəni planlaşdırılma belə edilir ki, tikinti işləri aparılacağı dövrdə artıq o ağacların da çoxunun ömrü başa çatacaq. Sonra ağac qocalır, onu kəsmək yenisini əkmək lazımdır. Belə hallar yaşandı ki, perspektiv şəhərsalma ərazilərində əkilən ağacları kəsib tikinti aparanda, insanlar etiraz edirdilər. Amma bu, planlaşdırılmış işlər idi. Yəni vaxtında yaşıllaşdırmışdılar və sonra kəsib yerində şəhərsalma işləri görüldü. Normal haldır. Bu gün də yaşıllıq təsərrüfatının artırılması üçün perspektiv şəhərsalma ərazilərində ağac əkmək lazımdır. 40 ildən sonra ola bilər ki, ağacların qocalarını kəsib atasan, cavanlarını köçürəsən, ərazidə şəhərsalma obyektləri qurasan. Çünki şəhər inkişaf edir. Amma 40 ildən sonra hay-küy salmaq lazım deyil ki, vay, ağacları kəsirlər. Şəhər inkişaf edir, ağac da kəsilməlidir, yenisi də əkilməlidir”.

S.İsayev qeyd etdi ki, şəhərətrafı ərazilərdə yaşıllıq təsərrüfatı üçün yerlər məhduddur: "Bakının da limitli ərazisi var. Elə ərazilər var ki, orda yaşıllıq qurmaq olar. Məsələn, Böyükşor gölü ərazisi. Amma ümumilikdə, bizdə həyət, bağ evlərinə üstünlük verilməsi məsələsi var. Şəhərin ətrafında olan meyvəçilik sovxozlarını məhv etdik, əvəzində torpaqları bağ salmaq üçün insanlara verdik. 30 il əvvəl Bakıda bu qədər bağ evləri, həyət evləri yox idi. Bu gün Bakı ətrafında yaşıllıq salmaq üçün ərazi çox məhduddur. Fərdi evlərdən ibarət böyük yaşayış massivləri qurulub. Bir qəsəbəni söküb yerində 5 hündürmərtəbəli bina tikməklə problemi həll etmək olar. Amma bu dəqiqə o nə dərəcədə real ola bilər? Get-gedə şəhərətrafı qəsəbələrdə də hündürmərtəbəli binaların inşa edildiyini görürəm. Belə davam edərsə, zamanla yaşıllıq üçün yerlər də yaranmış olar”.
Aygün


banner

Oxşar Xəbərlər