Ər axtaran qızlar öz arzularına çatdılarmı? - Fotolar
Dünən Nizami
Kino Mərkəzində çoxdandır gözlədiyimiz "Ər quyusu” filminin təqdimatı oldu.
Əslində rejissorlar film çəkərkən daha çox tanınmış simalara üstünlük verirlər. Düşünürlər ki, filmə məşhurlar
çəkilərsə,
onların ünlü
dostları da qala gecəsinə təşrif buyuracaq, yaxud film daha baxımlı olacaq. Belə olduqda filmin təqtimatı
və təbliği də jurnalistlərin xüsusi diqqətində olacaq. Biz də sözügedən filmin press-relizinə baxdıqda güman etdik ki, filmdə
cəmi 3-4 tanınan sima var,
ona görə bu gecəyə az
adam gələcək. Ancaq gümanımız bizi yanıltdı. Qala gecəsinə kimlər gəlməmişdi ki,
saymaqla tükənən
deyil.
Ona görə də bircə
onu deyə bilərəm ki, qala gecəsində cəmiyyətimizin ziyalıları, xalq artistləri,
tanınmış aparıcılar bir
araya toplanmışdılar.
Kino mərkəzinə daxil olar-olmaz təşkilatçılar bizi qarşılayıb
nəzakətlə yerlərimizdə əyləşdirdilər. Hər zamankı kimi,
film deyilən vaxtdan bir saat sonra başladı. Mətbuat nümayəndələri olaraq biz artıq buna alışmışıq. Axı qala gecələrinin ab-havası bir başqa olur. Gecənin
aparıcısı tanınmış aktrisa Zümrüd Qasımova idi. O, ilk olaraq səhnəyə
çıxıb, tamaşaçıları salamladı və filmin yaradıcı heyətini təqdim etdi.
Nəhayət, işıqlar söndü beynəlxalq teatr festivallarındakı uşaq tamaşalarının
mahir yazarı Səidə Haqverdiyevanın ilk çəkdiyi film qarşımızdakı böyük ekrandan yayımlanmağa
başladı. Yəqin ki, yaşı 30-u haqlayan tamaşaçılar filmi izləyərkən orada
öz uşaqlıq illərini xatırladılar. O
vaxt maqnitofonlar
kasetlə işləyirdi, karandaşla lenti
başa yığırdıq, bax, o vaxtları deyirəm. Şirinçayla saça bəzək vurulan, pamada ilə yanaq qızardılan dövrlərdən gedir söhbət...
Filmdə evin böyük qızı olan Gülşahın 25 yaşı var və
o, ərə getmək istəyir. Onu qeyd etməyi unutdum axı, evin başıçısı, altı qız atası
Məhərrəm Qurbanovun oğlu yoxdur, qızlarsa duz yükü kimi "evdə qalıblar”. Gülşah
evin ən böyük qızıdır. Onun tək arzusu ərə getməkdir. Atanın ikinci qızı rolunu
canlandıran Könül Şahbazova da əsl kəndçi qızı rolunun öhdəsindən məharətlə gəlir.
Ailənin ortancıl qızı isə həyata başqa rakursdan baxır. Ona görə yox ki, daha gəncdir,
həm də ona görə ki, əlindən kitab düşmür.
Aktyorlar
Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid
Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov,
Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov və Gülnarə Abdullayeva
mühitdən qopuq deyillər, əksinə mühitlə orqanikdirlər. Ailə-məişət mövzusunda çəkilən
tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə
Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə,
quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin
Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Əfşan Əsədovadır. Ekran
işinin səs operatoru Kamal Qarabasma, səs rejissoru isə Anar Quliyevdir.
Xronometrajı 95 dəqiqə olan filmin çəkilişləri Tərtər,
Cəlilabad, Şamaxı, eləcə də Bakıda aparılıb. Filmdə Cavid Telmanın Xaliq obrazı
diqqətimidən yayınmır. Yarı rus, yarı öz dilimizdə danışan aktyorun şirin bir ləhcəsi
var. Hansı ki, bu ləhcə onu daha çox sevdirməyə vadar edir. Onun təqdimatında kənd
avarası tipajı xarakterikdir.
Səidə Haqverdiyevanın müəllifi olduğu "Qara qızın
qara bəxti” hekayəsinin motivləri əsasında çəkilən "Ər quyusu” filmində əsl kənd
həyatı əks olunur. Hətta deyərdim ki, o ab-havanı görən insanlar bu filmi izləyəndən
sonra kənddən ötrü burunlarının ucu belə göynəyər. Dağın ətəyi, isti samovar, təndir çörəyi, ocaqda
bişən yeməklər, sacda pöşələnən lavaşlar...
Bu evin qızları çox qoçaqdırlar. Analarına nənə deyə
müraciət edirlər. Bu nənə də bizim bildiyimiz qayğıkeş ana deyil ha, bütün günü
falçı Qara Məryəmin yanına gedir, əlindəki olan-qopanından ona verir ki, 6
qızdan sonra oğlu olsun. Qara Məryəm də hər dəfəsində onu aldadır. Qonşunun
qızı ərə gedərkən qızlara deyir ki, onun bəxtini Qqara Məryəm deyil, qara eşşək
açıb. Belə ki, gecə hər kəs yatanda eşşəyə üç dəfə minirsən və bəxtin açılır.
Evdə qalan böyük bacı da bəxtinin açılması üçün gecə xəlvətcə qonşularının eşşəyini
minmək istəyir. Ancaq başına gəlməyən qalmır. Qonşunun həyətində qazılan quyuya
düşür və salamat yeri qalmır. Demək ki, onun qisməti nə Qara Məryəmdə, nə də qara
eşşəkdə imiş. Onun qisməti məhz qonşunun tualet üçün qazdığı həmin o quyuda
imiş. Sevdiyi xalası oğlu Xalid gecəikən onu görür, elə xəstəxanadaca qıza elçi
düşür. Beləcə, bacı ərə gedir.
Filmdə rol
alan 3 balaca bacı da Uşaq "Oyuq” Teatr Studiyanının yetirmələridir. Bu gün ölkədə
azyaşlı aktyorların yetişmədiyini deyən rejissorlar bu filmə baxsalar, fikirlərindən
tamamilə daşınacaqlar. Hansı ki, bu qızlar gələcəyin peşəkar aktrisasına ən gözəl
namizədlərdən biridirlər.
Maraqlısı da budur
ki, ən maraqlı yerində film bitir. Oturub davamını
gözlərkən pərdələr qapanır. Bu o deməkdir ki, Səidə Haqverdiyevadan filmin
ikinci hissəsini tələb etməyə haqqımız var. Hə ,bir
də unutmamış onu da deyim ki, filmin sonunda öyrənmiş olduq ki, Səidə
Haqverdiyeva bu filmi öz anasının əziz xatirəsi üçün çəkib. Filmdə baş verən
hadisələr real həyatdan götürülüb.
Xəyalə Rəis