• cümə, 19 Aprel, 11:49
  • Baku Bakı 13°C

Əqli mülkiyyət hüquqları ciddi qorunacaq

28.05.16 10:57 1884
Əqli mülkiyyət hüquqları ciddi qorunacaq
Azərbaycanda əqli mülkiyyətin qorunması üzrə Milli Strategiyanın hazırlanması üzərində iş başa çatır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Niyazi Rəhimov deyib. Onun sözlərinə görə, milli strategiya əqli mülkiyyət hüquqlarının qorunması sahəsinin daha da inkişafına, onun müvafiq beynəlxalq sistemə inteqrasiyasına, bu sahədə səmərəli xidmətlərin göstərilməsinə istiqamətlənib. Strategiya Dünya Əqli Mülkiyyət Təşkilatı ilə birlikdə və bu təşkilatla imzalanmış sazişə uyğun hazırlanır.
Bəs milli strategiya hazır olduqdan sonra konkret olaraq nə kimi nailiyyətlər əldə olunacaq? Bu sahədə hansı boşluqlar var?
Əqli Mülkiyyətçilərə Kömək İctimai Birliyinin rəhbəri Əfqan Qafarlı sözügedən məsələnin vacibliyini qeyd edərək bildirdi ki, iqtisadiyyat inkişaf etdikcə, müəllif hüquqları və əqli mülkiyyətin müdafiəsinə də ehtiyac artır: "Əgər Azərbaycan Respublikası Dünya Əqli Mülkiyyət Təşkilatının üzvü olaraq bu qurumla sıx tərəfdaşlıq edirsə, onda "Azərbaycan Respublikasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsinin inkişafı üzrə Milli Strategiya”nın qəbulu çox vacibdir. Çünki Dünya Əqli Mülkiyyət Təşkilatı üzv dövlətlərdə əqli mülkiyyətin milli strategiyalarının formalaşmasına böyük əhəmiyyət verir. Müəlliflik hüquqları və əqli mülkiyyət sahəsində bir sıra problemlər var ki, Milli Strategiyanın qəbulu onların aradan qalxmasına yardım edəcək. Eyni zamanda, Milli Strategiya Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması, həyata keçirilməsi və müdafiəsinin təminatını inkişaf etmiş ölkələr səviyyəsinə uyğunlaşdıracaq. Yəni söhbət Azərbaycanda əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin etməkdən gedir”.
Ekspertin sözlərinə görə, son illər dünyada iqtisadiyyatın inkişafında əqli mülkiyyətin rolu önə çıxır: "İndi inkişaf etmiş xarici ölkələrdə tədqiqat işlərinə hər il böyük məbləğlərdə vəsait yönəldilir ki, əqli mülkiyyətə əsaslanan sənayenin həcmi daha da artsın. Əgər hazırda inkişaf etmiş ölkələrin Ümumi Daxili Məhsulunda müəlliflik hüququ və digər əlaqəli hüquqlara əsaslanan yaradıcı sənayenin payı 30-40 faiz arasında dəyişirsə, Azərbaycanda bu göstərici təxminən 5 faiz təşkil edir. Bu baxımdan, yəqin ki, Milli Strategiya Azərbaycanda da əqli mülkiyyətə əsaslanan yaradıcı iqtisadiyyatın həcmini artırmağa imkan yaradacaq. Bundan başqa, ölkənin əqli mülkiyyət hüquqları sahəsində qanunvericilik və normativ hüquqi baza daha da zənginləşəcək, əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatına aid yeni mexanizmlər yaradılacaq. Bu isə hüquqpozmalara qarşı mübarizədə piratçılığın səviyyəsinin azalmasına şərait yaradacaq”.
Ə.Qafarlı bu sahədə olan problemlərdən də söz açdı: "Son illər müəllif hüquqları və əqli mülkiyyətin qorunması sahəsində bir sıra sənədlərin hazırlanıb qəbul edilməsinə baxmayaraq, ölkədə hüquqpozma hallarının sayı kifayət qədər çoxdur. Belə hallara qarşı sərt tədbirlərin görülməsi üçün müvafiq mexanizm olmalıdır. Bu boşluqdan istifadə isə müəllif hüquqlarının kütləvi pozulmasına, piratçılıq hallarının artmasına şərait yaradıb. Elm, ədəbiyyat, incəsənət, elə mətbuat sahəsində də plagiatlıq halları istisna deyil. Elə erməni piratçılığı ən əsas problemlərimizdən biridir. Ermənilərin Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi, mətbəxinə aid maddi və qeyri-maddi nümunələri mənimsəmələrinə aid çoxlu faktlar var. Erməni plagiatı bundan sonra da davam edəcək. Ümumiyyətlə, mədəniyyət, ədəbiyyat qədim və zəngin olduqca, müəllif hüquqlarının müdafiəsinə də bir o qədər ehtiyac artır”.
Hüquqşünas Məhərrəməli Həmidov deyir ki, Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının təsdiq edilməsi dövlətin sosial-iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı ilə birbaşa əlaqəlidir: "Cəmiyyətin inkişafında elmin fəal iştirakının təmin olunması elmin özünün təkmilləşdirilmiş təşkilati strukturunun yaradılmasını zəruri edir. Hazırda dövlət səviyyəsində aparılan siyasətin nəticəsi olaraq müstəqil Azərbaycanın optimal inkişaf modeli dünyanın inkişaf tendensiyalarına uyğun proqnozlaşdırıldığı kimi, Azərbaycanda elmi tədqiqatların prioritetləri də ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni problemlərinin həllinə istiqamətləndirilməlidir. Bu baxımdan Azərbaycanın dövlət müstəqilliyinə, sosial-iqtisadi və mədəni-mənəvi inkişafına, ictimai-siyasi sabitliyinə, milli təhlükəsizliyinə, ölkənin beynəlxalq aləmə fəal inteqrasiyasına, eyni zamanda bu prosesdə maddi-mənəvi dəyərlərin qorunmasına xidmət edən Azərbaycan elminin inkişafı üzrə Milli Strategiyanın hazırlanmasına ehtiyac yaranıb”.
Ekspertin sözlərinə görə, Milli Strategiyanın əsas məqsədləri Azərbaycan elminin strukturunu və tərkibini ölkənin mövcud və perspektiv tələbatları baxımından müəyyən etməkdir: "Zəngin və çoxsahəli intellektual potensiala malik Azərbaycan Respublikasında həmin potensialın yaradıcı əməyə, innovasiya ideyalarının real tətbiq sahələrinə çevrilməsi üçün zəruri olan elmi mühit hələ də müasir dövrün tələblərinə tam cavab vermir. Araşdırmalar gənc nəsildə xüsusən fundamental və tətbiqi elmlərə marağın azaldığını, cəmiyyətdə elmin və alim nüfuzunun zəiflədiyini göstərir. Patent aktivliyi baxımından da bu təşkilatların fəaliyyəti qaneedici deyil. Azərbaycan Respublikasında elmi tədqiqatların prioritetləri ilk növbədə müasir dünya elminin inkişaf səviyyəsi və tələbləri əsasında müəyyənləşdirilməlidir”.
M.Həmidov Milli Strategiyanın hazırlanmasının iqtisadiyyatımızın inkişafına, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, təhsilin dünya standartlarına uyğunlaşmasına, ordumuzun gücləndirilməsinə və yeni texnologiya və innovasiyaların bütün sahələrdə tətbiq olunmasına şərait yaradacağını vurğuladı: "Hazırda bu sahədə hüquqi aspektdən yanaşdıqda bəzi boşluqların olduğunu görə bilərik”.
Hüquqşünas bildirdi ki, əqli mülkiyyətin qorunması ilə bağlı problemlər tez-tez yaşanır: "Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə edilən nailiyyətlərin möhkəmləndirilməsi, dövlət orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun olaraq qurulması, dövlət orqanlarına ictimai etimadın gücləndirilməsi, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin görülməsi, əqli mülkiyyət hüquqpozmaları törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi, bu hüquqpozmalardan zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsinə daha da yüksək səviyyədə təminat verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsinin birinci hissəsinə əsasən, hər kəsin əqli mülkiyyət hüququ var. Həmin maddənin ikinci hissəsinə görə, müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur. Göründüyü kimi, əqli mülkiyyət hüququnun qorunmasına və həyata keçirilməsinə konstitusion təminat verilib. Lakin buna baxmayaraq, əqli mülkiyyətin qorunması ilə bağlı tez-tez ortaya problemlər çıxır. Dəfələrlə məhkəmə praktikasında da müəlliflik hüququnun, ixtiraçılıq hüququnun və əqli mülkiyyət hüququnun pozulmasına rast gəlmək olur”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər