• çərşənbə axşamı, 19 mart, 15:27
  • Baku Bakı 8°C

Epizodik rolların mahir ifaçısı

20.04.17 12:00 2191
Epizodik rolların mahir ifaçısı
"Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu dərk edə bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı”. SSRİ Xalq artisti İsmayıl Osmanlı sənət taleyindən söhbətinə həmişə bu sözlərlə başlayardı. Sənətin çətin, əzablı yollarından doymadan danışardı. Tamaşaçıların ona məhəbbətindən qürur duysa da, bu barədə təvazökarlıqla söz açardı.
Bəxti onda gətirir ki, Möhsün Sənaninin Bakıdan Şəkiyə qastrola gəlməsi, kiçik dram dərnəyində aktyorluq edən İsmayıl Osmanlının onunla görüşüb Azərbaycanın rayonlarına birgə qastrola çıxması səhnə həvəsini daha da artırır. Sonra məşhur rejissor Kirmanşahlının təklifilə 1928-ci ildə Tiflis-Azərbaycan teatrına dəvət edilir. Bir il sonra Azərbaycan Dövlət Dram Teatrı (o zaman Bakı Bədaye Teatrı adlanırdı) Osmanlını öz səhnəsinə dəvət edir. Şəmsəddin Abbasovun "Qələbə” pyesindəki traktorçu Bəhram rolu ilə Osmanlı fəaliyyətə başlayır. Aktyorun ilk böyük uğuru isə C.Cabbarlının "1905-ci ildə” pyesinin tamaşasında Bahadur bəy obrazı olur”.
İ.Osmanlı o zaman Cabbarlı ilə bir teatrda işləyirdi. İsmayıl Hidayətzadə ilə bir səhnəyə çıxdığına görə həmişə söhbətlərində özünü xoşbəxt sanırdı: "O vaxt belə düşünürdüm ki, mənə daha məktəb lazım deyil, İsmayıl Hidayətzadənin zərgər işi mənə böyük məktəb idi. Rolda başqalaşmaq, dəyişmək üçün onun sənəti mənə bir dərs oldu”. O vaxtdan İ.Osmanlı böyük sənət yoluna belə qədəm qoyur. Adamları daha yaxından müşahidə etməyə başlayır.... Beləcə, onun teatr və kinoda oynadığı rollar siyahısına 200-ə yaxın irili-xırdalı rol yazılır. Azərbaycan realist sənətinin baniləri - C.Zeynalov, M.A.Əliyev, R.Təhmasibin onun yaradıcılığında mühüm rol oynadığını sonralar həmişə etiraf edir... Sənət yoldaşları, vaxtilə onunla bir səhnədə tərəf-müqabil olan insanlar isə İsmayıl Osmanlını böyük aktyor olmaqla bərabər, xeyirxah insan kimi xatırlayırlar.
İsmayıl Osmanlının qrim otağı
İsmayıl Osmanlı ilə uzun illər səhnədə çalışdığını deyən Xalq artisti Rafiq Əzimov teatrda oynadığı əksər rolları vaxtilə İsmayıl Osmanlının da oynadığını deyir: "İsmayıl Osmanlı istər Qərb, istər rus dramaturgiyasında, istərsə də Azərbaycan klassik ədəbiyyatından müxtəlif rollar oynayıb. Mən görməsəm də, o vaxt Ələsgər Şərifovun quruluşunda Aleksandr Ostrovskinin «Cehizsiz qız»ı əsasında hazırlanan tamaşada Karandaşev rolunda İsmayıl Osmanlı çıxış edib. İsmayıl Osmanlının oynadığı həmin obraz sonradan mənə həvalə olundu. O vaxt onunla səhnədə tərəf-müqabil Fatma Qədri idisə, mənimlə Amaliya Pənahova oldu. Yəni Osmanlının yaratdığı obrazlar silsiləsindən mənim oynadığım obrazlar çoxdur. Professor İlham Rəhimli mənim yaradıcılığımı həmişə İsmayıl Osmanlının yaradıcılığına bənzədir. Onun zərgər kimi aktyor olmağını, rol üzərində dəqiqliklə işləməsini, müxtəlif xarakterik rollarda özünəməxsus oynamasını mənim yaradıcılığımla müqayisə edir”. R.Əzimov həmkarını oynadığı bütün rolları peşəkarlıqla və xüsusi istedadla ifa edən aktyor kimi xatırlayır: "Onu «epizodik rollar ustası» adlandırırlar. Mən hələ məktəbli olanda onun oynadığı tamaşalara baxanda, demək olar ki, onun baş rolları oynamadığını görürdüm. Aktyor yalnız epizodik rollarda oynayır və onları yüksək səviyyədə elə təqdim edirdi ki, həmin obrazlar baş rollarla bir cərgəyə yüksəlirdi. Bu gün də onun rolları məhəbbətlə xatırlanır. Xüsusən, yaşlı aktyorların və o vaxt onu səhnədə görənlərin xatirəsində ifası yaxşı qalıb». İ.Osmanlı ilə bir çox tamaşalarda tərəf-müqabil olduğunu deyən R.Əzimov «Dəli yığıncağı», «Xəyyam», «Vaqif» və s. tamaşalarda oynadıqlarını xatırlayır: «Vaqif» tamaşasında İsmayıl Osmanlıya Vidadi rolu, mənə də onun dublyorunu oynamaq tapşırıldı. Biz bir-birimizi təbrik etdik və Füzuli meydanına qədər birlikdə gəldik. "Vaxtilə bu rolu Əli Qurbanov oynayıb. Sazı da özü çalarmış. Mən də vaxtilə tar dərnəyinə getdiyimdən, saz çalmağı da bilirəm. Həmişə Vidadi rolunu oynamaq və tamaşada sazı canlı çala bilmək arzusu ilə yaşamışam”. İsmayıl Osmanlı bu sözləri eşidəndə «indi necə olacaq, mən rolu oynayanda fonoqrama çalacaq, sən oynayanda canlı?» deyib, üzümə baxdı. Mən də «bu, mənim arzumdur» - dedim. Beləcə, Həsənağa Turabov Vaqif, mən Vidadi rolunda çıxış edəndə, butafor saz əvəzinə həqiqi sazda çaldım.
R.Əzimov İsmayıl Osmanlını xeyirxah insan kimi xatırlayır: "Xüsusən gənclərə qarşı onun isti münasibəti vardı. Tale elə gətirdi ki, mən onun qrim etdiyi stoldan istifadə edirəm. Hər dəfə də güzgü qarşısında oturanda onu xatırlayıram». İ.Osmanlı ilə həmçinin filmlərdə tərəf-müqabil olduğunu deyən aktyor xüsusən «Yeddi oğul istərəm» filmini xatırlayır: «İsmayıl Osmanlı həmin filmdə Kələntər dayı, mənsə Şahsuvar rolunda oynayırdım. Kələntər dayı onun şah obrazına çevrildi. O, bu rolu olduqca gözəl oynadı. Bir gün də qrim otağında onun öz-özünə bərkdən deyindiyini gördüm: «Niyə mən bu rola çəkildim» deyirdi. Tamaşaçılar ona məktub yazaraq, xoşagəlməz ifadələr işlədirdilər. O, əlindəki məktubu mənə uzadıb «oxu» dedi. Məktubu oxuyub dəhşətə gəldim. «Görün obrazı necə ustalıqla yaratmısınız ki, tamaşaçı dözməyib öz iradını bildirib» - deyə onu sakitləşdirməyə çalışdım. Həmçinin «Ulduzlar sönmür» filmində onun oynadığı Hacı Zeynalabdin Tağıyev çox uğurlu alınmışdı. İsmayıl Osmanlı Tağıyev obrazını - həm millətpərəst, həm xalqını sevən xeyriyyəçi kimi çox gözəl yaratmışdı. Bu filmin başı bəlalı oldu. Ulu öndər Heydər Əliyevin sayəsində film xilas oldu. O vaxt Bakı erməniləri Heydər Əliyevə məktub yazaraq «Nə üçün millətçi Nərimanovu, milyonçu Tağıyevi gənclərə nümunə kimi təqdim edirsiniz? Amma ulu öndər böyük xeyirxahlıq göstərərək büroda bu məsələni həll etdi. Filmin 40 gün kinoteatrlarda nümayiş etdirilməsi ilə bağlı göstəriş verdi. Filmlərdəki rollarına görə o, SSRİ Xalq artisti adına layiq görüldü».
Mənfi adamların obrazını elə oynayırdı ki...
"İsmayıl Osmanlını səhnədə ilk dəfə 1952-ci ildə gördüm. O zaman ustad sənətkarın 50 yaşı tamam olmuşdu”- deyən Xalq artisti, tanınmış rejissor Ağakişi Kazımov aktyorun oynadığı hər rolun tamaşaçılar tərəfindən böyük sevgi ilə qarşılandığını söyləyir: "O zaman İsmayıl Osmanlı Milli Dram Teatrında Aleksandr Şirvanzadənin "Namus” dramının tamaşasında rol almışdı. İlk səhnədən artist təbiiliyi, emosionallığı və yumoru ilə tamaşaçıları valeh etdi. Bu obraz Osmanlının sənətkarlığı sahəsində kiçik olsa da, tamaşanın əsas obrazlarından birinə çevrilmişdi”.
İsmayıl Osmanlını sadə, istiqanlı, xüsusilə gənclərə böyük hörmət bəsləyən insan kimi xatırlayan rejissor onunla yaxından ünsiyyətdə olduğunu deyir: "Tale elə gətirmişdi ki, mən Osmanlı ilə çox yaxından ünsiyyət qura bildim. O da yeri gəldikcə, öz keçmişindən, işlədiyi aktyor və rejissorlardan, oynadığı tamaşalardan mənə həmişə danışardı. Osmanlının sənət yolunda yavaş-yavaş inamla irəlilədiyinin şahidi olurdum. Onun ifa etdiyi ən kiçik obraz belə Azərbaycan teatrının sənət nailiyyəti sayılırdı. Yaratdığı bütün obrazlar, qazandığı müvəffəqiyyətlər Osmanlını tamaşaçıların ən çox sevdiyi aktyorlardan birinə çevirmişdi. Dramaturgiyada elə surətlər var ki, onların müvəffəqiyyəti, demək olar ki, əvvəlcədən müəyyən olunur. Məsələn, Otello, Vaqif, Aydın, Hacı Qara, Hacı Əhməd və Balaş rollarını orta səviyyəli bir artist oynasa belə, rolun harasındasa azdan-çoxdan öz istedadını büruzə verə bilirdi. Osmanlının yaradıcılığında isə belə rollar demək olar ki, yox idi”. Osmanlının yaradıcılıq yolunun çətin və mürəkkəb keçdiyini deyən A.Kazımov bildirir ki, aktyor öz istedadı ilə maraqlı aktyor olduğunu kiçik rollarda da sübut edib: "Osmanlı hər obrazda bir insan taleyinin zəngin dərinliyini məharətlə açırdı. Ən kiçik rolda belə gözlənilməz xarakterik xüsusiyyətlər tapır, hər dəfə yeni obraz yaradırdı, hər dəfə yeni rollarında səhnəyə yeni fikirlər, böyük bir insan aləmi gətirirdi”.
A.Kazımov səhnədə bütün obrazların xarakterinin Osmanlı tərəfindən psixoloji baxımdan tam əsaslandırıldığını deyir. Yəni aktyor mənfi adamların surətini elə oynayırdı ki, tamaşada onun pis adam olmasına şübhə yeri qalmırdı: "Osmanlı obrazın daxili aləmini, onun bütün xüsusiyyətlərini sənətkarcasına təqdim edirdi”.
A.Kazımovin sözlərinə görə, İ.Osmanlı onun rejissorluğu dövründə Nodar Dumbadzenin "Darıxma, ana” pyesində İsidor Cakeli obrazında səhnəyə çıxıb: " Bu, sənətkarın son rolu idi”- deyə rejissor xatırlayır: "Bu obraz haqqında o vaxt mətbuatda xeyli xoş sözlər yazıldı. Buna baxmayaraq, Osmanlı obraz üzərində işini dünyasını dəyişənə qədər davam etdirdi. Çünki o, hər bir rolunda obrazı tam tapmayana qədər çox narahat yaşayırdı. Bu xüsusiyyəti onunla işləyən kino rejissorları da təsdiq edirdilər. Osmanlı 22-dən artıq filmə çəkilib. Rolun təsir qüvvəsi həm ifaçının, həm də obrazın, hətta tamaşaçıların səviyyəsindən asılıdır. Hər aktyor bütün rollarında tamaşaçıların hamısını razı sala bilməz. Lakin mən indiyə qədər elə bir tamaşaçıya rast gəlməmişəm ki, o, Osmanlının sənətkarlığından böyük zövq almasın”.
Aprelin 24-də milli teatr və kinomuzun epizodik rollar ustasının 115 illik yubileyidir. "İsmayıl Osmanlı xoşbəxt sənətkardır ki, onun adı kino və teatr tariximizdə özünə yer qazanıb” deyən həmkarları və tamaşaçıları isə onu həmişə eyni məhəbbətlə xatırlayırlar. Əbədilik də budur...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər