• çərşənbə axşamı, 19 mart, 11:04
  • Baku Bakı 8°C

"“Enerji mənbələri siyasi bir vasitədir” fərziyyəsi artıq tarixdə qalır - Millət vəkili

22.01.21 20:15 430
"“Enerji mənbələri siyasi bir vasitədir” fərziyyəsi artıq tarixdə qalır - Millət vəkili
Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması hər iki ölkə üçün mühüm tarixi hadisədir. Azərbaycanın "Kəpəz”, Türkmənistanın isə "Sərdar” adlandırdığı” bu yatağın dünən imzalanmış Anlaşma Memorandumu ilə "Dostluq” adlandırılması dərin rəmzi məna daşıyır. Bu mənada Xəzər dənizinin "Dostluq” neft yatağı eyni soy kökə malik bu ölkələr arasında formalaşmış dostluğun, qardaşlığın, birgə əməkdaşlığın və dialoqun simvoludur.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat qeyd edib ki, "Dostluq” neft yatağı 1989-cu ildə Azərbaycanın neftçiləri tərəfindən 4 kilometr dərinlikdəki layda kəşf olunmuşdur. Zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Bu baxımdan "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması özlüyündə hər iki ölkə arasında enerji sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə, regionda yeni reallıqların yaranmasına və tranzit kommunikasiyaların inkişaf perspektivləri baxımından yeni imkanların yaranmasını şərtləndirir.
T.Cəfərova xüsusilə bildirib ki, Azərbaycan Xəzər dənizində hər zaman əməkdaşlıq, mehriban qonşuluq və qarşılıqlı anlaşma mühitinin formalaşmasına çalışmışdır. Bu səylər müxtəlif vaxtlarda Azərbaycanla Qazaxıstan və Rusiya arasında sazişlərin imzalanması və eləcə də beştərəfli formatda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə aparılan proseslərə güclü təkan vermişdir. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində "Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğunu təsdiqləyib.
Deputat vurğulayıb ki, "Dostluq” yatağı Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə uzun illər onun işlənilməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında hər iki tərəf üçün bütün məsələlərin məqbul səviyyədə həllinə zəmin yaradıb. Nəticədə imzalanmış Anlaşma Memorandumu Xəzər dənizinin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihələr iki ölkənin, habelə qonşu ölkələrin enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə eyni zamanda ixrac üçün böyük imkanlar açır, ona görə də hər iki ölkənin xalqlarının rifahının yüksəlməsinə şərait yaradacaq. Həmçinin onu da qeyd etmək lazımdır ki, 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zirvə toplantısı ərəfəsində bu memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq.
Sonda T. Cəfərova qeyd edib ki, dünyanın bir çox yerində qeyri-sabitlik, terrorizm və inhisarçılıq enerji təhlükəsizliyi baxımından ciddi təhdiddir. Dünyanın bir çox ölkəsi enerji mənbələrinin varlığını hökumət üçün siyasi vasitəyə çevirirlər. Bu gün dünyanın mövcud mənzərəsi və aparılan geniş təhlillər onu deməyə əsas verir ki, "enerji mənbələri siyasi bir vasitədir” fərziyyəsi artıq tarixdə qalır və "enerji resurslarının rasional idarə edilməsi siyasi bir vasitədir” ifadəsi daha düzgündür. Azərbaycan da klassik yox, müasir dövrün tələblərinə uyğun olaraq ikinci yanaşmanı əsas tutur. Bu baxımdan əminliklə deyə bilərik ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji strategiyası uzaqgörənlik, rasionallıq, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
banner

Oxşar Xəbərlər