• cümə axşamı, 28 mart, 14:43
  • Baku Bakı 16°C

Energetika Nazirliyi beynəlxalq tədbirdə təmsil olunub

16.03.21 19:30 1181
Energetika Nazirliyi beynəlxalq tədbirdə təmsil olunub
Martın 16-da "7-ci Berlin Enerjiyə Keçid Dialoqu" ənənəvi tədbiri videokonfrans formatında keçirilib.
Kaspi.az-ın Energetka Nazirliyinə istinadən verdiyi xəbərə görə, "Enerji keçidi - İqlim neytrallığına doğru” mövzusuna həsr edilmiş tədbirə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, eyni zamanda bir sıra ölkələrin və təşkilatların yüksək səviyyəli nümayəndələri qatılıb.
Azərbaycanı tədbirdə energetika nazirinin müavini Elnur Soltanov təmsil edib.
Tədbirin "Yaşıl bərpanın maliyyələşdirilməsi” (Financing the Green Recovery) adlı sessiyasında çıxış edən nazir müavini qeyd edib ki, təmiz ətraf mühitin əldə edilməsi və ölkənin "yaşıl artım" ölkəsinə çevrilməsi 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafının Milli prioritetlərindən biridir. Bu prioritetin reallaşdırılması bərpa olunan enerji sektorunun inkişafını, istixana effekti yaradan qaz emissiyasının azaldılmasını və yaşıl texnologiyalardan istifadənin genişləndirilməsini zəruri edir.
Bildirilib ki, yaxın 10 ildə elektrik enerjisi üzrə qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-dək artırılması və istixana effekti yaradan qaz emissiyalarının 1990-cı il səviyyəsi ilə müqayisədə 35% azaldılması üçün xarici investorlarla əməkdaşlıq edilir. Bu istiqamətdə Səudiyyə Ərəbistanının "ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə həyata keçiriləcək layihələr haqqında məlumat verilib. Bu layihələr vasitəsilə ölkəmizin bərpa olunan enerji sektoruna 500 milyon dollara yaxın xarici investisiyanın yönəldiləcəyi diqqətə çatdırılıb. O da vurğulanıb ki, Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi regionun davamlı inkişafı üçün yeni imkanlar açıb. İşğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi və Qarabağın bərpası prosesində xarici investorlarla da əməkdaşlığa önəm verilir.
Qeyd edək ki, 2 gün davam edəcək videokonfransda bərpa olunan enerji, enerji keçidində qlobal hədəflər, o cümlədən sahələrarası enerji keçidini təmin etmək üçün qabaqcıl texnologiyaların tətbiqi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər