AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ənənəvi, yoxsa elektron kitab? - Polemika

Ənənəvi, yoxsa elektron kitab? - Polemika

Gənclik qəzeti
05 Yanvar 2015, 09:22 3763
Virtual dünyanın bizə verdiyi yeniliklərdən biri də elektron kitabxanadır. Əvvəllər metroda, avtobusda sərnişinlərin əksəriyyətini kitab və qəzet oxuyan görürdük. İndi isə kitab oxuyanların əlində daha çox elektron oxuma cihazları diqqətimizi çəkir. Bəs gənclər hansına üstünlük verir? Elektron yoxsa, ənənəvi kitablara?

“Ənənəvi kitabın qoxusunu almaq zövqvericidir”
Leyla Məhərrəmova, jurnalist

Leyla ənənəvi kitablara üstünlük verir. O deyir ki, hər bir kitabın səhifələrinin öz qoxusu olur və bu qoxunu elektron kitabdan almaq mümkün deyil: “Mən ənənəvi kitabı üstün tuturam. Çünki kitabı səhifələyib oxumaq, səhifələrin xoş iyini hiss etmək mənə zövq verir. Elektron kitab oxumağa çalışmışam. Amma elektron kitablar ənənəvi kitabda olan effekti verməyib. Kitab məni dünyadan təcrid edir, hər hansı bir əsər oxuyanda ümumiyyətlə bu dünya ilə əlaqəm kəsilir, əsərdə baş verən hadisələrə diqqət kəsilirəm. Bunu elektron variantda oxuyanda sadəcə gözlərim yorulur. Həm də daha çox klassikaya üstünlük verdiyim üçün kiril əlifbası ilə çap olunmuş köhnə kitabları oxuyuram. Yəni kitabxanalarda qalıb tozlanmış, unudulmuş kitablar mənim ən yaxın, dəyərli dostumdur. Qısa mətnləri elektron formada oxuyuram, ancaq romanları elektron şəkildə oxuya bilmirəm. Turgenevin “Atalar və oğullar” kitabını elektron şəkildə oxudum, amma sonra peşman oldum. Fikirləşdim ki, ənənəvi kitab formasında oxusaydım, daha effektli olardı”.
Leyla oxuyacağı kitabın ənənəvi variantını tapmadıqda, məcbur olub elektron kitabdan istifadə edir: “Düzdür, bəzən elektron kitablardan istifadə edirəm. Çünki bəzi kitabların çap variantını tapmaq çətindir. Onlar yalnız elektron formada mövcuddur. Amma təəssüf ki, elektron formada oxumaq mənə çətin gəlir. Həm də hesab edirəm ki, kənardan baxanda elektron kitab oxuyandan fərqli olaraq ənənəvi kitab oxuyan insan daha romantik mənzərə yaradır”.

“Elektron kitab bazasının yaradılmasına ehtiyac var”
Hacıağa Əliyev, magistr

Hacıağa isə düşünür ki, elektron kitablar daha əlverişli və əlçatandır. Onun sözlərinə görə, ənənəvi kitablar elektron kitablara nisbətən baha başa gəlir: “Ənənəvi kitaba üstünlük vermək daha əlverişlidir, lakin ənənəvi kitabın maddi cəhətdən tələbələr üçün problem yaratdığını nəzərə alsaq, elektron kitabları məqsədəuyğun hesab edirəm. Texnologiyanın inkişafı da elektron kitabların üstünlüyünü ön plana çıxardır. Azərbaycanda ənənəvi kitabların bazası mövcuddur, elektron kitab bazasının yaradılmasına ehtiyac var. Məncə internet holdinglər pullu şəkildə bu tətbiqetmələri yaratmalıdırlar. Çünki dünyanın hər yerində bu proses uğurla həyata keçirilir. Azərbaycanda elmin inkişafinın geridə qalmasının əsas səbəblərindən biri də budur. Ölkəmizdə kütləvi elmi araşdırmalar aparmaq üçün lazımi baza mövcud deyil. Alimlər rusca, ingilicə və türkcə olan məqalələrdən istifadə edir. Elmi əsərlərin tərcüməsi də bu sahədə axsama yaşayır. Elektron kitab bazası yaradılsa, tərcüməçilər elmi kitabları tərcümə edər və tələbələr bundan daha yaxşı istifadə edə bilərlər. O zaman gənclərin xaricdə ala biləcəkləri yaxşı təhsili Azərbaycanda ala bilərlər. Bu da ölkənin inkişafına çox böyük dəstək olar”.
Hacıağa hesab edir ki, xaricdəki universitetlərin Azərbaycandan tək fərqi zəngin elektron kitabxanaya sahib olmalarıdır: “Mən hazırda Türkiyədə təhsil alıram və elektron kitablara üstünlük verirəm. Elmi araşdırmalarda elektron kitablar Türkiyədə daha geniş istifadə olunur. Düzdür, ənənəvi kitabın istifadəsi sağlamlıq baxımından daha əlverişlidir, göz xəstəliklərinin ən azından qarşısını alır, şüadan uzaq olursan. Amma ehtiyacları qarşılamaq üçün ziyan olsa belə, elektron kitablardan məcburi istifadə edirəm”.

“İnternet kitab hədiyyə edə bilmir”
Aynur Orucova, fəal gənc

Aynur da digər həmsöhbətimiz kimi ənənəvi kitab oxumağa üstünlük verir. Onun sözlərinə görə, belə kitablar daha rahat və zövqlüdür: “Təsəvvür edin elektron kitab oxuyursan və anidən cihazın enerjisi bitir və ya texniki problem yaranır. Nəticədə həm kitab oxumaq keyfin qaçır, həm də yüklədiyin kitabların silinmə ehtimalı yüksək olur. Düzdür, online şəkildə də kitab oxumaq mümkündür, amma o daha çox maddi durumla bağlıdır. Bizim çox sevimli kitabımızı dostumuz və ya rəfiqəmiz bizə bağışlaya bilər, və ya kitabxanadan əldə edib oxuya bilərik. Amma dostumuz və ya rəfiqəmiz bizə internet hədiyyə edə bilməz. Bundan əlavə, ənənəvi kitabda bir təsəvvüretmə, hiss etmə, toxunma var. Məsələn, adi kitabi istədiyimiz vəziyyətdə rahatca oxuya bilər, yorulanda işarələyib bizə rahat olan yerə qoya bilər və sonra yenidən bir daha oxuya bilərik. Burada “funksiyasını bilmirəm”, “yadda saxlamaq düyməsini tapa bilmirəm”, “enerji bitdi, şarja qoyum” problemi yaşamıram və ən əsası elektron kitabı oxumaq üçün istifadə olunan cihaza verilən qədər pul ödəmirsən. Elektron kitabda itirmə ehtimalı çoxdursa, ənənəvi kitabda öz zövqünə görə istədiyin tərzdə və mövzuda zəngin şəxsi kitabxananı yaratmaq şansın yüksəkdir”. Müsahibimiz düşünür ki, ənənəvi kitablarda müəyyən xatirələr yatır ki, bunu elektron kitablar əvəzləyə bilməz: “Ənənəvi kitabların verdiyi həzzi, yaşatdığı xatirələri elektron kitab verə bilməz. Təsəvvür edin ki, sizin həyatınıza təkan verən kitabı ən dəyərli dostunuz sizə bağışlayıb. Deməli, üstündən illər keçsə də, siz o kitaba hər dəfə toxunanda həm dostunuzu xoş xatirələrlə xatırlaya, həm də zövqlə oxuya bilərsiniz”.

Aygün ƏZİZ