• şənbə, 20 Aprel, 19:43
  • Baku Bakı 24°C

Ənənəvi təhsilin keyfiyyətini artırmaq üçün ən uyğun element

13.04.20 15:06 3817
Ənənəvi təhsilin keyfiyyətini artırmaq üçün ən uyğun element
"Kaspi” liseyləri üzrə akademik rəhbər Sahil Əliyev: "Distant təhsil alətlərindən daha intensiv istifadə etməyi planlaşdırırıq”
"Şagirdlər məktəbə nə zaman qayıdacaq?” Hələlik bu suala heç kim cavab verə bilmir. Koronavirus pandemiyası ilə əlaqədar məktəblilərin tətili uzansa da, tədris prosesini alternativ platformalarla əvəzləmək imkanı da yaradılıb. Demək olar ki, koronavirusla təkcə həkimlər deyil, müəllimlər də mübarizə aparır. Onlar tədrisi onlayn platformada davam etdirirlər. Ölkənin əksər məktəblərində, internetə çıxışı olan yerlərdə müəllimlər distant təhsilə keçiblər. "Kaspi” liseylərini isə distant təhsilin pionerlərdindən adlandırmaq olar."Kaspi” liseyləri üzrə akademik rəhbər Sahil Əliyevlə söhbətimiz karantin dövründə şagirdlərin distant təhsilinin həyata keçirilməsi, prosesin avantaj və disavantajı ilə bağlıdır.
- Sahil müəllim, məktəblər müvəqqəti tətilə bağlanandan sonra "Kaspi” liseyləri də şagirdlərin geri qalmaması üçün onlayn resurslardan istifadə edir. Liseylərinizdə distant təhsil bütün sinifləri və fənləri əhatə edirmi?
- Onlayn təhsil prosesi "Kaspi” liseylərində daha intensiv pandemiyanın yayılması ilə əlaqədər başlasa da, əslində bu hadisədən əvvəl "Kaspi” Təhsil Şirkətində onlayn tədris resurslar və sistemləri mövcud idi. 2015-ci ildən başlayaraq "Kaspi” Təhsil Şirkəti İKT-nin təhsildə tətbiqi istiqamətində üç ayrı layihəni ictimayyətə təqdim etmişdi: "Əlifbanı öyrənirəm”, "Kaspitest.com” və "Oxu TV” və ya hazırkı adı ilə "Kaspi onlayn TV” "Youtube” kanalımız fəaliyyət göstərirdi. Bütün siniflər üzrə videodərslər və resurslar bu platformalar vasitəsilə ictimayyətə təqdim olunurdu. Bu, təkcə "Kaspi” Liseyinin filiallarında təhsilalanlara deyil, ümumi Azərbaycan təhsilinə dəstək olmaq üçün hazırlanmış layihələrimizdir."Kaspi” Liseyinin e-Kaspi sistemi məktəb yarandığı vaxtdan fəaliyyət göstərir. Bu sistem uşaqlara uzaqdan tapşırıqlar vermək və yoxlayıb qiymətləndirmək, eyni zamanda şagirdlərlə kommunikasiya qurmaq üçündür. Bu sistem liseylər yarandığı gündən fəaliyyət göstərir və daxili auditoriya üçün nəzərdə tutulmuşdu. Martın 3-dən etibarən məktəblərdə təlim-tədris prosesi dayandıqdan sonra, Kaspi-də ilkin mərhələdə həm liseylərdə, həm də hazırlıq kurslarında daha çox yuxarı siniflərdə təhsilalan şagirdləri nəzərə alınaraq, dərslər təşkil olundu. Bu, əvvəlcə 9-11-ci sinifləri əhatə etdi, abituriyent kurslarında həyata keçirilən videodərslər formasında oldu. Liseylərdə isə sinxron – onlayn platforma üzərindən canlı dərslər keçməyə başladıq. Yəni yaradılan virtual siniflərdə dərs mühitində olduğu kimi müəllim və şagirdlərin iştirakı ilə dərslər davam etdirildi. Daha sonra tətil müddəti uzandığı üçün biz prosesin əhatəsini genişləndirdik. Bütün siniflər və əksər fənlər üzrə sinxron distant təhsilə başlamlı olduq. Hələlik, musiqi, bədən tərbiyəsi kimi bir neçə fənn var ki, onları tədrisə cəlb etməmişik. Ancaq dil dərsləri, texniki, humanitar və təbiət fənləri kimi əsas fənlər tədris olunur.
- Şagirdlər bu dərslərdə nə qədər fəal iştirak edirlər? Bununla bağlı hər hansı müşahidələr aparırsınızmı?
- Əlbəttə, siniflər üzrə şagirdlərin dərslərə cəlb olunması ilə bağlı qeydiyyat aparırıq. Bununla bağlı pedaqoji heyət ciddi səy göstərir. İstər-istəməz, dərsə cəlbolunmada məsuliyyət daha çox valideynin üzərinə düşür. O, övladını kompüterin və ya planşetin arxasında əyləşdirə bilməli və ona çalışa biləcəyi bir mühit formalaşdırmalıdır. Əgər evdə internet bağlantısı və ya şagirdin lazımı cihazı yoxdursa, buna bizim kənardan müdaxiləmiz olmur. Nəzərə alsaq ki, "Kaspi” liseyi özəl məktəbdir, bu istiqamətdə ciddi problemlərlə qarşlaşmırıq. Distant formada təhsildə belə, şagirdlərimizin dərsdə iştiraklarına görə gündəlik qeydiyyatı və qiymətləndirilməsi mütəmadi aparılır. Ümumi deyə bilərəm ki, bu faiz ibtidai siniflər üzrə çox yuxarıdır. Görünür, azyaşlıların valideynləri onların təhsilində çox maraqlıdır. Yuxarı siniflərdə də bu faiz kifayət qədər yuxarıdır. Bunun səbəbi 9-11-ci siniflərin buraxılışa hazırlaşması ilə bağlıdır. Valideynlər də xüsusi maraqlanırlar. 5-8 siniflərdə isə bu göstərici digər siniflərə nisbətən aşağıdır. Təxminən şagirdlərin 80 faizi onlayn dərslərdə iştirak edir. Bununla bağlı valideynlərdən gözləntilərimiz var ki, övladlarını dərs mühiti ilə təmin edib, iştiraklarına dəstək olsunlar.
- Valideynlər və şagirdlər onlyn platformalardan istifadə zamanı bəzən texniki problemlər yaşadıqlarından şikayətlənirlər. Məsələn, Zoom proqramına qoşulmaq çətinliyi var və s. Siz bu cür nasazlıqları necə aradan qaldırırsınız?
- Təbii ki, distant təhsilin üstünlükləri olduğu kimi tədris prosesində üzə çıxan müəyyən çatışmazlıqları da olur. Bunlar xüsusilə texniki problemlərdir. Xüsusilə, hazırda internetdə və distant təhsil platformalarında eyni vaxtda kütləvi istifadə ilə bağlı yüklənmə səbəbindən müxtəlif texniki problemlər yaşandı. Ancaq komandamız cevik şəkildə mövcud təhsil platformalarını araşdıraraq əlavə həllər ortaya qoydu. Artıq "Kaspi” şagirdləri sinxron (canlı) distant dərslərlə yanaşı, tədris olunan mövzular üzrə əlavə video dərsləri də platformalarda istənilən vaxda, istədikləri qədər izləyə bilərlər. Əgər şagird həmin anda dərsə qoşula bilmirdisə, bu o deməkdir ki, həmin dərsi qaçırmış olurdu. Və yaxud hər hansı texniki nasazlıq yaşanırdısa, o dərsin keyfiyyətinə mənfi təsir edirdi. Təqdim etdiyimiz yeni sistemdə həm şagirdlərin virtual siniflərə cəlb olunduğu canlı dərslər keçirilir, həm də bütün siniflər və əksər fənlər üzrə tədris olunan mövzulara uyğun videomateriallar və onunla əlaqəli testlər, konspektlər hazırlanır. Bunlar, şagirdlərə əlçatan olması üçün bir platformaya yerləşdirilir. Bu da imkan verir ki, şagirdlər müəllimləri ilə müntəzəm əlaqədə olsunlar, başa düşmədiklərini yenə soruşsunlar. Dərs prosesi zamanı şagirdlərin tapşırqlarda etdikləri səhvlərə avtomatik cavablar gedir, yenə də hər hansı anlaşılmazlıq olsa, müəlliminə müraciət edə bilirlər. Şagirdlər bu platformada video və ya rəqəmsal layihələr hazırlama imkanı əldə edirlər. Yəni müəllim dərsdə şagirdlərin təqdimatını video formatında tələb edə bilir. Bütün video resurslar yaranmış vəziyyətdə Azərbaycan təhsilinə töhvə vermək üçün "Youtube” platformasında "Kaspi distant” kanalında yerləşdirirlir. Tək bir həftədə bizdə Azərbaycan və rus dillərində bütün fənnlər üzrə 150-ə yaxın onlayn dərslər hazırlanaraq yerləşdirilib ki, bu resurslardan bütün məktəblərin şagirdləri faydalana bilər.
- Bilirsiniz ki, Təhsil Nazirliyi "Mədəniyyət” və "ARB Günəş” kanallarında teledərslərə start verib. Bu layihəni necə qiymətləndirirsiniz?
- Nazirliyin layihəsi çox əhəmiyyətlidir və təqdirəlayiqdir. Xüsusən, ucqar bölgələrdə yaşayan şagirdlər var ki, onların internetə çıxışı yoxdur və canlı dərslərə qoşula bilmirlər. Teledərslərin üstünlüyü odur ki, əhatəliyi genişdir və hər kəsə əlçatanlığı var.Bu tip layihələrin çatışmazlığı şagird-müəllim təmasının və ünsiyyətinin məhdudluğudur. Real dərs prosesində müəlimin şagirdi və şagirdin müəllimi tanıması çox əhəmiyyətli məsələdir. Müəllim dərsi izah etdiyi zaman hər bir şagirdin dərsi necə qavramasına bələd olur. Bu baxımdan, mənfi nüans kimi ortaya çıxan budur ki, xüsusən, azyaşlı şagirdlər bir müəllimin metoduna alışırlar, başqa müəllimin verdiyi izahdan bəzən çətinlik çəkə bilirlər. Eynilə müəllimlər də öz auditoriyasını yaxşı tanıyır və kimin hansı mövzunu nə qədər qavrdığını hiss edib ona uyğun məlumat verə bilirlər. Bunun üçün müəllimlərlə şagirdlərin bir-birini tanımağına ekstra vaxt lazım olmur. Canlı dərslərdə müəllim və şagirdlərin qarşlıqlı ünsiyyət imkanı genişdir, dərsin gedişatı zamanı şagird nəyisə başa düşmədikdə təkrar soruşa bilir. Bu zaman öyrənmə keyfiyyəti daha yüksək olur. Eyni zamanda, şagird onlayn keçirilən canlı dərslərdə daha aktiv dinləyici olaraq iştirak edir. Çünki ona hər an müəllim tərəfindən sual yönləndirilə bilər. Bu da öyrənməni yaxşılaşdırır.
- Pandemiya ilə bağlı tətil bitdikdən sonra onlayn dərsləriniz yenə də davam edəcəkmi?
- Əvvəllər də, xüsusən, tətil müddətlərində şagirdlərlə əlaqə saxlamaq, qeyri-dərs vaxtları onlara tapşırıqlar göndərmək üçün bu sisemdən istifadə edirdik. Ancaq hazırkı vəziyyət hər kəs üçün distant təhsillə tanış olmaq imkanı yaratdı. Biz tədrisə yenidən başlayanda distant təhsil alətlərindən daha intensiv istifadə etməyi planlaşdırırıq.
- Artıq bütün dünya bu metodlardan istifadə edir. Bu platformalar üz-üzə məktəb təhsilini nə qədər əvəz edə bilir?
-Ümumiyyətlə, distant təhsilin üstünlükləri çoxdur. Ən əsası, təhsili böyük bir kütləyə açıq və əlçatan etməsidir. Artıq uzun bir müddətdir ki, internetin geniş yayılması, İKT-nin inkişaf etməsi ilə bu sahədə dünyada geniş bir trend yaranıb. Bu, istənilən ali məktəbin və professorun dərsinə qoşulmaq və onun mühazirəsini dinləmək imkanı verir. Afrikada yaşayan bir şagirdlə ABŞ- da yaşayan bir şagirdin təhsilalmada imkanlar və fürsətlər baxımından fərqi aradan qalxır. Əvvəl yaşadığın yer təhsildə mühüm element idi. İndi isə bu platformalar fərqi azaldıb. Bütün hallarda distant təhsil geniş kütlələrin təhsil almasındakı coğrafi baryeri aradan qaldırır.Ancaq ənənəvi təhsili əvəz etməyə gəldikdə, xüsusən məktəb yönündən danışmalı olsaq, bu texnologiyalar hələ ki, məktəblərə alternativ deyil. Şagirdlər məktəblərdə akademik bilik və bacarlıqlarını inkişaf etdirməklə yanaşı, yumşaq bacarıqlarını (soft skills) da inkişaf etdirirlər. Bu, onların sosial, ünsiyyət bacarıqlarıdır. Qarşlıqlı, ortaq bir mühitdə yaşamağı öyrənmək bacarıqlarıdır ki, irəlidə onların şəxsiyyət və peşəkar kimi inkişafında əhəmiyyətli rol oynayacaq. Məktəb, uşaqların həm akademik inkişafına, həm də sosial inkişafına münbit mühit yaradır. Onlar yoldaşları ilə ünsiyyət qurmağı - dalaşmağı, razılaşmağı öyrənirlər, nitqlərini inkişaf etdirirlər. Bunları distant təhsillə tam əvəz etmək və eyniləşdirmək qeyri-mümkündür. Təhsilin təcrübələr bölməsi var ki, bunu distant təhsildə həyata keçirmək mümkünsüzdür. Çünki hər kəs evində bir laboratoriya və ya fiziki tərbiyənin inkişafı üçün idman salonu qura bilməz. Bu baxımdan düşünmürəm ki, distant təhsil ənənəvi təhsili yaxın gələcəkdə əvəz eləsin. Yaranmış situasiyada isə distant təhsil texnologiyaları çox əhəmiyyətlidir. Hazırda bu, bizim seçimiz deyil, yaranmış vəziyyətdən çıxış yoludur. İnanıram ki, distant təhsil alətləri hər zaman ənənəvi təhsilin keyfiyyətini artırmaq üçün uyğun bir element olacaq. Məsələn, evində xəstə olan bir şagirdə dərs keçə biləsən, zəif qavrayan və ya xüsusi istedadlı şagirdə dərsdən əlavə vaxtda xüsusi yanaşa biləsən. Bu yöndən distant təhsil hər zaman gözəl bir alət olaraq qalacaq.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər