• cümə, 29 Mart, 17:19
  • Baku Bakı 14°C

Ənənəvi qəzetçilik təhlükədə deyil

07.07.15 11:10 3205
Ənənəvi qəzetçilik təhlükədə deyil
Media təmsilçiləri mətbuatımızın gələcəyinə nikbinliklə baxırlar

Hazırda mətbuatla bağlı ən çox müzakirə olunan məsələ onun gələcəyidir. Belə ki, hazırda internet medianın ənənəvi medianı üstələməsi günün reallığı kimi qəbul olunur. Bu isə qəzetlərin gələcəyini şübhə altına alan məqam kimi qiymətləndirilir və narahatlıq doğurur. Təbii ki, belə iddialarla razılaşmayıb əks fikirdə olanlar da var.
Onu da deyək ki, mətbuatın gələcəyi haqda söhbətlər təkcə ölkəmizdə aparılmır və bu, inkişaf etmiş ölkələrdə də müzakirə mövzusuna çevrilmiş məsələdir. Məsələn, İtaliyanın məşhur yazıçısı, hazırda bir gündəlik qəzetin və bir həftəlik dərginin yazarı olan Umberto Eko hesab edir ki, qəzetlər artıq hamının bildiyi xəbərlərlə deyil, özlərinə məxsus yazılarla çıxış etməlidirlər: “Dünən baş vermiş hadisəni istər ekrandan, istərsə də sosial mediadan oxuyursan, hətta qəzetin bütün sayını həsr etsə də verə biləcəyindən daha çox məlumat alırsan. Amma qəzetlər bu faktı israrla görməzdən gəlir. Səhər qəzeti əlinə alırsan, artıq beynin yeyib həzm etdiyi bütün məlumatlar orada lüzumsuz yerə əks olunub”.
Bu kimi məqamlar haqda ölkə mediası nümayəndələrinin fikirlərini, qəzetlərin gələcəyinin nədən asılı olduğunu öyrənməyə çalışdıq.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu “Kaspi”yə açıqlamasında dedi ki, bu məsələ ölkəmiz üçün o qədər təhlükəli deyil. Çünki mətbuatımız indiyə qədər heç vaxt dövlət tərəfindən bu qədər qayğı ilə əhatə olunmayıb: “Bütün həmkarlarımı, istər çap, istərsə də elektron mediada çalışan jurnalistləri Azərbaycan mətbuatının 140 illiyi münasibəti ilə təbrik edirəm. Faktiki olaraq, onlara yüksək səviyyədə diqqət ayrılır. Mətbuat heç zaman dövlətin dəstəyini bu qədər hiss etməyib. Mətbuatın inkişafı üçün ilk növbədə mühit formalaşdırılmalıdır ki, bu da Azərbaycanda təmin olunub. Jurnalistika peşəsinə və jurnalistlərə qayğı göstərilməsi üçün dövlət tərəfindən xüsusi layihələr gerçəkləşdirilib. Əminəm ki, Azərbaycan milli mətbuatı həmişə olacaq və yaşayacaq. Bu, cəmiyyətə ciddi təsir vasitəsidir və ictimai şüurun formalaşmasında əvəzsiz rol oynayır”.
H.Babaoğlunun fikrincə, ölkədə çap mediasının güclənməsi üçün lazımi şərait yaradılıb: “Azərbaycanda ənənəvi medianın inkişafı üçün dövlət hər şey edir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu dediklərimə əyani sübutdur. Fikir versəniz, hətta qəzetçiliyə qayıdış var. Amma bu işdə cəmiyyətin rolu danılmazdır. Tələb və təklif uyğunlaşmalıdır, paralellik olmalıdır. Yəni çap mediasının gələcəyi onun cəmiyyətlə dialoqundan asılıdır. Cəmiyyətin sifarişi nəzərə alınmalıdır. İstəyərəm ki, qəzetlərimiz daha keyfiyyətli çıxsın. Keyfiyyət deyəndə – maraqlı xəbərlər, araşdırma və təhlil yazıları, diqqətçəkən reportajlar, oxucunu cəlb edən müxtəlif aktual, sosial problemlərlə bağlı məqalələr və s. nəzərdə tuturam. Əgər çap mediası bunu bacarırsa, niyə də narahat olaq? Ona görə də ölkə mətbuatının gələcəyindən narahat deyiləm və internet medianın onu geridə qoyacağına inanmıram”.
Media eksperti Müşfiq Ələsgərli düşünür ki, yazılı mətbuatın əsas problemi onun yayımı ilə bağlıdır: “Ənənəvi medianın sıradan çıxacağını demək, proqnozlaşdırmaq doğru deyil. Ümumiyyətlə, internet media geniş anlayışdır. Çünki qəzetlərin onlayn versiyaları da bu anlayışa daxildir. Bundan əlavə, sosial şəbəkələr, vətəndaş jurnalistikası da bura aiddir. Bu baxımdan, internet medianın daha əlyetən olduğu danılmazdır. Bu, bütün dünyada aktual problemdir. Amma mən qəzetlərin sıradan çıxa biləcəyini düşünmürəm. Faktiki olaraq, qəzet oxunur. Əgər çoxluq indi onu onlayn versiyada oxuyursa, elə bu da “qəzet oxunur” deməkdir. Daha dəqiq desəm, hazırda qəzetin yayım forması fərqlidir. Bu isə ciddi problem deyil”.
M.Ələsgərli xəbərlərin sosial şəbəkələrdə daha tez yayılmasının, yaxud da vətəndaş jurnalistikasının inkişafının ənənəvi medianı sıradan çıxaracağını mümkün hesab etmir: “Bu haqda deyilənlər heç vaxt reallaşa bilməz. Söhbət ondan gedir ki, ənənəvi media öz işinin peşəkarıdır. Heç bir vətəndaş onları əvəz edə bilməz. Vətəndaş gördüyü hər hansı hadisəni çəkib paylaşa bilər, xəbəri daha tez yayar. Amma bu, hər şey demək deyil. Peşəkar jurnalistika bunun üçündür və onların üzərinə düşən missiyalar var. Peşəkar jurnalist xəbəri dəqiqləşdirir, hadisənin görünməyən tərəflərini araşdırır, müxtəlif tərəflərin mövqeyini öyrənir, balansı saxlayır. Bundan əlavə, onlar cəmiyyət üçün faydalı informasiyanı axtarmalı, tapmalı və onu hazırlayıb oxucuya çatdırmalıdırlar. Amma vətəndaşlar bunu etmirlər və beynəlxalq prinsiplərdən də xəbərsizdirlər. Onlar sadəcə, gördüklərini yayırlar. Halbuki jurnalistikanın çox prinsipləri var. Bu baxımdan internet jurnalistikanın ənənəvi medianı qabaqlaya biləcəyinə inanmıram. İnternet mətbuatı nə onu ötüb keçə, nə də əvəzləyə bilər. Ona görə də ölkəmizdə mətbuata xüsusi diqqət ayrılır, onun inkişafı üçün layihələr həyata keçirilir. Belə addımlar ənənəvi medianın süni şəkildə sıradan çıxarılmasının qarşısını alır. Mənə elə gəlir ki, cəmiyyət informasiyaya ehtiyac duyduqca, peşəkar jurnalistika yaşayacaq. Media dəqiqliyə, qərəzsizliyə riayət edir”.
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı faktiki olaraq, internet medianın mətbuatı üstələdiyini söylədi: “Bu da gələcəkdə qəzetlərin taleyinin necə olacağı ilə bağlı suallar yaradır. Ümumiyyətlə, bütün dünya qəzetləri hazırda problemlərlə üz-üzə qalıblar. Bizim hər birimiz əvvəllər qəzetdə işləmişik və onun taleyi bizi narahat etməyə bilməz. Təəssüf ki, qəzetçilər arasında dil biliyi olanlar azdır. Bu isə öz fəsadını qəzetdə göstərir. Ona görə də qəzet tendensiyasında gerilik müşahidə olunur. Məsələn, onlar dünya mətbuatından tərcümələr verə bilmirlər. Hesab edirəm ki, inkişaf üçün Türkiyə, Rusiya və Avropa təcrübəsindən yararlanmaq olar. Onlar maraqlı araşdırma və təhlil yazıları ilə çıxış edirlər. Amma Azərbaycanda bəzi qəzetlər var ki, səhifələrini daha çox internet materialları ilə doldururlar. Yəni saytların yazısını götürüb çap etməklə kifayətlənirlər, internetdəki yazılara xammal kimi baxırlar. Təbii ki, bunu hamıya aid etmək olmaz. Yaxşı ki, hamı belə deyil və öz layihələri, rubrikaları olan qəzetlərimiz var. Onlar özlərinə məxsus yazılar təqdim edirlər. Ümumiyyətlə, mətbuat təhlükə altına düşməməlidir. Müəllimlik kimi çıxmasın, gərək qəzetçilər daha çox çalışsınlar, sayt xəbərlərinə və yazılarına göz dikməsinlər. Əgər belə davam edərsə, təbii ki, inkişafdan söhbət gedə bilməz. Çox arzulayıram ki, bütün qəzetlər özlərinə məxsus xəbərlər, araşdırmalar, təhlillər təqdim etsinlər. Saytlar da onların yazılarını istinadla yaysınlar”.
E.Eyvazlı onu da bildirdi ki, hazırda ölkədə mətbuata böyük diqqət və qayğı var. Qəzetlər belə fürsətlərdən yararlanmalıdırlar: “Hazırda internet media daha geniş yayılsa da, qəzetçiliyin öz yeri, öz ənənələri var. Mətbuatın gələcəyi ilə bağlı vəziyyət bütün dünyada geniş müzakirə olunsa da, mən vəziyyətin qorxulu olduğunu düşünmürəm. Sadəcə, bir qədər gerilik var. O isə aradan qaldırıla bilən məsələlərdir. Qəzetlər heç bir saytda çıxmayan, onlara məxsus yazılar, məqalələrlə çıxış etməlidirlər. Gündəlik xəbərləri hamı saytlardan izləyir. Bunun içindən önəmliləri seçilib şərh edilərək oxuculara təqdim edilə bilər. Amma təəssüf ki, bəzi qəzetlər saytlara arxayındırlar və onların yazılarını özlərininki kimi təqdim edib oxucuları aldadırlar”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər