• cümə axşamı, 28 mart, 16:20
  • Baku Bakı 16°C

Ənənəvi dekorasiya və butoforiyanı da rədd edən Georq Fuks

02.07.20 15:52 5739
Ənənəvi dekorasiya və butoforiyanı da rədd edən Georq Fuks
Münhen bədii teatrı Almaniyada memar və rəssam qruplarının təşəbbüsü ilə yaradılmışdır. Teatr 1907-ci ildə açılmış və yalnız bir mövsüm fəaliyyət göstərmişdir. Lakin onun teatr tarixində böyük rolu olmuşdur. Müasir teatra qarşı çıxış edən Münhen Bədii Teatrının rəhbərləri öz teatrlarını adi teatr binasına, ənənəvi səhnə qutusuna sığdırmaq istəmirdilər. M.Litman tərəfindən xüsusi yay teatrı tikildi. Tamaşaçı zalı amfiteatrda qurulmuşdu, teatrın dərinliyi cəmi 4 metr olan uzun səhnəsi (10 m) yan tərəflərdən qalalarla hüdudlanırdı.
Tamaşa ağ rənglə rənglənmiş arxa divarın fonunda oynanılırdı. Xüsusi elektrik işıqlandırılması sayəsində tamaşa zamanı aktyorların silueti relyef şəklində qabardılırdı (buradan da səhnə öz adını – siluet və ya relyef səhnəsi adını almışdır). M/b teatrında, demək olar ki, dekorasiya yox idi. İnteryer ancaq bir neçə iri sütundan və pərdədən ibarət idi. Tamaşanın quruluşu heykəltəraşlıq mizan-səhnə quruluşunu xatırladırdı. Aktyorların oyunu sxematik xarakter daşıyırdı.
Teatra alman rejissoru, dramaturqu və teatr nəzəriyyəçisi Qeorq Fuks (1868-1949) başçılıq edirdi. Fuks M/b teatrının səhnəsində Şekspirin "On ikinci gecə”, Qlyukun "Aristofanın quşları”, "May kraliçası” və özünün "Til Ulenşpigel” pyesini səhnələşdirmişdir. Onun rejissura baxımından ən maraqlı işi Hötenin "Faust” əsəri əsasında hazırlanan tamaşa idi.
Fuks bir çox nəzəri əsərlərin, həmçinin alman səhnəsinin inkişafına ciddi təsir göstərən "Gələcəyin səhnəsi” (1904) və "Teatr inqilabı” (1909) kitablarının müəllifidir. Bu əsərlərdə Fuks öz bədii prinsiplərini əsaslandıraraq, dövrünün teatrının köhnəldiyini, böhran yaşadığını iddia edir, bu böhranın qismən maarifçilikdə də ortaya çıxdığını deyirdi. Fuks həm də naturalizmə və ifşa dramaturgiyasına, teatr sənətində "partiya hərəkatına” və onun tamaşalarda təəcssümünə qarşı çıxırdı.
Onun fikrincə, teatrın məqsədi - yalnız gözəlliyin təsviri ola bilər. Teatr geniş tamaşaçı kütləsinə deyil, az sayda seçilmiş insanlara və onların nəfis zövqünə yönəlməlidir. Fuks səhnədə "bayram mərasimlərinin” bərpa edilməsinə çağırır, amma bununla belə, sənətdə xalq yaradıcılığına dəyər vermirdi. O düşünürdü ki,”kasıbların həyatı”ndan bəhs edən pyeslər, eləcə də həyatın çətinliklərinin naturalist planda təsviri teatra lazım deyil.
Fuks ənənəvi dekorasiya və adi butoforiyanı da rədd edirdi. Münhen bədii teatrı rejissorunun nöqteyi-nəzərinə görə, bunlar tamaşaçı diqqətini aktyor oyunundan yayındırır. Fuksun fikrincə, teatrda aparıcı fiqur rəssamdır. O, elə bir məkan yaratmalıdır ki, bu məkanda aktyor fərqlənə bilsin. Teatrallıq Fuksun səhnə sənətinin əsas əlaməti idi.
Fuks səhnə sənətinin xarakterinin köklü şəkildə dəyişməsinə ehtiyac duyurdu. O hesab edirdi ki, teatr cəmiyyətin bütün təbəqələrinin diqqətini cəlb edə bilmir. İncəsənətin bu qədim növünə marağı artırmağın yolunu səhnənin və tamaşanın formasının dəyişdirilməsində görürdü. Fuks hesab edirdi ki, müasir teatr binası, səhnə arxası prinsipinə əsaslanan səhnə, çoxmərtəbəli zal yalnız müvəqqəti təlabatdır. Lakin o, "müvəqqətilikdən” daimiliyə çevrilmişdir.
Fuks hesab edirdi ki, kulis prinsipinə əsaslanan, səhnəsi, çoxyaruslu tamaşaçı zalı olan teatr binası yalnız müvəqqəti zərurətdir. O, standart səhnə quruluşuna qarşı çıxaraq deyirdi ki, müasir səhnə reallıq illüziyasını yaratmağa çalışır, amma buna nail ola bilmir. Onsuz da teatrda dağlar, təpələr, evlər kartondan və kətandan hazırlanırdı. Üzərində dağ təsvir olunan kətan, yaxud karton silkələnəndə bütün bu həqiqətəbənzər illüziyalar tamaşaçının gözü qarşısında dağılırdı.
Lakin teatr böyuük inadkarlıqla həqiqətəbənzərlik yaratmağa can atırdı. Bunun nəticəsində mürəkkəb teatr maşineriyasının tətbiq olunması tamaşanın hazırlanmasına çəkilən xərcləri dəfələrlə artırırdı.
Fuks həmçinin perspektiv təsviri dekorasiyalara qarşı çıxır, elə hesab edirdi ki, bu üsul həqiqətəbənzərlik yaratmaq vəzifəsinin öhdəsindən gələ bilmir. Çünki aktyorun fiqurunun yaxınlaşması və ya uzaqlaşması fonunda bu həqiqətəbənzər dekorasiya dəyişmir. Buna görə də Münhen bədii teatrında illüziya prinsipi relyef prinsipi ilə əvəzlənmişdi. Relyef prinsipinə əsasən, bütün səhnə ifa olunan tamaşa üçün özünəməxsus memari çərçivə oldu. Fuks hesab edirdi ki, əgər hadisənin baş verdiyi məkanı canlandırmaq mümkün deyilsə, onu sadələşdirmək və tamaşanı freska xarakterli təsvirlərin fonunda oynamaq olar. Belə olduqda, tamaşaçı qavrayışı çatışmayan elementləri özü tamamlayacaq.
Münhen bədii teatrında dram "qiymətli daş” kimi qəbul olunurdu. O, tamaşaçıya aktyorun bədəninin hərəkətləri, sözləri, mimikası vasitəsilə ötürülürdü. Bu zaman hər bir akyorun tamaşaçı ilə məsafəsi məkan nisbətində həll olunurdu. Fuksun bəzi tamaşalarında oyun qobelenlərin (xovsuz xalça növü) fonunda baş verirdi və bu bütünlüklə tamaşanın səhnə tərtibatını təşkil edirdi. Məkan kateqoriyası Fuksun teatr estetikasının mərkəzində dayanırdı. Bu detal həm səhnəyə, həm də tamaşaçı zalına aid idi.
Teatrın binası da bu estetik yanaşmaya əsasən tikilmişdi. Teatrın binasında yarus yox idi, səhnə və zal vahid ümumi məkan təşkil edirdi. Ancaq səhnəylə tamaşaçı zalı rampa xətti ilə bölünürdü. Fuks deyirdi ki, onun teatrında insan fiqurlarının qabarıq görsənməsi üçün yalnız məkanın bir parçası lazımdır. Düz relyef fəza prinsipi kimi rejissora istədiyi ”həcmi” almağa imkan verirdi.
Səhnə boşluğu ilə eksperiment Fuksun rejissor fəaliyyətinin əsas hissəsini təşkil edirdi. Münhen teatrının səhnə məkanı digər teatrların səhnəsindən bir sıra imkanlarına görə fərqlənirdi. Məsələn, səhnənin arxa hissəsi aşağı enə bilirdi ki, bunun sayəsində səhnənin arxasında dayanan aktyor tamaşaçı zalında uzaqdan gələn adam təsəvvürü yaradırırdı. Tamaşa zamanı səhnə sanki 3 hissəyə bölünürdü. Avansəhnə və orta səhnə yuxarıdan işıqlandırılırdı. Arxa səhnənin isə ayrıca işıqlandırılma sistemi vardı. Bu, 5 müxtəlif rəngin kombinasiyasına malik olan işıqlandırma qurğusu ilə həyata keçirilirdi.
Rəssam səhnədə yalnız koloritli rəngləri deyil, bütün işıq-kölgə xırdalıqlarını da canlandıra bilirdi. Yalnız işığın köməyi ilə Münhen bədii teatrında eyni bir məkan gah otaq boyda balacalaşa, gah da hüdudsuz geniş məkana çevrilə bilirdi. Fuksun fikrincə, beləliklə həqiqətəbənzər aləm deyil, bədii həqiqət dünyası yaranırdı. Münhen bədii teatrında tamaşanın hazırlanması prosesində məkan effektlərini yaxşı bilən heykəltəraşlar və rəngkarlar da iştirak edirdilər. Fuks hesab edirdi ki, səhnəni yalnız təsviri, yaxud dekorativ nöqteyi-nəzərdən deyil, həm də dramaturji baxımdan yeniləmək lazımdır. Çünki başqa teatral vasitələr pyesin dramatik üslubu ilə təyin olunurdu. İstənilən forma nəticə etibarilə bədii əsərin (tamaşanın) məzmununun ötürülməsinə xidmət edirdi.
Elçin Cəfərov
Teatrşünas
banner

Oxşar Xəbərlər