• çərşənbə, 24 Aprel, 11:21
  • Baku Bakı 13°C

Ənənələri yaradan və qoruyan qəzet

09.12.16 15:01 1847
Ənənələri yaradan və qoruyan qəzet
"Kaspi” Azərbaycan cəmiyyətinə güzgü tutan qəzetdir. Xalqın bütün həyatını, sevincini, kədərini, problemlərini olduğu kimi əks etdirir. Qəzet mədəniyyətə, ədəbiyyata, incəsənətin müxtəlif sahələrinə böyük önəm verir və sələflərinin maarifçilik ideyalarını layiqincə həyata keçirir”. 135 yaşını qeyd edən "Kaspi”nin yubileyi ilə bağlı görkəmli ziyalıların, alimlərin səsləndirdiyi fikirlər üç əsrdir yol gələn qəzetin fəaliyyətinə bir daha işıq saldı.
Müstəqil Azərbaycanın təbliği

Xalq yazıçısı Elçin:
- 19-cu əsrin dördüncü rübündə Azərbaycan mədəni həyatında, ictimai fikrində mühüm bir hadisə baş verdi: rus dilində məşhur «Kaspi» qəzeti nəşr olunmağa başladı. Bu dövrdən etibarən «Kaspi» qəzeti Azərbaycan problematikasının ifadəçisinə çevrildi. Yəni rus dilində çıxan bu qəzetdə Azərbaycan problematikasının ifadəsi çox mühüm əhəmiyyətə malik idi. İlk dövrlərdə müxtəlif millətlərin nümayəndələri olan rusdilli jurnalistlər «Kaspi» qəzetinə rəhbərlik edirdi. Amma sonrakı dövrdə, xüsusən Hacı Zeynalabdin Tağıyev bu işi öz üzərinə götürəndən sonra burada bir sıra azərbaycanlı müəlliflər çox aktiv iştirak etməyə başladılar. Şahtaxtlı orada baş redaktor oldu, böyük ictimai xadim Əlimərdan bəy Topçubaşov uzun müddət qəzetə redaktorluq etdi. Əli bəy Hüseynzadə kimi böyük qələm sahibimiz, mütəfəkkirimiz qəzetə rəhbərlik etdi. O qəzetdə Azərbaycan jurnalistikasının atası Həsən bəy Zərdabidən tutmuş, Sidqiyə qədər, həmçinin Nəriman Nərimanov, Firudin Köçərli və başqaları müəlliflik edir, Azərbaycan problematikasını, tarixini, güzəranını, xalqın istəyini və s. ifadə edirdilər. «Kaspi» qəzeti nəinki rusdilli Azərbaycan mətbuatının, ümumiyyətlə Azərbaycan mətbuatının inkişafında çox ciddi rol oynadı. Olduqca fərəhli bir haldır ki, böyük ənənələri olan bu qəzetin həmin ənənələri elə bu gün də qəzetin timsalında davam edir. Bugünkü «Kaspi» qəzeti həm Azərbaycan, həm də rus dilində, bu günlərdə 135 illiyi tamam olan «Kaspi» qəzetinin ən yaxşı ənənələrini davam etdirir. Həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, Azərbaycanda gedən quruculuq prosesini, Qarabağla, erməni təcavüzü ilə, itirilmiş torpaqlarla, qaçqınlarla əlaqədar problemlərin ifadəsini də bugünkü «Kaspi» qəzeti öz səhifələrində əks etdirir. Bir yazıçı kimi mənim üçün xoş olan bir cəhət də ondan ibarətdir ki, «Kaspi» qəzeti həm rus dilində, həm Azərbaycan dilində mədəniyyətimizə fikir verir, həm tarixilik, həm müasirlik baxımından Azərbaycan ədəbiyyatının, teatrının problemlərini qabardır. Mən çox maraqla hər şənbə günü rus dilində çıxan «Kaspiy» qəzetini izləyirəm. Bilirsiniz ki, rusdilli mətbuat o qədər də çox deyil. Olanlar da bəlkə istənilən səviyyədə deyil. Amma rus dilində çıxan «Kaspiy» qəzeti bizim rusdilli ən yaxşı jurnalistlərimizi, ədiblərimizi öz ətrafında toplaya bilib. Həmişə Azərbaycan dilində çıxan təzə kitabların, Azərbaycan ədəbiyyatının maraqlı əsərlərinin sorağı şənbə günü nəşr olunan «Kaspiy» qəzetində yer alır. Bugün həm Azərbaycan, həm də rus dilində nəşr olunan «Kaspi» qəzeti müstəqil Azərbaycanın bir tərəfdən mətbuat sahəsində nəyə qadir olduğunu göstərir, digər tərəfdən müstəqil Azərbaycanı təmsil və təqdim etməyi yüksək səviyyədə bacarır.
Ənənələrin davamçısı

Milli Məclis sədrinin müavini Bahar Muradova:
- Ötən əsrin sonunda - 1999-cu ildə fəaliyyətini yenidən bərpa edən «Kaspi» qəzeti haqqında fikir söyləyərkən ilk növbədə onu dövlətçilik mövqeyində dayanan, milli və dövləti maraqlarımızı birmənalı şəkildə qoruyan, bu məsələlərə öz prinsipial mövqeyi ilə yanaşmasını şərtləndirən, fəaliyyət sərgiləyən bir qəzet haqqında danışa bilərəm. Bu qəzetin fəaliyyətini bərpa etdiyi il Azərbaycanın həm müstəqilliyinin inkişafı baxımından, həm ölkənin iqtisadi-siyasi sabitliyinin möhkəmləndirilməsi, iqtisadi dirçəliş, regionda və dünyada milli maraqlarımızın irəliyə aparılması baxımından çox vacib hadisələrlə yadda qalan dövr idi. Həmin dövrdə milli liderimiz olan Heydər Əliyev respublikanın prezidenti idi, çox fəal ictimai-siyasi fəaliyyət aparırdı. Bütün sahələrdəki dirçəliş, inkişaf və uğurlu fəaliyyət üçün çox lazımlı və vacib layihələr həyata keçirilirdi. Bütün bu fəaliyyətin məqsədi də əlbəttə ki, Azərbaycan dövlətinin və dövlətçiliyinin inkişafı idi. Belə bir ictimai-siyasi vəziyyətdə öz mövqeyini düzgün müəyyənləşdirmək, əsas hədəfə vurmaq, cəmiyyətin nəbzi ilə fəaliyyətini əlaqələndirmək heç də asan məsələ deyildi. Məhz belə bir vaxtda «Üç əsrin qəzeti» adlandırılan "Kaspi” qəzeti XIX əsrin sonlarında həyata keçirdiyi fəaliyyəti XX əsrin sonu və XXI əsrin əvvəllərində daha geniş şəkildə reallaşdırmağa başladı. Bu gün «Kaspi» qəzetinin öz siması, öz mövqeyi, öz prinsipləri var. Mətbuat və informasiya təminatı baxımından, eləcə də Azərbaycan dövlətinin daxili və xarici siyasətinin mahiyyəti, məzmunu barədə dürüst məlumatları geniş auditoriyaya çatdırmaq, həmçinin bu siyasətin mahiyyətini oxucuya analitik təhlili materiallarla izah etmək baxımından "Kaspi” məsuliyyətli və vacib bir iş görməkdədir. Azərbaycanın uğurlarının, nailiyyətlərinin təbliğatına yönələn bir fəaliyyət sərgiləmək çox məsuliyyətli bir işdir. Söyləməliyəm ki, «Kaspi» qəzeti bu işin öhdəsindən bu günə kimi çox məharət və ləyaqətlə gəlməkdədir. Xusüsilə bu mətbuat orqanının bərpa olunması qərarını verən insanları mən çox fədakar insanlar hesab edirəm. Çünki yaradılanı dəyərləndirmək, onu qorumaq, inkişaf etdirmək, yaşatmaq çox böyük səy, zəhmət və fədakarlıq tələb edir. Hesab edirəm ki, «Kaspi» qəzetinin bugünkü kollektivi, onun yaradıcı heyəti məhz belə insanlardan cəmləşib. Kollektiv «Əkinçi»dən başlanan maarifçilik ənənələrini bu gün çevik, çox dinamik və hər gün, hər an dəyişən bir dövrdə yaradıcı şəkildə həyata keçirməkdədir. Ona görə kollektivin fəaliyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycanın ictimai-siyasi həyatında önəmli fəaliyyəti ilə yadda qalan insanların ictimaiyyətə və cəmiyyətə təqdim olunması, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və Azərbaycanın xarici siyasəti, o cümlədən ölkəmizin inkişafına ən müxtəlif sahələrdə töhfə vermiş insanların həyatı, fəaliyyəti, maraqlı şəxsiyyətlər haqqında məlumatları, təhlil və analitik materialları çatdırmaq baxımından «Kaspi» qəzetinin özünəməxsus mövqeyi, standartları, prinsipləri var. Ən əsası odur ki, yaradılmış bu standartlara və prinsiplərə bugünkü kollektiv tən şəkildə fəaliyyət göstərir. Demək olar ki, «Kaspi» qəzeti haqqında danışarkən bu prinsiplərə uyğun, onu özünün şəxsi keyfiyyətləri kimi daşıyan insanlar haqqında danışmaq lazım gəlir. «Kaspi» qəzetinin bu gün 135 illiyi tamam olur. Bu, gözəl nailiyyətdir. «Üç əsrin qəzeti» olmaq və bu adı almaq, eyni zamanda bu adı ləyaqətlə daşımaq, onu qorumaq istiqamətində səylər göstərmək bizə imkan verir ki, bu ənənələri indi də ləyaqətlə davam etdirən kollektiv haqqında gözəl sözlər söyləyək. Burada Azərbaycan xalqına, dövlətinə, milli-mənəvi dəyərlərimizə sadiq olan gənclər – oğlanlar və qızlar – mətbuat sahəsində təcrübəsi, ictimai-siyasi həyatda öz mövqeyi olan insanlar çalışır. Onların hər birinin və bütövlükdə hamısının əsas məqsədi Azərbaycan dövləti, onun nailiyyətləri, onun uğurları barədə məlumatları və informasiyanı həm ölkə xaricinə, həm də Azərbaycan vətəndaşlarına çatdırmaqdır. Bu gözəl, vacib məqsədə xidmət edən insanları mən bu mötəbər yubiley münasibətilə ürəkdən təbrik edirəm. «Kaspi» qəzetini, bu ənənələri yaradanları bu gün böyük ehtiramla yad edirəm, onların xatirəsi qarşısında baş əyirəm. Bu insanların irisini Azərbaycan mətbuatında yaşadanlara, Azərbaycan mediasının prinsipial mövqeyini qoruyub saxlayan insanlara bundan sonrakı fəaliyyətində daha böyük yaradıcılıq uğurları arzulayır və «Kaspi» qəzetinin simasını qoruyub saxlamaq istiqamətində nailiyyətlər arzu edirəm!
Ədəbiyyat məsələlərinə önəm

Xalq yazıçısı Anar:
- «Kaspi» qəzeti mətbuat tariximizdə mühüm yeri olan bir mətbu orqandır. Hələ keçən əsrin əvvəllərində görkəmli ictimai-siyasi xadimlərimiz Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlunun fəaliyyət göstərdiyi bu qəzet rus dilində Azərbaycanda çıxan ilk qəzetlərdən biridir. Bu imzalar sırasında ədəbiyyatçılardan Əli bəy və Əhməd bəyin olması onu göstərir ki, qəzetdə ədəbiyyat məsələlərinə əvvəldən ciddi fikir verilir. Sovet dönəmində bu qəzet təbii ki, çıxmırdı, amma indi bərpa olunub. İki dildə - həm rus, həm də Azərbaycan dillərində çıxır. Mən çox sevinirəm ki, ədəbiyyat məsələlərinə bu qəzet xüsusi önəm verir. Məhz buna görə də 2002-ci ildə Yazıçılar Birliyi ədəbiyyatı təbliğ etdiyinə görə «Kaspi» qəzetinə mükafat verib. Arzu edirəm ki, bundan sonra da qəzet ədəbi prosesi geniş işıqlandırsın, həm gənc, həm də yaşlı yazıçıları, şairləri, ümumiyyətlə Azərbaycan ədəbiyyatının bu gün fəal yaradıcıları olan insanları öz səhifələrində təbliğ eləsin.
Qəzetə uğurlar diləyirəm!

Bütün sahələri əhatə edən qəzet

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli:
- Azərbaycan mətbuatının tarixində görkəmli yer tutan «Kaspi» qəzeti əslində özünün böyük məktəbini formalaşdırıb. Vaxtilə xarici ölkələrdə təhsil alan, Avropa və rus dillərini bilən tanınmış Azərbaycan ziyalıları bu qəzetin ətrafında birləşib. Onlar Azərbaycanın sözünü və gerçəkliyini rusdilli mətbuat vasitəsilə geniş miqyasda tanıdır və bəyan edirdilər. Bu mənada «Kaspi» qəzeti Azərbaycanda hələ 19-cu əsrin ikinci yarısından etibarən və 20-ci əsrin əvvəllərində Azərbaycan ziyalılarının əsas xitabət kürsüsü idi. Qəzetin ideyasında isə azərbaycançılıq məfkurəsi dayanırdı. Qəzet sona qədər Azərbaycan həqiqətlərinə, reallığına, ideyalarına sadiq qalan mətbu orqan kimi özünü mətbuat tarixində isbat etdi. Qəzetin rus dilində çap olunması Azərbaycan ziyalı fikri və Azərbaycan hadisələrinin daha geniş miqyasda səslənməsinə, tanıdılmasına, bəyan olunmasına şərait yaradırdı. «Kaspi» qəzetində formalaşan Azərbaycan ziyalılığı məktəbi mətbuatın inkişafında böyük xidmətlər göstərdi. Topçubaşovun, Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin, Məhəmməd ağa Şahtaxtlının və başqalarının, daha çox da Həsən bəy Zərdabinin ağsaqqallığı və rəhbərliyi ilə bu qəzetdə irəli sürülən fikirlər, qəzetin əsas maarifçi xətti təkcə Azərbaycan mətbuatının yox, özündən sonrakı Azərbaycan cəmiyyəti, Azərbaycan dövlətində demokratik düşüncənin formalaşmasının da əsas səbəblərindən birinə çevrildi. «Kaspi» qəzeti bu gün də 19-cu əsrin sonlarında, 20-ci əsrin əvvəllərindəki kimi çoxaspektli, yəni bütün sahələri əhatə edən, həm də professional qəzet olmaq funksiyasını layiqincə yerinə yetirir.

Ümumilli qəzet

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli:
- Azərbaycan media sistemində «Kaspi» qəzetinin ayrıca yeri var. Bu qəzet oxucuların çox sevimli mətbuat orqanına çevrilib. Bütün məsuliyyətimlə deyə bilərəm ki, yeni dövrdə yarandığı gündən, ilk nömrəsindən bizim jurnalistika fakültəsinin tələbələri üçün bu qəzet yeni, çox maraqlı və doğma bir qəzetə çevrilib. Bunun ən başlıca səbəbi «Kaspi» qəzetinin özünün əvvəlki sələfinin yolunu ləyaqətlə davam etdirməsi ilə bağlıdır. 1881-ci ildən çıxan bu qəzetin nəşri sonralar uzun müddət dayanır və birdən bu qəzet klassik jurnalistikamızın ən önəmli bir nümunəsi kimi meydana çıxır. Bu da ondan irəli gəlir ki, qəzetin təsisçisi, şair-publisist Sona xanım Vəliyeva "Kaspi”ni daha çox azərbaycançılıq ideyasına görə yaratdı. «Kaspi» qəzeti qədimdə azərbaycançılıq ideologiyasının əsasını elə möhkəm qoyub ki, bu gün o ideologiyanı yenidən dirçəldib və qəbul edib. Azərbaycançılığı Azərbaycanın milli ideologiyasına çevirmək yolunda «Kaspi» qəzeti də çox mühüm rol oynadı. Bu qəzet müasir dövrdə Azərbaycan qəzet sisteminə özünün tematikası, rubrikaları, janr politrasina münasibəti ilə tamamilə yeni elementlər və detallar gətirib. Xüsusilə bu gün çox dəbdə olan esse janrının bu qəzetin səhifələrində yer alması və özünü son dərəcə yüksək səviyyədə göstərməsi bizim jurnalistika fakültəsində də yüksək qiymətləndirilir. Mən hər səhər tələbələrin əlində «Kaspi» qəzetini görürəm. Amma bir şeyi də etiraf edim: tələbələrin ən çox bəyəndiyi «Kaspi» qəzetinin şənbə buraxılışlarıdır. Bu qəzet bütövlükdə və xüsusilə şənbə buraxılışları ilə Azərbaycan mədəniyyətinə, gerçəkliyinə, milli-mənəvi dəyərlərimizə münasibətdə sələfi olan əvvəlki «Kaspi»nin bütün istiqamətlərini böyük ləyaqətlə həyata keçirməkdədir. Xüsusilə bu gün milli-mənəvi dəyərlərə diqqət məsələsi hər mətbuat orqanının əsas qayəsi deyil. Çünki indi Qərb modellərinə və mədəniyyətinə meyil çox güclüdür. Zərdabi məktəbini davam etdirən "Kaspi”nin Üzeyir bəydən tutmuş, Topçubaşova qədər milli-mənəvi dəyərlərin təbliği işində böyük xidmətləri var. «Kaspi» qəzetinin ədəbiyyat məsələlərinə diqqəti bütün Azərbaycan oxucusu üçün maraqlıdır. Etiraf edək ki, təxminən 10-15 il əvvəl ədəbiyyat məsələsi - Azərbaycan xalqının son dərəcə vacib, bütövlükdə xalqı kamilləşdirən bədii sözü xeyli dərəcədə öləzimişdi. Amma indi «Kaspi» qəzeti bu məsələni ciddi şəkildə ortaya qoyub. İndi qəzet nəinki Azərbaycan ədəbiyyatına münasibət və onu təbliğ eləmək mənasında, həm də dünya ədəbiyyatının korifeylərinə yer ayırır, həmçinin Azərbaycan xalqına kimin kim olduğunu göstərir, bədii sözün gücünü, estetik dəyərləri ortaya qoymaq baxımından son dərəcə qiymətlidir.

Düzdür, müasir «Kaspi» qəzeti yaş mənasında o qədər də böyük tarixə malik deyil, amma ortaya çıxan kimi ədəbiyyata və mədəniyyətimizə, maarifçiliyə göstərdiyi xidmət bütövlükdə bir məktəb səviyyəsinə yüksəldi və bu gün həmin məktəb çox yüksək səviyyədə digər mətbuat orqanlarında da davam edir.
Jurnalist kadrlarının yetişməyinə gəlincə, «Kaspi» qəzetində çox ciddi yaradıcı heyət var. Jurnalistika fakültəsinin tələbələrindən bu qəzetin kollektivi içərisində çox maraqlı, böyük istedada sahib olan məzunlarımız çalışır. Bəzən bu qəzetin səhifələrində bizim məzunlarımızın yazılarına, publisistikasına, esselərinə, müxtəlif janrlarda qoyduqları məsələlərə baxıram və qürur hissi keçirirəm ki, «Kaspi» qəzeti müasir günlərimizdə jurnalistikanın inkişafında və jurnalist kadrlarının yetişməsində bu qədər böyük rol oynayır. «Kaspi» mənim doğma qəzetimdir. «Kaspi» qəzeti artıq Azərbaycan media mühitində ümumilli qəzet statusu almağa doğru çox ciddi addımlarla gedir. Mənim doğma qəzetimə, doğma kollektivimə və Azərbaycanımın media sistemində özünü yüksək şəkildə nümayiş etdirən «Kaspi» qəzetinə bu yolda uğurlar arzulayıram!
Azərbaycanın "Kaspi”si

Xalq şairi Sabir Rüstəmxanlı:
- «Kaspi» qəzeti Azərbaycan mətbuat tarixində özəl yerə sahibdir. «Əkinçi» qəzetndən sonra yaranmış mətbuat orqanları arasında «Kaspi» xüsusi yer tutur. Bu gün artıq onun 135 yaşı var. Bu 135 ilin 20 ilini «Kaspi» qəzetinə bizim tariximizin çox parlaq simalarından olan Əlimərdan bəy Topçubaşov başçılıq edib. İndi də 16 ildir bizim tanınmış jurnalistlərimizdən və yazarlarımızdan olan Sona Vəliyeva başçılıq edir. Bu faktın özü «Kaspi»nin keçdiyi yola parlaq bir misaldır. «Kaspi» qəzeti bu gün müstəqil Azərbaycanda müstəqil mədəniyyətimizin təbliğçilərindən, əsas informasiya orqanlarından biridir. Əslində o qəzet rusca çıxmasına baxmayaraq, Azərbaycan xəbərlərini çatdıra bilən bir mətbuat orqanına çevrilmişdi. 1901-1902-ci illərdə qəzetin səhifələrində Əhməd Ağaoğlu kimi parlaq, böyük tarixi şəxsiyyətlərimizdən biri, çox böyük qəzetçi çıxış edirdi. Qəzetin arxivinə baxanda, orda Əhməd Ağaoğlunun həmin illərdə Azərbaycan kəndləri ilə bağlı yazdığı çox maraqlı oçerklərə rast gəldim. Hələ indi də o məqalələr ortaya çıxarılmayıb. Qəzetin səhifələrində Azərbaycan həyatını əks etdirən çox maraqlı jurnalist yazıları var. Bu gün artıq «Kaspi» müstəqil Azərbaycanın gündəlik bir qəzetidir. «Kaspi» qəzeti həm Topçubaşov ənənəsini davam etdirir, həm də öz əhatə dairəsini, özünün peşəkarlığını xeyli genişləndirib. Bu, artıq Azərbaycan dilində, Azərbaycan türkcəsində çıxan və müstəqil Azərbaycanın həyatının bütün palitrasını, rəngarəngliyini özündə əks etdirən qəzetdir. Mən sevinirəm ki, «Kaspi» qəzeti indi həm də bir ədəbiyyat, mədəniyyət qəzetinə çevrilib. Şənbə günü nömrələri mədəniyyətimizlə bağlı bir çox problemləri dilə gətirir. Yaşından asılı olmayaraq, istedadlı qələm sahibləri üçün açıq olan bir qəzetdir.

Mən qəzetin qonağı olmuşam və "Kaspi”nin redaksiya heyətini yaxşı tanıyıram. Sona Vəliyeva gözəl kollektiv yarada bilib. Kollektivlə söhbətdə hiss eləmişəm ki, onlar "yalnız bir qəzet buraxaq” fikri ilə çalışmırlar, qəzetin müəyyən prinsipləri var. Bu prinsiplərdən biri də Azərbaycanda milli-mənəvi dəyərlərin, Ana dilimizin, ənənələrimizin, milli əxlaqımızın qorunmasıdır. Televiziyalarda, radiolarda, ümumiyyətlə, çevrəmizdə Azərbaycan milli kimliyinə zərər gətirən nə varsa, onların hamısına qarşı «Kaspi» qəzetində bir mövqe var. Qəzetdə Əlimərdan bəy Topçubaşov ənənəsinə, onun böyük milli ruhuna sadiqlik var. O, ömrünün böyük bir hissəsini xaricdə keçirdi və sona qədər Azərbaycan davasına sadiq qaldı. «Kaspi» qəzeti indi də əslində o davanı davam etdirir. Bu, dinc, müstəqil dövlətin öz quruculuq, gələcəyini qurmaq davasıdır. 135 il bir tarixdir və «Kaspi» qəzeti hər dövrdə güzgü olub. İndiki «Kaspi»nin güzgüsü, əlbəttə, bizə daha doğmadır. Gördüyümüz qüsurlar da bizə doğmadır, yaxşı, pis tərəflər də. Çünki artıq bu, Azərbaycanın «Kaspi»sidir. Azərbaycan və Azərbaycanın müstəqil dövlətinə, millətimizə bağlı olan, millətimizə xidmət edən bir qəzetdir. Yubileydən istifadə edib, qəzetin bütün kollektivini ürəkdən təbrik edirəm. Jurnalistika şərəfli işdir, sizlərə bu işdə uğurlar arzulayıram!
Ziyalılar qəzeti

Yazıçı-publisist, millət vəkili Elmira Axundova:
- Sevimli qəzetimiz «Kaspi»nin 135 illiyini qeyd edirik. Bu, mətbuat aləmində çox böyük bayramdır. Təsəvvür edin ki, 19-cu əsrin axırlarında, 20-ci əsrin əvvəlində bu qəzet təsis olunub və bizim tanınmış, dahi şəxsiyyətlərimizdən Əlimərdan bəy Topçubaşov, Həsən bəy Zərdabi qəzetin simaları olublar. Bu qəzet 80 il sonra yenidən doğuldu, dirçəldi və bunun üçün də mən qəzetin kollektivinə və xüsusən də qəzetin təsisçisi Sona xanım Vəliyevaya çox minnətdaram! «Kaspi» qəzeti çox maraqlı çıxır və tədricən geniş öxucu kütləsi qazanıb. Bunun sirri nədədir? Öncə qəzetin ziyalılığındadır. Qəzet ziyalılar qəzetidir. Bütün materiallar – mədəniyyət, siyasət, iqtisadiyyat haqqında mövzular Azərbaycan və rus dilində, tanınmış jurnalistlərin sayəsində yüksək şəkildə əks olunur. Xüsusilə bu qəzetdə tarixi şəxsiyyətlərdən, keçmiş və indiki zamandakı ziyalılarımızdan söz açılır. Bu cür materiallar bizə çoxlu məlumat verir. Xüsusilə bu, cavanlara daha çox lazımdır. Onlar tariximizi bilməli və öyrənməlidirlər. Ona görə «Kaspi» qəzetini böyük maarifpərvər adlandırmaq olar. «Kaspi» qəzeti 19-cu əsrin axırlarında, 20-ci əsrin əvvəllərində necə maarifçi ideyalarla çıxış etməyə başlayıbsa, indi də həmin ənənələri davam etdirir. Ona görə mən «Kaspi» qəzetini yüksək qiymətləndirirəm və kollektivə böyük uğurlar, bu işlərin davamiyyətini arzulayıram. Özüm də şadam ki, qəzetin müəlliflərindənəm. Demək olar ki, bu qəzetdə 10 ildən çoxdur çalışıram və bütün yazılarım burada işıq üzü görür.

Mütəfəkkirlərin cəmləndiyi qəzet

Tarixçi alim Nəsiman Yaqublu:
- «Kaspi» qəzeti Azərbaycan mətbuat tarixinin böyük dövrünü əhatə edir. XIX əsrin sonlarında Azərbaycanda 3 qəzet nəşr olunurdu. Bunlardan «Əkinçi» qəzeti 1875-ci ildən çıxmağa başlayıb, iki qəzet isə - «Bakinskiy listok» və «Bakinskiy izvestiya» rus dilində işıq üzü görüb. Amma bu üç qəzetin heç biri uzunömürlü olmayıb. Uzunömürlü qəzet XIX əsrin sonlarından nəşr olunan «Kaspi» qəzeti olub ki, bu qəzet haqqında biz bu gün kifayət qədər geniş məlumata malikik. Azərbaycan ictimai-siyasi həyatını özündə əks etdirən bir mətbuat orqanı kimi bizim mətbuat tariximizdə də yaşamaqdadır. «Kaspi» qəzetinin yaranmasında, formalaşmasında onun ilk redaktoru Viktor Kuzminin böyük rolu və fəaliyyəti olub. Onun fəaliyyəti nəticəsində «Kaspi» qəzeti kifayət qədər Azərbaycan mühitində yayılan bir mətbuat orqanına çevrilib. Bu qəzet ilk əvvəl neft sənayesinin bir orqanı kimi çap edilməyə başlayıb. Amma neft sənayesinin orqanı kimi nəşrə başlayan bu qəzeti geniş əyalət qəzetinə çevirən Viktor Kuzmin, Sakalovski və digər redaktorlar olublar. Təbii ki, «Kaspi» qəzetinin böyük regiona təsir imkanlarına malik qəzetə çevrilməsində Əlimərdan bəy Topçubaşovun xidmətləri böyükdür. Qəzetin ikinci inkişaf mərhələsi, təbiidir ki, Əlimərdan bəy Topçubaşovun adı ilə bağlıdır. Məhz onun redaktorluğu dövründə bu qəzet ümumrusiya qəzetinə çevrildi. Yəni bu çox vacib bir məqam idi ki, əyalət qəzetindən, neft sənayesinin orqanı qəzetindən «Kaspi» qəzeti ümumrusiya qzetinə çevrildi və Rusiyanın digər bölgələrində də oxunmağa başlandı. Viktor Kuzmin özünün redaktorluğu dövründə bu qəzetin «Çıraq» («Svetilnik») adlı əlavəsini Azərbaycan dilində buraxmağa çalışırdı. Təqdim etdiyi proqramda bu qəzetin, yəni «Çıraq» qəzetinin rus dilində olan materialların tərcüməsi əsasında nəşr ediləcəyini yazmışdı. Amma o dövrdə Qafqaz Senzura Komitəsi bu qəzetin nəşrinə icazə vermədi. Çünki onlar müsəlman mühitinın ayılmasını, maariflənməsini və öz hüquqları uğrunda bilgilərə sahib olmasını istəmirdilər. Yəni buna görə də «Çıraq» qəzetinin nəşr edilməsi qeyri-mümkün oldu. Təbii ki, qəzetin sonrakı inkişafında onun rus mənşəli redaktorlarının xidmətlərini xüsusi qeyd etmək lazımdır. Bu qəzetin inkişafında, fəaliyyətində Azərbaycanın tanınmış milyonçusu, xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, gələcəkdə Azərbaycan parlamentinin ilk sədri, ilk dəfə Birinci Rusiya Dövlət Dumasının azərbaycanlı deputatlarından biri olan Əlimərdan bəy Topçubaşovu qəzetə cəlb etdi və 1898-ci il iyun ayının 24-dən başlayaraq o, qəzetə redaktorluq etməyə başladı. O dövrdən qəzetdə ümummilli Azərbaycan problemlərinə yaxınlaşma hiss edilməyə başladı. Çünki müsəlmanların maariflənməsi, elmlənməsi, bilgilərə sahib olması və o dövrdə dinimizdə islahatların aparılması, insanlarımızın yeni məktəblərdə təhsil alması, teatr, ədəbiyyat məsələləri məhz Əlimərdan bəy Topçubaşovun redaktor olduğu dovrdə - 1898-1907-ci illərdə çap edilən məqalələrdə öz əksini tapırdı. Həsən bəy Zərdabinin təbiət, elm haqqında bu qəzetdə çoxlu sayda yazıları çıxıb. Azərbaycanın digər görkəmli mütəffəkiri, Sarbono universitetini bitirəndən sonra Bakıya qayıdan Əhməd bəy Ağaoğlu bu qəzetlə həm əməkdaşlıq edir, sonra da bir müddət bu qəzetin redaktoru olur. Əhməd bəy Ağaoğlunun təxmini hesablamalara görə, «Kaspi» qəzetində 200-ə qədər yazısı çıxıb. Digər azərbaycanlı mütəfəkkir Məhəmməd ağa Şahtaxtlı bu qəzetlə ciddi şəkildə əməkdaşlıq edirdi. Azərbaycan fikrində, tarixində, düşüncəsində böyük yer tutan Əli bəy Hüseynzadə Türkiyədən qayıtdıqdan sonra bir müddət «Kaspi» qəzeti ilə əməkdaşlıq edir, onun redaktoru olur və burada da özünün dəyərli yazılarını çap etdirir. Bizim böyük bəstəkarımız və düşüncə sahibimiz olan Üzeyir Hacıbəyovun 1904-1905-ci illərdə «Kaspi» qəzetində ilk yazıları çap edilir və o, qəzetlə sıx əməkdaşlıq edir. Eləcə də digər bir mütəffəkirimiz Ceyhun Hacıbəyli «Kaspi» qəzeti ilə yaxından əməkdaşlıq edirdi. O, bu qəzetdə Dağıstani təxəllüsü ilə yazılarını çap etdirirdi. «Kaspi» qəzetinin mətbəəsi yandırıldıqdan sonra - 1919-cu ildə təxminən 50-dən çox sayı çap edildi və sonradan «Kaspi» qəzeti öz fəaliyyətini dayandırdı. Təbii ki, bu, «Kaspi» qəzeti haqqında ümumi bir xronika idi. Amma «Kaspi» qəzetinin səhifələrində hələ öyrənilməmiş çox yazılar, məqalələr var. Məsələn, Əli bəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun heç yerdə çap edilməyən məqalələri var. Digər bizim tanınmış şəxsiyyətlərimizin də «Kaspi» qəzetində yazıları var ki, onlar hələ toplanılıb yenidən çap edilməyib. «Kaspi» qəzeti 38 illik fəaliyyəti dövründə Azərbaycan tarixi, mədəniyyəti və mətbuatında dərin, zəngin bir iz qoyub getmiş, sonradan isə fəaliyyəti bərpa olunmuş mətbuat orqanıdır.
Təranə Məhərrəmova






banner

Oxşar Xəbərlər