• şənbə, 20 Aprel, 11:49
  • Baku Bakı 14°C

“Ən güclü silah satiradır”

12.06.17 13:45 6939
“Ən güclü silah satiradır”
Dario Fo əvvəlcədən hazırlaşmadan, gördüklərini, eşitdiklərini diqqətlə müşahidə edərək, hər zaman oxucu auditoriyası qarşısına tam "silahlanmış” vəziyyətdə çıxır. Hər məruzəsi satira ilə, yumoristik tənqidlə, iynələmələrlə dolu olur. Onun çıxış etdiyi salonlardan tamaşaçı qəhqəhəsi, gurultulu alqışlar əskik olmur. Çünki Nobel üzrə ədəbiyyat mükafatı almış bu usta satirik-yazar soydaşlarına, vətəndaş hərəkatının gücünə, ictimai mövqeyin təsirinə çox inanır. Geniş oxucu auditoriyasını hər zaman öz düşüncələrinə köklənmiş vəziyyətdə saxlamağa çalışır. Təkbaşına olsa, nə vardı ki... Həyati, mədəni, etnik, siyasi düşüncə baxımından bağlandığı xanımı senator Franka Reym Fo ilə bərabər yazıçı sözün əsl mənasında qasırğadır.
Necə baş verdiyini bilmirik. Bir də özümüzü gecə saat ikidə Romada, La Sapienza universitetinin dərs otaqlarından birində "Bella ciao”, "Bandiera rosa” və s . kimi mahnılar oxuyan yerdə tapdıq. Üstəlik yerdə oturmuşuq. Düz qarşımızda gülümsəyən, nurlu siması ilə "Avanti po-po-la, a-lla ris-co-ssa. Bandiera rossa trionfera” sətirlərini yoluxucu coşğu ilə oxuyan bu adam olmasaydı, yəqin ki, bu səhnədə maraqlı bir şey də olmazdı. Bu adam isə dünyanın dörd yanından axışıb gələn qədim-yeni dostları ilə 80-cı doğum gününü qeyd edən, Nobelli yazar-şoumen Dario Fodur. Kim Manresa da duyğulanıb bu görüntüdən. Adi bir sinif otağı bir anda inqilabçıların toplaşdığı yeraltı teatr zalına çevrilmişdi. "Bella ciao, ciao, ciao” sözlərinin gurultulu əks sədası sanki alovlu gənc ordusunun əsəriydi. Fo yaxınlaşıb, fəxr və ehtirasla deyir: "Bunu həmişə eləyə bilmişəm. Teatrı ona qarşı çıxan insanların yaşadığı yerlərə çəkib, apardım. Tələbə vaxtı evdən universitetə və universitetdən evə gedib-gəldiyim qatarda "tamaşalar qurdum”. Sonra yazdıqlarımı fabriklərin, məktəblərin, universitetlərin həyətində, meydanlarda, bazarlarda səhnələşdirməyə başladım. Və qətiyyən insanların haqqımda nə düşündüyü ilə maraqlanmadım. Yazdıqlarım, dediklərimin təsirini müşahidə etmək mənə daha maraqlı idi. Teatr yaradılışından ictimai sənətdir. Hər yerdə qura bilərsiniz. Əsərlərim indi böyük qonorarlar ödənərək, dünyanın məşhur teatr salonlarında səhnələşdirilir. Bu diqqət xoşdur, minnətdaram. Amma bu yerlərə bilet alanlar, əsəri dinləməkdən çox məni görmək üçün gələnlər xitab etmək istədiyim sinfin adamları, mənim auditoriyam deyil”.
Onu zalda alqışlayanların arasında xanımı da var. 1997-ci ildə Foya verilən Nobel mükafatında insan hüquqları sahəsində ciddi addımlar atmış, senator Franka Reym ilə bağlanan nikahın da rolu az deyildi. Bu iki insan, sanki bir beyində, iki bədəndə zühur ediblər. Öz studiyaları var, birgə yazır, birgə səhnələşdirirlər. Bu duetə bəzən oğulları Cakopo da qatılır. Fo: "Bu yaxınlarda oğlumun yazdığı qadınlar haqqında əsərimi nəhayət ki, tamamlamışam. Yəqin çoxları haqlı olaraq inanmaz. Əsəri Franka yazdı. Sonra Cakopo əsərə öz yaşına, baxışlarına uyğunşeylər əlavə etdi. Yekun olaraq isə mən işlədim üzərində”.
Fo həyatda olduğu illər ərzində dünyanın ən çox dram səhnələşdirən dramaturqudur. Ancaq əsl rekordu xanım Fonun yazdığı, gündəlik yaşamın içindəki xırdalıqlardan bəhs edən bu əsər qırıb. Franka: "Hərdən çox qürrələnməsin deyə, bu faktı ona xatırladıram. Nobeli sən almış ola bilərsən, amma ən çox səhnələşdirilən dram əsərini mən yazmışam”.
Adətən, yazarlarla ilk gün anlaşmaq, onları tam "görmək” olmur. Amma Fo birinci gün bizə səmimi, hərtərəfli göründü, nəinki sonrakı iki gündə. Romaya gələndə birbaşa unversitetə getməli olduq, səhnə əsərinin məşqi idi, tələbələri ilə rəqs edirdi. Sonra binanın terasında isti şokolad içərək, tanış olduq. Yazar aradakı soyuqluğu qaldırmaq məqsədilə komediya ustalarının öyrəndikləri şivələrdən nümunələr gətirdi, böyük həvəslə bəzi bölgələrdə yaşadığı macəraları həmin yerlərin şivəsi ilə danışdı: "Tamaşalarda italyan dilinin demək olar ki, bütün şivələrindən istifadə edirəm – Napoli, Kalabria, Milan, Lombardiya. Yazarın ən böyük üstünlüyü yazdığı dili mükəmməl bilməkdir, onu şivələri ilə tanımaqdır”.
Fo dəmiryol işçisinin oğlu olub. Uşaqlıq illərində İtaliyanın dörd bir yanını gəzib: "Hər yerə qatarla gedirdik. Pulsuz biletlərimiz var idi. Həmişə harasa gedir, şəhərdən-şəhərə keçirdim. Saysız-hesabsız insan tanıdım. Psixoloq Bettelheym xəstələrindən həyatlarının ilk yeddi ilini danışmalarını istəyirmiş: "İnsan həyatında nə varsa, ilk yeddi ildə baş vermişlərin təzahürüdür. Sonrakı illərdən danışmasanız da, olar”. Mənim bugünüm ordan qaynaqlanır”.
Nəhayət, bir gün Fo ədəbiyyat adamı libasına bürünməyə qərar verir. Klassik mətnlərin "iqtidarın məqsədlərinə xidmət etmək”-dən başqa da funksiyası olduğunu izhar etməyə başlayır. "İncil”-i, Yunan əfsanələrini, qədim renessans dövrü tablolarını yenidən araşdırır. Onların orijinalları haqqındakı tarixi mənbələri tapır və insanlara, əslində, bunların heç də doğru şərh edilmədiyini göstərir: "Bizə məktəblərdə öyrədildiyi və beynimizə yeridildiyi kimi yuxarı və aşağı siniflər yoxdur. Bütün siniflərdə eyni ucalıq, üstünlük var. Bunu görmək üçün yazılanların sirli məqamlarını tanımaq, açmaq lazımdır”.
"Müqəddəs kitab” çox müzakirə olunmuşdu. Xüsusilə də, onun tənqidlərini Vatikanın sükutla qarşılaması. Vatikan sarayı ilə münasibətlərinin niyə belə pis olmasının səbəbini soruşuruq. Fo: "Kilsə əleyhdarı deyiləm. Din aid olduğum mədəniyyətin bir hissəsidir. Onunla böyümüşəm, inanca hörmətim var, kilsələrə də maraqlıyam. Amma elə bir andaca rahiblərin nağıl danışdığını, insanların inancından sui-istifadə etdiklərini anladım. Cəmi 25 yaşım var idi onda. Müqəddəs kitabın, əslində, yunanca yazıldığını, bizə isə onun yaddaşlarda qalan bir versiyasından köçürülmüş variantının gizli yollarla əldə edilmiş bir nüsxəsi əsasında yenidən tərtib edilən kitabın, inancın, dinin təqdim olunduğunu öyrəndim... Kobud xətalar, köklü şəkildə yanlış şərhetmələr var. Fələstinə gəlməkistəyərkən, yolu Yunanıstana düşmüş və burada məskunlaşmış tayfalar tərəfindən yazılıb "İncil”. Ona görə də kitabda ciddi təzadlar var”.
Universitetdəki nümayişdən sonra Franka, Fo və napoli şivəsindəki mahnıların usta ifaçısı Covanna Marini ilə şam etdik, əsərlərindən danışdıq: "Yaradıcılığımda xüsusi bir dövr oldu. Əsərlərimin mövzularını oxucuların reaksiyası, məktubları müəyyənləşdirirdi. Dramlardan sonra daimi tamaşaçıların iştirakı ilə ayaqüstü iclas keçirər, hansı mövzuları əhatə etməyimi, hansı məqamlara toxunmağımı istədiklərini müzakirə edərdik. Məsələn, supermarketlər təzə yarananda məhsullar bahalı olduğundan buradan hər adam bazarlıq edə bilmirdi. İtaliyada qadınlar dəfələrlə bu yerlərə hücum edib, marketləri yağmalamışdılar. "Ödənməyəcək! Ödəmirik!” əsəri bu hadisədən sonra yazılıb. Çünki bir müddət həyatımda əlimi atdığım hər şey başıma bəla olmuşdu. Depressiyadan çıxa bilmirdim. Yaxın bir dost məni psixoloqa apardı. Həkim isə dedi ki, sevdiyin işi tap, onunla məşğul ol. Teatr məni xəstəxanaya düşməkdən qurtardı. Bu coşğunu səhnəyə borcluyam”.
Fo Milanda yaşasa da, Frankanın işi Romada olduğu üçün artıq buraya daha tez-tez gəlir: "Mən fiziki olaraq, Milanda doğulmamışam. Amma yazar kimi, aktyor kimi Dario Fo Milanda doğulub. Ora çox şey borcluyam – önümdə sonsuz imkanlar açdığı, məni irəli aparacaq insanlarla tanışdırdığı, bir-birindən dəyərli fürsətlərlə həvəsləndirdiyi üçün... Ancaq mənim evim təkcə Milan deyil. İtaliyanın hər yerində o qədər xoş, isti münasibət görürəm ki, getdiyim hər yerdə özümü evimdəki kimi hiss edirəm”.
Doğum günü mərasiminin sonunda Foya maska hədiyə edildi: "Bu təhlükəli hədiyədir. Bir dəfə kloun roluna girmiş uğurlu bir aktyorla tanış oldum. Sonrala maska taxmadan səhnəyə çıxa bilmirdi. Onu tanıyıb, ayırd edə bilsinlər deyə, gündəlik həyatında da maska taxırdı. Biz aktyorları gözləyən ən böyük təhlükə budur – maskasız heç olmaq”.
Qədim Roma xarabalıqlarında gəzinirik. Erotik mövzularda danışanda və ya səhnələşdirəndə niyə qədim adlardan istifadə etdiyini soruşuruq: "Mənim yaradıcılığımda heç nə sizin televizorda gördükləriniz kimi kobud olmamalıdır. Mən bu qədim adlardan, dialektlərdən, dolaşıq fikirlərdən məhz bu kobudluqdan qaçmaq üçün yararlanıram. Bir sevgi reallaşması, iki nəfərin fiziki və ruhi olaraq birləşməsi ülvi məsələdir, bundan danışanda və ya bunu təsvir edəndə söz oyunlarını, xəyal gücümdən istifadə etməyi və hər cür yer dəyişmələri üstün tuturam. Bunun əksinə yol tutmağı dəyərsiz hesab edirəm. Yer üzündəki bütün axmaqları güldürə bilmək üçün bu qədər səviyyəsizləşməyə ehtiyac yoxdur. Eşq çox bayağı, incəlikdən yoxsul, zorlama kimi təsvir edilir. Mən buna yol verə bilmirəm”.
Frankanın işlədiyi bələdiyyə binasına çatırıq. Fo siyasi fikirlərini bölüşür: "Berluskoni artıq istefa verib, arzuladığı ekzotik və kimsəsiz adaya yollanmalıdır.Amma eləmir. Psixi xəstələr kimi öz xeyrinə qanunlar çıxarıb, qəbul etdirmək istəyir. Həqiqətən ədalətli və demokratik bir hakimiyyətin bu iqtidarı sıxışdırmaq vaxtı gəlib. Ona başqa seçim haqqı verilməməlidir”.
Fo həyat yoldaşı ilə görüşüb, sağollaşır. Hər ikisi yumor hissi güclü, öz çatışmazlıqlarını ələ salmağı bacaran, tənqidə açıq insanlardır. Bu cütlüyün arasında qadağan olunmuş bircə mövzu var: Frankanın təcavüzə uğraması. Bunu isə otağında özü danışır: "Elə işdən çıxanda hiss etdim ki, kürəyimə silah dirəndir. Bir yük maşınına mindirib apardılar. Dörd nəfər idilər. Bütün bədənim kütləşənə kimi təcavüz etdilər. Bu siyasi göz dağı idi. Evə qayıdan polisə və Darioya döyülmüşəm dedim. Qorxunc idi. Baş verənləri izah edə bilmədim. İllər sonra "Təcavüz” adlı dram yazdım. Əsər Barselonada səhnələşdiriləndə bir tamaşaçı huşunu itirdi. Dario baş verənləri anladı və o, tamaşanı izləmədi, oxumadı. Məni ən çox sındıran isə telefonlarım dinləndiyi halda, polisin baş verənləri görməzdən gəlməsi oldu. Onlar cəzasız qaldı. Mən isə yaralı”.
Fo ilə sevdiyi ekoloji qatara minirik. Böyük şövqlə siyasətdən danışır: "İqtidara yönəlmiş ən güclü silah satiradır. Onlar da bunu bilir və buna görə bizə aman vermirlər. Ədalətsiz iqtidar tənqidi yumora qarşı dözümsüzdür. Siyasətçilər də... Çünki gülüş insanı qorxularından arındırır. Güldürməyi bacaranlar çox insanı bir araya toplayır. Onları güldürür və asanlıqla yönləndirir. Nobel, ədalətsiz davrananlar, insanları qaranlığa sürküləyənlərlə apardığım mübarizənin mükafatı idi”.
Qatardan düşüb, onunla sağollaşırıq. Kostyumunun kütlənin arasında gözdən itdiyini izləyirik. O, ölənə kimi mübarizədən əl çəkməyəcək. Sadəcə alqışlayırıq.
Xavi Ayenin "Nobeldən daha çoxu” kitabından
İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər