AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ən çox pambıq yığan adam – Mən gənc olarkən

Ən çox pambıq yığan adam – Mən gənc olarkən

Gənclik qəzeti
19 Yanvar 2015, 10:48 2407
Uşaq yaşlarından zəhmətə qatlaşıb. 1-ci sinifdə oxuyarkən pambıq yığımından pul qazanan müsahibimiz ən çox pambıq yığan adam kimi təşəkkürnamə də qazanır. Ailələrinə kömək etmək sevdasıyla elə orta məktəbdəykən 13, 14 yaşında Leniqradda pomidor da satır. Hərbi xidməti zamanı evlərinə 155 min manatla qayıdır. Deyir ki, o vaxt bu pula 2 ev almaq olarmış. Amma bütün bunlarla yanaşı həm orta, həm də ali məktəbi əla qiymətlərlə başa vurur. Müsahibimiz politoloq, fəlsəfə elmləri doktoru, professor Qabil Hüseynlidir.

9 nömrəli oyunçu

Müsahibimiz Tərtər rayonunun Seyfulla kəndində sadə kolxozçu ailəsində dünyaya göz açıb. Atası ikinci dünya müharibəsi zaman Berlin uğrunda döyüşlərdə snayper yarası aldığından həyatdan tez köçüb. O zaman Qabil ikinci sinifə gedirmiş. Ailədə 8 uşağın dördüncüsü olan müsahibimiz uşaq vaxtı o qədər üzüyola olub ki, hətta o biri qardaşlarının əvəzinə qoyun-quzu nobatına gedirmiş: “Dərslərimi heyvan otara-otara ayaq üstə hazırlayırdım. Buna görə də uşaqlıqdan zəhmət məni çox möhkəmləndirib. Kiminləsə dalaşdığım yadıma gəlmir. Peşəkar olmasa da, sağlamlığımı qorumaq üçün idmanla məşğul olmuşam. Primitiv formada hər səhər traktorun təkərlərindən hazırladığım “ştanqı” qaldırırdım. Amma futbolu hədsiz dərəcədə çox sevmişəm. Bazar günləri bəzən elə olub ki, dayanmadan 8 saat futbol oynamışıq. Bəzən bizim kəndin yığma komandası rayon birinciliyini əldə etmək üçün yarışa qatılırdıq. Futbolda uğurlarım da olub. Çoxsaylı qolun müəllifi olmuşam. Hətta bu barədə Tərtərin “Qızıl bayraq” qəzetində bir neçə yazı da çıxıb. Hücumçu idim, 9 nömrəli forma geyinirdim”.

Bir aya əlifbanı öyrənib qurtarır

Birinci sinifə yaşı çatmadığından dərsə yanvar ayından gedir: “Sinif yoldaşlarım artıq əlifbanı keçib qurtarmışdılar. Müəllim məni sonuncu partada otuzdurub hər gün bir hərifi öyrədir, tapşırıqlar verir, sonra da o biri uşaqlara ana dili dərsi keçməyə başlayırdı. Götürmə qabiliyyətimin yaxşı olduğunu görüb sonradan mənə iki-üç hərifi birdən öyrətməyə başladı. Beləliklə, bir ay müddətində əlifbanı öyrənib sinif yoldaşlarıma çatdım. O zaman hesab dərsində yaşıdlarımı geridə qoyurdum. Riyaziyyatı, kimyanı, fizikanı, biologiyanı, astronomiyanı böyük həvəslə oxuyurdum. Bu fənlərdən dərs deyən müəllimlərimin hamısı mənə keçdikləri dərs üzrə müəllim olmağı tövsiyyə edirdi”.

“Leninqradda pomidor satırdım”

Birinci sinifdə oxuyandan işləyib evə pul aparıb: “O dövrdə demək olar, uşaqların müəyyən işi var idi. Pambıq yığır, taxılın qurudulması və anbara yığılmasında iştirak edirdik. Bunun müqabilində də kolxozdan pay və pul almaq imkanı əldə edirdik. Pambıq yığımı vaxtı məktəblər bağlı olurdu və hamı pambıq yığımına cəlb edilirdi. Mən ailəmizin durumunu nəzərə alaraq bütün gücümlə çalışırdım ki, evə bir az çox qazanc gətirim. Birinci sinifdə yollara tökülən pambıqları yığırdıq, amma ikinci sinifdən önlük taxaraq pambığı tarladan yığmışam. Əvvəllər 50-60 kq pambıq yığırdımsa, 7-ci sinifdə tərəziyə 233 kq pambıq qoyduğum olub. O zaman Qırmızı Əmək ordeni almış qadınlar heç 180 kq pambıq yığa bilmirdi. 10-cu sinifə qədər pambıq yığmışam və kənddə həmişə ən çox pambıq yığan adam hesab olunmuşam”.
Orta məktəbdə yalnız pambıq yığmaqla işini bitmiş saymayan Q.Hüseynli Leninqrada pomidor satmağa da gedib: “7-ci sinifdə oxuyanda həyətyanı sahədən pomidor yığıb yeznəmlə Leninqradda satmağa aparmışıq. Bu, pambıq yığmaqdan iki dəfə sərfəli idi. İki dəfə pomidor satmağa getmişəm. İkisində də Leninqrada qədər səkkiz gün yol gedib, təyyarə ilə qayıtmışıq. Mən yeznəmdən daha çox pomidor satırdım. Qayıdanda da ailəmizə xeyli pul gətirirdim”.

Müəllimin edə bilmədiyi məsələni çözür

Kəndlərində 8 illik məktəbi bitirdikdən sonra Cəmilli kəndindəki orta məktəbdə təhsilini davam etdirir. Q.Hüseynli orta məktəb illəri ilə bağlı maraqlı xatirələrini də bizimlə bölüşdü: “Doqquzuncu sinifdə oxuyanda riyaziyyat müəllimimiz Gəncə Pedaqoji İnstitutunu yeni qurtaran müəllim idi. Bir dəfə ona həllində yardımçı olmaq üçün bir məsələ göstərdik. Nə qədər çalışsa da, həll edə bilmədi. Mən məsələni yerimdə həll etdim və əlimi qaldırdım ki, lövhədə uşaqlara da həlli yolunu göstərim. Bu, müəllimə pis təsir etsə də, çətinliklə də olsa, lövhəyə çağırdı. Riyaziyyatda bir uzun, bir də kəsə yol olduğundan məsələni kəsə yolla həll etdim. Müəllim uşaqların yanında qızardı və özünü saxlaya bilməyib mənə möhkəm bir şillə çəkdi. Sinifdən çıxdım və direktorun yanına getmək məcburiyyətində qaldım. Məhz bu hadisəyə görə həmin müəllimi bizim sinifdən uşaqlaqşdırıb, yerinə daha təcrübəli, sonradan mənim də çox sevdiyim Göyüş müəllimi təyin etdilər. Ondan sonra da sinifdə riyaziyyatı sevənlərin sayı çoxaldı”.

Təqaüdündən anasında da pay düşür

Orta məktəbi əla qiymətlərlə bitirsə də, sənədləri gecikdiyindən qzıl medal ala bilmir. Texniki fənləri daha çox sevməsinə baxmayaraq, hüquqşünas olmaq arzusuyla sənədlərini indiki Bakı Dövlət Universitetinə verir. İmtahanlardan iki “4”, iki “5” alır: “Bu, yüksək bal sayılırdı. Amma o zaman qayda belə idi ki, ilk növbədə əmək stajı olanları və hərbi xidmət çəkənləri qəbul edirdilər. Əgər boş yer qalırdısa, yüksək bal toplayanları götürürdülər. Mənim kimi bal toplayanlar bir neçə nəfər idi və biz müsabiqədən keçə bilmədik. Bizə təklif etdilər ki, ya Azərbaycan Dövlət İnstitutunda təklif olunan fakültələr arasından istədiyimizi seçək, ya da Pedaqoji İnstitutdan tarix fakültəsini seçək. Mən təhsil sistemi güclü olduğundan Pedaqoji İnstituta üstünlük verdim. İkinci kursdan artıq 120 manat Lenin təqaüdü alırdım. Bu pul mənim bütün xərclərimi ödəyirdi, hətta anama da xərclik göndərirdim”.
Həmsöhbətimiz 2-3-cü kurslarda həm Azərbaycan komsomolunun qurultayına, həm Ümumittifaq Komsomol qurultayına nümayəndə kimi Azərbaycandan seçilən ilk tələbə olur. Orada da Q.Hüseynlini Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsinə üzv seçirlər.

Pambıq yığımına görə təşəkkürnamə

Tələbə vaxtı da pambıq yığmağa getdiklərini deyir: “Tələbələr pambıq yığmağa meylli deyildilər. Ən çox yığan 3-4 kilodan artıq toplamırdı. Mən birinci gün 110 kilo pambıq yığdım. Elə bildilər ki, pambığı bir çox tələbələr kimi kolxozçulardan satın almışam. Sonrakı günlər daha çox pambıq yığır və 10 gündən bir pulumu alırdım. Iki tona yaxın pambıq yığdım. Universitetin özü, həm də rayon rəhbərliyi buna görə mənə təşəkkürnamə verdilər”.

Kirayə pulu olmadığından əsgər gedir

Universiteti də fərqlənmə diplomu ilə qurtaran həmsöhbətimiz həmin il aspiranturaya qəbul olur. Amma oxuduğu dövrdə kirayə qalmaq üçün pulu olmadığından hərbi xidmətə getməyi qərara alır: “Düşündüm ki, könüllü əsgər gedib leytenant ola və pul qazana bilərəm. Hərbi komissarlığa getdim. Hərbi komissarlıqdan məni əsgər aparmaq istəməsələr də, israr etdiyimi görüb göndərmək məcburiyyətində qaldılar. Hərbi xidmət müddətində mənə leytenant rütbəsi verildi. Uzaq Şərqə, oradan da Kamçatkaya göndərdilər. Kamçatkada 57 dərəcə şaxtada qulluq edirdim. Şaxta olsa da, mənim üçün yaxşı tərəfi o idi ki, maaşım çox idi. Kamçatkadakı azərbaycanlı hərbçilərlə futbol komandası yaratmışdıq və 45-50 dərəcə şaxtada futbol oynayırdıq. Kamçatkadakı hərbi qulluq dövrüm düşündüyüm kimi heç də ağır olmadı. Əksinə, mənim istədiyim kimi oldu. İl yarım ərzində kitabçamda 155 min manat pul yığıldı. Əsgərlik vaxtı həyat dərsi keçdim, birincisi, həddindən çox bilik, ikincisi güc-qüvvə, üçüncüsü də pul topladım.
Əsgərlikdən qayıdanda “naxalstroy”dan iki ev ala biləcək qədər pul gətirən Q.Hüseynli Əzizbəyov metrostansiyası yaxınlığında yaxşı bir ev aldığını deyir: “Aspiranturaya da bərpa olundum. İş elə gətirdi ki, Texniki İnstituta işə düzəlmək imkanım yarandı. 23 yaşımdan rus bölməsində müəllimlik fəaliyyəti ilə məşğul olmağa başladım. İndi də müəllim kimi fəaliyyət göstərirəm”.

Lalə MUSAQIZI
İsmayıl MƏMMƏDOV
Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən">